Son xəbərlər

Bakıda velosiped oğurlayan şəxs tutulub.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Həsənliyə və S.Həbibova məxsus, ümumi dəyəri 2 000 manat olan velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Kazımov saxlanılıb.

Gəncə şəhərində silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Post Patrul Xidməti Taborunun əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, şəhər ərazisində məişət tullantıları üçün nəzərdə tutulan sahələrin birində silah-sursat aşkarlayıb.

Dərhal ANAMA-nın əməkdaşları həmin əraziyə dəvət olunaraq müvafiq tədbirlər həyata keçirlib. Araşdırmalar zamanı oradan F-1, 1 ədəd RQD-5 əl qumbaraları, 2 ədəd UZQRM qumbara partladıcısı, 96 ədəd müxtəlif kalibirli avtomat və tapança patronları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hacıqabul rayonunda üzərində tüfəng gəzdirən şəxs saxlanılıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinə (RPŞ) bir nəfərin üzərində qanunsuz odlu silah olması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat tədbiri nəticəsində rayonunun Muğam qəsəbəsində yaşayan Quba rayon sakini İslam Məmmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Ondan müvafiq sənədləri olmayan qanunsuz saxlanılan "Tula" markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

Ağstafa rayon Polis Şöbəsinə (RPŞ) rayonun Köçəsgər kəndindəki fərdi yaşayış evlərinin birində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, mərasim iştirakçıları Polis Şöbəsinə gətiriliblər.

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Mərasim iştirakçılarından 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Xidməti vəzifələrinin icrası zəminində etdiyi qanunsuz hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.

Daşkəsən rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, rayonun Xoşbulaq bələdiyyəsinin sədri vəzifəsində işləmiş Rasim Allahverdiyev, hazırda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri Şahbaz Mehdiyev və həmin şöbənin mütəxəssisi Vüqar Məmmədovun xidməti vəzifələrinin icrası zamanı qanun pozuntularına yol vermələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Rasim Allahverdiyevin Şahbaz Mehtiyev və Vüqar Məmmədov ilə qabaqcadan əlbir olaraq Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsini müvafiq qanunvericiliyin tələblərini pozaraq köhnə tarixə saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı şəxslərə satılması müqabilində vətəndaşlardan ümumilikdə 25 min 400 manat pul vəsaitini rüşvət qismində alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rasim Allahverdiyev, Şahbaz Mehdiyev və Vüqar Məmmədova 01 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, Rasim Allahverdiyev və Şahbaz Mehdiyev barəsində məhkəmənin qərarı ilə həbs, Vüqar Məmmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini Zaur Hüseynov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar olunub. Ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə onun digər cinayət əməli də üzə çıxıb. Belə ki, Z.Hüseynovun şəhər ərazisində vətəndaşa məxsus qarajdan 4 ədəd velosipedi oğurlayaraq satdığı müəyyən edilib. Satdığı velosipedlər həmin şəxslərdən götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, şübhəli şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Gəncədə "Milli Ön" ödəmə terminallarından oğurluq olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumatına görə, Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisindəki müxtəlif yerlərdə quraşdırılmış 4 "Milli Ön" ödəmə terminalından ümumilikdə 7303 manat pul, kassa aparatı və 300 manat dəyərində kaset hissəsi oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əsgərov saxlanılıb.

Araşdırma aparılır.

Bakıda mənzildən böyük məbləğdə pul və qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon ərazisindəki evlərin birindən 70 000 ABŞ dolları və 100 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Ağayev saxlanılıb.