Beynəlxalq Muğam Mərkəzi aşıq sənətimizi təbliğ edən yeni onlayn "Aşıq musiqimizin inciləri" adlı layihəyə start verib. Layihədə Azərbaycan aşıq sənətinin tarixi, müasir günümüzdə inkişafı, bu sənətinin görkəmli nümayəndələri haqqında məlumatlar və aşıqların həm videoarxiv həm də yeni lentə alınan ifaları yer alacaq. Layihənin ilk buraxılışları Kəlbəcər aşıqlarına həsr olunub.

Aşıq sənəti şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Ta qədim zamanlardan aşıqlar elin ən hörmətli ağsaqqalı, məsləhətçisi, dostu sayılmışlar. Onlar həmişə el içində yaşamış, öz dövrlətinin, mühitlərinin bilikli, məlumatlı adamları, müdrik sənətkarları olmuşlar. Aşıq yaradıcılığında xalqımızın çoxəsrlik tarixi, xarici düşmənlərə qarşı mübarizəsi, əmək şəraiti, toy - düyünləri rəngarəng bədii boyalarla öz ifadəsini tapmışdır.

Azərbaycan dövlətinin, xüsusilə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Birinci vitse prezident Mehriban xanım Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində 28 sentyabr - 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

Bu gün biz Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasət və bu istiqamətdə müvafiq tədbirlər nəticəsində Azərbaycan aşıq sənətini dünya qeyri-maddi irsinin inciləri sırasında görürük. Bu hadisə beynəlxalq səviyyədə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir.

 

BMM öz fəaliyyətində aşıq sənətini təbliğ edən çoxsaylı layihələr həyata keçirir. Bu layihələr sırasında "Aşıq musiqisi axşamları" adlı silsilə konsertləri, aşıq sənətinə həsr olunan dəyirmi masa və müzakirələri qeyd etmək olar.

27 ildən sonra Ağdamda ilk ifa...

Ağdamda 27 il sonra Azərbaycan musiqisi səslənib.

"Qafqazinfo" xəbər verir ki, şəhərin işğaldan azad edilməsindən sonra, burada anadan olan Azərbaycan Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramov doğma yurdlarına səfər ediblər.

 

Xanəndələr birlikdə "Qarabağ" mahnısını oxuyublar. Sözgedən anın videosunu Mənsum İbrahimov sosial şəbəkə hesabında paylaşıb.

 

 

 

Məşhur rusiyalı aktyor Aleksandr Şirvindt koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 86 yaşlı aktyor müalicəsini davam etdirir.

Onun xəstəliyi yüngül formada keçirdiyi deyilir. Bundan başqa, aktyorun həyat yoldaşı da COVID-19-a yoluxub. Cütlüyün həyatının təhlükədə olmadığı bildirilib.

Qeyd edək ki, Aleksandr Şirvindt karyerası ərzində 50-dən çox filmə çəkilib.


Mədəniyyət Nazirliyindən Xalq artistinin vəfatıyla bağlı nekroloq
 

Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Tanınmış teatr və kino aktyoru, respublikanın Xalq artisti, Prezident mükafatçısı Əjdər Qüdrət oğlu Həmidov 2020-ci il noyabr ayının 24-də ömrünün 67-ci ilində vəfat etmişdir.

Əjdər Qüdrət oğlu Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun Mollakamallı kəndində anadan olmuşdur.

1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilən gənc aktyor bu teatrın səhnəsində Vəzir (“Lənkəran xanının vəziri”, M.F.Axundzadə), Qulu (“Tamahkar”, S.S.Axundov), Milis (“Bəxt üzüyü”, V.Səmədoğlu), Həfçi Məlik (“Adamın adamı”, Anar), Sərsəri (“Bütün Şərq bilsin”, N.Həsənzadə), Dursunəli (“Dursunəli və balıbadı”, S.Qənizadə) və s. müxtəlif səpkili rollar oynamışdır.

