Son xəbərlər

Azərbaycanda zəlzələ baş verdi

Lerikdə zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. 

İIlkin məlumatlara əsasən, yerli vaxtla saat 03:29-da Lerik stansiyasından 20 km şimal-şərqdə Lerik ərazisində zəlzələ qeydə alınıb. 

Maqnitudası 3.0, dərinliyi 17 km olan təkanlar hiss olunmayıb.

Metroda problem yarandı
Bakı metrosunda qatarda problem yaranıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarınsa “Həzi Aslanov”-“İçərişəhər” istiqamətində hərəkət edən qatarda baş verib:

“Köhnə qatarlardan birinin qapısında texniki problem yaranıb. Maşinist yaranmış problemi aradan qaldırıb. Ümumi olaraq qatarlar arasında intervalda 5 dəqiqə yubanma olub”.



Yapon alpinist ölkənin ən yüksək dağı olan Fuci dağından yıxıldığı anı kameraya çəkib.
 
Qeyd edək ki, bölgəyə turist ziyarəti payızın əvvəlindən bağlansa da, alpinist yüksəyə dırmanmaq məqsədilə oraya gedib. Bütün prosesi kameraya çəkən alpinist ora qalxmağın təhlükəsindən danışarkən bir anda sürüşərək uçuruma yuvarlanıb.
 
İzləyicilər dərhal bu hadisə haqqında xilasedicilərə məlumat verib. Ərazidə cəsəd aşkarlansa da, onun kimliyi hələ dəqiqləşdirilməyib. Onun alpinistə aid olacağı ehtimal edilir.
 
Həmin kadrları təqdim edirik:
 
///oxu.az

Güclü yağış, möhkəm külək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 13-15, Bakıda gecə 10-12, gündüz 13-15 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 7-12, gündüz 15-18, dağlarda gecə 2-6, gündüz 6-9 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 3-ü səhərədək Abşeron yarımadasında yağışlı, küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Sabunçudakı məşhur tuneli yenə SU BASDI

Ötən il yağış nəticəsində suyun altında qalan Sabunçu stansiyasının 14-cü kilometrin 3-cü piketində yeni inşa olunmuş yeraltı tunel bu gün yenidən eyni vəziyyətə düşüb.

Bu barədə jurnalist İlkin Muradov sosial şəbəkədə yazıb. O, bildirib ki, səhər saatlarında bir neçə dəqiqəlik yağışın yağması nəticəsində tuneldə biabırçı vəziyyət yaranıb.

Qeyd edək ki, ötən il də sözügedən tuneldə eyni vəziyyət yaranmışdı. 

 
Qış qapını döyməmiş dəm qazından zəhərlənənlər xəstəxana qapılarını “döyməyə” başlayıb. Dəm qazı artıq nə yaya, nə qışa baxır. Hətta yay aylarında da hamam otağında dəm qazından zəhərlənmə hallarının baş verdiyini görürük. Problem dərindir. Fəlakəti törədənsə təkcə payız-qış mövsümü mənzilləri isitmək üçün istifadə olunan sobalar deyil, həm də mətbəx və hamam otaqlarında quraşdırılmış kustar üsullu su qızdırıcıları, “pyatiminutka”lardır. Sonuncununsa adı kimi, zəhərlənmə verməsi də sürətli – 5 dəqiqənin içində baş verir.     
 
Bu günlərdə Bakıda bir ailənin hamısı dəm qazından zəhərlənib. Hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. 
Səhiyyə Nazirliyinin Facebok səhifəsində verilən xəbərə görə, qəsəbənin İsgəndərov küçəsi 48 ünvanından bir ailənin 4 üzvü: ata 35 yaş, ana 32 yaş, övladları: 7 yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Xoşbəxtlikdən ölüm hadisəsi olmayıb. Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşılaşıb və onlar evə buraxılıblar.
 
