Türkiyə və Somali 20 ilə yaxındır ki, bir çox sahələrdə, eyni zamanda təhlükəsizlik sahəsində əməkdaşlıq edir.
Somali coğrafi baxımdan strateji mövqeyə sahibdir. Belə ki, ölkə Hind okeanı və Qırmızı dənizin girişindəki Bab əl-Məndəb boğazına çıxan bir sahil xəttinə sahibdir. Şimalda yerləşən Efiopiyanın Somaliyə qarşı müxtəlif iddiaları, imperialist yanaşmaları var.
Bu sözləri Axar.az-a Somali ilə Türkiyə arasında imzalanan “Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Müqaviləsi”nin Moqadişu tərəfindən təsdiqlənməsi haqqında danışan qardaş ölkənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik ekspert Əli Fuad Gökçə deyib.
Alim imzalanan müqavilənin Somali üçün həyati önəm daşıdığını vurğulayıb:
“Somalidə Efiopiyanın və bir sıra beynəlxalq güclərin dəstəklədiyi, Əl-Qaidə ilə yaxın əlaqələri olan Əş-Şabab terror təşkilatı ölkədə sabitliyi pozan başlıca faktorlardandır. Bəzi ölkələr terror vasitəsilə təbii sərvətlər ilə zəngin liman ölkəsi olan Somalini təsir altına almağa çalışırlar.
Digər tərəfdən Birləşmiş Ərəb Əmirliyinin də ölkədə təsiri güclüdür. Burada bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm ki, həm BƏƏ, həm də Türkiyə Somalidə ordunun hazırlığı ilə məşğul olur. Ancaq BƏƏ hazırlayacağı şəxsləri özü seçir, Türkiyə isə bunu hökumətin təqdimatı əsasında edir. Yəni Türkiyə Somalinin ordusunu yenidən qurur. Bütün bunlar fonunda ölkələrimiz arasında 8 fevral tarixində imzalanan “Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Müqaviləsi”nin hökumət tərəfindən təsdiqlənməsi ilə qarşıdakı 10 il ərzində Somalinin dəniz sərhədlərinin qorunması Türkiyəyə həvalə edildi. Sənəd terrorizm, xarici təhdidlər, dəniz quldurluğu və qanunsuz balıq ovuna qarşı mübarizəni əhatə edir. Bunun üçün Türkiyə və Somali birgə dəniz qüvvələri formalaşdıracaq. Qeyd edək ki, dənizə heç bir çıxışı olmayan 120 milyonluq Efiopiyanın 1 yanvarda ölkədən ayrılmaq istəyən Somaliləndlə anlaşma memorandumu imzalaması burada diqqətçəkən məqamdır. Somaliləndin separatçı hökuməti müstəqilliyini tanıması şərtilə Efiopiyaya liman vermək vəd edib. İmzalanan memorandum da bununla bağlıdır”.
Gökçə Türkiyənin Afrikaya yanaşmasının Qərb ölkələrindən tamamilə fərqləndiyini bildirib:
“Türkiyə bütün dünyada sülhün təmin olunması üçün çalışır və Qərbdən fərqli olaraq ancaq mənfəətimizi yox, dostlarımızı, qardaşlarımızı düşünürük. Somali Baş naziri Həmzə Abdi Barrenin ölkəmiz haqqında dediyi “Somali beynəlxalq arenada gerçək bir müttəfiqə, dosta və qardaşa sahib olacaq” sözləri də bunun əyani sübutudur.
Türkiyənin oradakı varlığı Misir ilə Efiopiya arasında olan gərginliyin də aradan qaldırılmasına müsbət təsir göstərəcək. 10 illik müddət bitdikdən sonra isə Somali özünü qorumaq üçün güclü donanmaya sahib olacaq”.