Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Strategiyanın həyata keçirilməsində əlaqələndirici orqan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən edilib.
Sərəncama əsasən, Nazirlər Kabineti strategiyanın 2020–2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini üç il müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Prezident İlham Əliyev Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə altı milyon manat ayrılıb.

Sərəncam Sumqayıt şəhərində ən müasir və qabaqcıl texnologiyaların imkanlarından istifadə etməklə enerjiyə qənaətə imkan verən və enerji səmərəliliyini artıran, fasiləsiz işıqlandırmanı təmin edən müasir işıqlandırma sistemlərinin quraşdırılması məqsədilə imzalanıb. 

Qeyd edək ki, Azərbaycan Respublikasında regionların davamlı inkişafı ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Son illərdə uğurla həyata keçirilən dövlət proqramlarının icrası nəticəsində paytaxtda və regionlarda, eləcə də Sumqayıt şəhərində mühüm infrastruktur layihələri həyata keçirilmiş, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət alıb. 

Bu tədbirlərin davamı olaraq, növbəti dövrlərdə də əhalinin elektrik enerjisi ilə təminatında, habelə küçə və prospektlərin işıqlandırılmasında idarəetmə, nəzarət, ölçmə və hesabatlılıq, habelə enerji sərfiyyatına və xidmət xərclərinə qənaət kimi üstünlükləri olan, işıqlandırma səviyyəsini proqramlaşdırmağa imkan verən və intellektual idarəetməyə əsaslanan işıqlandırma sistemlərinin quraşdırılması diqqət mərkəzində saxlanılacaq aktual məsələlərdəndir. Yeni və müasir işıqlandırma sistemləri funksionallığı ilə yanaşı, şəhərin estetik görünüşünü də dəyişərək onun simasını müasir çalarlarla daha da zənginləşdirir.



Məcburi köçkünlərin sosial problemlərinin həlli hər zaman dövlətimizin diqqət mərkəzindədir. 2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. İndiyədək ölkəmizin müxtəlif regionlarında bu kateqoriyadan olan vətəndaşlar üçün 100-dən çox qəsəbə-şəhərcik salınıb, 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin olunub. Eyni zamanda məcburi köçkünlərin məşğulluğun artırılması istiqamətində də xeyli işlər görülməkdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü İqbal Məmmədov bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanda məcburi köçkünlərə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 1336 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş “Qobu Park-3” müasir yaşayış kompleksinin açılışı məcburi köçkünlərə dövlət qayğısının daha bir bariz nümunəsidir.

Onun sözlərinə görə, yeni qəsəbə bütün müasir tələblərə cavab verir.Yeni tikilən qəsəbələrdə onların işlə təmin olunması, istehsal və xidmət sahələrinin yaradılması da bu istiqamətdə görülən mühüm tədbirlərdən biridir.

“Eyni zamanda “Qobu Park-3” kompleksində 960 şagirdlik məktəb fəaliyyət göstərəcək, həmçinin böyük uşaq bağçası tikilib ki, bu da məcburi köçkünlərin keyfiyyətli təhsillə təmin olunması üçün mühüm addımdır. Azərbaycanda məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman öz fəaliyyətlərində onlara böyük diqqət və qayğı ilə yanaşırlar. Bildiyiniz kimi, bütövlükdə Qobu qəsəbəsində reallaşdırılan 3 layihədə toplam 3700 nəfərə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcək, 20 minə yaxın insan yaşayacaq. Bu da məcburi köçkünlərin yaşayış şəraitinin yaxılaşdırılması istiqamətidə atılan mühüm addımlardan biridir”, -deyə İ.Məmmədov əlavə edib.

Qeyd edib ki, ən mühüm məsələlərdən biri odur ki, dünyada baş verən maliyyə və iqtisadi böhranlara baxmayaraq ölkəmizdə heç bir sosial layihə, o cümlədən məcburi köçkünlərlə bağlı heç bir proqram təxirə düşməyib.

Deputat vurğulayıb ki, bu gün koronavirus pandemiyası dünyanı cənginə alıb, neftin qiymətləri kəskin şəkildə aşağı düşüb, dünyanın inkişaf etmiş ölkələri belə ciddi sıxıntılar içərisindədir. Lakin belə bir vəziyyətdə ölkəmizdə nəzərdə tutulan sosial layihələr heç bir ləngimə olmadan uğurla həyata keçirilir.

