Son xəbərlər

Ayrı-ayrı türk xalqlarının bayram ənənələri haqda bilmədiklərimiz

Bu günlərdə xalqımız Novruz bayramı günlərini qeyd edir. Şirniyyatlar, müxtəlif təamlar dolu süfrələr, tonqal, Keçəl, Kosa... Bunlar bayramın vazkeçilməzləridir. Amma türk xalqlarının ortaq bayramı olan Novruzu hər türk xalqı bir cür keçirir. Bayramın fəlsəfəsi və mahiyyəti eyni olsa da, türk xalqlarının hər birində buna özəl bir yanaşma var.
Musavat.com Türkiyə mətbuatına istinadən türk xalqlarında Novruz bayramının necə keçirilməsi barədə yazır.

Türkiyənin Anadoludu Novruza “hə” deyir

Başlayaq qonşu Türkiyədən. Düzdür, türkiyəlilər bayrama “Nevruz” deməyi üstün tutur. Amma bayram ölkənin hər yerində eyni formada keçirilmir. Cənub-şərqi Anadolu bölgəsində Qaziantep və onun ətrafında 22 mart gününə “Sultan Novruz” adı verilib. Bu bölgədə, eləcə də, Qarsda Azərbaycanda olduğu kimi, qapı pusma, baca-baca adətləri yaşadılır. Türkiyədə yaz bayramı həm Novruzda, həm də Hıdırellezdə qeyd olunur.Novruz daha çox Anadolu sahəsində yayğındır. Hıdırellez ise Türkiyədə ən geniş yayılmış yaz mövsüm mərasimidir. Novruz martın 21-də, Hıdırellez isə may ayının 6-da bayram edilir. Azərbaycanda fevral ayında keçirilən Xıdır Nəbi mərasiminin Hıdırelleze müəyyən bənzərliyi olsa da, fərqli xüsusiyyətləri də vardır. Xıdır Nəbi qışın ortasında, Hıdırellez ise yazın ortasında keçirilir. Mərasimin mövsümlə əlaqəsindən belə anlaşılır ki, bunlardan biri qışın yola salınmasına göstərilən sakral ritual dəstəyi, digəri isə yazın gəlişinin təntənəsidir.Birincidə misteriya, ikincidə isə karnavallıq aparıcı mövqedədir.

Novruz yox, al bayram, ya da səpin toyu

Tatarlarda yaz bayramı “Karqa butkası”dır. Bu bayram yazın gəlişi münasibətilə keçirilir. Bayramda gənclər idman yarışları təşkil edir, oxuyur, oynayırlar.Tatarstanda “yaz işləri ilə bağlı bayramların ən böyüyü Sabantuy və ya “Səpin toyu”dur. Bu bayram yazdakı səpin ilə bağlıdır. Müasir dövrdə yaz şumu edildikdən və torpaq əkin üçün hazırlandıqdan sonra keçirilir. Sabantuy xalqın könüllü şəkildə bir yerə toplanaraq qeyd etdikləri musiqili-dramatik tamaşadır. Kənddə yaranan bu bayram sonralar şəhərlərə də yayılıb və təntənəli şəkildə qeyd olunmağa başlanıb.

Dağıstan xalqlarında yaz mövsümü ilə bağlı bahar bayramları keçirilir. Bu xalqların bəzilərində bu Novruzdur, bəzilərində “Al bayram”, “Qırmızı gün”dür. Bu bayramlarda dağlarda, həyətlərdə tonqal qalanır. Kalmıklarda yazın ilk ayı keçirilən mərasim “Çaqan sar”dır. Kalmık dilində bunun mənası “ağ ay” deməkdir. Hazırda İranda Novruz 13 gündə qeyd olunur. Zərdüştliyi davam etdirənlər yeni ili 5 gün qeyd edirlər, altıncı günü isə Böyük Novruzu (Novruz-e bozorq) Zərdüştün doğulduğu gün hesab edirlər. İranda Novruzdan öncəki çərşənbədən bayram başlanır. Bu “Çərşənbe suri” (Od çərşənbəsi)dir.

