Azərbaycanda şəhərdən kəndə axın sürətlənib
“Şəhərdən kəndə axın hələ bir neçə il əvvəl başlayıb. Koronavirus pandemiyası ilə əlaqdar isə insanların paytaxtdan bölgələrə axını sürətlənib. Çünki paytaxtda iş yerləri qapadılıb”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bilirib.

Deputat qeyd edib ki, əvvəllər kənddən şəhərə kütləvi axın vardısa, indi bunun əksi müşahidə olunur:

“Bölgələrdə ölkə rəhbərinin tapşırıq və göstərişlərinə uyğun olaraq görülən işlər, aqrar sektorun inkişafı artıq şəhərdən regionlara axına səbəb olub. Bu da təbiidir, çünki artıq insanlarımızın kənddə torpaqdan qazanmaq imkanları genişlənib. Digər tərəfdən, kəndlinin gəlir yerləri var. Bunlar taxılçılıq, pambıqçılıq, heyvandarlıqdır.

Bu sahələr xüsusilə dövlət tərəfindən verilən subsidiyalar hesabına getdikcə daha çox inkişaf etməyə başlayıb. Artıq insanlar paytaxtda qərarlaşmır, rayonlarda nəninki mövsümü işlər görürlər, həmçinin torpaq sahələrini icarəyə götürməklə, müəyyən sahibkarlara qoşulmaqla kənd təsərrüfatının inkişafına nail olurlar. Ötən ilin nəticələri üzümçülük, pambıqçılıq, tərəvəzçilik, baramaçılıqda nəzərəçarpacaq inkişafın olduğunu deməyə əsas verir”.

Komitə sədri qeyd edib ki, pandemiyadan sonra şəhərdəki iş yerlərində yaranmış səngimələr də aqrar sahənin inkişafına özünəməxsus təkan verib:

“Ölkə rəhbəri də öz çıxışlarında bildirib ki, karantindən çıxış mərhələli şəkildə olacaq. Çünki pandemiya ilə əlaqədar qoyulmuş qadağaları birdən-birə aradan qaldırmaq mümkün deyil. Bu dəqiqə elə sahələr var ki, həyati əhəmiyyəti yoxdur, insanlar mütləq şəkildə evdə oturmalıdırlar. Amma kənd təsərrüfatı elə bir sahədir ki, ərzaq təhlükəsizliyinin təmin olunması üçün fəaliyyəti bir an belə dayandırıla bilməz.

Bu gün kənd təsərrüfatının qızıl çağıdır, pambıq səpini gedir, taxıl suvarılır. Ona görə də insanların açıq havada, kütləvi şəkildə deyil, sosial məsafəyə riayət edilməklə torpaqda çalışması həyata keçirilməlidir. Bu isə onların həyatı üçün təhlükəli deyil. Ona görə də insanların təsərrüfatla məşğul olması heç də təhlükəli və qaydaların pozulması anlamına gəlmir. Çünki insanlar fəaliyyətinə icazə verilmiş sahədə çalışırlar.

Əgər insan traktorla çiyid səpirsə, yaxud pambığın malalanması ilə məşğuldursa, burada təhlükəli nə isə yoxdur, çünki onlar onsuz da fərdi fəaliyyət göstərirlər, yəni yüzlərlə insan bir yerə toplaşmır. Məsələn, pambıq səpini, taxıl biçini, yaxud tərəvəz yığımı gecikərsə, bu iqtisadiyyata ağır zərər vura bilər.

Onsuz da koronavirusun gətirdiyi bəla ölkə iqtisadiyyatına xeyli dərəcədə zərbə vurub. Onun aradan qaldırılması üçün milyardlarla vəsait ayrılıb. Elə sahələr var ki, orada bir an belə gecikməyə yol vermək olmaz. Aqrar sektor məhz həmin sahələrdəndir”.

Taksilərlə bağlı
Koronavirus infeksiyasının qarşısını almaq üçün sabahdan marşrut avtobuslarının və taksilərin fəaliyyətinə dair qaydaların tətbiqinə başlanılacaq. Qaydaları pozanlar 100 manat cərimə ediləcək. Bu gün kiçik araşdırma zamanı isə məlum oldu ki, sürücülər arasında yeni qaydalara hazırlıq görənlərlə yanaşı, bundan məlumatsız olanlar da var.

