Bu rayonlar üzrə pensiyalar köçürülür
Bu gün Bakının bəzi rayonlarında pensiya ödənişi həyata keçirilir.

Paytaxtın Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonlarının sakinləri bu gün pensiya ala biləcəklər.

Qeyd edək ki, dünən Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ, Nizami, Nərimanov, Xətai rayonları, həmçinin, Naxçıvan MR, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib.

Yaxın günlərdə ölkəmizin digər şəhər və rayonları üzrə, həmçinin, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq.

Mayın 20-də bu ay üzrə müavinət, təqaüd və kompensasiyalar, mayın 28-də isə ünvanlı dövlət sosial yardımları veriləcək.

Milli Məclisdə Şuşanın 28 illik işğalı qeyd olundu

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu gün həm kədərli, həm də əlamətdar hadisələr təsadüfən bir gündə keçirilib. “Bu gün Azərbaycanın  mədəniyyət paytaxtı Şuşanın işğalında 28 il keçir. Şuşanın işğalı Ermənistanın Azərbaycana qarşı həyata keçirilən  hərbi təcavüzün tərkib hissəsidir.  Qarabağın mərkəzi şəhəri olan Şuşanı işğal etməklə erməni şovinistləri Azərbaycan böyük bir bölgəsində etnik təmizləmə siyasətini başa çatdırmış oldular”- spiker bildirib.

 S. Qafarova onu da bildirib ki, ölkə başçısının yürütdüyü siyasət nəticəsində  işğal altında olan torpaqlarımızı və Şuşa da işğaldan azad olunacaq.

 Bununla da Şuşanın işğaldan azad olunmasını qələbə  kimi qeyd eədcəyik. 

Daha sonra deputatlar Şuşa uğrunda şəhid olan soydaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad etdilər.

Parka giriş qadağan olunsa da...

Məlum olduğu kimi, martın 29-dan ölkə ərazisində insanların sıxlığını tənzimləmək məqsədilə bulvar, park və istirahət məkanlarına giriş məhdudlaşdırılıb.

Qafqazinfo” xəbər verir ki, cari ayın 4-dən etibarən bölgələrdə bu qadağalar ləğv olunsa da, paytaxtda hələ də parklara giriş-çıxışda məhdudiyyətlər var.

Mərkəzdə yerləşən parklara nəzər saldıqda qadağalara əməl olunduğunu görsək də, binaların həyətyanı sahəsində yerləşən istirahət guşələrində məhdudiyyətlərə əməl edilmədiyinin şahidi oluruq.

Belə məkanlardan birində - “Neftçilər” metrosunun yaxınlığında lentə aldığımız kadrlardan göründüyü kimi, vətəndaşlar uşaqları bağlı olan, lentlərlə əhatələnmiş həyətyanı parka oynamağa aparır, sosial məsafə qaydalarını ciddi şəkildə pozurlar.

Sözügedən kadrları təqdim edirik:

 
SMS icazə sistemi ilə bağlı VACİB XƏBƏR
“Ehtimal var ki, mayın 11-dən sonra Bakıda SMS-lə bağlı verilən qərar ləğv edilsin”.

Bu sözləri açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib.Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı elan edilən karantin dövrü hissə-hissə yumşaldılır:

“Mayın 11-dən sonra daha böyük yumşalma gözlənilir. Ona kimi respublikada virusun yayılması müzakirə olunacaq, təhlil olunub, qiymətləndiriləcək və ondan sonra qərar veriləcək. Belə ehtimal var ki, SMS-lə bağlı verilən qərar ləğv edilsin. Çünki indiki durum bunu deməyə əsas verir”.

Cəlal İsayev onu da vurğulayıb ki, mayın 11-dən sonra Bakı ilə rayonlararası məsafənin açılması müzakirə oluna bilər. (qaynarinfo.az)

Mən azərbaycanlıyam!: 10 may 2013-cü il - Azərbaycan xalqının ...
Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev - Xalqımız üçün may ayının 10-u əlamətdar gündür. Həmin gün biz azərbaycanlılar üçün artıq simvollaşıb, tarixləşib. Çünki zəmanəmizin ən böyük şəxsiyyəti, Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, bütün xalqımızın dahi oğlu və böyük öndəri Heydər Əlirza oğlu Əliyev məhz həmin gün-mayın 10-unda anadan olmuşdur.