Onun sözlərinə görə, dövlətimizin başçısı tək məcburi köçkünlərin deyil, əhalinin aztəminatlı təbəqələrinin də həyat şəraitinin yaxşılaşdırılması üçün kifayət qədər böyük işlər görür və bu gün inkişaf etmiş, iqtisadiyyatı möhkəmlənmiş Azərbaycan dövləti bu potensiala malikdir.

“Bütün bunlar Prezidentin düşünülmüş və uğurlu siyasətinin nəticəsidir. Bu işlərin hamısı ölkəmizin öz imkanları hesabına, heç bir yerdən yardım almadan həyata keçirilir. Görülən işlər onu göstərir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasət Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsinə və onun təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Bu siyasət də xalq tərəfindən dəstəklənir”. 

"Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında çıxışı zamanı deyib. 

Dövlət başçısı bildirib ki, bu gün Respublika Günüdür:

"Əlbəttə ki, Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir. Hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk respublika məhz Azərbaycanda yarandı, Azərbaycan xalqı bunun təşəbbüskarı olub. Eyni zamanda, biz bu gün də tarixdən ibrət götürməliyik. Nə üçün Respublika iki ildən də az yaşadı? Nə üçün süqut etdi? Nə üçün müstəqilliyi qoruya bilmədi? Bu suallardır. Biz düzgün nəticə çıxarmaq üçün tarixi bilməliyik. Burada heç bir mifologiyadan söhbət gedə bilməz. Hansısa hadisələri şişirtməklə biz özümüzü aldatmamalıyıq. Nə üçün? Çünki o hadisələr təkrarlanmasın. Nə üçün? Çünki müstəqilliyimiz əbədi olsun. Azərbaycan Xalq Cümhuriyyəti rus imperiyasının dağılması nəticəsində yaranmışdır. Ancaq cəmi iki ilə yaxın yaşadı.

Çox önəmli addımlar atılmışdır. Müstəqillik elan olundu, dövlət atributları təsis edildi. Milli Ordu, Bakı Dövlət Universiteti yaradıldı, mütərəqqi qanunlar qəbul edildi. Amma, eyni zamanda, biz bilməliyik ki, o müstəqillik şərti xarakter daşıyırdı. Bakıda söz sahibi xarici generallar idi və Azərbaycan Xalq Cümhuriyyəti öz addımlarını, hətta dövlət atributları ilə bağlı planlarını gərək onlarla razılaşdıraydı. Respublika Azərbaycan ərazisinə tam nəzarət etmirdi.

Əlbəttə ki, biz heç vaxt unutmamalıyıq ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri İrəvanı, bizim qədim şəhərimizi Ermənistana vermək idi. Bunu heç cür əsaslandırmaq və heç vaxt bağışlamaq olmaz. Ona görə biz bu həqiqətləri bilməliyik və gənc nəsil də bilməlidir. Biz tarixi olduğu kimi yazmalıyıq və bilməliyik. Həqiqəti bilməliyik ki, bu, təkrarlanmasın. Xalq Cümhuriyyəti cəmi iki ilə yaxın yaşadı, müstəqilliyi qoruya bilmədilər. Azərbaycanın başında duranların bir çoxu ölkəni tərk etdi, müstəqillik əldən getdi. Bilirsiniz, gözəl şüarlar demək olar. Amma bu şüarların arxasında gərək iradə, güc və əməl olsun".

