Son xəbərlər

Sumqayıtda ata oğlu və gəlininin yaşadığı evi yandırıb. Hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Axar.az xəbər verir ki, məişət zəminində düşən mübahisə zamanı 63 yaşlı Ağabaxış Abdiyev oğlu Nizami Abdiyev və gəlini Aygül Abdiyevanın yaşadığı həyət evini yandırıb. Əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb. Hadisə nəticəsində evin çox hissəsi yanaraq yararsız hala düşüb. Ailə qonşulara sığınıb. Ağabaxış Abdıyev oğlunun onu evdən qovduğunu deyərək əməlinə haqq qazandırmağa çalışıb.

Hadisədən sonra mənzildə qalanların izahatları alınıb. Ağabaxış Abdıyevin spirtli içki aludəçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda itkin düşdüyü barədə məlumat verilən taksi sürücüsü - Lənkəran sakini, 1963-cü il təvəllüdlü İlham Cavadovun qətlə yetirildiyi məlum olub.

Axar.az Report-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Saxlanılan şəxs qətlə yetirdiyi İ.Cavadovun basdırdığı yeri etiraf edib.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir. Meyitin ekskumasiya olunaraq aidiyyati üzrə təhvil verilməsi gözlənilir.

Qeyd edək ki, Lənkəranda taksi fəaliyyəti ilə məşğul olan İ.Cavadov iyulun 25-dən etibarən yaxınları tərəfindən axtarılıb. Sonradan hadisə ilə bağlı polisə müraciət ediblər.

Stavropol Cinayət Axtarışı İdarəsinin rəis müavini, əslən erməni olan Ruslan Abovyanın qətlində ikinci şübhəli ortaya çıxıb.

Axar.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.

İkinci şübhəli şəxs 1977-ci il təvəllüdlü Zaurbek Keniyevdir. Sözügedən şəxs axtarışa verilib.

Qeyd edək ki, ötən həftə Stavropolda çoxmərtəbəli binalardan birinin yaxınlığında naməlum şəxslər R.Abovyana atəş açıblar. R.Abovyan ümumilikdə 9 ədəd güllə yarası alıb. O, reanimasiyada ölüb.

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə Ceyranbatan qəsəbəsi ərazisində yerləşən "Ovqat" restoranında təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

DİN-dən Axar.az-a bildirilib ki, aparılan yoxlamalar zamanı təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi, masalarda qonaqların sıx əyləşdirilməsi müəyyən olunub.

Həmin obyektın sahibi və məclisin təşkilatçısı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub.

Xaçmaz rayonuda bədbəxt hadisə baş verib.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Həsənqala kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Orxan Şıxəmməd oğlu Məmmədov kənd ərazisində yerləşən göldə batıb.

Qeyd edək ki, mərhum ailəli idi, iki il əvvəl toyu olub, övladı yoxdur.

Meyit göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şabran rayonunda ailədaxili insident qanla bitib.

Axar.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb.

Kənd sakini 1991-ci il təvəllüdlü Mahir Elçin oğlu Şərifov sol qolun kəsilməsi diaqnozu ilə Şabran rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Onun sözlərinə görə, ailədaxili insident zamanı atasının atdığı bıçaq onun əlini kəsib.

Ona xəstəxanada sol saidin iç tərəfinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, yarası sarındıqdan sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.