DTX XİN-in bəzi vəzifəli şəxsləri ilə bağlı əməliyyat keçirir

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi məlumat yayıb.
DTX-nin saytı verdiyi xəbərə görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

FHN-də koronavirusa yoluxanlar var

Pandemiya dövründə ön cəbhədə fəal mübarizə aparan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları arasında yenidən koronavirusa yoluxma halları müşahidə edilib.
FHN-in mətbuat katibi Gülçin Mehdiyeva Qazet.az-a açıqlamasında bildirib ki, hələ fevral ayından etibarən Nazirlik tərəfindən ölkə sərhədlərində qurulmuş qəbul-çeşidləmə məntəqələrində çalışan, vətəndaşların xüsusi karantin rejiminin tələblərinə əməl etməsi ilə bağlı təşkil olunmuş patrul xidmətinə, habelə gündəlik baş verən hadisələrlə əlaqədar qəza-xilasetmə işlərinə cəlb olunan və digər istiqamətlərdə fəaliyyət göstərən əməkdaşlar virusa yüksək yoluxma təhlükəli risk qrupuna daxildirlər.

“Yoluxmalarımız var. Sağalan əməkdaşlarımız da var. Hazırda evə buraxılan və müalicə alan FHN əməkdaşları da var”, – deyə FHN sözçüsü qeyd edib.

Azərbaycanda vəzifəli şəxs dəhşətli hadisədə öldü

Bu gün Lerik rayonunda ağır yol qəzasının baş verməsi və nəticədə 3 nəfərin ölməsi, 2 nəfərin xəsarət alması barədə xəbər vermişdik. Ölən şəxslərdən birinin müəllim olduğu deyilir.
“Report” xəbər verir ki, ağır qəza rayonun Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb.

Belə ki, "UAZ" markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ölən şəxslərdən biri - 1996-cı il təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev Lerik rayon Ləkər kənd ümumi orta məktəbində direktor müavini və fiziki tərbiyə müəllimi imiş.

Həmçinin T.Əliyev öz ixtisası üzrə test vəsaitinin də müəllifi olub.

AzTV-nin baş redaktoru koronavirusdan vəfat etdi
AzTV-nin kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Babayev koronavirusdan vəfat edib.

Gecə saatlarında vəziyyəti ağırlaşan rejissor Tibb Universitetinin Tədris Terapevtik Klinikasında həyatını itirib.

Qeyd edək ki, Etibar Babayeva uzun müddət televiziyada bədii rəhbər vəzifəsində çalışıb.


 

AzTV-nin daha bir əməkdaşı koronavirusdan vəfat etdi - FOTO

Bakıda 29 yaşlı iş xanımı qəfildən öldü
Bakıda Ülkər İskəndərova adlı gənc iş xanımı ürəktutmadan vəfat edib.

Baku.ws xəbər verir ki, mərhumun yaxınları sosial şəbəkə paylaşımlarında 29 yaşlı Ülkərin bir neçə gün əvvəl qəfildən həyatla vidalaşdığını yazıblar.

İlkin məlumata görə, gənc qadın yatıb və ayılmayıb.

Qeyd edək ki, Ü.İskəndərova nişan, toy və xınayaxdı məclisləri üçün xonçaların hazırlanması işinin təşkili ilə məşğul idi.

Ülkər həkim ailəsində böyüyüb. Atası, anası və qardaşı həkimdir. Atası Rəfiəli Novruzov Azərbaycanın tanınmış cərrahlarındandır.

Ailəli idi, özündən sonra iki azyaşlı qızı qaldı...

Azərbaycan elminə AĞIR İTKİ

Geokimya sahəsində tanınmış alim, Azərbaycanın Əməkdar geoloqu, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya elmləri doktoru Çingiz Kaşkay 79 yaşında vəfat edib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.