"Bizim 1920-ci ildə endirilən üçrəngli bayrağımızı 70 il sonra Heydər Əliyev Naxçıvanda yenidən qaldırdı. Gücün varsa, bayraq həmişə yüksəklərdə olacaq. O vaxt Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı rəsmi bayraq kimi qəbul edildi. Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, onlar da eyni addımı atsınlar. Etmədilər. Çünki qorxurdular. O vaxt hələ Sovet İttifaqı dağılmamışdı. Qorxurdular ki, Moskvadan bunları tənbeh edəcəklər. Ona görə bu tarixi gün həmişə həm qürur mənbəyimiz olmalıdır, həm də daim yadda saxlamalıyıq ki, biz müstəqilliyi əbədi, dönməz etməliyik. Bunu kim etməlidir? Biz – Azərbaycan xalqı, Azərbaycan hakimiyyəti. Ona görə ölkəmizin gücləndirilməsi, mövqelərimizin möhkəmləndirilməsi, ölkəmizdə aparılan islahatlar iqtisadi, sosial sahədə, milli dəyərlərlə bağlı olan tədbirlərimiz, gənclərin milli ruhda tərbiyə olunması bu məqsədi güdür ki, bundan sonra Azərbaycan heç vaxt müstəmləkə olmasın, həmişə qürurlu, həmişə möhkəm ayaqda dayanan, müstəqil dövlət olsun və xalqımız həmişə azad olsun", - Prezident İlham Əliyev qeyd edib.


Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin mayın 28-də açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir qrup məcburi köçkünlə görüşüblər.

Prezident İlham Əliyev görüşdə çıxış edib.

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoyub.

Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.

28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən Cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci il).

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir. Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 25-də Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və Birinci vitse-prezidentə tikinti-bərpa və yenidənqurma tədbirləri barədə məlumat verib. Bildirib ki, zəlzələ zamanı ziyarətgahın divarlarında çatlar əmələ gəlmişdi.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Pirsaat Babanın məzarını ziyarət ediblər.

Pirsaat Baba ziyarətgahı bütün ölkə əhalisinin ziyarət etdiyi müqəddəs ocaqlardan biridir və hər gün buraya yüzlərlə zəvvar gəlir. Ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə burada geniş yenidənqurma işlərinə başlanıb.

Qeyd edək ki, təxminən IX-XV əsrlər arasında tikilmiş türbə 1918-ci ildə Hacı Cəfərqulu tərəfindən yenidən ucaldılıb. Heydər Əliyev Fondu tərəfindən 2020-ci ildən başlanmış yenidənqurma işləri həm tarixi abidə, həm də müqəddəs ziyarətgah olan Pirsaat pirinin tamamilə yeni görkəmdə əhalinin ixtiyarına verilməsinə imkan yaradacaq.

Dini ziyarətgahlarımız da xalqımızın qürur doğuran keçmişinə, milli – mənəvi dəyərlərinə maksimum həssas münasibətinin əyani nümunələrindəndir. Azərbaycanın müasir tarixində müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin prinsipial və həsəd doğuran vətəndaşlıq mövqeyi, iradəsi, qətiyyəti, milli-mənəvi dəyərlərə dərindən bağlılığı nəticəsində ölkəmizdəki ziyarətgahlara yeni həyat verildi. Təsadüfi deyil ki, Ulu Öndərin müəyyənləşdirdiyi mükəmməl siyasi kursun layiqincə davam etdirilməsinə və daha da zənginləşdirilməsinə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində indi ziyarətgahların və dini məbədlərin yenidən qurulmasının miqyasına görə heç bir ölkə Azərbaycanla müqayisə edilə bilməz. Bu baxımdan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da səylərini əsirgəmir, istər ölkəmizdə, istərsə də xaricdə silsilə layihələr reallaşdırır. Bunlardan biri də Bunlardan biri də Şamaxı şəhərinin girəcəyində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında, Pirsaat çayının sahilində yerləşən Pirsaat Baba ziyarətgahıdır.

17:24

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 25-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olublar.

AZƏRTAC xəbər verir ki, hazırda Heydər Əliyev Fondunun layihəsi əsasında burada bərpa-konservasiya işləri aparılır.

Ziyarətgahda aparılan arxeoloji tədqiqatlar zamanı XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxıliyə aid olduğunu təsdiqləyən artefaktlar aşkar edilib.

Mayın 25-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı şəhərində istismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən 51 mənzilli binada olublar.

AZƏRTAC xəbər verir ki, daha sonra dövlətimizin başçısı və birinci xanım zəlzələdən zərər çəkənlər üçün yeni tikilmiş çoxmərtəbəli binalarda yaradılmış şəraitlə də maraqlanıblar.

Məlumat verilib ki, zəlzələdən zərər çəkənlər üçün ilkin mərhələdə inşa olunmuş 44 və 20 mənzilli iki binada hər cür şərait yaradılıb.