Sonuncu kurs oğlan tələbələrin diplomları nə vaxt veriləcək?
Mart ayından etibarən təhsil müəssisələrinin, koronavirus səbəbindən bağlanmasının nəticəsində yüzlərlə tələbə ali təhsil müəssisəsindən diplomunu ala bilməyib.

Bu vəziyyətdə düşündürən suallardan biri də oğlan tələbələrin hərbi hissəyə təqdim edə bilmələri üçün diplomlarının gecikməsidir.

Əgər onlar vaxtında diplomlarını hərbi hissələrə təqdim etməsələr o zaman 1il 6 ay xidmət edəcəklər.

Metbuat.az xəbər verir ki, hazırda əsgər valideynlərinin ciddi narahatlığına səbəb olan bu məsələ barədə təhsil eksperti Elçin Əfəndi açıqlama verərək bildirdi ki, bu məsələ artıq həllini tapıb.

"May ayının beşində Təhsil Naziri Ceyhun Bayramovun verdiyi əmrə əsasən, təhsillə bağlı müəssisələrdə işçi heyətinin bir qismi işə cəlb olunur. Burada iki gün əvvəl dediyimiz məsələ də öz həllini tapmış olacaq. Yəni ali təhsilli həqiqi hərbi xidmət keçən qulluqçulardan diplomlarını almayanlar üçün şərait yaradılır. Bundan sonra diplomlarını əldə edib xidmət etdikləri hərbi hissəyə təqdim edə biləcəklər. Beləliklə hərbi xidmətin uzadılması ilə bağlı yaranmış olan əngəl aradan qalxacaq.''

Qeyd edək ki, artıq bir sıra ali təhsil müəssisəsində tələbələrin diplomlarının vaxtında verilməsi üçün işlərə başlanılıb.

Azərbaycanda toy etmək istəyənlərə
Mart ayının 14-dən etibarən pandemiya səbəbi ilə ölkədə bütün kütləvi tədbirlər, o cümlədən toy-nişan mərasimləri təxirə salınıb. İki aydır ki, kiminsə evindən “Vağzalı” səsi eşidilmir. Mövcud durumdan isə ən çox zərər çəkən heç şübhəsiz ki, şadlıq saraylarıdır.

Maraqlıdır, indi şadlıq sarayları yay ayları üçün sifariş qəbul edirmi? İnsanlar necə, yaya toy planlaşdırırmı?

Bu suallarla Bakıda yerləşən şadlıq saraylarına müraciəti modern.az edib.

 “İmperial” şadlıq sarayından deyiblər ki, artıq iyun ayı üçün boş gün qalmayıb:
“Aprel-may ayının toyları təxirə salındığı üçün bütün mərasimləri növbəti aya keçirmişik. İyun ayının 1-dən 30-dək bütün günlər bron edilib. Aprel ayında 22 toy təxirə salındı. İyul ayı üçün də sifarişlər çoxdur, həmin ay üçün cəmi 7 gün boş qalıb”.

“Yeganə” şadlıq sarayından bildiriblər ki, camaata yalandan söz verməyin mənası yoxdur:
“Toy-nişan mərasimləri üçün müraciət daxil olur, amma biz qəbul etmirik. Çünki kiməsə yalandan söz verə bilmərik ki, iyun-iyul ayında mütləq toy mərasiminizi təşkil edəcəyik. İndi vəziyyət elədir ki, qərarsız qalmışıq”.

“Su Sonası” şadlıq sarayından deyiblər ki, həm müraciət edənlər tərəddüdlüdür həm də onlar:
“Müraciətlər olur, amma kiməsə dəqiq cavab verə bilmirik. Mart-aprel ayına toy etmək istəyənlər var idi ki, indi onlar həmin mərasimləri iyun-iyul ayına keçirmək istəyirlər. Amma bizə dəqiq vaxt deyə bilmirlər ki, hansı tarixləri istəyirlər. Çünki hamı narahatdır ki, vaxt təyin edər, toy mərasimi yenidən alınmayar”. 

