![]() |
![]() |
Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Lerik rayonunda təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu məqsədlə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun sərəncamına əsasən xüsusi qərargah yaradılıb. Qərargah öz işini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərar və təlimatlarına uyğun qurmuşdur.
Lerik Rayon İcra Hakimiyyəti, ərazi icra nümayəndəlikləri, bələdiyyə orqanları və rayonda yaradılmış könüllü qruplar aztəminatlı ailələrin, xüsusi ilə yaşı 65-dən çox olan tənha və ahıl insanların sosial-məişət problemlərini öyrənir və operativ qaydada həll olunmasına çalışırlar.
Eyni zamanda rayon ərazisində pandemiyanın yayılmasının qarşısının alınması məqsədi ilə idarə və müəssisələrinin inzibati binalarında, uşaq bağçalarında, təhsil müəssisələrində, məscidlərdə dezinfeksiya tədbirləri görülüb. Lerik şəhərində küçə və parklarda, çoxmənzilli yaşayış binalarında dezinfeksiya işləri mütəmadi olaraq həyata keçirilir.
Rayon ərazisində fəaliyyət göstərən “Relax” turizm-istirahət mərkəzində karantində alınmış vətəndaşlar daim rayon icra hakimiyyəti tərəfindən diqqətdə saxlanılır. Karantin müddətini başa vurmuş vətəndaşların öz evlərinə təhlükəsiz və rahat şəkildə çatdırılması məqsədi ilə onlar pulsuz nəqliyyatla təmin edilirlər.
Bu gün də rayon icra hakimiyyəti tərəfindən yüzə yaxın imkansız, tənha və ahıl insana ərzaq bağlamaları verilmişdir. İcra hakimiyyətinin əməkdaşları rayon rəhbərliyinin bu kateqoriyadan olan sakinlərə etdiyi yardımları evlərində çatdırmışlar. Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etmiş, ölkəmizdə koronavirusla mübarizə tədbirlərini yüksək qiymətləndirmişlər.
Xüsusi karantin rejimi dövründə elan olunmuş qaydalara tam şəkildə riayət olunmasından ötrü rayon icra hakimiyyəti ilə yanaşı digər dövlət orqanları, imkanlı şəxslər və ərazilərdə fəaliyyət göstərən kənd icmaları da bu nəcib təşəbbüsə qoşularaq tənha və ahıl insanlara ərzaq bağlamaları təqdim edirlər.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun olaraq rayon icra hakimiyyətində, ərazi icra nümayəndəliklərində və YAP rayon təşkilatında yaradılmış könüllülər, DSMF-nin rayon şöbəsinin sosial xidmət işçiləri ilə birgə davamlı olaraq tənha və ahıl insanlara sosial-məişət xidmətləri göstərirlər.
Dünyanın 200-dən çox ölkəsində yayılmağa başlayan koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə Prezident cənab İlham Əliyevin tapşırığına əsasən profilaktik rayonumuzda da geniş miqyaslı qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu infeksiyanın ölkəmizdə yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədi ilə həyata keçirilən tədbirlər Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qəbul etdiyi qərarlarla tənzimlənir.
Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə rayon ərazisində, o cümlədən Lerik şəhərində əhalinin sıx toplaşdığı yerlərdə fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması məqsədilə rayon icra hakimiyyəti başçısının müavinləri, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər. Fəaliyyət göstərən bütün ticarət obyektlərinin rəhbərləri ilə fərdi qaydada izahat işləri aparılır, karantinin tələblərinə sözsüz əməl edilməsi tələb edilir. Maskasız, əlcəksiz şəhərdə gəzən sakinlərə əlcək və maska paylanmışdır.
Yol patrul xidməti əməkdaşları tərəfindən nəqliyyat vasitələri ilə şəhərin bütün küçə və meydanlarında, məhəllələrində səsgücləndiricilər vasitəsi ilə vətəndaşları ehtiyac olmadıqda evdən çıxmamağa, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə çağırırlar.
Nazilər Kabineti yanında Operativ Qərargahın rayonlararası və şəhərlərarası nəqliyyat hərəkətinin tam dayandırılması və rayondaxili hərəkətin məhdudlaşdırılması ilə əlaqədar müvafiq Qərarına əsasən polis əməkdaşları tərəfindən rayonun giriş-çıxış hissələrində postlar qurulub, təcili-tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, həmçinin yük avtomobillərinin hərəkəti istisna olmaqla, nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdır.
Rayon icra hakimiyyətinin birinci müavini Cəlil Baxşıyev və aparatın digər əməkdaşlarının iştirakı ilə Lerik şəhərində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi vəziyyəti araşdırılmış, qaydaları pozan sakinlərə xəbərdarlıq edilmiş, maskasız, əlcəksiz gəzən sakinlərə rayon icra hakimiyyəti tərəfindən əlcək və maska paylanmışdır.