 
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Şərq”ə açıqlamasında  dəm qazından boğulma halları ilə bağlı vaxtaşırı xəbərlər yayıldığını, lakin nə qədər maarifləndirmə aparılsa da, insanlar öz həyatlarına biganə, qazla bağlı isə təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşdıqlarının şahidi olduğumuzu bildirdi:
 
"Dəm qazının qurbanına çevrilməmək üçün ilk növbədə evdə olan qaz cihazlarına kənar müdaxilə etməmək lazımdır. Standartlara uyğun olmayan qaz cihazlarını, yaxud ehtiyat hissələrini almaq, kustar üsulla hazırlanan qaz cihazlarından istifadə etmək, qeyri-metal borular ilə evə qaz xətti çəkmək dəm qazını yaradan əsas amillərdir. Bu kimi hallara tez-tez rast gəlinir ki, insanlar kustar üsulla hazırlanan, mənşəyi, istehsalçı firmanın adı, uyğunluq sertifikatı olmayan istilik cihazlarından alır, evdə quraşdırırlar. Bu, potensial təhlükə riskidir, amma insanlar bunu nəzərə almır. Dəm qazı iysiz, dadsız və rəngsizdır. Havadan yüngül qazdır. Ona görə onu hiss etmək olmur. İnsana dəm qazının təsiri baş gicəllənməsi, baş ağrısı, ürək bulanma, qusma və halsızlıq kimi təsir edir. Dəm qazını, yəni karbon monoksidi yaradan səbəb isə yanma prosesinin düzgün getməməsidir. Başa düşülən olsun deyə belə deyim; yanma prosesi düzgün getmir və natamam yanma nəticəsində ayrılan qaz karbon 4 oksid əvəzinə karbon 2 oksidə çevrilir. Yanma düzgün gedərsə, ayrılan qaz karbon 2 oksidə çevrilərək xaric olur. Ona görə insanlar bilməlidir ki, dəm qazını yaradan səbəb qaz sobalarında yanma prosesinin düzgün getməməsidir. Tüstü bacaları ildə iki dəfə təmizlənməli, tüstü borularında yamaq, kəsik – deşik olmamalıdır. Tüstü boruları zədəli olarsa, dəm qazının yaranması qaçılmaz hal alır.
 
Gəlin baxaq, dəm qazından zəhərlənmə halları əsasən evdə harada baş verir. Yataq otağı, bir də əsasən hamam otaqlarında. Hamam otağında dəm qazından zəhərlənmə halları demək olar 95 faizdən çoxdur. Ən çox hamam otağında dəm qazı ilə zəhərlənmə baş verməsinə səbəb hamam otaqlarının standartlara uyğun olmamasıdır. Normalda hamam otaqları 7kv olmalıdır. Ancaq 2-3 kv olan hamam otaqları da var ki, orada kustar üsulla hazırlanan soba qoyulur. Onu qeyd edim ki, dəm qazı olan hava ilə insan tənəffüs etdikdə 7 dəqiqədən sonra ölüm təhlükəsi yarana bilər. Otaqda 0.1 faiz dəm qazı belə bəsdir ki, insanın ölümünə səbəb olsun. Hamam otağının qapısının aşağı hissəsində xırda dəliklər olmalıdır. Bu, içəridə hava ventilyasiyası üçündür. Hamam otağında nəfəslik daim açıq olmalıdır. Bədbəxt hadisələr baş verməsin deyə bunlara məsuliyyətlə yanaşmaq lazımdır. Dəm qazı ilə zəhərlənmə olarsa, həmin insanı otaqdan bayıra təmiz havaya çıxarmaq, əynindəki paltarın yaxasını açmaq, yarıoturaq vəziyyətdə alnına soyuq kompres qoymaq və ehtiyac olarsa, süni nəfəs vermək lazımdır. Əgər huşu özündədirsə, isti çay, yaxud limonlu çay vermək və dərhal təcili tibbi yardım çağırmaq lazımdır.
 
Daha sonra evdə riayət edilməli olan təhlükəsizlik qaydaları da var. Birincisi, evin havasını gün ərzində səhər, günorta və axşam dəyişmək lazımdır. Qaz cıhazını yandıran zaman evdə qaz qoxusunun olub-olmamasına əmin olmaq lazımdır. Bundan sonra kibriti çəkərək qazı yandırmaq lazımdır. Buna bayırdan evə gələndə  də mütləq əməl etmək lazımdır. Bizdə adətdir, çöldən evə daxil olan kimi dərhal işığı yandırırıq.  Ancaq bu təhlükəlidir. Ola bilsin siz evdə olmayanda qaz sızması yaranıb və siz işığı yandırdığınız zaman partlayış ola bilər. Ona görə çöldən içəri girəndə evdə qaz qoxusunun olmamasına əmin olduqdan sonra işığı yandırmaq lazımdır. Əgər qaz qoxusu gələrsə, onda qapı-pəncərəni açmaq, evin havasını dəyişmək, elektrik cihazlarından istifadə etməmək və aidiyyəti üzrə müvafiq quruma məlumat vermək lazımdır".