“Al Saray”da karantinin bitməsi ilə bağlı rəsmi qərarı gözləyirlər:
“Nə vaxt rəsmi qərar qəbul ediləcək ki, toy-nişan mərasimi keçirmək olar, onda sifariş qəbul edəcəyik. Düzdür, yay ayları üçün sifariş verənlər olur, biz də bunu qeyd edirik. Amma həmin adamlara da deyirik ki, əgər yay ayları üçün də qadağa tətbiq olunsa, məsələ bizlik deyil. Karantin rejimi iyun-iyul üçün də tətbiq olunsa, müştərilərə zəng edib toy-nişan tarixlərini yenidən təxirə salacağıq”.

“Arena” şadlıq sarayından deyiblər ki, müraciətlər daxil olur və onları qəbul edirlər:
“Daxil olan müraciətlər əsasən toy-nişan mərasimləri ilə bağlıdır. Hələ ki iyun ayı üçün sifarişləri qəbul edirik. Amma yeni qayda tətbiq olunsa ki, iyun ya da iyulda toy olmayacaq, onda mərasimlər təxirə salınacaq”.

“Çıraq Palas” şadlıq sarayında da hazırda durğunluqdur:
“Sifarişlər olur, amma əvvəlki qədər müraciət yoxdur. Demək olar ki, iyun-iyul ayı üçün eyni sayda toy-nişan sifarişi almışıq”.

“Badi-Səba” şadlıq sarayından deyiblər ki, sifarişlər olur, amma gənclər toy mərasimləri təxirə salınar deyə, çox gərgindir:
“Aprel-may ayının toyları təxirə salındığı üçün daha çox müraciət iyun ayınadır. Bütün saraylar kimi biz də sifarişləri qəbul edirik. Əsasən böyük toy mərasimləri üçün müraciətlər olur, amma kiçik toy və nişan mərasimi etmək istəyənlər də var. Bizə müraciət edən gənclərin çoxu gərgindir ki, yenə planları alt-üst olacaq”.

 “Venera” şadlıq sarayında aprel ayı üçün nəzərdə tutulan 15 toy mərasimi təxirə salınıb:
“Sifarişləri qəbul edirik, amma bilmirik ki, Nazirlər Kabineti nə qərar verəcək. Toy üçün müraciət edən gənclər var. Ancaq əvəlcədən beh verməyə ehtiyat edirlər. Əgər konkret qərar olsaydı, biz də camaata dəqiq söz deyərdik”.

“Koronavirusa yoluxanlarla bağlı statistikanın belə sürətlə yayılmasını ikinci dalğa adlandırmaq olar”.

Bunu cebhe.info-ya tibb elmləri dosenti, professor Adil Qeybulla koronavirusa yoluxanların yenidən sürətlə artması məsələsindən danışarkən deyib.

Onun sözlərinə görə, fakt odur ki, artan xətt müşahidə edilir:

“Artan xəttin də səbəbi ondan ibarətdir ki, insanlar qaydaları gözləmirlər. Sanki heç nə olmamış kimi özlərini aparırlar. Karantin şərtləri ciddi şəkildə pozulur. Hazırda xəstələri müəyyən etməkdə davam edirik. Bizə də müraciət edənlər arasında problemli xəstələr olur və görürük ki, doğurdan da proses vüsət almağa başlayır. Bu nəyə bağlıdır? İnsanların bu virusu “iqnor” etməsinə… Nə qədər ki, vətəndaşlarımızın xəstəliyi saya salmamaq, məsələyə tam məsuliyyətsiz və boş baxmaları, sosial izolyasiya, gigiyena qaydalarını gözləməmələri, tibbi maska taxmamaları davam edəcək, o qədər də ciddi təhlükələrlə üz-üzə qalacağıq. İnsanlar bunun fərqində olmalıdır”.

Azərbaycanda ağır COVID-19 xəstələrinə qan köçürülməsinə başlanıldı
Artıq Azərbaycanda ağır koronavirus xəstələrinin immun plazma müalicəsinə başlanılıb.

 TƏBİB bu məqsədlə COVID-19 xəstəliyindən sağalan vətəndaşlardan qan plazması donoru olaraq, digər xəstələrə yardım etməyə çağırıb.