02-03 aprel 2020-ci il tarixlərində rayon ərazisində 65 yaşdan yuxarı tənha yaşayan 28 nəfər rayon sakininə rayon icra hakimiyyətində, ərazi icra nümayəndəliklərində və YAP rayon təşkilatında yaradılmış könüllülər, DSMF-nin rayon şöbəsinin sosial xidmət işçiləri ilə birgə sosial-məişət xidmətləri göstərilmiş, tibbi ləvazimatlar paylanılmışdır.
Gün ərzində Lerik şəhərində 4 inzibati idarə binasında, 3 çoxmənzilli yaşayış binalarının həyətləri və pilləkən qəfəslərində, Hacı Heydər, Elmar Qarayev, Həzi Aslanov küçələrində koronavirus əleyhinə tibbi-profilaktik dezinfeksiyaedici tədbirlər davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncamda deyilir:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri və sədrləri təyin edilsinlər:
inzibati məhkəmələr üzrə:
Araz Firidun oğlu Hüseynov Bakı İnzibati Məhkəməsinin sədri təyin edilsin;
Zəfər Arif oğlu Quliyev Göyçay Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə İnzibati Məhkəməsinin hakimi və sədri təyin edilsin;
İmran Ramazan oğlu Burcayev Bakı Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt İnzibati Məhkəməsinin hakimi və sədri təyin edilsin;
Fehruz Novruz oğlu Abbasov Şirvan İnzibati Məhkəməsinin hakimi və sədri təyin edilsin;
Vidadi Kamal oğlu Qasımov Şəki İnzibati Məhkəməsinin sədri təyin edilsin;
kommersiya məhkəmələri üzrə:
İlham Bayram oğlu Əhmədov Bakı Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilsin;
Rəşad Seylan oğlu Məmmədov Gəncə Kommersiya Məhkəməsinin sədri təyin edilsin;
Xəqani Qəhrəman oğlu Tağıyev Sumqayıt Kommersiya Məhkəməsinin sədri təyin edilsin;
Namidar Əlöysət oğlu Misirzadə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilsin;
Mübariz Rahil oğlu Hüseynov Şəki Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilsin;
ağır cinayətlər məhkəmələri üzrə:
Rəşad Şəmşir oğlu Əliyev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilsin;
hərbi məhkəmələr üzrə:
Aslan Kalbalı oğlu Kalbalıyev Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilsin;
rayon (şəhər) məhkəmələri üzrə:
Zamin Vəliyəddin oğlu İbrahimov Astara Rayon Məhkəməsinin sədri təyin edilsin;
İsmayıl Xudaverdi oğlu Abdurəhmanlı Goranboy Rayon Məhkəməsinin sədri təyin edilsin;
Nemət Əlimusa oğlu Musayev Qazax Rayon Məhkəməsinin sədri təyin edilsin;
Vladimir Yefimoviç Ruvinov Xaçmaz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qubadlı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
Rəşad Rafiq oğlu Mustafayev Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilsin.
2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrinə uyğun olaraq, aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin:
Rafiq Rəşid oğlu Məmmədov Göygöl Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Ağdam Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Seyfəli İzzət oğlu Seyfullayev Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Beyləqan Rayon Məhkəməsinin hakimi təyin edilsin”.
Bu dəqiqələrdə DTX əməliyyatçıları İmişli rayon İcra Hakimiyyətinin binasına daxil olub.
Musavat.com xəbər verir ki, əməliyyatçılar bundan əvvəl olduğu kimi, İH başçısının iş kabinetində axtarış aparırlar.
Qeyd edək ki, İmişlinin icra başçısı Vilyam Hacıyevdir.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov inzibati ərazi dairə nümayəndələri ilə növbəti video-konfrans keçirmişdir. Konfransda dünyada sürətlə yayılan koronavirus (COVİD-19) pandemiyasından əhalinin qorunması üçün atılan addımlar müzakirə olunmuş, rayonun yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər diqqətə çatdırılmışdır. Rayon rəhbəri hazırda ölkədə müşahidə olunan həssas dövrdə möhtərəm Prezident cənab İlham Əliyevin “daim vətəndaşın yanında olun”, “biz birlikdə güclüyük” çağırışlarına uyğun olaraq videokonfrans vasitəsilə hər kəsi məsuliyyətli olmaqla tələb olunan karantin rejiminin qaydalarına əməl etməsi ilə bağlı ciddi göstərişlər vermişdir.