Tarix dəfələrlə sübut etmişdir ki, Ulu öndər böyük iradə və qətiyyət sahibi, təkrarsız şəxsiyyət olmaqla ən çətin vəziyyətdən belə çıxmaq üçün düzgün yol tapmağı bacarırdı. Ona görə də həmişə başladığı işi uğurla sona çatdırırdı.

Heydər Əliyevi zirvələrə qaldıran, ümummilli lider məqamına yüksəldən keyfiyyətlərdən birincisi onu xalqına bağlayan qırılmaz tellər idi. O, heç zaman özünün dediyi kimi, nə yüksək dövlət vəzifəsinin imkan verdiyi şəraitdə, nə də Naxçıvanda yaşadığı dövrdə xalqından uzaq düşmədi. Onunla birgə oldu, yaxşı günündə də, yaman günündə də. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən böyük öndərimiz bütün ömrünü xalqının rifahına, ölkəsinin tanınmasına, onun güclü dövlət olmasına sərf etdi, xalqa xidməti hər şeydən uca tutdu. Güclü və yenilməz bir dövlət qurdu.

Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Bu gün Ulu öndərin siyasətinin layiqli və alternativsiz davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamız özünün geostrateji, iqtisadi və mədəni potensialından daha geniş istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Biləsuvarın respublıkamızın abad və müasir rayonlardan birinə çevrilməsində dahi rəhbərin əvəzsiz xidmətləri olmuşdur. Bu bölgənin dirçəlişi və inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın Ümummilli lideri Heydər Əliyev sovetlər dönəmində və müstəqillik illərində dəfələrlə Biləsuvarda səfər etmişdir. O hər gəlişində rayonda zəhmət adamları ilə görüşmüş, onun diqqət və qayğısı ilə yüzlərlə sadə əmək adamı müxtəlif orden və medallara layiq görülmüşdür. Dahi şəxsiyyətin təşəbbüsü ilə rayonda Su qurğuları sistemi tikilmiş, ən ucqar kəndlərə belə mavi qaz verilmiş, Kür çayı üzərində nəhəng körpü insa olunmuş, mədəniyyət sarayı, çoxsaylı yaşayış və inzibatı binalar, 40-dan çox yeni məktəb və tibb ocaqları istifadəyə verilmişdir.

Tariximizin unudulmaz səhifələrinə çevrilən həmin illərdə Ulu öndərin tarixi səfərlərini hər bir biləsuvarlı bu gün də xüsusi minnətdarlıq hissi ilə xatırlayır.
Azərbaycanda karantin rejimi daha 2 ay uzadılır?
Modul tipli xəstəxanaların iyun ayında da istifadəyə verilməsi planı Azərbaycan əhalisinin yay aylarında - iyun, iyul aylarında da karantin rejiminda qalacağı deməkdir?

Suala İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahın brifinqində aydınlıq gətirib.

Zaur Əliyev  koronavirusa yoluxanların müalicə olunması üçün nəzərdə tutulan modul tipli xəstəxanaların mahiyyətini açıqlayıb:

"Modul tipli xəstəxanaların istifadəyə verilməsinin iyun ayına kimi nəzərdə tutulması Azərbaycan əhalisinin iyun, iyul aylarında da karantin rejiminda qalacağı anlamına gəlmir. Modul tipli xəstəxanaların əsas məqsədi nədən ibarətdir? Əgər yoluxmanın sürəti kifayət qədər güclü olarsa, tibb müəssələrimizdə xəstələrin yerləşdirilməsində çətinlik çəkə bilərik.