1990-cı ildə Akademik Milli Dram Teatrının heyətinə qəbul edilən Əjdər Həmidov bu sənət ocağında bir-birindən maraqlı obrazlar yaratmışdır. Aktyor bu illər ərzində Şeytan (“Özümüzü kəsən qılınc”, B.Vahabzadə), 1-ci kafir (“Burla Xatun”, N.Xəzri), Daşdəmir (“Bu dünyanın adamları”, H.Orucov), Vanya yüzbaşı, Müxbir, Fərəc, Almurad (“Hökmdar və qızı” – “Qarabağnamə”, “Dəlilər və ağıllılar”, “Boy çiçəyi”, “Mənim günahım” İ.Əfəndiyev), Məşədi Oruc, Hacı Kazım, Məkkə Məhəmməd (“Ölülər”, “Dəli yığıncağı”, C.Məmmədquluzadə), Şou-Zəli (“Hələ sevirəm deməmişdilər”, R.Novruz), Dito (“Kaş araba aşmayaydı”, O.İoseliani), Əmir (“Füzuli və Əsmər”, M.Seyidzadə), Əzrail (“Teleskop”, Elçin), Yəhudi (“Qadın məhəbbəti”, V.Hüqo), Nəcəf (“Qurbətdən gələn məktublar”, H.Həsənov), Balarza (“Almaz”, C.Cabbarlı) və başqa müxtəlif xarakterli obrazlarla geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmışdır.

Kinoda da özünəməxsus aktyor oyunu ilə seçilən Əjdər Həmidov “Azərbaycanfilm"in istehsal etdiyi “Kişi sözü” (Qasım), “Lətifə” (Əhməd), “Hacı Qara” (Kərəməli) və s. filmlərdə, “Yoxlama” (Müfəttiş) çoxseriyalı televiziya filmində maraqlı obrazlar yaratmışdır.

Əjdər Həmidov 2002-ci ildə respublikanın Əməkdar artisti, 2018-ci ildə Xalq artisti fəxri adlarına, habelə müxtəlif illərdə Prezident mükafatlarına layiq görülmüşdür.

Milli teatr və kino sənətimizin zənginləşməsində öz dəst-xətti olan, sənət ömründə öz təbiiliyi, həyatiliyi, emosional təsiri ilə seçilən obrazlar qalereyası yaratmış Əjdər Həmidovun xatirəsi onu tanıyan, sevən çoxsaylı tamaşaçıların, eləcə də sənət dostlarının, həmkarlarının qəlbində yaşayacaqdlır.

Allah rəhmət eləsin.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi


PAŞA Holding-in dəstəyi ilə Alim Qasımovdan yeni Qələbə mahnısı

PAŞA Holding-in dəstəyi ilə Alim Qasımovun yeni, ölkəmizin ikinci Qarabağ müharibəsində əldə edilmiş qalibiyyətinə həsr olunmuş mahnısı işıq üzü görüb. Belə ki, ölkəmizin milli mənəvi dəyərlərini yaşatmaq idealogiyasına sadiq qalaraq, Şirkət bu dəfə həmvətənlilərimiz arasında Qələbə sevinci və milli vətənpərvərlik ruhunun artırılmasına öz töhfəsini vermək məqsədilə Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyətinin əsərinin ərsəyə gəlməsinə dəstək göstərib. Həmən əsərin Kəlbəcərin azad olunması ilə eyni tarixdə ərsəyə gəlməsi bizə ayrıca qürur hissi yaşadır.

Vətənə xoş gəldin, Kəlbəcər!

 

 

 

Xalq artisti Şabranda dəfn olunacaq
 

Dünən Kliniki Tibbi Mərkəzdə vəfat edən Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Əjdər Həmidov bu gün Şabranda dənf olunacaq.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib. Cavid Zeynallı bildirib ki, aktyor ata və anasının yanında dənf olunmağını vəsiyyət edib.