Heydər Əliyev Fondu “Biz birlikdə güclüyük” aksiyası çərçivəsində Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylamışdır.
Qeyd edək ki, aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı ailələrə sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə respublikamızın hər yerində olduğu kimi, Salyan rayonunda da birmənalı şəkildə əməl olunur, rayon ərazisində profilaktik tədbirlərin həyata keçirilməsi ilə yanaşı aztəminatlı ailələrə köməklik göstərilməsi ilə bağlı sosial aksiyalar həyata keçirilir. Belə ki, rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə rayonda yaşayan ahıl, tənha şəxslərə və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət yardımlar paylanılmış, eyni zamanda onlarla maarifləndirici söhəbtlər aparılmış və xüsusi karantin rejimində müəyyən olunmuş qayda və tövsiyələrə riayət olunmasının vacibliyi barədə ətraflı məlumat verilmişdir.
Dünyanı ağuşuna alan koronavirus , COVİD – 19 bəlası bizim ölkəmizdən də yan keçməyib.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev deyib:
- Siz bu gün Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilirsiniz. Ümid edirəm ki, bu yüksək etimadı doğruldacaqsınız. Siz prokurorluq orqanlarında 30 ildən çoxdur ki, işləyirsiniz. Hələ sovet dövründən bu işə başlamısınız və son 6 il ərzində Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsində çalışırsınız. Ümid edirəm, əldə olunmuş təcrübə sizə imkan verəcək ki, prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi və islahatların dərinləşməsi istiqamətində nəticələr əldə edilsin.
Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var. Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq.
Bu gün siyasi sahədə çox genişmiqyaslı islahatlar aparılır. Deyə bilərəm ki, müstəqillik dövründə miqyasa və nəticəyə görə bu günə qədər islahatların bu səviyyədə aparılması müşahidə edilmirdi. Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq demək olar ki, baş tutur və biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük. Demək olar ki, ölkəmizin bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq buna öz müsbət münasibətini bildirmişlər. Beləliklə hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır. Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir.
Eyni zamanda, iqtisadi islahatlar aparılmadan ölkəmizin dayanıqlı inkişafı mümkün deyil. Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz postneft dövrünə hazırlaşmalıyıq və əslində postneft dövrü artıq göz qabağındadır. Çünki neft bazarlarında müşahidə olunan böhran demək olar ki, neftlə zəngin olan bütün ölkələrin gəlirlərinə çox mənfi təsir göstərmişdir. Ona görə bizim əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və bu istiqamətdə əldə edilmiş nəticələr məhz islahatlara söykənir, aparılan islahatların nəticəsidir. Məhz şəffaflıq, dürüstlük və islahatlar nəticəsində keçən il büdcə daxilolmalarının həcmi proqnozdan əlavə bir milyard manat artmışdır və bu vəsait böyük dərəcədə imkan vermişdir ki, bir çox sosial layihələr icra edilsin. Bu ilin birinci rübünün yekunları göstərir ki, pandemiyaya baxmayaraq iqtisadi artım var. Düzdür, çox kiçik rəqəmlərlə ölçülür - 1,1 faiz. Ancaq bu yaxınlarda Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi ilə keçirdiyim görüş əsnasında məlum oldu ki, bir çox ölkələrdə indi iqtisadi tənəzzül müşahidə olunur. Bizdə də bu, istisna edilmir, çünki pandemiya ölkə iqtisadiyyatına çox böyük mənfi təsir göstərmişdir. Ancaq hər halda birinci rübün yekunları göstərir ki, iqtisadiyyat 1,1 faiz, qeyri-neft iqtisadiyyatımız isə 3 faizdən çox artmışdır. Bütün bunların əsas səbəbi aparılan islahatlardır və bu, bizə imkan verir ki, sosial sahədə çox genişmiqyaslı proqramlar icra edilsin, o cümlədən keçən il 4,2 milyon insanın sosial vəziyyəti yaxşılaşmış, minimum əməkhaqları, minimum pensiyalar, müavinətlər əhəmiyyətli dərəcədə artmışdır. Koronavirusa görə bu il bu istiqamətdə əlavə addımların atılması təmin edilmişdir. Bu addımlar bir daha göstərdi ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prokurorluq orqanları üçün də bu əsas məqsəd, həmişə, bütün işlərdə əsas amil kimi dəyərləndirilməlidir.