Əksər sürücülərin pandemiya dövründə marşurt avtobuslarının və taksilərin fəaliyyətinə dair sabahdan tətbiq ediləcək qaydalardan məlumatı yoxdur.Yeni qaydalarda qeyd edilib ki, sərnişinlərlə sürücünün fiziki təmasının istisna edilməsi üçün nəqliyyat vasitələrində kabina olmadıqda onların arasında şəffaf arakəsmələr quraşdırılmalıdır.

Bakıda marşurt avtobuslarında çəkiliş apardığımız zaman məlum oldu ki,əksər avtobuslarda bu arakəsmələrin quraşdırılmasına ehtiyyac var.Ancaq bəzi sürücülərin onlara sahibkarlar tərəfindən bu barədə məlumat verilmədiyinin bildirsələrdə,yeni qaydadan məlumatlı olanlarda var.

Bu gecədən tətbiq ediləcək digər bir qayda isə taksi fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlıdır. Qaydalara görə, Şəhərdaxili taksilərdən istifadə edən müştərilər yalnız arxa oturacaqlarda otura bilər. Bundan əlavə, taksi sürücüsü ilə arxadakı oturacaqların arası şəffaf, hava keçirməyən arakəsmələrlə ayrılmalıdır.

Qaydalara görə,bütün ictimai nəqliyyat vasitələrinin, o cümlədən taksilərin içərisinin havası vaxtaşırı dəyişdirilməli, fasilələr zamanı dezinfeksiya işləri aparılmalıdır. Sürücülər bir yerə yığışmamalı və öz aralarında sosial məsafənin saxlanılmasına əməl etməlidirlər.Bundan başqa sürücülər arasında təmaslar minimuma endirilməlidirlər.Ümumilikdə isə bu qaydalara əməl etməyənələr 100 manat miqdarında cərimə oluna bilərlər.

Bakıda yenidən avtobuslar tıxacda qaldı
Hazırda Bakının Heydər Əliyev prospektinin (şəhər istiqamətində) köməkçi yolunda - tunelə girişdə tıxac müşahidə olunur.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, bu səbəbdən həmin istiqamətdə hərəkət edən müntəzəm və ekspres xətlər üzrə xeyli sayda avtobus tıxacda qalıb, onların intervalında gecikmələr yaranıb.

Bu şəxslərə ŞAD XƏBƏR
Dünyanı koronavirus pandemiyasının cənginə aldığı bir dövrdə onlayn xidmətlər geniş vüsət almağa başlayıb. Əlbəttə ki, xidmətlərlə təminat internetsiz mümkün deyil. Elə bunu nəzərə alan dünya ölkələri bir çox sferalarında, eləcə də, təhsil sahəsində əlçatanlığın təmin olunması üçün pulsuz internet xidmətləri təklif edib.

Şagird və tələbələrin pulsuz internetlə təminatı məsələsi də günümüzün ən aktual problemidir. Bir çox ölkələr, eləcə də, qonşu Türkiyədə onlayn təhsilin əlçatanlığı məqsədilə bütün tələbələr pulsuz internetlə təmin olunub.

Bəs Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu məsələnin köklü həlli üçün hansı işlər görür? İnternetin pulsuz verilməsi üçün hər hansı addım atılması planlaşdırılırmı? 

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsələnin həlli məqsədilə mobil rabitə operatorlarına müraciət edib:

“Təhsil Nazirliyinin quruma müraciəti əsasında ümumi təhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarının genişləndirilməsinə dəstək məqsədilə müəyyən güzəştlərin tətbiq olunması ilə əlaqədar mobil rabitə operatorlarına müraciət olunub”.