Bir həftə şənlik edən də var, 46 həftə boyunca edən də

Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla arınması adəti var. Qırğızlar bunu qədim türk şamanlarından qalma adət hesab edirlər. Onlar “Alas-alas, bəladan xilas”-deməklə, öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər. Darı yarmasından “Novruz köcö” adlı bayram yeməyi hazırlanır. Qırğız süfrəsində xüsusi olaraq Novruzda quzu ətindən əriştəyə oxşar un məmulatından hazırlanmış beşbarmaq da olur. Bu şirniyyat əllə yeyildiyi üçün belə adlanır. Türkmənistanda bayramdan beş-altı gün öncə, evlərin təmizlənməsi başlanır. Türkmən çörəyi, plovu və müxtəlif şirniyyatlar hazırlanır. Səməni Novruzun xüsusi yeməyi sayılır. Bir neçə ailə bir araya gəlib, böyük bir qazanda buğda, un və şəkərdən səməni bişirirlər. Bayrama bir gün qalmış bişirilən bu yemək 21 martda süfrələri bəzəyir .Türkmənlər Novruz tonqalına “saman otu” deyirlər. Qazaxıstanda, adətə görə, evlərin divarlarına, müxtəlif əşyalar üzərinə gil qablar atıb sındırırlar. Bu adət köhnə ilin pisliklərindən, xəstəliklərindən yeni ildə uzaq olmaq məqsədi daşıyır. Qazaxlar da tonqal üzərindən atlanırlar. “Novruz köcü”, Novruz şorbası və ya “Lapa” adlı yeməklər bişirilib qonşulara paylanır.

Özbəkistanın Səmərqənd, Buxara, Əndican şəhərlərində Novruza həsr edilmiş şənliklər bir həftədən 46 həftəyə qədər davam edir. Özbəklərin bişirdikləri xüsusi yeməklərdən ən əsası məşhur özbək plovu, samsa və sümələkdir. “S” hərfi ilə başlayan sünbül, səbzi, sirkə, iydə (sancid) kimi 7 nemət süfrəyə düzülür. Güləş və at yarışları bayrama xüsusi bir gözəllik qatır. Novruz günü bir-birini qucaqlamaq və danışmağa başlamazdan əvvəl üç qaşıq bal yemək ən əski adətlərdəndir. Bölgələrdə təsərrüfatda çalışan yaşlı insanlar əlini yağa batırıb öküzlərin buynuzunu yağlayır ki, yeni il bərəkətli olsun..

Özbəklərdə aşağdakı mövsüm mərasimləri qeyd olunur: 1) Qış gecələri və ya məclisləri (qap-qaştak, yasayusun). Bu bizdəki çilə çıxartma mərasimlərinə uyğun gəlir. 2) Yaz bayramları –Navruz və şoxmoylar (öküzlərin şum üçün sahəyə sürülməsi, yəni şumlamanın başlanması), lola (lalə) , kizil qul (qızıl gül), loy tutiş (palçıq vermə, yəni ev tikməyə başlama) bayramları. 3) Yay təntənələri içində “kavun sayli” (yemiş bayramı), “çoy momo” və s.vardır. 4) Payız bayramları məhsul yığımı ilə əlaqəli olur. Buraya Mexrqan, thamol çakiriş, “uzum sayli” (üzüm bayramı) və misal ola bilər.

Özbəklər Novruz süfrəsinə “S” ilə başlayan yeddi ədəd yemək və yeddi cür ədviyyat qoyurlar.Ayrıca olaraq, süfrəyə böyük bir çörək, ətrafına boyalı yumurtalar və yaşıl yarpaqlar qoyulur. Bir həftə ərzində qeyd olunan Novruz günlərində müxtəlif tamaşalar təşkil olunur, oyunlar oynanır.

Hər il martın 22-də Ümumdünya su günü (World Day of Water) qeyd olunur. Bu gün BMT Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən qeyd olunmağa başlanıb. Ümumdünya su ehtiyatları günü haqqında ilk təklif 1992-ci il iyunun 3-14 tarixləri arasında Rio-de-Janeyroda baş tutmuş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) səsləndirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, bu günün keçirilməsində məqsəd hər bir kəsin vaxtlı vaxtında və lazımi miqdarda təmiz su ilə təmin edilməsi və su ekosistemlərinin mühafizəsində hamını fəal olmağa çağırmaqdır. Bu məqsədlə dünyanın müxtəlif yerlərində beynəlxalq, milli və yerli səviyyələrdə su resurslarından səmərəli istifadə sahəsində müxtəlif proqramlar həyata keçirilir.

Su resurslarımız o qədər də çox olmadığından sudan qənaətlə istifadə və su mənbələrimizin mühafizəsi ölkəmizdə ən prioritet sahələrdəndir. Respublikanın səth su ehtiyatları əsasən Kür və onun qolları və eyni zamanda birbaşa Xəzərə tökülən Lənkəran təbii zonası və Quba-Xaçmaz zonası çaylarının axımından ibarət olamqla 30,0 km3 təşkil edir ki, bunun da yalnız üçdə biri yerli sularımızdır. 