Xəbər verildiyi kimi, oktyabrın 29-da saat 17:22-də paytaxtın Nəsimi rayonunun 28 May küçəsi ilə Puşkin küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyada, Bakı şəhər sakini Oqtay Gülalıyevin avtomobillə vurulması faktı üzrə cinayət işi başlanaraq istintaq aparılır.

Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun məlumatında bildirilir ki, bununla belə, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə hadisənin guya qəsdən törədilməsinə dair əsassız informasiyalar yayılmaqdadır. Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunaraq aşağıdakılar bildirilir.

Müvafiq cinayət işi üzrə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə müəyyən edilib ki, 2019-cu ilin iyun ayından “A taksi” şirkətində taksi sürücüsü işləyən Abdullayev Kənan Kamal oğlu əməkdaşlıq etdiyi digər taksi şirkətinin çağrı nömrəsinə hadisədən təxminən 2 saat əvvəl daxil olmuş sifarişi icra etmək üçün həmin şirkətə məxsus “Hyundai Accent” markalı, 90-PZ-543 dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin mərkəzində yerləşən “Nizami” kinoteatrının qarşısından milliyyətcə ərəb olan Məhəmməd adlı şəxsi və onun tərcüməçisi Məmmədov Nail Şamil oğlunu Abşeron rayonu Məmmədli kəndində yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna aparıb. Müəyyən vaxtdan sonra müştəriləri geri qaytararkən saat 17:19:16-da Yusif Səfərov küçəsindən 28 May küçəsinə dönərək hərəkətini davam etdirib, saat 17:21:48-də isə avtomobili 28 May küçəsində yerləşən “İpad usta” adlı iaşə obyektinin qarşısında saxlayıb sərnişinləri düşürüb.

 

Bundan sonra Kənan Abdullayev cari ilin sentyabr ayından etibarən hər gün saat 17.30-da Nizami küçəsində fəaliyyət göstərən “Kinder Ville” hazırlıq kursundan götürdüyü qonşusu Əsədov Saməddin Fəxrəddin oğlunun övladını evə aparmaq üçün 28 May küçəsi ilə hərəkətini davam etdirərək 15-20 metr getdikdən sonra saat 17:22:35-də işıqforun yaşıl işığında Puşkin küçəsi istiqamətində sola dönərkən həmin küçədəki piyada keçidi ilə yolu keçən Oqtay Gülalıyevi ehtiyatsızlıqdan vurub. O, dərhal ətrafdakı şəxslərin köməyi ilə Oqtay Gülalıyevi avtomobilə mindirərək tibbi yardım göstərilməsi üçün Kliniki Tibbi Mərkəzə aparıb.

“Təhlükəsiz Şəhər” Xidmətinin müşahidə kameraları ilə qeydə alınmış müvafiq görüntülər Daxili İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən hadisədən dərhal sonra ictimaiyyətə açıqlanıb. Bu təfərrüatlar, həmçinin sürücü Kənan Abdullayevin, onun qonşusu Saməddin Əsədovun, eləcə də qəzadan qısa müddət əvvəl avtomobildən düşmüş sərnişin Nail Məmmədovun ifadələri ilə təsdiq olunur.

Sürücü Kənan Abdullayevin taksi fəaliyyəti ilə məşğul olması, onun hərəkət marşrutunun piyada Oqtay Gülalıyevin hərəkət istiqamətindən fərqlənməsi, zərərçəkmiş şəxsi əvvəlcədən tanımaması, hadisədən təxminən iki saat əvvəl peşəsi ilə bağlı olaraq şəhərin mərkəzindən müəyyən məsafədə uzaqlaşması və müştərilərinin tələbi ilə 28 May küçəsinə qayıtması, hadisənin baş verdiyi yerin və vaxtın sürücünün gündəlik taksi xidməti göstərdiyi hərəkət marşrutunun üzərində yerləşməklə eyni vaxta təsadüf etməsi, Kənan Abdullayevin qəzadan sonrakı hərəkətləri hadisənin ehtiyatsızlıqdan baş verməsini təsdiqləməklə Oqtay Gülalıyevin qəsdən vurulması ehtimalını tamamilə istisna edir.

