Füzuli rayon Böyük Bəhmənli kənd Ehtiram Piriyev adına 1 nömrəli tam orta məktəbin direktoru Məmməd Əliyev 54 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə Füzuli rayon Təhsil Şöbəsi məlumat yayıb.

Bildirilib ki, o, bir müddət əvvəl koronavirusa yoluxubmuş.

M.Əliyev müalicə aldığı İmişli Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşmüş, daha sonra nəşi tapılmış hərbi qulluqçusu Qalası Müslüm oğlu Kərimli dəfn edilib.

Ardını oxu...

İnsan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunması sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 155 insan alveri, habelə insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 40 cinayət qeyd alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2020-ci il üzrə hesabatında deyilir.

Sənəddə qeyd edilib ki, 2019-cu illə müqayisədə sözügedən hüquqa zidd əməllərin sayı 14 fakt və ya 7,5 faiz artması əvvəli illərdə törədilmiş latent xarakter daşıyan cinayətlərin daha çox aşkarlanması ilə əlaqədar olub.

Məcburi əmək cinayətlərinin hamısı, insan alveri cinayətlərinin isə 98 faizi açılıb, onları törətmiş 7 nəfərdən ibarət 3 cinayətkar qrup zərərsizləşdirilib. Axtarışda olan 23 təqsirləndirilən şəxsdən 10-u tutulub, xarici dövlətlərdə gizlənən 13 nəfərin aşkarlanıb ölkəyə ekstradisiya olunması istiqamətində hazırda lazımi tədbirlər görülür.

İnsan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işləri üzrə 20 şəxs (17 qadın, 3 kişi) təqsirləndirilən qismində cəlb edilib. Məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 15 nəfərdən 12-i azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, 2 nəfər şərti məhkum edilib, 1 nəfərin cəzası təxirə salınıb.

Vəzifəli şəxsin qanunsuz əməlləri ifşa olunub.

Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

İsmayıllı rayonu Keyvəndi bələdiyyəsinin sədri Akif Balaməmməd oğlu Dəmirovun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Belə ki, keçirilmiş əməliyyat tədbirləri ilə Akif Dəmirov qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək meşə ərazisində torpağın faydalı üst münbit qatının qanunsuz olaraq daşınmasına köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş şəxsdən aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda pul vəsaitini alarkən cinayət başında yaxalanıb.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Akif Dəmirova 17 aprel 2021-ci il tarixdə CM-in 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə şəhərin Füzuli küçəsi 43 ünvanında baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Vahidə Qəribəli qızı Şərifova sol bazunun yuxarı hissəsinin deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona zəruri tibbi yardım göstərilib.

Hadisənin ailə münaqişəsi zəminində bacılar arasında baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Aprelin 8-də gecə saat 3 radələrində naməlum şəxsin Yasamal rayonu ərazisində yaşayan Yelena İvanovanın yaşadığı mənzilə girərək bıçaqla zor tətbiq etməklə əmlakını ələ keçirməsi barədə rayon prokurorluğuna və polis idarəsinə məlumat daxil olub.

Axar.az xəbər verir ki, bu barədə DİN və Baş Prokurorluğunun birgə məlumatında deyilir.

Məlumata görə, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, naməlum şəxs Yelena İvanovanın yaşadığı mənzilə qanunsuz daxil olaraq silah qismində istifadə olunan bıçaq tətbiq edərək onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq edib.

Həmin şəxs ev sahibəsinin kənar şəxsləri köməyə çağırmasının, eləcə də hüquq-mühafizə orqanlarına məlumat verməsinin qarşısını almaq və qabaqcadan planlaşdırdığı cinayətkar məqsədinə nail olmaq üçün əli ilə onun sifət nahiyəsinə bir neçə zərbə vurub, bıçaqla qol nahiyəsinə xəsarət yetirib və pul vəsaitini ələ keçirərək hadisə yerindən qaçıb.

Faktla bağlı Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb.

Cinayət hadisəsini törədənin şəxsiyyətinin müəyyən olunaraq tutulması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Nəticədə cinayət əməlinin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Bayramov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.