Bakı Metrosu fəaliyyətini nə vaxt bərpa edəcək?
Koronavirusa görə Azərbaycanda elan olunmuş karantin rejminin bitməsinə bir neçə gün qalıb.

Bu gün hər kəsi Bakı Metropoliteninin fəaliyyətinə nə zaman başlayacağı sualı düşündürür.

"Bakı Metropoliteni"nin mətbuat xidməti vəzifəsini icra edən Bəxtiyar Məmmədov bilidirib ki, bununla bağlı hələlik heç nə deyilməyib:

"Operativ Qəragahla sıx işləyirik. Bu barədə bizə hər hansı bir qərar bildirilməyib. Metro ilə bağlı hər hansı bir qərar verilsə, onu Operativ Qərargah elan edəcək" //Sonxeber.az

Karantini pozaraq cərimələnən sürücülərin sayı açıqlandı
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 15.04.2020-ci il saat 00:00-dan 16.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2923 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə  Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 22859 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bakıda koronavirusla bağlı daha bir müzakirə başladı
Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsi ilə bağlı tədbir keçirilir.

Oxu.az xəbər verir ki, tədbirdə ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr departamentinin sədri Soltan Məmmədov, REACT-C19 layihəsinin sahə koordinatoru Hamza Zeytunoğlu iştirak edirlər.

190 manatı almaq üçün qeydiyyatdan keçənlərlə bağlı ən son məlumat ...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan şəxslərdən daha 20 min nəfər üçün birdəfəlik vəsaiti bank filiallarına və poçt şöbələrinə köçürüb.
 
Nazirlikdən verilən məlumata görə, həmin şəxslərə işsiz kimi qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrələrinə bu barədə SMS göndəriləcək.
 
Mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə almaqla, mesajda “Azərpoçt” MMC qeyd edilibsə - istənilən poçt şöbəsinə, bank göstərilibsə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edə bilərlər.
 
Qeyd edək ki, işsiz şəxslərin birdəfəlik ödəmə ilə təminatına aprelin 9-dan başlanılıb və ödəniş prosesi gündəlik davam edir.
 
Ötən 6 gündə Nazirlik tərəfindən artıq 120 min işsiz şəxs üçün birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsi təmin olunub.
 
Qeydiyyata alınan digər işsizlər də birdəfəlik ödənişlə təmin olunacaq.
İstilik mövsümünün vaxtı uzadıldı
Baş nazir Əli Əsədovun tapşırığı ilə ölkə ərazisində istilik mövsümü aprelin 25-dək uzadılıb.

Bu barədə “Azəristiliktəchizat”dan  verilən məlumatda qeyd olunub. 

Bildirilib ki, xüsusi karantin dövründə sosial təcrid tədbirləri ilə əlaqədar vətəndaşların evdə qaldıqları müddətdə vacib məsələlərdən biri də onların zəruri kommunal xidmətlərlə təmin edilməsindən ibarətdir.

Bununla əlaqədar Nazirlər Kabinetinin göstərişinə əsasən, Energetika Nazirliyi və “Azəristiliktəchizat” ASC-yə hava proqnozu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarının təhlil edilərək, istilik mövsümünün müddəti ilə bağlı təkliflərin hazırlanması tapşırılıb, müvafiq araşdırmalar aparılaraq, Nazirlər Kabinetinə zəruri məlumatlar təqdim edilib.

Bununla bağlı Baş nazirin tapşırığı ilə ölkə ərazisində istilik mövsümü aprel ayının 25-dək uzadılması məqsədəuyğun hesab edilib. 

Muxtar Babayevə yeni müavin təyin edildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.

Oxu.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Vüqar Kərimov Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilib. 

O, bundan əvvəl ETSN-nin Aparat rəhbəri vəzifəsində çalışıb.

Məlumatı qurumun mətbuat katibi İradə İbrahimova Oxu.Az-a təsdiqləyib.

190 manatı ala bilməyən işsiz sakinlərin nəzərinə! 2 aylıq iş imkanı
Abşeron rayon İcra hakimiyyəti işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün tədbirlər görüb.

İcra hakimiyyəti işsiz sakinlərə müraciət edərək elan paylaşıb: 

"Abşeron rayonunda dezinfeksiya, təmizlik işlərinin görülməsi, 65 yaşdan yuxarı tənha şəxslərə sosial xidmətlərin göstərilməsi (ərzaq, dərman alınması və s.) və digər işlər üzrə aylıq əmək haqqı 250 manat olmaqla 2 ay müddətinə haqqı ödənilən ictimai iş yerləri yaradılmışdır.

İşə qəbulla bağlı Abşeron rayon İcra hakimiyyətində (012) 342 11 16 nömrəli qaynar xətt yaradılmışdır (məsul şəxs - baş məsləhətçi Fariz Əliyev).