Ona görə də ölkə rəhbərinin tapşırığı ilə bütün lazımi tədbirlər görüldü ki, bizim xəstələrin sayı çoxaldıqda elə bir çətinliklə qarşılaşmayaq. Bəzi ölkələrdə əsas problem ondadır ki, xəstələrin yerləşdirilməsində çətinlik çəkirlər. Bu modul tipli xəstəxanalar artıq ilk gündən qurulmağa başladı. Bunların əsas özəlliyi də ondan ibarətdir ki, qısa zamanda və çox tez, rahat şəkildə qurmaq olur. Ona görə də bizdə artıq qurulubdur və qurulur. Mən iyun deyəndə qeyd edirdim ki, bütün 10 xəstəxanaların hamısı mərhələli şəkildə, yəni ki bu həftə ərzində bir neçəsi artıq istismara veriləcək, növbəti həftədə daha neçəsi. Və iyunun ortalarına qədər bu şəkildə bu məsələ bitməlidir ki, biz də xəstələrin sayında artım olduğu halda həmin xəstəxanalarda yerləşdirək". / Milli.az

Kredit alan ailələrə də ünvanlı sosial yardım veriləcək
"Ünvanlı sosial yardım haqqında" qanuna təklif edilən yeni dəyişikliyə əsasən, artıq adında pul krediti olan ailələr də ünvanlı dövlət sosial yardımdan yararlana biləcəklər.

Trend xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

O deyib ki, hazırda müraciət edən ailənin son bir il ərzində götürdüyü kredit onun gəliri hesab olunur:

"Bu, bir çox hallarda ailələrin sosial yardım ala bilməməsinə səbəb olurdu. Yeni dəyişikliklərə əsasən isə kreditlər ünvanlı sosial yardım təyin edilərkən heç bir halda nəzərə alınmayacaq".

Qeyd edək ki, "Ünvanlı sosial yardım haqqında" qanuna təklif edilən yeni dəyişikliklər layihəsi Nazirlik tərəfindən hazırlanaraq Milli Məclisə təqdim edilib.

Bakıda bu işçilərin maaşı 20 faizdən çox artıb
2020-ci ilin yanvar-fevral aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 20,6 faiz artaraq 958,0 manat təşkil edib.

 Trend xəbər verir ki, 2020-ci ilin yanvar-mart aylarında isə Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,3 faiz azalaraq 1 milyard 224,3 milyon manat olub.

Hüquqi şəxslər tərəfindən əhaliyə 901,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,6 faizini təşkil edib.

2020-ci ilin yanvar-mart aylarında isə paytaxtda ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14,2 faiz azalaraq 187,8 milyon manat olub.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 55,0 faizi hüquqi şəxs statuslu müəssisələrin, 45,0 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 18,9 faiz artaraq 104,4 milyon manat olub.

Koronavirusa görə dövlət bu şəxslərə pul verir
Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, 04 may tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 25.633 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 92.553 fərdi (mikro) sahibkar, cəmi 118.186 vergi ödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 191.306 işçini əhatə edən 21.472 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 86.36 mln. manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 43,18 mln. manat təşkil edir. Mayın 4-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 20.596 vergi ödəyicisinə 186.883 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 42,4 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 92.553 vergi ödəyicisindən müraciət daxil olub, 83.870 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 51,57 mln. manat təşkil edir. Mayın 4-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 49,2 mln. manat vəsaitin 78.643 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı Mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi barədə məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.

Koronavirus (COVİD-19) pandemiyasından zәrәr çәkdiyinә görә muzdlu içilәrinә әmәk haqqının müәyyәn hissәsinin ödәnilmәsi üçün dövlәtdәn maliyyә dәstәyi almış vergi ödәyicilәrinin siyahısı

Koronavirus (COVİD-19) pandemiyası ilә әlaqәdar olaraq dövlәtdәn maliyyә dәstәyi almış fәrdi (mikro) sahibkarların siyahısı

Ötən gün karantini pozan 423 sürücü cərimələndi
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar ötən gün DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

BDYPİ-dən verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 05.05.2020-ci il saat 00:00-dan 06.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 423 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 48 386 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.