Bununla bərabər, ilkin sübutlarla sürücü Kənan Abdullayevin hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75.1-ci maddəsinin, yəni “Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir” tələbinin pozuntusu müəyyən edilib.

Cinayət işinin istintaqı zamanı hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilib, sürücü sərxoşluq və narkoloji müayinələrə cəlb olunaraq hər hansı qanunazidd hal aşkar edilməyib. Kənan Abdullayevin, avtomobili, nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiqləyən sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi müəyyənləşdirilib.

Bir daha bildirilir ki, baş vermiş yol-nəqliyyat hadisəsinin istintaqı ilə bağlı dövlət qurumları tərəfindən görülən işlərə bir qrup şəxsin kölgə salmaq, insanlarda yanlış fikir formalaşdırmaq və dövlətə inamsızlıq yaratmaq məqsədilə istintaqın qeyri-obyektiv aparılacağına dair əsassız məlumatlar yaymaqla cəmiyyəti çaşdırmaq və ajiotaj yaratmaq cəhdləri yolverilməzdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisəsi və məhkəmə-tibbi ekspertizaların rəyləri alındıqdan və digər zəruri hərəkətlər həyata keçirildikdən sonra K.Abdullayevin əməlinə hüquqi qiymət verilməsi təmin ediləcək.

Qardaş ölkə erməni lobbisinin fitnəkarlığına və ABŞ-ın “soyqırım” xəyanətinə həm də Azərbaycana dəstəyi artırmaqla cavab verir; erməni lobbisinin və İrəvan rəsmilərinin sevinci uzun sürməyəcək; ABŞ geri çəkilir?..

Türkiyə mövzusu yenidən dünyanın siyasi gündəmində ön sırada qərar tutub. Bu dəfə səbəb ABŞ Konqresinin Nümayəndələr Palatasının saxta “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul etməsi və Türkiyənin son Suriya əməliyyatı və S-400-lər alması ilə bağlı sanksiyaların tətbiqi haqqında qanun layihəsini təsdiqləməsidir. Sənədlərin qüvvəyə minməsi üçün onları Konqresin yuxarı palatası – Senat və prezident də təsdiqləməlidir.

Lakin əksər bitərəf analitiklərə görə, hər iki qərar konkret olaraq, ermənipərəst konqresmənlərin getdikcə bölgədə daha güclü söz sahibinə çevrilən Türkiyədən qisas almaq cəhdidir. Yəni soyuq məntiqin yox, emosiyanın diktəsi ilə çıxarılmış qərarlardır. Ona görə ki, qəbul edilən qərarlar ABŞ-ın yaxın və orta perspektiv maraqlarına əsla cavab vermir. Ən azından o səbəbə ki, bu minvalla Vaşinqton regionda ən mühüm müttəfiqi olan Türkiyəni, oradakı İncirlik bazasını həmişəlik itirə, paralel surətdə Ankara-Moskva “oxu”nu və ya Ankara-Moskva-Pekin “üçbucağını gücləndirə bilər. Unutmayaq ki, Türkiyənin də sərt və adekvat cavab tədbirləri olacaq.

*****

Qısası, qərarı reallaşdırmaq onu vermək qədər heç də asan deyil. Artıq Amerikada soyuq başla düşünənlər son qərarların ABŞ üçün hansı neqativ nəticələrə gətirə biləcəyini hesablamağa başlayıblar və faktiki, sanksiya qərarının həyata keçməsinin mümkün olmayacağını bəyan edirlər. O sırada ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib: “Türkiyə üçün sanksiya siyahısı hazırdır, ancaq onun tətbiq ediləcəyini düşünmürəm”. Nazir deyib ki, Ankaraya qarşı sanksiya tətbiqi üçün hansısa səbəb mövcud deyil.

