Son xəbərlər

Xızı Rayon Polis Şöbəsinə rayonun Altıağac qəsəbə sakini Q.Cəbiyevə məxsus bir baş qoyunun naməlum şəxslər tərəfindən oğurlandığı və həmin şəxslərin "Ford tranzit" markalı nəqliyyat vasitəsi ilə Bakı şəhəri istiqamətində hərəkət etdikləri barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Axar.az-a bildirilib ki, məlumatla əlaqədar əməliyyat tədbirləri həyata keçirilib və onların saxlanılması istiqamətində tədbirlər görülüb.

Xızı RPŞ-nin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən həmin şəxslərə saxla işarəsi verilsə də, onlar əmrə tabe olmayaraq hadisə yerindən uzaqlaşmağa çalışıblar. Giləzi qəsəbəsi ərazisində onların saxlanılması üçün dəmir yolu üzərində yerləşən şlaqbaumdan istifadə olunan zaman isə həmin şəxslər şlaqbaumu qıraraq Bakı şəhəri istiqamətində hərəkətlərinə davam ediblər.

Keçirilən tədbirlərlə nəqliyyat vasitəsi Sumqayıt şəhəri yaxınlığında saxlanılıb. Avtomobildə olan Bakı şəhər sakini Samir Şıxıyev və Ağdam rayon sakini Fəxriyyə Babayeva polis şöbəsinin istintaq qrupuna təqdim olunublar.

Faktla əlaqədar Xızı RPŞ-nin İstintaq Qrupunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Hadisənin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində tədbirlər davam edir.

Azərbaycanda daha iki erməni barəsində cinayət işinin istintaqı yekunlaşlb.

Axar.az xəbər verir ki, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində Azərbaycan Cinayət Məcələsinin 276-cı (casusluq) maddəsi ilə ittiham olunur.

Onlar barəsində aparılan ibtidai istintaq başa çatıb və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 14-ə təyin edilib.

Salyanda 143 baş qoyun oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iyul ayının 3-də rayon sakini A.Şıxəliyevə məxsus fermadan 143 baş qoyun oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Sabirabad rayonu Zəngənə kəndində qeydiyyatda olan, lakin Salyan rayonunda yerləşən fermaların birində işləyən və orada yaşayan Dilqəm Mirzəliyev olduğu müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

D.Mirzəliyev tərəfindən oğurlanmış 143 baş qoyun isə polis əməkdaşları tərəfindən maddi sübut kimi onun yaşadığı fermadan aşkarlanaraq götürülüb və zərərçəkmişə təhvil verilib.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

İyulun 01-də Ağdam rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Əhliyət Qasımova qarşı zor tətbiq olunması ilə bağlı cinayət işi başlanılıb.

Prokurorluqdan Axar.az-a verilən məlumata görə, müəyyən edilib ki, vətəndaş müraciəti ilə əlaqədar rayonun Baharlı I qəsəbəsində hadisə yerinə baxış keçirilərkən barəsində şikayət olunan İ.Atayeva xidməti vəzifəsini icra edən hakimiyyət nümayəndəsi olan Əhliyət Qasımovun üzərinə hücum edərək xəsarət yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq davam edir.

Bu gün yeddi nəfər batma təhlükəsi ilə üzləşib.

Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, “Lökbatan”, “Astara”, “Şüvəlan”, “Bilgəh” sularda xilasetmə məntəqələrinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən yeddi nəfər xilas olunub.