Məlumatda qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən bu məqsədlə yaradılmış “Virtual məktəb” layihəsinə dəstək çağırışına artıq “Azercell” qoşulub:

“Şirkət “Virtual məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və “Azercell” abunəçisi olan 25 mindən çox müəllim-pedaqoji heyətin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 10 AZN dəyərində 5 GB internet paketi yükləməklə təşəbbüsə öz dəstəyini verir”, - deyə nazirlikdən qeyd edilib.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Oxu.Az-a açıqlamasında bildirib ki, “Virtual məktəb” layihəsinin icrasını daha geniş təmin etmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət ünvanlanıb:

“Layihə şagird və müəllimlərin internetə əlçatanlığını təmin etmək məqsədi daşıyır”.

Rayonlardan Bakıya gəlmək istəyənlərə
Əməkdaşlarımız hər kəsi maraqlandıran daha vacib bir məsələyə də aydınlıq gətirməyə çalışıblar. Əvvəlki xəbərimizdən də eşitdiyiniz kimi, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna giriş-çıxış qadağası hələ də qüvvədə qalacaq. Amma bu gecə saat 12-dən etibarən digər rayonlararası girişə-çıxışa heç bir məhdudiyyət qoyulmayacaq. Bu arada rayonlararası sərnişindaşıyan avtobusların da hərəkəti ayın 31-dək hələki bərpa edilməyəcək.

Rayon qeydiyyatında olan şəxslərin paytaxa girişinə qoyulan qadağa hələ də qüvvədədir.

Bu barədə ''Xəzər Xəbər''ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, gecə saat 12-dən etibarən ölkə ərazisində xüsusi karantin rejmi qaydası nisbətən yumşaldılsa da rayon qeydiyyatında olanların Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna girişinə qoyulmuş qadağa ayın 31-dək qüvvədə qalacaq.

O, cümlədən də adı çəkilən şəhərlərin sakinlərinin rayonlara gedişi də may ayının 31-dək qadağan edilib. Əgər bu qadağalara əməl etməyib, gizli şəkildə getmək istəyən şəxslər aşkar edilsə onlar qanuna uyğun olaraq inzibati qaydada cərimə oluncaqlar. Sabahdan etibarən rayonlar arasında olan müvəqqəti polis postları da yığışdırılacaq.

Xatırladaq ki,rayonlar arasında ictimai nəqliyyatın hərəkəti də hələki bərpa edilmir. Vətəndaşlar yalnız özlərinə aid şəxsi minik avtomobilləri ilə yaşadıqları rayondan başqa rayona gedib gələ bilərlər.

Sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı da uzadılıb. ''Azərbaycan Dəmir Yolları'' QSC-dən XəzərXəbər-ə verilən məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunsa da, ictimai nəqliyyatla sərnişindaşıma xidmətinə icazə verilmir.

''Azərbaycan Dəmir Yolları'' QSC-nin mətbuat katibi Natəvan Bayramova onu da bildirdi ki, elektrik qatarlarının Abşeron dairəvi xətti üzrə hərəkəti hazırkı qrafiklə davam edir.

Azərbaycanda daha bir qadağa qüvvəyə minir
Pandemiya dövründə kitab, qəzet və dəftərxana mallarının satışı qaydaları müəyyənləşib.

 "Koronavirusinfo.az" saytı məlumatına görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib. 

Qaydalarda deyilir: 

• Onlayn satışlara üstünlük verilməlidir;

• Kitabxana və bu tipli müəssisələrin oxu zalları istifadəyə verilməməlidir;

• Bu tip müəssisələrdə kontaminasiyanın qarşısının alınması məqsədi ilə əhalinin özünə xidməti məhdudlaşdırılmalıdır;

• Əhaliyə xidmət göstərən personal fərdi qoruyucu vasitələr ilətəmin olunmalıdır;

• Müəssisəyə fərdi qoruyucu vasitələri ilə daxil olunmalıdır;

• Çıxışlarda əlcək və maskaların utilizasiyası üçün xüsusi konteynerlər yerləşdirilməlidir;

• İşlənmiş fərdi qoruyucu vasitələrin atılması tibbi tullantıların utilizasiyası qaydasına uyğun icra edilməlidir.

Səhiyyə nazirindən yeni əmr
Səhiyyə Naziri Oqtay Şirəliyev Azərbaycan Tibb Universitetinin (ATU) ümumi işlər üzrə sabiq prorektoru Natiq Xəlilova yeni vəzifə verib.