Odur ki, Türkiyə düşmənləri, öncəliklə erməni lobbisi və İrəvan rəsmiləri sevinməyə tələsməsinlər. ABŞ geri də verə bilər. Üstəlik, saxta “erməni soyqırımı” haqda qətnamə beynəlxalq sənəd deyil və heç bir hüquqi anlam daşımır. Sənədin özündə də göstərilir ki, bu, məcburedici və hüquqi sənəd deyil. Yəni qərarlar sırf siyasi motivlidir.

Bir daha vurğulamaq zərurəti var ki, tarixlə tarixçilər məşğul olmalıdır, siyasətçilər yox. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Osmanlı İmperiyasında 1915-ci ildə yaşanan faciəvi hadisələri araşdırmaq üçün tarixçilərdən və digər mütəxəssislərdən ibarət ortaq beynəlxalq komissiya yaratmağa və arxivləri açmağa hazırdır. Ermənistan və erməni lobbisi isə buna razılıq vermir, çünki gerçəyi hamıdan yaxşı bilirlər.

*****

Ermənistandan, sanksiya və maliyyədən söz düşmüşkən, bu arada məlum olub ki, baş naziri Nikol Paşinyan özünə ABŞ-a birbaşa uçmaq üçün təyyarə almaq istəyir. Erməni KİV-ləri xəbər verir ki, hökumət aparatının rəhbəri Eduard Ağacanyan baş nazirə xidmət etmək üçün yeni təyyarə almaq planları barədə danışıb (Virtualaz.org). “Baş nazirə xidmət edən indiki təyyarə transatlantik uçuşlar həyata keçirmək imkanında deyil. Ekspertlər hesab edir ki, laynerin modernizasiyası üçün milyonlarla dollar lazımdır” – Ağacanyan büdcə müzakirələri zamanı deyib.

Məlumat üçün bildirək ki, Ermənistan rəhbərliyi hazırda xarici səfərlər üçün “Airbus 320″ təyyarəsindən istifadə edir. Bu, kiçik və orta məsafələr üçün nəzərdə tutulmuş laynerdir. Bundan əvvəl xəbər verilmişdi ki, layner prezident aparatının balansından çıxarılıb. Çünki Ermənistan prezidentinə ayrılan büdcə təyyarənin saxlanılması və ona xidmət göstərilməsi üçün ayda 20 min dollar ödəməyə imkan vermir. Paşinyan isə xarici səfərlərində bir neçə dəfə kirayə götürülmüş özəl təyyarədən istifadə edib.

İndi belə bir kasıb, ölkə başçısı üçün normal və müasir təyyarə almaq, Azərbaycanla silahlanma yarışında ayaqlaşmaq gücündə olmayan, ümumi büdcəsi bizim hərbi büdcəmiz qədər olan bir ölkə müharibə variantında Azərbaycan ordusunun qarşısında duruş gətirə bilərmi?

naxçıvan hərbi ile ilgili görsel sonucu

Cavab aydındır. O da aydındır ki, işğalçı tərəf hələ ki sırf öz hərbi və siyasi himayədarlarına arxayın olaraq, işğal siyasətini davam etdirir. Söhbət Rusiya və ABŞ-dan, ən çox isə Rusiyadan gedir. O Rusiya ki, hazırda ABŞ-la sərt geosiyasi rəqabətdə, faktiki, “soyuq müharibə” vəziyyətindədir. Bu da növbəti isti fakt. Dünən ABŞ Konqresi Rusiyanın “G-7″nin (”Böyük Yeddilik”) iclaslarında iştirakına qarşı qətnamə qəbul edib. Qətnaməyə görə, Rusiya “G-7″ sammitlərində qonşularının ərazi bütövlüyünə hörmət etməyənədək və demokratik cəmiyyətlərin standartlarına sayğı göstərməyənədək ”Böyük Yeddilik”də iştirak etməməlidir.

naxçıvan hərbi ile ilgili görsel sonucu

Ərazisinin bir qismi qonşusu tərəfindən işğal edilən postsovet ölkələrindən biri də Azərbaycandır. Yəni Konqres Ermənistana da eyni çağırışı etsəydi, yerinə düşərdi. Doğru, ərazilərimizin işğalı erməninin əli, Rusiyanın dəstəyi ilə reallaşıb və Moskva istəsə, konfliktin qısa zamanda, ədalətli şəkildə həllini tapar. Rusiya isə buna tələsmir. Əfsus ki, elə ABŞ-ın özü də. İki gün öncə Dağlıq Qarabağdakı separatçı qurumun qondarma “xarici işlər naziri” Masis Mailyanın Konqresdə görüşlər keçirməsi buna sübutdur. “İkili standart” məsələsi yəni…

*****

ABŞ Konqresinin son məhsuldar siyasi kargüzarlığı fonunda isə Türkiyə Azərbaycana yeni hərbi texnikalar verib. Belə ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Naxçıvandakı Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı bölmələrinin texniki imkanları qardaş Türkiyənin milli istehsalı olan texnikalarla gücləndirilib.