Azərbaycanın su ehtiyyatları ölkənin iqtisadiyyatında böyük rol oynayır. İldə 12,0 km3-dən çox su əhalini, sənayeni, kənd təsərrüfatı və iqtisadiyyatın bir çox sahələrini su ilə təmin etmək məqsədilə çaylardan istifadə üçün götürülür. Kənd təsərrüfatı məhsullları əsasən suvarılan sahələrdə yetişdiyindən götürürlən suyun üçdə ikisi suvarmada istifadə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi(ETSN) su resurslarımızın mütəmadi olaraq monitorinqini aparır. Həm yerli, həm də transsərhəd çaylardan istifadə Azərbaycan Respublikasının Su Məcəlləsinə, Ətraf Mühitin Mühafizəsi və digər qanunlara və qanunvericilik aktlarına, o cümlədən üzv olduğumuz beyməlxalq konvensiyalara və razılaşmalara əsaslanmalıdır. Bu zaman çaylarda tələb olunan ekoloji axımı təmin edilməli və su ehtiyatları inteqrasiyalı yanaşma və hövzə prinsipinə uyğun idarə edilməlidir.

Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün əhali də daxil olmaqla bütün su istifadəçiləri sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısını almalı, müasir texnologiya və suya qənaət edən avadanlıqdan istifadə etməli, içməli sudan texniki məqsədlər üçün istifadəni məhdudlaşdırmalı və s. addımlar atmalıdırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hamını Beynəlxalq Su Günü münasibətilə təbrik edir və su resurslarımmızın birgə mühafizəsi sahəsində sıx əməkdaşlığa çağırır!

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı
















Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminin müddətini martın 30-na qədər uzadıb.

Yenicag.az xəbər verir ki, bu barədə DANX-ın mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

N.Allahyarova deyib: “Mart ayının 19-dan bu saata qədər respublikanın 62 avtovağzal və avtostansiya kompleksindən ümumilikdə 54542 nəfər sərnişin daşınıb. Paytaxtdan regionlarımıza və xaricə səfər edənlərin üstünlük təşkil etməsi ilə əlaqədar sıxlıq daha çox BBAK-da müşahidə edilib. Paytaxdan daşınan sərnişin sayı bu saata qədər 38542 nəfərdir. Region avtovağzallarımızdan növbəti ən böyük sıxlıq Gəncə, Mingəçevir, Şirvanda müşahidə edilir.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq sərnişinlərimizdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacağınız təqdirdə 5626758 nomrəsinə məlumat verilsin. Bir daha xatırladım ki, DANX regionlardan paytaxta geri dönən sərnişinlər üçün gücləndirilmuş rejimin müddətini martın 30-na qədər uzadıb”.
Sürücülərə və piyadalara xoş xəbər – Prospektdə yenilik















Nobel prospektinin Həzi Aslanov və Sadıqcan küçələri ilə kəsişməsində təşkil edilən sola və ya geriyə dönmə yerləri nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, svetoforla nizamlanan geriyə dönmə yerlərinin ətrafında piyada keçidləri də təşkil edilib.

Artıq prospektin qeyd edilən hissələrində piyadalar rahat və təhlükəsiz şəkildə qarşı tərəfə keçə bilərlər. Hərəkətin tənzimlənməsi üçün geriyə dönmə yerlərinin ətrafında müvafiq yol nişanları qoyulub və nişanlanma işləri aparılıb.

Qeyd edilən tədbirlər mütəxəssislərimiz tərəfindən Nobel prospekti “Nargilə dairəsi” adlanan ərazidə nəqliyyat yükünün azaldılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə hazırlanan layihəyə çərçivəsində həyata keçirilib. Belə ki, artıq “Nargilə dairəsi”nə avtomobillərin girişi azalacaq.

Layihənin icrası “Nargilə dairəsi” adlanan ərazidən keçən 6 müntəzəm marşrut xətti üzrə hərəkət edən 100-dən artıq avtobusun hərəkət intervalındakı gecikmələrin də nisbətən azalmasına səbəb olacaq.
Azərbaycanda mart ayı üzrə bütün sosial müavinət və təqaüdlər ödənilib















Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mart ayı üzrə bütün sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin ödənilməsi təmin edilib.

Nazirlikdən verilən məlumata görə, hazırda 500 mindən artıq şəxsə müavinət və Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ödənilir. Onların hər birinin bu ay üzrə müavinət və təqaüdləri hesablarına köçürülüb.

Təcrübədə ilk dəfə olaraq mart ayı üzrə bütün sosial müavinət və təqaüdlərin pensiyalarla bərabər martın 19-dək maliyyələşdirilməsi işləri yerinə yetirilib.

Qeyd edək ki, hazırda əlilliyə, yaşa, ailə başçısını itirməyə görə aylıq sosial müavinət ödənilir. Həmçinin sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, müharibə veteranları, beşdən çox uşağı olan qadınlar, müddətli hərbi xidmət qulluqçularının uşaqları, ünvanlı dövlət sosial yardımı ilə təmin edilən aztəminatlı ailələrdəki bir yaşadək uşaqlar və qanunvericilikdə nəzərdə tutulan digər şəxslər aylıq sosial müavinət alırlar.

Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ilə təmin olunanların sırasına isə Azərbaycan Respublikasının Milli Qəhrəmanları və ya onların ailə üzvləri, şəhid ailələri, müharibə əlilləri və onlara bərabər tutulanlar, İkinci Dünya müharibəsi iştirakçıları, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar, ümumi səbəblərdən I qrup əlilliyi olanlar, Azərbaycan Respublikasının fəxri adlarını alanlar və qanunvericilikdə nəzərdə tutulan digər vətəndaşlar daxildir.
Bu klinikadan Novruz aksiyası: 5 gün tam pulsuz














"Elmed” klinikası Novruz bayramı münasibətilə aksiya keçirir.

Bu barədə Axar.az-a açıqlamasında klinikanın mətbuat xidmətinin rəhbəri Yusif Osmanlı deyib. O bildirib ki, aksiya 25-29 mart tarixlərini əhatə edəcək:

"Aksiya çərçivəsində bütün həkim konsultasiyaları tam pulsuz olacaq. Digər müalicə və laborator analizlərə isə 30 faiz endirim tətbiq edilir. Müxtəlif istiqamətləri əhatə edən və ən müasir tibbi avadanlıqlarla təchiz edilən klinikada müalicə prosedurları professional tibbi personal tərəfindən həyata keçirilir”.

Bu gün Azərbaycan xalqının ən sevimli bayramlarından biri olan Novruz bayramıdır.

"Report"un xəbərinə görə, yazın Azərbaycana gəlişi martın 21-i saat 01:58-ə təsadüf edəcək və bu zaman gecə-gündüz bərabərliyi qeydə alınacaq.

Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Novruz bayramının mənşəyi qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.

Bu bayramın özünəməxsus adət-ənənələri var: qurşaq atmaq və ya şallaq sallamaq, qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, səməni xonçaları bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək, Novruz oyunları oynamaq (məsələn, ənzəli) və s.

Novruz bayramına dair inanclar: "Qapıya atılan qurşağı boş qaytarmazlar, "Gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarədir", "Tonqaldan tullanarkən bu ifadə deyilir: "Ağrım səndə, uğurun məndə", "Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar", "Bayram günü ailənin sayı qədər şam yandırarlar" və s.

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işləməyəcək














Novruz Bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 20-24 mart tarixlərində qeyri iş günü olacaq.

“ASAN xidmət”dən bildirilib ki, martın 25-dən etibarən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlanmaq mümkündür.

Vətəndaşlar iş qrafiki, göstərilən xidmətlərlə bağlı ətraflı məlumatı 108 “Çağrı” Mərkəzi vasitəsilə əldə edə bilərlər.

Bu gün Azərbaycanda İlaxır çərşənbə qeyd olunur.

ONA xəbər verir ki, ardıcıl olaraq gələn Su, Od və Yel çərşənbələrindən sonra Azərbaycan xalqı sonuncu - Torpaq çərşənbəsini qeyd edir.

Dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir.

İlaxır çərşənbə hər il ölkəmizdə təntənəli qeyd olunur.

Torpaq çərşənbəsində halal zəhmətə çağırış, torpağa məhəbbət var. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir.

Torpaq çərşənbəsi Novruz bayramının ayin və mərasimləri ilə də zəngindir. Həmin gün hələ Su çərşənbəsində islağa qoyulmuş buğdadan boy atmış səməni bayram süfrəmizin ən əziz qonağına çevrilir. Hamı sonuncu çərşənbə süfrəsinə xüsusi hazırlıq görür, onun daha zəngin olmasına çalışır. Əvvəlcədən ev-eşik təmizlənir, xüsusi bayram tədarükü görülür. Yumurta boyanır, qovurğa qovurulur, plov süzülür, şirniyyat bişirilir.

İlaxır çərşəbədə küsülülər barışır, hamı təzə paltar geyinməyə, qulaq falına çıxanları düşünüb xoş sözlər deməyə çalışır.

Rayonlara əlavə avtobus reysləri açılır? – Rəsmi















Ehtiyac yaranarsa, tələbat çox olan rayonlara əlavə avtobus reysləri açıla bilər.

Bu sözləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova Axar.az-a açıqlamasında deyib.

O bildirib ki, hazırda bölgələr arasında ən çox tələbat Gəncə şəhərinədir:

“Quba, Qusar, Tərtər və Xudata yola düşən avtobuslar üçün də sərnişin müraciəti çoxluq təşkil edir. Hansı istiqamətə biletlər tükənibsə, ehtiyat avtobuslar həmin istiqamətə ayrılır. Əgər ehtiyac yaranarsa, biletlər bitən rayonlara yenidən avtobuslar ayrılacaq”.