Məlumat üçün bildirək ki, Çingiz Mirəli oğlu Kaşkay 1941-ci il iyulun 31-də Bakıda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Geoloji-coğrafiya fakültəsini bitirib. 1962-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (hazırki AMEA Geologiya və Geofizika İnstitutu) fəaliyyətə başlayıb. 1967-ci ildə “Alunitlərin əmələ gəlməsinin fiziki-kimyəvi şəraiti” mövzusunda namizədlik, 1975-ci ildə isə “Alunit qrupu və onun struktur analoqları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Alim eksperimental yolla alunitlərin və onların struktur analoqlarının əmələgəlmə şəraitlərini öyrənib, ilk dəfə müxtəlif növ alunit qrupu minerallarını sintez edib, onların termodinamiki parametrlərini təyin edib, fasiləsiz termik analiz üçün yeni üsul və cihazlar işləyib hazırlayıb. O, eksperimental və tətbiqi geokimya sahəsindəki tədqiqatlarında təbii proseslərin modelləşdirilməsinin riyazi üsullarından geniş istifadə edib.

Alim 1978-1991-ci illərdə Geologiya İnstitutunda Filiz yataqlarının geokimyası və mineralogiyası laboratoriyasının və Geokimya şöbəsinin rəhbəri vəzifələrində çalışıb, 1992-2003-cü illərdə Türkiyənin Gəbzə və İstanbul Texniki Universitetlərində fəaliyyət göstərib. 2012-ci ildən Metallogeniya şö­­­­­bə­­­sinin əsasında yaradılmış Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası və geokimyası şöbəsinə rəhbərlik edib.

Azərbaycanda ilk dəfə təməli qoyul­muş ekoloji təhlükəsiz geotexnologiya elm sahəsinin inkişafı və bu elmin tətbiq sahəsi olan filizlərdən nəcib metalları zərərsiz məh­lul­larla bilavasitə yer altında yuyulub çı­xara biləcək üsulların işlənilməsi istiqamə­tində tədqiqatlar Çingiz Kaşkayın rəhbərliyi ilə yerinə yetirilib. Bu istiqamətin inkişafı Nazirlər Kabineti­nin xüsu­si sərəncamı ilə dəstəklənib.

Ç.Kaşkayın elmi rəhbərliyi ilə Azərbaycanda ilk dəfə qızıl və onu müşayiət edən ele­mentlərin filizlərdən çıxarılması üçün ekoloji zərərsiz yeral­tı aşındırma texnologiyası üzrə elmi-tədqiqat işləri apa­­­­­rılıb. Həmçinin kom­püter və eksperimental mo­­­delləşdirmədən isti­fadə edilərək seçilən hər bir yatağın filizlərin­dən qızılı və onu mü­şayiət edən elementləri çıxara biləcək ən optimal texnoloji rejimlər aş­kar edilib. Texnoloji prosesləri bila­vasitə yataq üzərində aparmaq məqsədilə “Mo­bil pilot kompleksi” yaradılması da alimin rəhbərliyi ilə reallaşmış və yerin altında yuyu­cu məhlulların hərəkətini istiqamətləndirən və təmzimləyən yeni texnoloji üsul üzrə pa­tent alınıb.

Alim əməkdaşları ilə birlikdə Prezident yanında Elmin İnkişafı Fondunun “Gәdәbәy filiz sa­hә­sindә zә­rәr­siz xlorit metodu ilә geo­tex­noloji işlәrin apa­rılmasının araşdırıl­ması” mövzu­sun­da qrant layihəsini yerinə yetirib, nəti­cə­də Gədəbəy filiz sahəsində və Azərbay­canın başqa bu tip yataqlarında tətbiq oluna biləcək klassik sianid texnologi­yasından geri qalmayan, hətta bəzi parametr­lərə görə on­dan üstün olan xlorit texnologiyası işlənil­ib.

O, filizlərdən və filiz tullantılarından sənaye əhəmiyyətli metalların membran texnologiyası əsasında çıxarılması üsullarının işlənilməsi istiqamətində apardığı son tədqiqatlar nəticəsində sənaye əhəmiyyətli elementlərin səmərəli yolla əldə edilməsinə imkan yaradan 2 innovativ təklif irəli sürülmüşür ki, bu innovasiyaların dağ-mədən və kimya texnologiyası sənayesində istifadəsi nəzərdə tutulur.

Geoloq alim 100-dən çox elmi əsərin, o cümlədən 7 monoqrafiyanın, 6-sı ABŞ-da, Kanada, Fransa və İsveçrədə alınmış 23 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi altında 4 elmlər namizədi hazırlanıb.

Allah rəhmət eləsin!