Xatırladaq ki, bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən aktyor insultdan əziyyət çəkirdi.

Əjdər Həmidov vəfat etdi

Xalq artisti, aktyor Əjdər Qüdrət oğlu Həmidov vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

Xatırladaq ki, aktyor bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, o, insultdan əziyyət çəkirdi.

Qeyd edək ki, Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun Aygünlü kəndində anadan olub. O, 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

Aktyor bir sıra filmlərdə uğurlu obrazlar yaradıb. "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevirilib. 2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirib.

Əjdər Həmidov 2002-ci ildə Azərbaycanın Əməkdar Artisti, 2018-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

 

 

 

Azərbaycanın Xalq artisti Samir Cəfərov Şuşada dahi müğənni, SSRİ Xalq artisti Bülbülün ev muzeyində olub.

Kult.az xəbər verir ki, o, Bülbülün güllələnmiş büstünün qarşısında dahi bəstəkar Üzeyir Hacıbəyovun Nizami Gəncəvinin “Sevgili canan” qəzəlinə bəstələdiyi eyniadlı romansını ifa edib.

Qeyd edək ki, Bülbül həmin romansın ən mahir ifaçısı hesab olunur.

Bu mahnı işğaldan azad olunmuş torpaqlarla bağlı stimul verir

Vətən müharibəsində şəhid olan hərbçilərimizə və əsgərlərimizə ithafən videoçarx hazırlanıb.

“Qafqazinfo” xəbər verir ki, çarxda şəhidin sözləri şeir formasında səsləndirilib. Layihənin müəllifi Naid Şadxandır.

 

Digər vətənpərvərlik layihəsinə isə müğənni Dilarə Kazımova imza atıb. Bir neçə həftə əvvəl ermənilərin şikayəti nəticəsində “Youtube” kanalı bağlanan ifaçı “Azərbaycanım” adlı mahnını repertuarına daxil edib.

Dilarə musiqisi Faiq Sücəddinov, sözləri Baba Vəziroğluya aid olan iş barədə fikirlərini belə ifadə edib:

“İnformasiya cəbhəsində vuruşanda eyni zamanda mahnı ilə dəstək olmaq istəyirdim. Öz töhfəmi musiqi ilə, səsimlə vermək niyyətində idim. Faiq Sücəddinov zəng etdi ki, sənin səsinə uyğun mahnı var. Mən çox bəyəndim. Bu mahnının sözləri çox gözəldir, inam və ümid verəndir. İşğaldan azad olunmuş torpaqlara həyatın, baharın gəlməsini tərənnüm edir, stimul verir. Həmin torpaqların əvvəlki halından daha gözəl olacağından bəhs edir”.

 

 

 

Yeni zəfər tarixini yazan Azərbaycan əsgərlərindən biri də İlqar Vüqar oğlu Bürcəliyevdir.

Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə şanlı Ordumuz tərəfindən aparılan 44 günlük Azərbaycan Böyük Vətən müharibəsi zəfərlə başa çatdı. Bu şanlı müharibənin sonunda Ermənistanın işğalı altında olan 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəklik düşməndən azad edildi. Hər bir kəndin, şəhər və qəsəbəmizin işğaldan azad edilməsi xəbərini Müzəffər Ali Baş Komandandan eşidirdik, hər gün bu xəbərləri səbirsizliklə gözləyirdik. Xalq bu şad xəbərlərin arxasında hansı əziyyətlərin, necə böyük zəhmətin, fədakarlığın dayandığının fərqində idi. Düşmənin uzun illər işğal altında saxladığı torpaqlar uğrunda aparılan müharibənin zəfər sonluğu hər bir vətəndaşımızı, dünya szərbaycanlılarını, Azərbaycansevərləri hədsiz dərəcədə sevindirirdi. Bu xəlqi sevinci, milli fərəhi və qüruru bizə öz canı, qanı bahasına qazandıran mübariz Azərbaycan əsgərinin haqq-sayı unudulmazdı.