Donor olmaq istəyənlər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Mərkəzi Qan Bankı

Mirəli Qaşqay küçəsi 87
☎ 907
☎ +99412 440 65 86
☎ +99412 440 78 50
☎ +99412 441 66 52

“O, bu  maşını hansı pulla alıb? Hamısı rüşvət və korrupsiya pullarıdır”.
Bunu qaynarinfo-ya açıqlamasında milli Məclisin deputatı Vahid Əhmədov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğluna aldığı  275 min dollar (450 manat) dəyərində olan avtomobildən danışarkən deyib.
Onun sözlərinə görə, icra başçılarının 90%-i bu işlə məşğuldurlar:
“O pulu hardan ala bilər? 1000 manata yaxın maaş alır. Yalnız rüşvət və korrupsiya. Bir o deyil ki, icra başçılarının 90% bu işlə məşğuldur. Bir məsələnin tərəfdarıyam. İcra baçşılarının əmək haqlarına baxılsın. Necə ki, dövlət başçısı hakimlərin maaşını artırdı. Elə də icra başçılarının maaşını artırmaq lazımdır. Və demək lazımdır ki, sənə verilən budur, əlini sakit qoy, başqa neqativ hallar olmasın”.
Qeyd edək ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov oğluna 275 min dollar (450 manat) dəyərində olan avtomobil alıb.
Azərbaycanda daha bir vəzifəli şəxs
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev vəzifəsindən azad olunub.

Report xəbər verir ki, qurumun Aparat rəhbəri vəzifəsi MTRŞ sədrinin köməkçisi Fazil Novruzova tapşırılıb.

Qeyd edək ki, A.Hacıyev 2019-cu ilin yanvar ayından MTRŞ-nin Aparat rəhbəri vəzifəsində çalışırdı.

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 4-də imzaladığısərəncamla İsmət Rəcəb oğlu Səttarov 6 il müddətinə MTRŞ-nin üzvü təyin edilib. Aprelin 6-da MTRŞ-nin keçirilən iclasında Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.

Qeyd edək ki, bu barədə ilk xəbəri unikal.org yayıb.

Bu tarixdən etibarən karantin rejim yenidən sərtləşdirilə bilər
Xəbər verdiyimiz kimi dünən Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxub, 28 nəfər isə sağalıb. Ölkə ərazisində koronavirusa yoluxanların sayı artarsa mayın 11-dən karantin rejim sərtləşdirilə bilərmi?

Bununla sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, etiraf etməliyəm ki, son günlərin statistikası məyus edicidir:

"Vətəndaşlarımız hər gün koronavirusa yoluxanların sayının azalması və karantin rejiminin yüngülləşdirilməsi ilə bağlı xoş xəbərləri gözlədiyi halda, əks məlumatlar alması üzücüdür. Bunun əsas səbəbi aprel ayının 27-də karantin rejimi qismən yumşaldıldıqdan sonra, bir çox insanlarda arxayınlıq yaranması və kütləvi şəkildə küçələrə axışmasıdır. İctimai nəqliyatda, ticarət obyektlərində, bankların qarşısında, dayanacaqlarda, sosial məsafə saxlamadan müəyyən olunmuş qaydalara riayət etmirlər. Nəticə göz qabağındadır. Bir gündə 76 nəfərin virusa yoluxması pis haldır. Əgər, belə davam edərsə, mayın 11- də karantin rejimi nəinki yumşaldılar, əksinə daha da sərtləşdirilməsini proqnozlaşdıra bilərik. Aydındır ki, insanlar normal həyat rejiminə qayıtmaq istəyir. Bunu ilk növbədə hökumət də arzulayır. Ancaq bu ilk növbədə vətəndaşlarımızdan karantin rejiminin qaydalarına ciddi riyaət etmək, məsuliyyətli olmaq tələb olunur. Səbrli olaraq, milli birlik nümayiş etdirməklə koronovirusa qalib gəlməli, lüzumsuz risk edərək özümüzü və yaxınlarımızın həyatını təhlükəyə qoymamalıyıq".

