Beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycana olan böyük etimadın təzahürüdür.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edən zaman bildirib.
Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyini uğurla başa çatdırdığını xatırladan dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın bu Hərəkata sədrliyi, müxtəlif beynəlxalq təşkilatlarda fəal rolu və təmsilçiliyi COP29-a sədrliyin də uğurla başa çatdırılması üçün əlverişli imkanlar yaradır.
Prezident İlham Əliyev Azərbaycanın bu tədbirə ev sahibliyi edərək qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə prosesinə və milli səviyyədə olan uğurlu addımları ilə yaşıl keçid prosesinə töhfə vermək əzminin və niyyətinin olduğunu qeyd edib.
Hazırda qlobal istiliyin 1,5 dərəcədən çox artmasının qarşısının alınmasının və ya bu çərçivədə saxlanılması üzrə bütün səylərin səfərbər olunmasının vacibliyini qeyd edən Azərbaycan Prezidenti COP29-un xüsusilə iqlim maliyyələşdirilməsi mövzusuna həsr olunduğunu nəzərə alaraq, ölkəmizin bu istiqamətdə bütün beynəlxalq səyləri səfərbər edəcəyini deyib, hazırda Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə birlikdə COP29 çərçivəsində “üçlük” formatında ardıcıl işlər apardığını bildirib.