Tələb olunan sənədlər:

1) Şəxsiyyət vəsiqəsinin surəti
2) Yaşayış yerindən arayış
3) Müvəqqəti 2 aylıq işlə təmin olunmaqla bağlı ərizə

İşləmək istəyənlər qeyd olunan sənədləri yaşadıqları ərazilər üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə və ya Mənzil Təsərrüfatı İstehsalat İstismarı Təmiri Sahəsinə təqdim etsinlər".

Qeyd edək ki, qanunverilciliyə uyğun olaraq 190 manat birdəfəlik ödənişi əldə edə bilməyən vətəndaşlar da bu iş imkanlarından istifadə edə bilərlər.

Bu gün rayonlarda yaşayanlara pensiya veriləcək
Bu gün paytaxt rayonları xaric respublikanın digər rayonları, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiya ödənişi həyata keçiriləcək.

 Covid-19 pandemiyası ilə əlaqədar yaşı 65 və daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub.

Bu səbəbdən, həmin yaş qruplarında olan şəxslərə bank kartlarına köçürülmüş vəsaitlərini ailə üzvlərinin və ya 142 - Çağrı Mərkəzinə müraciət etməklə sosial xidmətçilərin yardımı ilə, tənha ahıllara isə bank kartına köçürülmüş sosial ödənişini sosial xidmətçinin yardımı ilə əldə etməsi tövsiyə olunur.

Eyni zamanda, xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişlərinizi istənilən bankın bankomatından, eləcə də Azərpoçtun istənilən bankomat və ya posterminallarından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərsiniz.

Dərslərin nə vaxt başlanması ilə bağlı
“Xüsusi karantin rejimi dövründə şagirdlərin biliklərinin qiymətləndirilməsi məsələsinə fərdi yanaşma olmalıdır. Təbii ki, teledərslər vasitəsilə tədrisin 100 faiz mənimsənilməsi mümkün deyil. Burada söhbət müəyyən səviyyədən gedə bilər”.

Bunu Təhsil nazirinin müavini İdris İsayev deyib.

O dərslərin nə vaxt başlanması ilə bağlı bildirib ki, hazırda koronavirus pandemiyasının nə qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil:

“Təbii ki, müəyyən müddətdən sonra karantin rejimi ləğv ediləcək. Şagirdlərimiz də tədris müəssisələrində tədrislərini davam etdirəcəklər. Belə olduğu halda təhsilverənlər, yəni müəllimlər, pedaqoqlar müəyyən vasitələrdən istifadə edərək teledərslər zamanı şagirdlərin təhsil proqramlarını necə mənimsənilməsi ilə bağlı qiymətləndirmə aparacaqlar. Bundan sonra da müvafiq qərar qəbul ediləcək. Təbii ki, hazırda bununla bağlı dəqiq cavab vermək mümkün deyil. Vəziyyəti daim nəzarətdə saxlayırıq və müvafiq təhlillər apardıqdan sonra Təhsil Nazirliyi tərəfindən qərar veriləcək”.

İ.İsayev qeyd edib ki, şagirdlərə hər hansı güzəştin edilməsi ilə bağlı indidən nəsə demək doğru olmaz: “Mövcud vəziyyəti heç kim gözləmirdi. Təbii ki, bütün imkanlardan istifadə olunaraq təhsilalanlara maksimum dərəcədə kömək ediləcək ki, təhsilini bitirə bilsinlər”.

Nazirlikdən hökumətin təhsil haqqı qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA

Təhsil nazirinin müşaviri Elnur Məmmədov Nazirlər Kabinetinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərardan danışıb.

Oxu.Az-ın məlumatına görə, o, bu barədə “Facebook” səhifəsində paylaşım edib:

“Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dair qərar qəbul etdi.

Belə ki, Azərbaycanın təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:

1.1. ünvanlı dövlət sosial yardımı alanlar;

1.2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

1.2.1. I və II dərəcə əlilliyi olan şəxslər;

1.2.2. işsiz kimi qeydiyyatda olanlar;

1.2.3. yaşa görə əmək pensiyaçıları;

1.2.4. yaşa görə sosial müavinət alanlar.

Bu kateqoriyaya aid olan tələbələrin sayı hazırda 20 mindən çoxdur, onların əksəriyyəti ali təhsil müəssisələrində, digərləri orta ixtisas və peşə təhsili müəssisələrində oxuyurlar”.

Müşavir qeyd edib ki, bu məqsədlə dövlət büdcəsindən 40 milyon AZN vəsait ayrılacaq:

“Onu da qeyd edim ki, ötən il ali təhsil sistemində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılmasının nəticəsi olaraq hazırda ölkədə hər iki tələbədən birinin təhsil haqqı xərclərini dövlət ödəyir”.