Bu gün haqqında ürək sözü yazacağım şəhidin ailəsi doğma Azərbaycanımızda yetərincə tanınan, sevilən, mədəniyyət tariximizdə özünəxas xidmətləri olan ailədir. Azərbaycan Respublikasının xalq artistləri - teatr və kino aktyorları Məhəmməd Burcəliyev, Sədayə Mustafayevanın ailəsi. Şəhid İlqar Burcəliyev hər iki ustad səhnə ustasının nəvəsi, tanınmış teatrşünas-tənqidçi Anar Burcəliyevin isə qardaşı oğludur.

19 yaşlı İlqar Burcəliyev mənsub olduğu ailənin sənət uğurlarını, necə deyərlər, gerçək müharibə səhnəsində, hərb teatrında davam etdirdi...

İlqar artıq 1 il 3 ay idi ki, müsəlləh Azərbaycan əsgəri idi. O, Vətən üçün öz Konstitusiya borcunu, hərbi xidmətini keçirdi.

O, 11 mart 2001-ci ildə doğulub. Hələ orta məktəb illərindən hər zaman Vətəninə bağlı bir övlad olması ilə seçilib. Azərbaycan və Türkiyə bayraqlarına sarılmağı sevib - bayraq tutqusu olub. Çox zaman əlinin üstünə, üzünə Azərbaycan və Türkiyə bayraqlarının şəkillərini çəkərmis.

Şəhidimiz futbola da böyük maraq göstərib. Bu maraq onu 13 yaşındaykən “Vətən” futbol klubuna gətirib. Bir müddət burada yaşıl meydançada öz bacarığını göstərdikdən sonra 16 yaşında “Kəpəz” futbol klubunda fəaliyyətini davam etdirib. Hətta U-17 milli komandamızın sıralarına da buradan dəvət alıb. Sonra Gəncə futbol məktəbini milli komandamızda uğurla təmsil edib. Uğurlu nəticələri nəzərə alınaraq, "Zirə" futbol klubuna transfer olunub. 2019-cu il iyul ayının 22-də həqiqi hərbi xidmətə yollandığı üçün futbol karyerasını müvəqqəti olaraq dondurmalı olub. Beləcə qəhrəman Vətən övladının Vətən sevdası praktik hərb müstəvisinə keçib.

İlqar Burcəliyev Azərbaycan Böyük Vətən müharibəsində öz mərdliyi, rəşadəti ilə fərqlənən əsgərlərimizdən biri olub. Döyüşlərin gərgin vaxtında o, gözünü qırpmadan yaralı hərbçi yoldaşlarını döyüş meydanından bir-bir çıxarmağa başlayıb və yenidən döyüş meydanına geri dönüb. Bu zaman isə namərd düşmənin snayper gülləsinə tuş gələrək, müharibənin ikinci günü - 28 sentyabr 2020-ci il tarixində Tərtərin Talış kəndi və Talış yüksəkliyi uğrunda gedən qızğın döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Bu gün Hərbi Hospitalda müalicə alan bir sıra əsgər dostları onları döyüş meydanından çiynində çıxardığı üçün məhz İlqar Burcəliyevin əziz xatirəsinə duaçıdır. Vətənpərvər, mərd və cəsur İlqar Burcəliyev kimi oğullar heç zaman unudulmayacaq. Bürcəliyevlər ailəsi XX yüzil Azərbaycan mədəniyyəti tarixində yer almısdısa, İlqar hələ 19 yaşında Burcəliyev soyadını könüllərə Şəhid altun titulu ilə nəqş etdi.

ŞƏHİDLƏRİMİZİ UNUTMADIQ, UNUTMAYACAĞIQ!

QARABAĞ AZƏRBAYCANDIR! DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri