Son xəbərlər

Qax rayonunun orta məktəblərindən biri təhsil müəssisəsində koronavirus infeksiyasının aşkarlanması səbəbindən distant təhsilə keçib.

Axar.az-ın Report-a istinadən məlumatına görə, Qax şəhər Etibar Babayev adına 4 saylı tam orta məktəbin müəllimində COVID-19 aşkarlanıb.

Bu səbəbdən martın 15-dən məktəbdə 14 gün müddətinə distant təhsilə keçilib.

Səhiyyə Nazirliyi sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə Davud LTD MMC ("Doktor Davud" özəl klinikası) barədə inzibati protokol tərtib edib.

Axar.az Report-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsi klinikanın İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) maddəsinə əsasən cərimə edilməsi barədə qərar çıxarıb.

Davud LTD MMC qərardan apellyasiya şikayəti verib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Baş İdarəyə əvvəllər məhkum olunmuş Ağcabədi rayonunda yaşayan Qorxmaz Quluzadənin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs tutulub. Onun yaşadığı evə baxış zamanı 1 ədəd “Kalaşnikov” tipli avtomat, 1 ədəd “Makarov” markalı tapança, həmin silahlara məxsus ümumilikdə 26 ədəd patron və 2 ədəd sandıqça aşkar olunaraq götürülüb.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Qorxmaz Quluzadə barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Axar.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

ABŞ-Rusiya münasibətləri Soyuq müharibənin bitməsindən bəri ən aşağı səviyyədədir və ehtimal ki, daha da pisləşəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin siyasi məsələlər üzrə məsləhətçisi vəzifəsinə namizəd Kolin Kol deyib.

"Rusiya davranışlarını Vaşinqtonun fikirlərinə uyğun olaraq dəyişdirməsə, bu münasibətlər pisləşməyə davam edəcək. Moskvanın beynəlxalq aləmdə qəbul edilən normalara qayıtması iki ölkə arasındakı münasibətlərin davamlı inkişafı üçün şərtdir", - Kol söyləyib.

O qeyd edib ki, Rusiya iqtisadi sahə daxil olmaqla, bir çox mövqeyini itirib:

"Rusiya öz enerji qaynaqlarına çox güvənir. İqtisadiyyatının, demoqrafik göstəricilərinin bir çoxu Moskvanın əlində deyil. Bu isə Rusiyanı daha təhlükəli edir".

Şabran sakini həmyerlisini tüfənglə hədələyib, itini öldürüb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon sakini Y.Mövlanovun fevralın 21-də Çaraq kəndi ərazisində bir nəfərin onu tüfənglə öldürəcəyi ilə hədələməsi və yanındakı çoban itini tüfəngdən açdığı atəşlə öldürməsi barədə müraciət edib.

Müraciətlə əlaqədar Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini R.Quliyev müəyyən edilərək saxlanılıb.Ondan nömrəsi silinmiş ov tüfəngi götürülüb.

10:50

Baş Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbs edilməsi ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.

Belə tədbirlərdən biri kimi, Bərdə Peşə Liseyinin direktoru vəzifəsində işləyən Şükürov Şəmil Məmməd oğlunun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Şəmil Şükürovun həmin liseyin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq 2012-2021-ci illər ərzində liseydə təhsil alan çoxsaylı tələbələrin dərsdə iştirak etməmələri, onlara ümumi himayədarlıq göstərilməsi müqabilində həmin şəxslərə məxsus təqaüd kartlarını rəhbərlik etdiyi qurumun əməkdaşları vasitəsilə əldə edib kart hesablarına köçürülmüş təqaüdlərin Bərdə rayonu ərazisində yerləşən ayrı-ayrı bankomatlardan məxaric edilərək nağdlaşdırılması yolu ilə külli miqdarda pul vəsaitinin rüşvət qismində almasına əsaslı şübhələr yaranmışdır.

25 fevral 2021-ci il tarixdə Şükürov Şəmil Məmməd oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

İstintaq zamanı təhsil müəssisəsinin əməkdaşları tərəfindən 28 tələbənin adına olan təqaüd kartları könüllü şəkildə təhvil verilmiş, həyata keçirilmiş axtarış zamanı isə 10 min 600 manat məbləğində pul vəsaiti və 22 ədəd bankomat kartları aşkar edilərək maddi sübut qismində götürülmüşdür.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Saatlıda tikintidə ölüm hadisəsi baş verib.

Rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, fevralın 22-də saat 14 radələrində Saatlı rayonu Varxankənd kənd ərazisində fəhlənin təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub

Aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, fəhlə işləyən 1986-cı il təvəllüdlü Rəmzi Məmiyev rayonun Varxankənd kənd ərazisində yerləşən quşçuluq müəssisəsinin binasının dam örtüyünü yeniliyərkən həmin binanın dam hissəsindən yerə aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Bakıda velosiped oğurlayan şəxs tutulub.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Həsənliyə və S.Həbibova məxsus, ümumi dəyəri 2 000 manat olan velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Kazımov saxlanılıb.