Birdəfəlik ödəmə alanların sayını işsizlik səviyyəsi ilə əlaqələndirmək olarmı?
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə (190 manat) alanların sayının işsizlik səviyyəsi ilə əlaqələndirməsinə münasibət bildirib.

Nazir “Azərbaycan” qəzetinə müsahibəsində bu əlaqələndirmənin səthi yanaşmadan irəli gələn yanlış fikir olduğunu deyib.

Sahil Babayev qeyd edib ki, birdəfəlik ödəmə proqramı təkcə işsizləri deyil, qeyri-formal çalışan və xüsusi karantin rejimi dövründə müvəqqəti olaraq qazancını itirmiş şəxsləri, vaxtamuzd çalışanları, habelə iqtisadi qeyri-fəal əhalini də əhatə etdi, bu kimi aztəminatlı şəxslərin də minimum ehtiyaclarını ödədi:

"İkincisi, şəxsin məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyatı üçün əvvəlcə o, işaxtaran kimi qeydə alınır, bəlli bir müddət ərzində ona münasib iş təklif olunmadıqda, işsiz kimi qeydiyyata alınır. Birdəfəlik ödəmə proqramına başlanarkən həmin insanların pandemiya dövründə daha çevik şəkildə, qısa müddətdə maddi dəstəklə təmin edilmələri prinsipi üstün tutuldu. Buna görə də Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara əsasən bu kateqoriyadan olan şəxslərin “E-sosial” portalı üzərindən onlayn müraciətləri əsasında dərhal işsiz kimi qeydiyyata alınmasına şərait yaradıldı".

Onun sözlərinə görə, birdəfəlik ödəmə üçün müraciət edənlər sırasında işsizlərlə yanaşı, çoxsaylı məşğul şəxslər, xüsusi karantin şəraitində qazancını itirən qeyri-formal işləyən şəxslər, habelə iqtisadi qeyri-fəal şəxslər (yəni işləmək istəməyən, heç bir zaman iş axtarmayan və yalnız ev işlərini yerinə yetirən, ailə üzvlərinə qulluq edən və s.) də oldu: "Bu şəxslərin hamısının işsizlərə aid edilməsi əlbəttə düzgün deyil və sadə dillə desək faktların təhrif edilməsidir. İşsizliyin səviyyəsinə gəldikdə, bu səviyyənin ölçülməsində dünyada ən mütərəqqi yanaşma kimi, Beynəlxlalq Əmək Təşkilatının (BƏT) metodologiyası götürülür. Bu metodologiyaya əsasən, yalnız əmək qabiliyyətli yaşda olan o şəxslər işsiz sayılır ki, həmin şəxslərin müayinə keçirilən dövrdə qazanc (gəlir) gətirən məşğuliyyəti olmasın, son bir ayda aktiv iş axtarsın və iş təklif olunduğu andan ən geci iki həftə ərzində işə başlamağa hazır olsun. Bu zaman muzdla işləyən şəxslər, fərdi sahibkarlar (o cümlədən, işəgötürən və ya sabit vergi ödəyiciləri kimi fəaliyyət göstərənlər), ev təsərrüfatlarında məşğul olanlar, mülkiyyətdən qazanc əldə edənlər, iqtisadi qeyri-fəal əhali nəzərə alınmır. İşsizlik bütün dünyada iqtisadi qeyri-fəal əhalinin deyil, iqtisadi fəal əhalinin məşğul olmayanlarını özündə ehtiva edir".

Bakıdan rayonlara və əks istiqamətdə necə gəlmək olar?
Ölkəmizdə karantin rejiminin yumşaldılması ilə əlaqədar rayonlararası gediş-gəliş bərpa edilib.

 ATV xəbər verir ki, buna baxmayaraq Bakı, Sumqayıt, Abşeron, Lənkəran və Gəncə şəhər və rayonları ilə bağlı məhdudiyyətlər qalmaqdadır. İndi çoxlarını düşündürən məsələ rayonlararası gediş-gəlişin necə tənzimlənməsi və şəhərdən bölgələrə, eyni zamanda əks istiqamətdə gediş-gəlişin mümkün olub-olmaması məsələsidir. Bu suallara cavab öyrənmişik.

