Son xəbərlər

Düşmən atəşkəs rejimini yenə pozduErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə itki üz verib.

Minval.info xəbər verir ki, partiyanın mətbuat xidmətindən verilən məlumata görə, MMP sədrinin qardaşı Nazim Hacıyev vəfat edib.

Qeyd edək ki, mərhum bir müddət öncə insult keçirmişdi. Nazim Hacıyev bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Allah rəhmət eləsin.

“Dövlət Nəzarət Təhlükəsizlik Departamenti” MMC-nin, habelə həmin cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə daxil olan vətəndaşların müraciətləri əsasında araşdırmalar aparılıb.

Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, ilkin araşdırmalarla «Dövlət Nəzarət Təhlükəsizlik Departamenti» MMC-nin işçilərinin özbaşına müxtəlif dövlət orqanlarının, o cümlədən hüquq mühafizə orqanlarının xüsusi geyim formalarından istifadə etməklə, özlərini həmin dövlət qurumlarının əməkdaşları kimi təqdim edib ayrı-ayrı sahibkarlıq subyektlərində yoxlama və digər tədbirlər adı altında qanunsuz hərəkətlər törətmələrinə dair əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla yanaşı, «Dövlət Nəzarət Təhlükəsizlik Departamenti» MMC-nin təsisiçisi və faktiki rəhbəri, habelə həmin Cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində işləyən Sahib Hüseynovun Sumqayıt şəhər sakinləri Elvin Əliyevi və Elbəy Allahverdiyevi təsisçisi olduğu «Dövlət Nəzarət Təhlükəsizlik Departamenti» MMC-yə mütəxəssis vəzifəsinə işə götürməyə görə həmin Cəmiyyətin mütəxəssisi vəzifəsində işləyən öz qardaşı Hüseynov Ruslan Vahid oğlu vasitəsi ilə Elvin Əliyevdən 2 min manat, Elbəy Allahverdiyevdən isə 700 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, bundan sonra qəbul etdiyi əmrlərlə həmin şəxsləri xüsusi geyim forması ilə təmin etməklə qeyd edilən şirkətdə mütəxəssis vəzifəsinə təyin etməsinə, daha sonra törətmiş olduğu həmin cinayət əməlini pərdələmək məqsədi ilə işə yeni qəbul edilmiş sözügedən işçilərin xidməti geyim forması, ixtisartırma və digər cari xərcləri ilə bağlı onlarla özü arasında saxta müqavilə bağlamasına və bu yolla da «Dövlət Nəzarət Təhlükəsizlik Departamenti» MMC-yə rüşvət qismində aldığı 2.700 manat pulun ödənilməsi barədə həmin müqavilənin məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək təsdiq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hallarla bağlı fakta görə Baş İdarədə Cinayət Məcələsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (Rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında Sahib Hüseynov Cinayət Məcəlləsinin 311.3.2 (Təkrar törədilməklə rüşvət alma)və 313-cü (Vəzifə saxtakarlığı)maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərəkbarəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin, habelə «Dövlət Nəzarət Təhlükəsizlik Departamenti» MMC-nin əməkdaşlarının özünü dövlət qurumlarının vəzifəli şəxsləri kimi təqdim etməkə qanuni mənafelərini pozmuş olduqları sahibkarlıq subyektlərinin dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Eyni zamanda, bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin davam etdirilməsi təmin ediləcəkdir”.

Çayxanada 61 yaşlı kişini çaydanla öldürdülər
Bakıda çay evində qətl hadisəsi baş verib.

Report" xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayonun Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində yerləşən "Vimay" klinikasının qarşısındakı ikimərtəbəli çay evinin ikinci mərtəbəsində 1997-ci təvəllüdlü Cövdət Abbasovla 1958-ci il təvəllüdlü Sabir Ələkbərov arasında mübahisə yaranıb. Mübahisə zəminində C.Abbasov S.Ələkbərovun baş nahiyəsinə çaydanla bir neçə zərbə endirib.

S.Ələkbərov aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. C.Abbasov şübhəli şəxs qismində saxlanılıb.


Kiyevdə qətlə yetirilən 22 yaşlı Cavid Hacıyevin ölümündə şübhəli bilinən dostu Əli Abdullayevin Ukraynada silsilə qətllər törətdiyi barədə məlumatlar var.

“Ölkə.Az” xəbər verir ki, Xoşqədəm Hidayətqızının “Səni axtarıram” proqramına zəng vuran Aynur adlı xanım, onun şəkillərinin üzərinə ingiliscə “Təhlükəlidir” yazılaraq “Whatsapp” vasitəsilə hər kəsə göndərildiyini bildirib:

“Sizin proqramda o şəkli görənə qədər o şəxsin azərbaycanlı olduğu barədə heç bir məlumatım yox idi. O şəkli görəndə mənə atılan eyni şəkil olduğunu gördüm. Onu burada silsilə qatil kimi qələmə verirlər. 7 ölümdə günahlandırılır. Şəkilin üstündəki məlumatda yazılıb ki, sonuncu dəfə uşaq öldürüb.

