Son xəbərlər

Lerik rayonunun M.Qafarov adına Siyov kənd tam orta məktəbinin direktoru İlham Əvəz oğlu Əmirov barəsində özünə və digər şəxslərə saxta pensiya düzəltdiyi üçün cinayət işi açılmasına baxmayaraq, hələ də vəzifəsini icra edir.

Bu barədə Axar.az-a məktəbin müəllimi Əhliman Zeynalov deyib. O bildirib ki, bununla bağlı Təhsil Nazirliyinə bir neçə dəfə müraciət edilsə də, direktor barədə tədbir görülməyib:

“İlham Əmirovun saxta pensiya düzəltdirməsi ilə bağlı cinayət işi açılıb. Biz kollektiv olaraq nazirliyə direktorun işdən azad edilməsi üçün məktub göndərdik, lakin heç bir tədbir görülmədi. Hətta Təhsil Şöbəsi də bu məsələyə qarışmadı. Direktorun Təhsil Nazirliyində yaxın qohumu olduğuna görə işdən azad edilmədiyi bildirilir. Həm rüşvət verdiyi üçün, həm də dələduzluğuna görə İlham Əmirova qarşı cinayət işi açılıb. Direktorun kimdən rüşvət alması və kimlərə rüşvət verməsi barədə iş gedir”.

Əhliman Zeynalovun iddiasına cavab verən məktəb direktoru İlham Əmirov isə saytımıza bildirib ki, barəsində deyilənlər şər-böhtandır:

“O müəllim 5-6 ildir mənə böhtan atır. Buna görə onu məhkəməyə də vermişdim və Əhliman Zeynalov cərimələnmişdi. Amma yenə də iddialarından əl çəkmir və məni şantaj edir. Buna görə yenə də məhkəməyə müraciət edəcəyəm. Mənim haqqımda cinayət işi açılması və hazırda işin davam etdirilməsi yalan məlumatdır. Mən xəstələnmişdim və buna görə pensiya düzəltdirmişdim. Sonradan sağaldığım üçün pensiya dayandırıldı. Kim özü üçün saxta pensiya düzəltdirə bilər?! Mən həkim deyiləm, komissiya üzvü deyiləm. Düzdür, barəmdə 2016-cı ildə cinayət işi olmuşdu. Lakin 2 il sonra, 2018-ci ildə Ali Məhkəmədə mənim günahsız olmağım sübuta yetirildiyi üçün bəraət qazandım və vəzifəmi icra etməyə davam etdim. Hətta buna görə işləmədiyim 2 illik əmək haqqımı da almışam”.

Baş Prokurorluğun mətbuat xidmətindən isə saytımıza İlham Əmirovla bağlı istintaqın davam etdirildiyi bildirilib:

“Lerik rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlamaqla hazırda istintaq aparılır. Bununla bağlı məlumat istintaq sirri daşıdığı üçün verilmir”.

Məsələ ilə bağlı danışan hüquqşünas Səməd Vəkilov bildirib ki, direktor bu əməllərinə görə vəzifədən azad edilməli və cinayət sübuta yetirilərsə, 11 il müddətində həbs edilməlidir:

“Bu məsələ yalnız rüşvətvermə və dələduzluq maddəsi ilə bitə bilməz. Çünki burada kompleks cinayətlər baş verib. Saxta yolla pensiya düzəldilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları da iştirak ediblər. Vəzifəli şəxslərin də bu cinayətdə iştirakı ilə yanaşı, sənədlərin saxtalaşdırılması halı var. Buna görə də Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş vəzifə saxtakarlığı və bilə-bilə rəsmi sənədlərə saxta məlumatlar daxil etmə və o cümlədən rəsmi sənədləri qanunsuz hazırlama maddələri ilə cinayət işi açılmalıdır.

Burada bir qrup şəxs tərəfindən həm dələduzluq, həm vəzifə saxtakarlığı törədilməsini nəzərə alsaq, bu, ağır cinayətdir. Cəzaların toplam məcmusu ilə qiymətləndirsək, direktor 11 ilə yaxın həbs edilə bilər”.

İlham Əmirovla bağlı səsləndirilən iddialarla əlaqədar Təhsil Nazirliyinə də sorğu göndərilib.

Qeyd edək ki, 2019-cu ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi direktorun saxta pensiya düzəltməsi barədə məlumat yaymışdı.

Şuşa şəhərində beşmərtəbəli binanada yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb. Qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanvarın 17-də saat 7 radələrində Sumqayıt şəhər ərazisində yerləşən otellərin birində 1997-ci il təvəllüdlü Aişən Məhərrəm qızı Həsənovanın meyitinin aşkar edilməsi barədə Sumqayıt şəhər Prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər Prokurorluğundan Axar.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Orxan Qorxmaz oğlu Həsənovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı yastıqla Aişən Həsənovanı boğaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Orxan Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

     

Daxili işlər orqanları tərəfidən 3 rayonda qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Pərvanlı kənd sakini Ü.Mecidovdan müvafiq sənədləri olmayan “İJ-K” markalı yivsiz ov tüfəngi aşkar edilərək götürülüb.

Digər əməliyyat isə İsmayıllı RPŞ əməkdaşları tərəfindən keçirilib.

Əməliyyat tədbiri nəticəsində Sədiyan kənd sakini O.Baxışovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Hacıqabul RPŞ əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabirabad rayon sakini C.İbadovun idarə etdiyi “Niva” markalı avtomobilə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bakıda narkotik alverçisi saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıql Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Maştağa qəsəbəsində yaşayan A.Novruzovun evinə baxış zamanı oradan 4 kiloqramdan artıq marixuana, həmçinin heroin, tiryək, çətənə kolunun hissələri, 1 ədəd beşbarmaq və 1 ədəd 3 tərəfi kəsici olan alət aşkar edilərək götürülüb.

İsmayıllı rayonunun Kürdmaşı kəndində bədbəxt hadisə baş verib.

Axar.az xəbər verir ki, 1984-cü il təvəllüdlü Vüqar Zahir oğlu Teyyubov yaşadığı Kürdmaşı kəndində qəflətən küçə itlərinin hücumuna məruz qalıb. İtlər onu dişləyərək ağır xəsarətlər yetirib. Hadisə zamanı qorxu və həyəcan keçirən Vüqar Teyyubovun halı pisləşib. O, hadisə yerindəcə dünyasını dəyişib.

Vüqar Teyyubovun ölümündə əsas səbəbin ürək çatışmazlığı olduğu bildirilir. Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Göyçayda fəhlə hündürlükdən yıxılıb.

Göyçay rayon Prokurorluğundan Axar.az-a verilən məlumata görə, yanvarın 13-ü saat 11 radələrində Göyçay rayon sakini 1973-cü il təvəllüdlü Teyyub Adil oğlu Əmirovun hündürlükdən yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış obyektində fəhlə işləyən Teyyub Əmirovun iş zamanı hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.

Qazax rayonu, Hüseynbəyli kəndində ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumi sahəsi 900 m² olan (hər mərtəbəsi 450 m²) ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 450 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəkidə qətl hadisəsi baş verib.

Şəki Rayon Prokurorluğundan Axar.az-a verilən məlumata görə, yanvarın 12-i saat 23 radələrində Şəki rayon sakini, 1961-ci il təvəllüdlü Ruqiyə Şükür qızı Əhmədova öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin bacısının əri, 1984-cü il təvəllüdlü Rahim Tahir oğlu Cəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ruqiyə Əhmədovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Rahim Cəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.