Məşhur Məmmədov
Milli Məclisin deputatı


Azərbaycan qadınları tarix boyunca cəmiyyətin inkişafında, dövlətçilik ənənələrinin qorunub saxlanılmasında, mədəniyyətin və elmin yüksəlişində mühüm rol oynayıb. Qadınlarımızın fədakarlığı və əzmkarlığı onların cəmiyyətimizin ayrılmaz bir hissəsinə çevrildiyini göstərir.

Tarixi mənbələr və dastanlar sübut edir ki, Azərbaycan qadınları təkcə ana kimi deyil, həm də dövlət quruculuğunda, siyasi və hərb sahəsində fəal iştirak etmişlər. “Kitabi-Dədə Qorqud” dastanında qadınların cəsarət və şücaəti təsvir edilmiş, Tomris, Möminə Xatun, Sara Xatun kimi qadın liderlər öz müdriklikləri ilə dövlət idarəçiliyində mühüm rol oynamışlar.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlarımızın seçib-seçilmək hüququ əldə etməsi isə Şərq dünyasında bir ilk idi. Bu, qadınlarımızın ölkəmizin ictimai-siyasi həyatında daha fəal iştirakına yol açdı. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.

Keçmişin unudulmaz səhifələrində möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də cəmiyyətin inkişafına fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınlarının mədəni və intellektual potensialından xəbər verir.

Qadın siyasəti və hüquqları bu gün dövlətimiz üçün prioritetdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları var, bütün bu proseslər də öz növbəsində ictimai-siyasi həyatın bütün sahələrində gender siyasətinin güclənməsinə gətirib çıxarıb.

1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdir.

Müstəqil Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri qadın hüquqlarının qorunması və onların ictimai-siyasi, iqtisadi sahələrdə daha geniş təmsil olunmasıdır. Ulu Öndər Heydər Əliyev qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təşviq edən mühüm qərarlar imzalamış, onların idarəçilikdə yer almasını dəstəkləmişdir.

Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmış, onların hərtərəfli fəaliyyətinə hərtərəfli şərait yaratmışdır. Ölkəmizdə dövlət səviyyəsində gender siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev hər zaman qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə gender siyasəti yeni meyarlarla zənginləşdirilib, qadınların ictimai və dövlət idarəçiliyində rolu daha da artırılıb. Milli Məclisdə qadın deputatların sayının hər çağırışda artması, dövlət və özəl sektorda qadınların mühüm vəzifələrə təyin olunması bu siyasətin uğurla davam etdiyini göstərir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uğurlu fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə qadınların nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Onun təşəbbüsü ilə həyata keçirilən humanitar layihələr ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxsaylı böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınlarının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Bu gün Azərbaycan qadınları təhsil, elm, səhiyyə, incəsənət və idman sahələrində mühüm uğurlar qazanır. Onların uğurlarını daha da artırmaq üçün dövlət tərəfindən mütəmadi olaraq yeni proqram və təşəbbüslər həyata keçirilir. Bu istiqamətdə hər zaman dövlətimizin dəstəyi davam edəcəkdir.
Məşhur Məmmədov,
Millət vəkili