Kadr islahatları aparılır və bu islahatlar imkan verib ki, yeni peşəkar, bilikli, müasir kadrlar önə çəkilsin. Onlara önəmli vəzifələr həvalə edildi və hesab edirəm ki, bu da zəmanənin tələbidir. Çünki bu gün müasir dünyada siyasi, iqtisadi sahələrdə, beynəlxalq müstəvidə müasir yanaşmalar olmalıdır. Yüksək keyfiyyətli təhsil almış gənc kadrların həm hökumətdə, həm Prezident Administrasiyasında, parlamentdə və digər qurumlarda təmsil olunması bizim şüurlu seçimimizdir. Təbii ki, təcrübəli kadrlar da öz biliklərini gənc nəsillə bölüşməlidirlər. Belə olan halda təbii ki, hüquq mühafizə orqanlarında da daha genişmiqyaslı islahatların aparılması başlıca şərtdir. Burada sizin üzərinizə böyük vəzifə düşür və ümid edirəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz. İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin.
Kadrların peşəkarlığı da daim diqqət mərkəzində olmalıdır və siz bu məsələ ilə ciddi məşğul olmalısınız. Həm bu gün fəaliyyətdə olan kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməlidir, prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilər yüksək peşəkarlığa malik olmalıdırlar, eyni zamanda, bu vacib amillə bərabər, dövlətçiliyə sədaqət prinsipləri də həmişə üstün olmalıdır. Çünki bu gün müstəqil dövlətimizin uğurlu yaşaması və möhkəmlənməsi, ilk növbədə, dövlətçiliyimizin möhkəmləndirilməsi ilə bağlıdır. Biz elə etməliyik ki, Azərbaycan bundan sonra da uğurla inkişaf etsin, müstəqilliyimiz daim möhkəmlənsin. Əlbəttə ki, istənilən sahədə kadrlar dövlətə, xalqa bağlı olmalıdırlar, vətənpərvər olmalıdırlar və onlar üçün dövlət maraqları hər şeydən üstün olmalıdır.
Digər vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir. Hesab edirəm ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin.
Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir.
Eyni zamanda, bu yaxınlarda Binəqədi qəsəbə bələdiyyəsinin sədri saxta icazə sənədi satmaqda ittiham olunub və əşyayi-dəlillə saxlanılıb. İsmayıllı rayonunun şəhər üzrə icra nümayəndəsi yardımın mənimsənilməsi ilə məşğul olmuş, kasıb adamlara göndərilən yardımı özünə götürmüşdür. Həbs edilmiş icra başçılarının istintaqı gedir. Ancaq bu gün nümayiş etdirilən videokadrlar onu göstərir ki, rüşvətxorluq bu adamlar üçün əsas prinsip olmuşdur. Yəni, bütün aidiyyəti qurumlar bir qayda olaraq hər ay icra başçılarına və icra hakimiyyətinin digər nümayəndələrinə rüşvət verməli olmuşlar. Əfsuslar olsun ki, belə xoşagəlməz hallar digər rayonlarda da vardır. Bu haqda məlumat var və bir daha demək istəyirəm ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir.
Ona görə bu dörd rayonda hansı ki, icra başçıları həbs olunub, orada işlər geniş təhlil edilməlidir. Artıq dünən mənə məlumat verildi ki, Biləsuvar rayonunun həbs edilmiş icra başçısı bir neçə insanın torpaq sahəsini əllərindən alıb. Bu vətəndaşlar mənə açıq şəkildə müraciət etmişlər və dərhal göstəriş verildi ki, bu məsələ araşdırılsın. Əgər bu siqnal özünü təsdiqləsə, bu torpaqlar həmin vətəndaşlara qaytarılmalıdır. Ona görə prokurorluq orqanları bu işlərdə fəal olmalıdırlar. Bu gün bu ağır dövrdə verilən ərzağı oğurlamaq, fəhlələrə nəzərdə tutulmuş maaşı öz cibinə qoyaraq mənimsəmək həm cinayətdir, həm böyük vicdansızlıqdır. Bu vəsaiti ayırırıq ki, bu gün özünə iş tapa bilməyən insan heç olmasa minimum əməkhaqqı səviyyəsində işlə təmin edilsin. Bunlar ictimai işlərdir və biz bu yolla insanları işlə təmin edirik. Əgər birinci mərhələdə təqribən 30 min iş yeri yaradılmışdırsa, hazırda mən göstəriş vermişəm ki, onların sayı 90 minə çatdırılsın. Ancaq birinci mərhələdə bu vəsaitin paylanılması icra başçıları tərəfindən həyata keçirilirdi. Burada mövcud olan nəzarətsizlik və korrupsiya halları bir çox insanları dövlət tərəfindən verilən bu yardımdan faktiki olaraq məhrum etmişdir. Bu, vicdansızlıqdır, buna başqa ad vermək olmaz. Artıq bu gün biz nəzarəti gücləndirmişik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də tapşırıq verildi ki, onlar bu işlərə də nəzarəti gücləndirsinlər. Ancaq buna baxmayaraq, həbs edilmiş icra başçılarının, icra nümayəndəsinin iş otaqlarından, onların ciblərindən yenə də həmin o kasıb insanlara çatacaq kartlar çıxır. Ona görə bu və digər hallara qarşı mübarizə çox ciddi olmalıdır.
