Son xəbərlər

Daxili işlər orqanları tərəfidən 3 rayonda qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Pərvanlı kənd sakini Ü.Mecidovdan müvafiq sənədləri olmayan “İJ-K” markalı yivsiz ov tüfəngi aşkar edilərək götürülüb.

Digər əməliyyat isə İsmayıllı RPŞ əməkdaşları tərəfindən keçirilib.

Əməliyyat tədbiri nəticəsində Sədiyan kənd sakini O.Baxışovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Hacıqabul RPŞ əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabirabad rayon sakini C.İbadovun idarə etdiyi “Niva” markalı avtomobilə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bakıda narkotik alverçisi saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıql Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Maştağa qəsəbəsində yaşayan A.Novruzovun evinə baxış zamanı oradan 4 kiloqramdan artıq marixuana, həmçinin heroin, tiryək, çətənə kolunun hissələri, 1 ədəd beşbarmaq və 1 ədəd 3 tərəfi kəsici olan alət aşkar edilərək götürülüb.

İsmayıllı rayonunun Kürdmaşı kəndində bədbəxt hadisə baş verib.

Axar.az xəbər verir ki, 1984-cü il təvəllüdlü Vüqar Zahir oğlu Teyyubov yaşadığı Kürdmaşı kəndində qəflətən küçə itlərinin hücumuna məruz qalıb. İtlər onu dişləyərək ağır xəsarətlər yetirib. Hadisə zamanı qorxu və həyəcan keçirən Vüqar Teyyubovun halı pisləşib. O, hadisə yerindəcə dünyasını dəyişib.

Vüqar Teyyubovun ölümündə əsas səbəbin ürək çatışmazlığı olduğu bildirilir. Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Göyçayda fəhlə hündürlükdən yıxılıb.

Göyçay rayon Prokurorluğundan Axar.az-a verilən məlumata görə, yanvarın 13-ü saat 11 radələrində Göyçay rayon sakini 1973-cü il təvəllüdlü Teyyub Adil oğlu Əmirovun hündürlükdən yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış obyektində fəhlə işləyən Teyyub Əmirovun iş zamanı hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.

Qazax rayonu, Hüseynbəyli kəndində ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumi sahəsi 900 m² olan (hər mərtəbəsi 450 m²) ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 450 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəkidə qətl hadisəsi baş verib.

Şəki Rayon Prokurorluğundan Axar.az-a verilən məlumata görə, yanvarın 12-i saat 23 radələrində Şəki rayon sakini, 1961-ci il təvəllüdlü Ruqiyə Şükür qızı Əhmədova öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin bacısının əri, 1984-cü il təvəllüdlü Rahim Tahir oğlu Cəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ruqiyə Əhmədovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Rahim Cəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bakıda orta məktəb binasında yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, Xətai rayonunda ümumi sahəsi 1 000 m² olan ikimərtəbəli orta məktəb binasının ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 12 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qəbələdə mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 4525 manat pul və 30 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Aydınqışlaq kənd sakini S. Alızadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.