Nə dərəcədə dəqiq məlumatdır, deyə bilmərəm. Amma o adamın şəkli burada votsabda yayılır. Məktəblərdə uşaqlar məlumatlandırılır ki, tək gəzməsinlər. Valideynlər uşaqlarını məktəbə tək göndərməyə qorxur. Axırıncı dəfə bir azyaşlını öldürdüyünü deyirlər”.

Ukraynada yaşayan Aynur xanımın “Səni axtarıram” proqramına göndərdiyi foto monitorda nümayiş edilib. Şəkilin üzərinə rus dilində “Diqqət, Manyak” və ingilis dilində “Təhlükəlidir” sözləri yazılıb.

X.Hidayətqızının məlumatın dəqiqləşdirmək məqsədilə Ukraynada yaşayan azərbaycanlılara müraciət edib.

Qeyd edək ki, Əli Abdullayev yetərincə imkanlı ailənin övladıdır. O, “Altes Qrup” şirkətinin prezidenti Rüstəm Abdullayevin qardaşı oğludur.

Xatırladaq ki, 1997-ci il təvəllüdlü azərbaycanlı tələbə Cavid Hacıyev 2 oktyabrda Kiyevdə qətlə yetirilib. Rəsmən təsdiqlənməyən məlumata görə, o, öz həmyaşıdı, keçmiş tələbə yoldaşı Əli Abdullayev tərəfindən qətlə yetirilib. Almaniyada səfərdə olan Cavid Əli Abdullayev tərəfindən Kiyev şəhərinə qonaq çağırılıb. C.Hacıyev həmin şəhərə gedib. Ə.Abdullayevlə şəhəri gəzib dolaşdıqdan sonra elə onun kirayə etdiyi mənzildə yatdığı yerdə öldürülüb. İddialara görə, Ə.Abdullayev onu küt alətlə öldürüb, sonra bıçaqlayıb, daha sonra isə meyitlə qəddar davranıb. Meyiti yoxa çıxarmaq üçün bir çox üsullara əl atıb. (baku.ws)

Evin gələn qonağı öldürüb basdırdı
Qonağını öldürüb zirzəmidə basdırmaqda təqsirli bilinərək məhkum olunan Tələt Dadaşov Ali Məhkəməyə müraciət edib.

 Tələt Dadaşov barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

Ali Məhkəməyə müraciət edən Tələt Dadaşov ona daha yüngül cəza çıxarılmasını istəyir.

Onun şikayəti ilə bağlı məhkəmə baxış iclası hakim Fərhad Kərimovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinə 2018-ci il martın 19-da Lənkəran şəhər-rayon Polis şöbəsinə Lerik rayon sakini Mirisa Babayevin 3 gün əvvəl – martın 16-da yaşadığı Sütəmurdov kəndi ərazisində itkin düşməsi barədə müraciət daxil olub.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Babayevin həmin gün Aşağı Nüvədi qəsəbəsində yaşayan T.Dadaşovun evində olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən küt alətlə qətlə yetirilməsi, cəsədinin isə zirzəmidə basdırılması müəyyən edilib.

M.Babayevin meyiti eksqumasiya edilib.

Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən T.Dadaşov tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi məhkumun şikayətini təmin etməyib.

Azərbaycanda məmur müəmmalı şəkildə vəfat etdiXocavənd rayon ictimaiyyətinin nümayəndəsi müəmmalı şəkildə vəfat edib.

Baku.ws xəbər verir ki, Xocavənd rayon Muğanlı kənd ərazi nümayəndəsinin müavini Rəşad Rüstəmov bir neçə gün əvvəl yaşadığı evdə təmir işlərinə yardım edərkən yıxılıb və bədən xəsarətləri alıb.

Onun ayağı iki yerdən sınıb və xəstəxana şəraitində müalicə olunub.

Rəşad Rüstəmov Ağcabədi rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub və əməliyyatdan sağ çıxmayıb.

Faktla bağlı araşdırma başladılıb.

Biri 5 manata satılan yaşıl yumurta Azərbaycanda
Dünyada son dövrlər məşhurlaşmağa başlayan yaşıl yumurtaya tələbat və maraq çox olduğundan artıq Azərbaycana da Türkiyədən bu yumurtalar gətirildi.
Medicina.az xəbər verir ki, sözügedən yumurtanın daha faydalı, vitamin və mineral tərkibi baxımından zəngin olduğu bildirilir. Ona görə onu ağ yumurta kimi ucuz əldə edə bilməyəcəklər. 
 
Lakin mütəxəssislər Şimali Amerika toyuqlarının yumurtladığı bu yumurtanın adi ağ yumurtadan heç nə ilə fərqlənmədiyini bildirir. 
 