Pandemiya ilə əlaqədar bu gün Azərbaycan dövləti bütün resursları səfərbər edib, ilk növbədə, vətəndaşları, onlara həyatını, sağlamlığını qorumaq üçün əlindən gələni edir. Operativ Qərargah, bütün aidiyyəti qurumlar gecə-gündüz işləyirlər. Hər gün bizim birinci və günün axırında sonuncu əsas işimiz bu məsələ ilə məşğul olmaqdır. Nə qədər adam xəstələndi, nə qədər adam sağaldı, neçə nəfər xəstəxanalara yerləşdirildi, onların vəziyyəti necədir, ağır vəziyyətdə olan vətəndaşların durumu, onların sağalma şansları necədir - biz gecə-gündüz bununla məşğul oluruq. Dövlət, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu, ayrı-ayrı sahibkarlar, ayrı-ayrı imkanlı adamlar öz təşəbbüsləri ilə gedib kasıb insanlara əl tuturlar. Bu yardımı mənimsəməyə nə ad vermək olar?! Bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən göndərilmiş ərzaq paylarını da aparıb öz qohumlarının evlərində saxlayırlar ki, sonra onları satsınlar. Biz buna gözmü yumacağıq? Belə adamlar ən ciddi cəzaya layiqdirlər.
İndi dünya liderlərinin bir çoxu qeyd edir ki, pandemiya müharibədir. Bəli, mən bu tezislə razıyam. Əgər indiki şəraitdə bunlar özlərini belə aparırlarsa, bundan daha ağır vəziyyət yaranarsa, onda bunlar nə edəcəklər? Bunun bir adı var – vicdansızlıq və xəyanət. Ona görə bundan sonra bu ünsürlərə qarşı mübarizə daha ciddi aparılmalıdır.
Biz dövlət sektorunda işləyən 900 min insanın əməkhaqqını tam ödəyirik. 600 min özəl sektor nümayəndəsinin, o cümlədən mikrosahibkarın, - hansı ki, onların çalışdıqları sahələr pandemiyaya görə daha çox zərər çəkib, - əməkhaqqının əhəmiyyətli hissəsini ödəyirik. Aztəminatlı təbəqəyə aid olan 600 min insanın, o cümlədən işsizlərin və qeyri-formal məşğul olanların vəsaitini ödəyirik. Biz hər bir vətəndaşa kömək etmək istəyirik, hər bir vətəndaşa! İcra başçılarının, digər mərkəzi və yerli icra orqanlarının rəhbərlərinin vəzifəsi budur. Hər bir icra başçısı vəzifəyə təyin olunanda ona mənim əsas sözlərim odur ki, get, vətəndaşlara xidmət et, get, vətəndaşlarla bir yerdə ol, təmiz işlə, rüşvət alma, vətəndaşları incitmə, kömək göstər, eyni zamanda, sahibkarlara kömək göstər, onların malını əlindən alma, onların fəaliyyətindən özünə pay istəmə. Hər birinə bu sözləri deyirəm. Bu məsələ ilə bağlı bizim mövqeyimiz birmənalıdır. Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq. Onu da bildirməliyəm ki, bu hallar təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarında da belə hallar, belə siqnallar var və bu siqnallar araşdırılır. Verilən məlumata görə, bəzi mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə, - hələ bu siqnallar araşdırılır, - vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır. Pul verib vəzifəyə gələn adam ilk növbədə neyləyəcək? Çalışacaq ki, o pulun əvəzini çıxsın. Bunu haradan çıxaracaq? Ya haradansa dövlət malını oğurlayacaq, ya da ki, əgər imkanı olacaqsa, insanlardan pul tələb edəcək.
Biz bunu dəfələrlə görmüşük. Sadaladığım bu rayonlarda səhiyyə, təhsil, mədəniyyət sahəsində kütləvi şəkildə vətəndaşlardan, valideynlərdən, hər məktəb direktorundan pul yığılır. Rayon mərkəzi xəstəxanasının baş həkimindən icra hakimiyyətinə pul verilir. O da öz növbəsində bütün şöbələrdən hər ay haqq yığır. Bütün bələdiyyələr icra hakimiyyətinə aylıq pul verir. Biz bu hallara qarşı amansız mübarizə aparacağıq. Haqq da, xalq da bizim tərəfimizdədir. Bütün bu ifşaedici görüntülər hər bir Azərbaycan vətəndaşında haqlı olaraq ikrah hissi doğurur. Eyni zamanda, mənə ünvanlanan yüzlərlə, minlərlə məktubda bizim bu addımlarımıza böyük dəstək göstərilir. Ona görə prokurorluq orqanları bu işdə ön sıralarda olmalıdır və qanunun aliliyini təmin etməlidir.