Dünən axşam ABŞ və Ukrayna prezidentlərinin məlum görüşündən sonra bütün dünya mətbuatının mövzusu görüşün müzakirəsidir. Bu mövzuda aparılan diskussiyalar və polemikalar görüşə münasibətin birmənalı olmadığını göstərir.
Son hadisələr göstərdi ki, qlobal siyasət getdikcə daha mürəkkəb və çətin idarə olunan bir müstəviyə çevrilir. Böyük güclər arasındakı qarşıdurmalar, regional münaqişələr və iqtisadi böhranlar dövlət başçılarından çevik düşünməyi, diplomatik manevr bacarığını və strateji uzaqgörənliyi tələb edir. Baş verən siyasi kontekstdə balanslı və çoxşaxəli siyasət yürütmək hər liderin bacardığı iş deyil.
Baş verənləri analiz edəndə görürük ki, dövlətlərin müstəqilliyini və milli maraqlarını qorumaq üçün təkcə güc amili kifayət etmir. Diplomatik çeviklik, liderin düzgün qərarvermə mexanizmi və beynəlxalq münasibətlərdə peşəkar yanaşma mühüm əhəmiyyət kəsb edir. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginlik, BRICS-in genişlənməsi və dünya iqtisadiyyatında baş verən dəyişikliklər qlobal siyasətdə yeni balansların formalaşmasına səbəb olur.
Bu fonda Azərbaycanın tutduğu mövqe, həyata keçirdiyi siyasət və Prezident İlham Əliyevin liderlik bacarığı xüsusi diqqət çəkir. Fəxrlə deyə bilərik ki, müasir dövrdə Azərbaycan həm regional, həm də beynəlxalq səviyyədə sabitliyini qorumağı və eyni zamanda milli maraqlarını uğurla müdafiə etməyi bacaran nadir ölkələrdən biridir.
Qloballaşan dünyada baş verənlər bir daha İlham Əliyevin uzaqgörən, diplomatik strateg olmasını göstərdi.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq arenada güclü və etibarlı tərəfdaş kimi qəbul edilməsinə səbəb olub. Onun liderliyi altında Azərbaycan illərdir ki, balanslı xarici siyasət yürüdür. Azərbaycan Rusiya, Avropa İttifaqı, Türkiyə, Çin və digər güc mərkəzləri ilə eyni dərəcədə dost münasibətlərini qoruyur. Bu, Azərbaycanın beynəlxalq təzyiqlərdən qorunmasına və iqtisadi inkişafını davam etdirməsinə şərait yaradır.
Ölkə başçısı geosiyasi reallıqları dəqiq dəyərləndirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi altında Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandı və 2023-cü ilin sentyabrında Qarabağdakı separatçılığa son qoydu, tam suverenliyimizi bərpa etdi. O, beynəlxalq hüququn aliliyini əsas tutaraq qlobal aktorları bu prosesə uyğun mövqe tutmağa məcbur etdi.
Müasir mürəkkəb dövrdə enerji diplomatiyasını gücləndirmək də balanslı siyasətin bir qoludur. Azərbaycanın enerji resurslarından istifadə etməklə Avropa və digər ölkələrlə əməkdaşlığını dərinləşdirməsi ölkənin iqtisadi müstəqilliyini daha da möhkəmləndirir. Sirr deyil ki, Azərbaycan qazı Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm yer tutur.
Ölkə rəhbəri güclü dövlətlərlə yanaşı, inkişaf etməkdə olan dövlətləri də unutmur.
İllərdir uğurla Qoşulmama Hərəkatında liderliyi təmin edir. Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik edərək inkişaf etməkdə olan ölkələrin səsini qlobal müstəviyə çıxardı. Azərbaycanın beynəlxalq nüfuzunu artıran əsas faktorlardan biri də bu oldu
Baş verənlərdən belə qənaətə gəlmək olar ki, dünya siyasətində balanslı və müstəqil mövqe saxlamaq getdikcə çətinləşir. Bir çox ölkə beynəlxalq təzyiqlər qarşısında düzgün seçim etməkdə çətinlik çəkir. Lakin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət göstərir ki, uzaqgörən liderlik və peşəkar diplomatiya vasitəsilə həm milli maraqları qorumaq, həm də beynəlxalq arenada nüfuz qazanmaq mümkündür. Azərbaycanın regionda və dünyada artan rolu, onun xarici siyasət kursunun düzgünlüyünü və dövlət başçısının strateji düşüncəsinin gücünü bir daha sübut edir.
Bu gün Azərbaycan təkcə öz regionunda deyil, həm də qlobal siyasətdə mühüm aktorlardan birinə çevrilib. Bu, məhz ölkənin lideri İlham Əliyevin peşəkar, çevik, ağıllı və uzaqgörən siyasətinin nəticəsidir.