Unikal.org məlumatına görə, O.Şirəliyevin müvafiq əmri ilə, N.Xəlilov yeni yaradılan Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin (kemiş Respublika Taun Əleyhinə Stansiya) direktoru təyin olunub. 

Qeyd edək ki, Respublika Taun Əleyhinə Stansiya sabiq direktoru Tahir Vəliyev  hazırda Azərbaycan Tibb Universitetinin (ATU) ümumi işlər üzrə prorektorudur.

Bakıda bu tarixdə küçəyə çıxmaq qadağandır
Mayın 2-də hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq seçilmiş, şəhər əhəmiyyətli 200-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə paytaxtın kommunal xidmətindən xəbərdarlıq edilib.

“Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”, - deyə məlumatda qeyd edilib.

Növbəti 190 manat nə zaman veriləcək?
Prezident İlham Əliyev bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarrovla keçirdiyi videokonfrans zamanı may ayı üçün nəzərdə tutulan 190 manat birdəfəlik ödəmənin vətəndaşlara nağdsız, rahat və şəffaf şəkildə verilməsi üçün ödənişin bank xidmətləri vasitəsilə həyata keçirilməsi tapşırığını vermişdi.

Hətta insanların rahatlığını təmin etmək üçün adlarına heç bir bank kartı olmayanlara pulsuz hesab açıldı. Dövlət vəsaitlərindən sui-istifadə hallarının qarşısını almaq üçün atılan bu addım yüksək qiymətləndirildi. Artıq vətəndaşların bəzilərinə müvafiq bank şöbələrinə yaxınlaşaraq kartlarını götürmələri ilə bağlı mesaj da gəlib.

Ancaq bankların qarşısındakı mənzərə yenə ürəkaçan deyil. Sıxlıq, uzun növbələr, sosial məsafənin saxlanılmaması – bir sözlə karantin tələblərinə uyğun olmayan görüntülər... Vətəndaşlar bildirir ki, verilən üç saat onlara bəs etmir. Demək olar ki, həmin zaman növbədə keçir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, işsiz və aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəmə proqramına bu vaxta qədər müraciət etmiş 320 min vətəndaşın aktiv əmək müqaviləsi olduğu müəyyən olunub. Bu səbəbdən həmin şəxslərə ödəmənin verilməsindən imtina edilib və onlara göndərilən SMS-də imtinanın səbəbi göstərilib.

İkinci ay üçün ödənişin təyin olunması ilə bağlı mesaj gəlməyən şəxslərə də yaxın vaxtlarda bildiriş gələcək. (Oxu.Az)

Milli Məclis yeni Baş Prokuroru SEÇDİ
Milli Məclis Baş Prokurorun vəzifəyə təyin olunmasını müzakirə edib.

 Azərbaycan prezidenti İlham Əliyevin  yeni Baş prokurorla bağlı təqdimatını Milli Məclisə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev  təqdim edib. Ə.Vəliyev   bildirib ki, Prezident yeni Baş prokuror postuna  Kamran Əliyevi təqdim edib. O deyib ki, K. Əliyevin prokurorluq orqanlarında fəaliyyəti yüksək qiymətləndirərək ona belə bir yüksək etimad göstərilib.

 Məsələ ilə bağlı çıxış edən  Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, hələ 2000-ci illərin əvvəllərində prokurorluqda geniş islahatlar həyata keçirilib və gənc hüquqşünaslar işə qəbul edilib.

“Bu müddət ərzində 902 gənc hüquqşünas prokurorluq  orqanlarında fəaliyyətə başlayıb.   Bu gün  prokurorluğun  70 faizi  gənc kadrlardan ibarət olsa da, peşəkardırlar. Ümumiyyətlə, prokurorluq  uğurlu fəaliyyət göstərir və bu  fəaliyyətdə K.Əliyevin də rolu olub. Əminəm ki, K. Əliyev ona göstərilən etimadı doğruldacaq”-Ə.Hüseynli bildirib.

 Məsələ səsə qoyularaq qəbul edilib.