Ümid edirəm, sizin iş təcrübəniz və peşəkarlığınız imkan verəcək ki, mənim bu göstərişlərimin icrası təmin edilsin. Prokurorluq orqanlarının işçiləri bundan sonra da Vətənə ləyaqətlə xidmət etsinlər və bütün hüquq mühafizə orqanları elə çalışsınlar ki, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda, dövlətin maraqları və qanunun aliliyi təmin edilsin.
Mən bu gün Sizi təyin edirəm və ümid edirəm ki, Siz bu yüksək etimadı doğruldacaqsınız.
Baş prokuror Kamran Əliyev deyib:
- Çox sağ olun, möhtərəm cənab Prezident. İcazə verin, əvvəlcə Sizə mənə böyük etimad göstərdiyinizə, məni bu mühüm dövlət postuna layiq gördüyünüzə, bu vəzifəyə təyin etdiyinizə görə dərin təşəkkürümü bildirim.
Prokurorluq orqanları doğrudan da dövlət quruculuğunda, dövlət idarəçiliyində çox mühüm bir orqandır. Prokurorluq orqanlarının dövlət idarəçiliyində yerini ulu öndər Heydər Əliyev müəyyən etmişdir. Ulu öndər Heydər Əliyev qeyd etmişdir ki, prokurorluq dövlətin əsas sütunlarından biridir. Bu, doğrudan da belədir. Prokurorluq orqanları ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə daim əhatə olunmuşdur. Onun rəhbərliyi ilə müstəqil Azərbaycanın prokurorluğu mühüm inkişaf yolu keçmişdir. Məhz onun müvafiq Sərəncamı ilə prokurorluq orqanlarının – müstəqil Azərbaycan Prokurorluğunun peşə bayramını – 1 oktyabr gününü biz hər il qeyd edirik.
Möhtərəm cənab Prezident, Siz 2003-cü ildə Azərbaycan xalqı tərəfindən Prezident seçildikdən sonra prokurorluq orqanları yenə də daim diqqət və qayğınızla əhatə edilmişdir. Prokurorluq orqanlarında bu gün doğrudan da kifayət qədər çox peşəkar kadrlar, Vətənə, dövlətə xidmət edən, dövlətə sədaqətli kadrlar var. Bu, Sizin rəhbərliyinizlə prokurorluq orqanlarında həyata keçirilmiş mühüm islahatların nəticəsidir.
Sizin rəhbərliyinizlə digər sahələrdə həyata keçirilən islahatların prokurorluq orqanlarında da aparılması çox zəruridir. Siz ötən il məhkəmə-hüquq islahatları barədə müvafiq Fərman imzalamısınız və bu istiqamətdə işlər davam edir. Bu baxımdan hesab edirəm ki, məhkəmə-hüquq sisteminin tərkib hissəsi olan prokurorluqda islahatların aparılması xüsusi önəm kəsb edir.
Siz tamamilə düzgün qeyd etdiniz ki, hazırda - postneft dövründə həyata keçirilən islahatlar birinci növbədə əhalinin rifahının, hər bir Azərbaycan vətəndaşının gündəlik həyatının yaxşılaşmasına xidmət edir.
Prokurorluq orqanlarının fəaliyyət dairəsi doğrudan da genişdir. Prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biri də təbii ki, ağır cinayətlərə, dövlətə, dövlətçiliyə qarşı yönələn bütün daxili və xarici təhdidlərə qarşı amansız mübarizə aparmaqdır. Bu sahədə təbii ki, prokurorluq orqanları digər dövlət qurumları ilə – həm Dövlət Təhlükəsizliyi Xidməti, həm Daxili İşlər Nazirliyi və digər müvafiq dövlət qurumları ilə birbaşa sıx əlaqədə işləməlidirlər.