AzTV-nin ölən əməkdaşının səsyazısı ilə bağlı araşdırma başladı

Xəbər verdiyimiz kimi, ötən gün AzTV-nin rejissoru Samir Nəcəfzadə koronavirusdan vəfat edib.
Qafqazinfo xəbər verir ki, S.Nəcəfzadənin ölümündən əvvəl ailəsinə göndərdiyi səsyazısı sosial şəbəkələrdə müzakirə edilib.

Mərhum müalicə aldığı xəstəxanada vəziyyətin pis olduğunu, xəstələrə yaxşı baxılmadığını bildirib.

O, boğulduğunu və maska ilə zorla nəfəs aldığını, xəstəxananın sanitar qovşağında yer olmadığını diqqətə çatdırıb:

“Vəziyyət çox pisdir. Biri oradan qışqırır, biri buradan. Əl yumağa su yoxdur. Bura çox pisdir”.

Bundan savayı, həmin səsyazısında Samirin səsindən əlavə, fonda digər pasiyentlərin də öskürək, boğulma səsləri eşidilir.

Məlumata görə, S.Nəcəfzadə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) müalicə alıb. Bundan əvvəl də sosial şəbəkələrdə sözügedən xəstəxanada pasiyentlərə etinasız yanaşılması məsələsi müzakirə edilib.

Mərhumun atası Sabir Nəcəfzadə də açıqlamasında itkinin onlar üçün ağır olduğunu qeyd edib. O bildirib ki, oğlunun ölümü qəfil baş verib. Yayılmış səsyazısına isə münasibət bildirməyəcəyini vurğulayıb.

Sayt məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva ilə əlaqə saxlayıb. O məsələdən xəbərdar olduqlarını və bununla bağlı araşdırmaların getdiyini bildirib.

Bakıda sevgililər koronavirusa yoluxdu

Bakıda gənc sevgililər koronavirusa yoluxub.
Çingiz Əli feysbuk səhifəsinsə oğlunun virusa yoluxduğunu bidirib: "İki gündür bilmişik ki, oğlum koronavirusa yoluxub. Ya işlədiyi yerdən, ya da istədiyi qızdan yoluxub. Ya da ki, qız da oğlumdan yoluxub. Xanımın yoluxmasını işlədiyi yerdə test vasitəsi ilə müəyyən ediblər. Üstəlik də o qızın dayısı qızı da tibb bacısı işlədiyi yerdən koronaya yoluxub. İndi hər üçü özlərini izolə edərək öz-özlərini müalicə etməyə çalışırlar.

Bu iki gündə nə gəlib maraqlanan, nə bir test aparan olmayıb. Ancaq mən nikbinəm, ümid edirəm ki, özü də xəstə olan tibb bacısının köməyi ilə oğlum qurtulacaq.

İki gün bundan qabaq Sevgililər günündə o qıza evlənmə təklifi edəcəkdi. Maaşından bir üzük də almışdı".(publika.az)

Azərbaycanda bank sədri həbs edilib

“Zaminbank” ASC-nin sədri Nadir İsmayılov həbs edilib.

Unikal.org xəbər verir ki, o, 20 milyon manatdan çox pul mənimsədiyi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, Nadir İsmayılov mənimsədiyi 24 milyon manat pulu yaxın qohumlarının adına götürüb.

 

Sabiq sədr sözügedən məbləği qardaşları Məzahir və Mahir İsmayılovlar, bacısı Afət İsmayılova, qardaşı uşaqları Asəf, Tural və Nicat İsmayılovlar,  bacısının həyat yoldaşı Bünyatəli, bacısının filial müdiri işləyən həyat yoldaşı Natiq, qardaşının qudası Mehdinin adına götürüb. Bildirilir ki, adları qeyd edilən Nadir İsmayılovun yaxın qohumları “Zaminbank” ASC-də müxtəlif vəzifələrdə çalışırdılar.

Qeyd edək ki, bu gün Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində dörd aylıq həbs qərarı çıxarılıb. N.İsmayılova AR Cinayət Məcəlləsinin 179.3.2 və 309.2.2 maddələri ilə cinayət işi açılıb.

Xatırladaq ki, “Zaminbank” ASC dörd il bundan öncə müflis elan edilib.

Azərbaycanda zəlzələ oldu

İyulun 2-də Qobustan stansiyasından 28 kilometr cənub-qərbdə, Şamaxı ərazisində 3 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 03:01-də qeydə alınıb.

Ocağı 18 km dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.