"Yaşıl və mavi yumurta Şimali Amerika kökənli Amerikauna toyuq növünün məhsuludur. Digərlərindən yalnız rəngi ilə fərqlənir. Əslində digərləri ilə eyni qiymətə satılmalıdır. Bu yumurtalarda daha çox vitaminin olması fikri isə tamamilə əfsanədir. Bu yumurtada yaşıl qabıqdan başqa bir özəllik yoxdur”
 
Qeyd edək ki, Türkiyədə İsmet Koç adlı təqaüdçü ailəsi ilə birgə bu toyuqlardan ferma açıb və yumurtasını ixrac edir. 
 
 
O deyir ki, onun bu yumurtaları bir çox xəstəliklərin dərmanıdır, o xolesterin yaratmır. Koç hətta prezindentə belə yaşıl yumurta göndərdiyini iddia edir. 
 
Hazırda elan saytlarında 3-5 manata satılan yaşıl yumurtanın təkcə Türkiyədən gətirilmədiyi də məlum olub. Artıq bizdə də fermerlərdən ikisi bu toyuqlardan əldə edib, fermada yetişdirir. Azərbaycanda əldə olunan yaşıl yumurtanın ədədini 2 manata satırlar.
 
Bu yumurtanı sadəcə marağa və dadına baxmaq üçün alıb yemək olar. Amma təbii ki, bir yumurtaya 3-5 manat ödəmək ağlasığan deyil. Toyuq elə toyuqdur, yumurta da yumurta.
 
Bakıda külək, rayonlarda yağış olacaq
Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 17-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18, gündüz 22-26, Bakıda gecə 16-18, gündüz 23-25 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin Lənkəran-Astara zonasında şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 17-18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Rafael Cəbrayılov villasını satışa çıxardı – Borclu olduğu şəxslərin sayı 10 nəfərdən çoxdur
Borc qalmaqalına görə deputat mandatı ləğv edilən Rafael Cəbrayılov milyonçular məhəlləsində yerləşən villasını satışa çıxarıb.

Yenisabah xəbər verir ki, keçmiş deputatın villanı satışa çıxarması borcları qaytara bilməməsilə bağlıdır.

Əmlakın ilkin satış qiyməti 1,5 milyon manat göstərilib.

Qeyd olunur ki, Rafael Cəbrayılovun borclu olduğu şəxslərin sayı 10 nəfərdən çoxdur. Onlar keçmiş deputatdan pullarını geri qalmaqda israrlıdırlar. Borclu olduğu şəxslərdən möhlət istəyən Rafael Cəbrayılov da fərqindədir ki, pulları geri qaytarmayacağı təqdirdə həbs təhlükəsi ilə üzləşə bilər.

Məlumatda o da vurğulanır ki, Rafael Cəbrayılov borc qalmaqalına görə qardaşı Elşən Cəbrayılovu ittiham edir. O, bir neçə dəfə qardaşından problemi yoluna qoymağı tələb etsə də, nəticəsi olmayıb.

Bu baxımdan, Rafael Cəbrayılov borclu olduğu şəxsləri qardaşına üstünə qaldırmağa çalışır. Hətta onlardan hüquq-mühafizə orqanlarına şikayət edəcəkləri təqdirdə qardaşının da adını hallandırmağı xahiş edib. Lakin onlar pulu keçmiş deputata verdiklərindən Elşən Cəbrayılovla konfliktə girmək istəmirlər.

Bu arada, məlumat yayılıb ki, Sumqayıt şəhər məhləməsinin qərarına əsasən Rafael Cəbrayılova və qardaşına məxsus “Dərhal” MMC tərəfindən Mehdiabad-Novxanı şossesi üzərində 5,65 hektar torpaq sahəsində tikilmiş 23 ədəd altı mərtəbəli binanın ikisi və kompleksdəki obyektlərdən biri söküləcək.

Məlumatı yayan jurnalist Cavanşir Həsənli qeyd edib ki, məhkəmə söküntü işlərinin Cəbrayılov qardaşlarına məxsus şirkət tərəfindən aparılması barədə qərar çıxarıb. Səbəb kimi həmin ərazinin 1,4 hektarının “Binəqədi Oyl Kompani” Əməliyyat Şirkətinin istifadəsində olmasıdır.

Sözügedən ərazini Rafael Cəbrayılov və qardaşı Abşeronun keçmiş icra başçısı Zakir Fərəcovdan alıb. Zakir Fərəcov 17 dekabr 2010-cu ildə 2023 saylı sərəncamla həmin ərazidə 23 ədəd kürsülü, altı mərtəbəli, iki girişli binalardan ibarət yaşayış kompleksinin tikinti işlərinin rəsmiləşdirilməsinə və layihə sənədlərinin razılaşdırılmasına icazə verib.

Kompleks tam məskunlaşıb və binaların böyük əksəriyyətində məcburi köçkünlər yaşayır.