“Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları tərəfindən dövlət himninin ifa edilməsi, ifa edilən zaman əsgəri (hərbi) salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları” təsdiqlənib.
Oxu.az məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.
Dövlət himni ifa edildikdə əməkdaşlar onu ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun oxumalıdırlar.
Qərarda göstərilir ki, dövlət himni ifa edildiyi zaman sıradakı əməkdaşlar komanda verilmədən farağat vəziyyətini alır, rəislər (komandirlər) hərbi salam verir.
Sıradan kənarda olan əməkdaşlar himn ifa edildikdə farağat vəziyyətini alır və hərbi salam verir.
Əməkdaşlar tərəfindən dövlət himninin təhrifinə və başqa dildə oxunmasına yol verilmir.