Kamran Əliyev - BŞDYPİ-nin şöbə rəisi: "Bakı qeydiyyatında olanların digər bölgələrə səfərinə icazə verilmir. Baş Dövlət Yol Polisi İdarəsinin Şöbə rəisi Kamran Əliyev deyir ki, Bakı, Abşeron, Sumqayıt, Gəncə və Lənkəran sakinləri yalnız SMS və iş yerindən arayış əsasında hərəkət edə bilərlər. Bu da rayonlara getmək üçün deyil.

Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran sakinləri öz yaşadığı ərazidə icazə əsasında hərəkət edə bilərlər. Onların digər rayonlara gediş-gəlişinə icazə yoxdur. Məhdudiyyət ləğv olunmuş rayon sakinlərinə yalnız həmin rayonlararası hərəkətə icazə verilir". 

Ancaq müəyyən hallarda vətəndaşların Bakıdan rayona eyni zamanda əks istiqamətdə hərəkətinə icazə verilə bilər.

Kamran Əliyev - BŞDYPİ-nin şöbə rəisi: "Əgər şəxsin daimi qeydiyyat yeri rayondursa, onun iş yeri fəaliyyətə başlayıb, onun məlumatları icazə portalına yerləşərsə, Bakıya gələ bilər. Eləcə də Bakıda olan şəxsin hansısa rayonda iş yeri barədə qərar varsa, məlumatları icazə portalına daxil etməlidir, sonra hərəkətə icazə verilə bilər".

Bundan başqa yalnız 2 halda 8103 nömrəsinə SMS göndərməklə Bakıya gəlmək olar.

Kamran Əliyev - BŞDYPİ-nin şöbə rəisi: "Rayon xəstəxanasından göndəriş varsa, Bakıda müayinə-müalicə olunmalıdır. Yaxın qohumun dəfnində iştirak üçün 3 indeksindən istifadə edilməldir. 3 indeksindən hansısa yasda, dini rituallarda iştirak üçün deyil, konkret dəfndə iştirak üçün yaxın qohuma icazə verilir".

Qeyd edək ki, ötən sutka ərzində karantin rejiminin pozulmasına görə respublikanın avtomobil yollarında 486 nəfər inzibati məsuliyyətə cəlb edilib. Aprelin 1-dən bu günədək xüsusi karantin rejiminin pozulmasına görə 47 min 963 hərəkət iştirakçısı cərimələnib.

Azərbaycanda koronavirusla bağlı yeni qayda
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkədə həyata keçirilən tədbirlərə dəstək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsi tərəfindən ölkə üzrə 120 nümunə qəbulu məntəqəsi və 19 laboratoriya avtomatlaşdırılıb.

Agentlikdən verilən məlumata görə, sözügedən müəssisələr kompüter avadanlıqları, printerlər, bar kod oxuyucuları, operativ şəkildə nümunələrin qəbulu və nəticələrin əldə edilməsi üçün proqram təminatı ilə təchiz olunublar.

Koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün analiz nümunələrinin qəbulunu həyata keçirən nümunə qəbulu məntəqələrinə pandemiya ilə mübarizəyə ayrılmış xüsusi rejimli tibb müəssisələri və təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri daxildir.

Məqsəd koronavirusla bağlı aparılan testlərin nəticələrinin avtomatik olaraq vahid məlumat bazasına işlənilməsini təmin etmək, nəticələr barədə Nazirlər Kabineti yanında Operativ Qərargahı, eləcə də digər aidiyyətli dövlət qurumlarını elektron şəkildə məlumatlandırmaqdır.

Həmçinin Agentlik test nəticəsi neqativ olan şəxslərə SMS ismarıcın göndərilməsini təmin edib. Belə ki, testin nəticəsi neqativ olan şəxslər bu barədə məlumatı Agentlik tərəfindən göndərilən SMS ismarıc vasitəsilə əldə edəcəklər.