Goranboyda koronavirusa (COVID-19) yoluxmuş 110 yaşlı qadın sağalıb.
“Qafqazinfo” xəbər verir ki, Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalovun sözlərinə görə, təxminən 10 gün əvvəl rayonun Bəşirli kənd sakini, 1910-cu il təvəllüdlü Ələkbərova Səmayə Nisbət qızı halsız vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Dərhal lazımi profilaktik tədbirlər görülüb. Tibbi müdaxilələrdən sonra qadının vəziyyəti yaxşılaşıb. Baş həkimin sözlərinə görə, 110 yaşlı Səmayə Ələkbərova tam sağalıb və bu gün xəstəxanadan evə buraxılıb.
Evə buraxılan S. Ələkbərova ona göstərilən qayğıya, yaradılan şəraitə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.