şoyqu ile ilgili görsel sonucu

“Azərbaycan və Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında sazişə əsasən hərbi əməkdaşlığı daha da möhkəmləndirmək, Azərbaycan ordusunun müasir dünya standartlarına uyğun inkişaf etməsinə töhfə vermək məqsədi ilə həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Bu tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı işinin daha da yaxşılaşdırılması məqsədi ilə yeni xüsusi texnikaların ilk hissəsi silahlanmaya qəbul edilib. Bu, hərbi əməkdaşlıq istiqamətində atılan mühüm addımlardan biridir. Silahlanmaya qəbul edilən mühəndis texnikalarının yüksək texniki xüsusiyyətləri onların az vaxtda çox iş görməsinə imkan verir. Həmin texnikalar həm də texniki xidmət xərclərinə və yanacağa qənaəti ilə seçilir” – məlumatda qeyd edilir.

Sergey Şoyqunun Gümrüdə 102 saylı rus hərbi bazasının gücünün ile ilgili görsel sonucu

Türkiyənin Naxçıvanın müdafiəsini daha da gücləndirməsi iki gün öncə Rusiya müdafiə naziri Sergey Şoyqunun Gümrüdə 102 saylı rus hərbi bazasının gücünün iki dəfə artırılacağı barədə verdiyi açıqlama fonunda məxsusi diqqət çəkir. Yada salaq ki, az öncə Türkiyə hökuməti Qarsdan Naxçıvana birbaşa dəmir yolu çəkilişi və Naxçıvan və Türkiyə hava məkanlarının birləşdirilməsi (Ermənistan səmasından imtina) barədə qərar verib (Bakıdan Qarsa Tiflisdən keçməklə dəmir yolu artıq fəaliyyət göstərir – BTQ). Bu isə müharibə variantında mühüm önəm daşıyır – həm də hərbi yüklərin daşınması baxımından. 

Bir qədər öncə isə “Yeni Müsavat” xəbər vermişdi ki, Türkiyə özünün yeni güclü silahı – “Hisar -A” yaxın mənzilli havadan müdafiə sistemlərinin istehsalına hazırlaşır və həmin sistemlər Türkiyə ordusunun sərəncamına daxil olan kimi onun ixracına başlayacaq. İxrac ölkələri isə dost dövlətlər, ilk növbədə Azərbaycan olacaq.

“Hisar-A” istənilən hava hədəfini vurmağa imkan verir. Qarşısına qoyulan hədəflər baxımından Rusiyanın ZRK “Top” sistemləri S-350 kompleksləri ilə müqayisə edilə bilər. Sistem mühüm inzibati və hərbi bazalar da daxil, hərbi obyektlərin, hava və dəniz limanlarının müdafiəsini təmin edir, hərbi qruplaşmaların yerdəyişməsi zamanı onları havadan qoruyur. Həmçinin vertolyot və təyyarələr, pilotsuz uçan aparatlar, qanadlı raketlər və “hava-torpaq” sinfindən olan raketlərlə mübarizə üçün nəzərdə tutulur.

“Yeni Müsavat”ın analitik xidməti


Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə “Elite” ticarət mərkəzinin yaxınlığındakı şossenin kənarında baş verib.

1980-ci il təvəllüdlü Xanlarov Şahsuvar Barat oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.


Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı yeniyetmə xəsarət alıb.

Oxu.Az xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasının yaxınlığında baş verib.

17 yaşlı Məmmədov Rəsul Elçin oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən arxadan gələn minik avtomobili ona çırpılıb.

Nəticədə xəsarət alan R.Məmmədov xəstəxanaya yerləşdirilib. Ona budun və çanaq oynağının əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.