Möhtərəm cənab Prezident, Siz korrupsiyaya qarşı mübarizə ilə bağlı xüsusi olaraq qeyd etdiniz. Azərbaycan Prezidenti seçildikdən sonra korrupsiyaya qarşı mübarizə Sizin həyata keçirdiyiniz islahatların, siyasətin ən mühüm tərkib hissəsi olmuşdur. Məhz həmin dövrdən Azərbaycan Respublikası bu sahədə bütün beynəlxalq təşəbbüslərə, həm Avropa Şurasının, həm Birləşmiş Millətlər Təşkilatının bu sahədə bütün mövcud konvensiyalarına qoşulmuş və bu sahədə institusional tədbirlər həyata keçirilmiş, müvafiq qurumlar yaradılmışdır. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də bu sahədə ixtisaslaşmış cinayət təqibi orqanı kimi yaradılmışdır. Sizin 2013-cü ildə prokurorluğun peşə bayramı günü ərəfəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin yeni tikilmiş binasının açılışında iştirak etməyiniz tam əminliklə deyirəm ki, prokurorluq orqanlarında xüsusi olaraq ruh yüksəkliyi yaratmışdır. Sizin həmin vaxt gənc prokurorluq əməkdaşları qarşısında çıxışınız hər bir prokurorluq əməkdaşının bu gün də xatirindədir və onlar bunu daim böyük fərəh, qürur hissi ilə qeyd edirlər.
Biz prokurorluq orqanlarında islahatları davam etdirməliyik. Kadr islahatları doğrudan da çox vacib məsələdir və biz bu sahədə fəaliyyətimizi davam etdirəcəyik. Əgər zərurət yaranarsa təbii ki, prokurorluğun, həmçinin struktur qurumlarının fəaliyyəti təhlil edilməlidir. Hesab edirəm ki, biz bu sahədə də mütərəqqi addımlar atmalıyıq.
Sizin tapşırığınız və göstərişinizlə prokurorluq orqanları beynəlxalq qurumlarla daim əməkdaşlıq etmişdir. Həm beynəlxalq qurumlar və eyni zamanda, digər ölkələrin prokurorluq və antikorrupsiya orqanları ilə mütəmadi əlaqələr saxlanılmışdır. Təbii ki, bu iş Sizin siyasi iradənizə uyğun həyata keçirilmişdir. Siz prokurorluq orqanlarının əməkdaşları qarşısında çıxışınız zamanı qeyd etdiyiniz kimi, biz fəaliyyətimizdə ən qabaqcıl təcrübəni yalnız öyrənməklə kifayətlənməməli, eyni zamanda, gündəlik fəaliyyətimizdə tətbiq etməliyik.
Cənab Prezident, Siz koronavirus pandemiyası ilə bağlı qeyd etdiniz ki, bu, bir müharibədir. Azərbaycan dövləti Sizin rəhbərliyinizlə, Mehriban xanımın gündəlik diqqət və qayğısı sayəsində digər qabaqcıl ölkələrlə müqayisədə demək olar ki, bu böyük problemi artıq arxada qoymaq üzrədir. Ümid edirik ki, bu istiqamətdə işlər belə də davam edəcəkdir.
Möhtərəm cənab Prezident, icazə verin, məni bu çox məsul dövlət vəzifəsinə layiq bildiyiniz üçün Sizə bir daha dərin təşəkkürümü bildirim. Sizi tam əmin etmək istəyirəm ki, prokurorluq orqanları bundan sonra da daim Heydər Əliyev prinsiplərinə, dövlətə, dövlətçiliyə, öz xalqına xidmət edəcəkdir. Bir daha təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun, sizə uğurlar arzulayıram.
Kamran Əliyev: Çox sağ olun.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti (DTX) Biləsuvar İcra Hakimiyyətinin binasındakı xüsusi əməliyyatın videosunu yayıb.
“Qafqazinfo”nun məlumatına görə, əməliyyat zamanı ifadə verən icra başçısı Mahir Quliyev törətdiyi əməllərə görə utandığını bildirib:
“Bu kimi əməllərə görə, əlbəttə ki, peşmanlığımızı çəkirik. Mən şəxsən özüm buraxdığım səhvlərə, bugünkü durumuma görə çox utanıram, vicdan əzabı çəkirəm”.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə demək olar ki, bütün qurumlar vətəndaşlara kömək məqsədilə səfərbər olunub.
Virusun ilk günlərində isə vəziyyət daha çətin idi. Virusa yoluxanların sayı sürətlə artırdı.
İlk vaxtlarda bölgələrdəki durumu Milli Məclisin deputatları ilə müzakirə edir, problemlərin olub-olmaması barədə məlumatlar əldə edirdik.
Bəs hazırda bölgələrimizdə ümumi vəziyyət necədir?
Hər hansı problemlər varmı?
Modern.az Cənub zonasını Milli Məclisdə təmsil edən deputatlarla əlaqə saxlayaraq rayonlardakı son vəziyyəti öyrənməyə çalışıb.
“İnsanlar üçün çətinlik yaratdı”
73 saylı Lənkəran şəhər seçki dairəsinin deputatı Rüfət Quliyev deyib ki, əvvəlki günlərə baxanda irəliləyiş müşahidə olunur:
“Virusun ilk günləri daha çətin idi. İnsanlar karantin rejiminə alışa bilmirdilər. Halbuki karantin rejimi hər birimiz üçün önəmlidir. Bu yolla virusun yayılmasının qarşısını ala bildik. Bildiyiniz kimi, Lənkəranda kifayət qədər qohumlarım var. Onlarla əlaqə saxlayıram. Eyni zamanda, digər seçicilərim var ki, onlarla da əlaqə saxlayıb vəziyyətlərini, problemlərini öyrənirəm. Təbii ki, deputatı olduğum rayonda pandemiyanın ilk günləri bəzi problemlər vardı. İranla sərhədlərin bağlanması insanlara əlavə problemlər yaratmışdı. Çünki vətəndaşlarımız bazarlıq üçün İrana gedirdilər. Sərhəd bağlanandan sonra insanlar üçün çətin oldu. Tibbi maskalarla bağlı müəyyən çətinliklərdə vardı ki, hazırda o da həll olunub. Həmçinin rayon icra hakimiyyəti ilə bir gündən bir əlaqə saxlayıb ümumi vəziyyət barədə xəbər alıram”.
Lerikdə koronavirus aşkarlanmayıb
78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədov da hazırda Lerikdə vəziyyətin qənaətbəxş olduğunu qeyd edib:
"Demək olar ki, rayon camaatı ilə hər gün əlaqə saxlayıram. Bildiyiniz kimi, Polşadan, Rusiyadan ölkəmizə 300-ə yaxın insan gətirilmişdi ki, onların da 80 faizi tələbələr idi. Lerikdəki "Relax" istirahət mərkəzində yerləşdirilmişdilər. Karantinin ilk vaxtları çox çətin idi. Həm xaricdən gələn vətəndaşalrımızla, həm də yerli camaatla telefon əlaqəsi yaradır, vəziyyətlərini soruşurdum. Şükürlər olsun ki, Lerikdə koronavirus aşkarlanmadı. Bu da sevindiricidir. İnsanlarımız virusdan özlərini qorumağa çalışırlar. Deputat olaraq hər bir seçicimizə yardımlarımızı davam etdiririk”.
Masallıda koronavirusa yoluxanlar var
70 saylı Masallı şəhər seçki dairəsinin deputatı Məşhur Məmmədov bildirib ki, təmsil olunduğu bölgədə ilk günlərdə virusa yoluxma halı qeydə alınmasa da, sonradan bir neçə vətəndaşda virus aşkarlanıb:
“Təbii ki, insanların bir çox problemləri var. Bu problemlər ilk günlərdə həddindən artıq çox idi. Kənd insanları təşvişə düşmüşdülər. İndi isə bu məsələlər səngiyib. Tez-tez seçicilərimizə yardımlar edirik. Digər imkanlı şəxslərin köməkliyi ilə hər gün mağazalara 6 min çörək paylayırıq. Başqa yardımlarımızı da davam etdiririk. Hesab edirəm ki, bu günlərdə hər bir seçicimizin bizə ehtiyacı var. Biz də imkan daxilində yardımlarımızı əsirgəməməliyik. Ərzaq çatışmazlığı ilə üzləşən ailələrə çalışırıq ki, kömək edək. Hesab edirəm ki, bu günlərdə bir-birimizə daha çox dəstək olmalıyıq. İcra başçısı ilə də əlaqə saxlayıb rayonun ümumi vəziyyətindən xəbər tuturam”.
“Sonradan məsələlər yoluna düşdü”
75 saylı Lənkəran-Masallı seçki dairəsinin deputatı Cavanşir Paşazadə deputatı olduğu rayonda problemlərin azaldığını söyləyib:
“Deputatı olduğum rayonda tibbi maska problemi həll olunub. Digər bir məsələ var ki, cənub rayonları bazarlıq üçün İrana gedib-gəlirdilər. Ərzaq mallarını İrandan alıb gətirirdilər. Koronavirusa görə İranla sərhəd bağlanıb. Bu da ilk vaxtlarda insanlarda narahatlığa səbəb oldu. Kisələrlə un və digər məhsulları alıb evə yığdılar. Sonradan isə bu məsələlər də yoluna düşdü. İnsanlarımız anladı ki, bütün bunlar vətəndaşların sağlamlığının qorunmasına yönəlib. Gün ərzində rayon rəhbərliyi ilə əlaqə saxlayıram. İlk günlərdə zəng edən seçicilərin sayı daha çox idi. İndi bu zənglərin sayı azalıb. Təbii ki, gün ərzində rayon rəhbərliyi ilə əlaqə saxlayıb vəziyyəti soruşuram. Nə köməklik lazımdırsa, edirəm”.