Film izləmək həm mədəni istirahət, həm də əyləncə hesab edilir. Buraya maariflənməni də qatmaq olar. Təbii ki, filmin janrı, ssenarisi izləyiciyə fərqli təsir edə bilər. Elə buna görə də, bütün filmlərdə tövsiyyə edilən və mədudiyyət qoyulan yaş həddi var.
Filmlərə qoyulan yaş məhdudiyyətinin səbəbi var. Filmdəki səhnələr 20 yaşlı gəncin psixologiyasına normal, 10 yaşlı uşağa isə anormal təsir edə bilər. ABŞ, Avropa ölkələri, o cümlədən qonşu Türkiyə və Rusiyada istehsal etdikləri və ölkəyə idxal olunan filmləri yaş kateqoriyası üzrə müəyyənləşdirən sistem fəaliyyət göstərir.
Sistemə görə “Yaş məhdudiyyəti yoxdur”, “Yeniyetmələr üçün məhdudiyyət. 11 yaşdan 13 yaşa qədər”, “16 yaşa qədər”, “17 yaşlı yeniyetmələr üçün”, “18 yaşdan yuxarı insanlar üçün” və s. kateqoriyalar müəyyənləşib.
Belə ki, hər bir kinofilm üçün xüsusi komissiya yaradılır və çəkiliş qrupunun məhsuluna baxış keçirilir. Baxışdan sonra səsvermə nəticəsində filmin hansı kateqoriyaya aid olması müəyyənləşdirilir. Ekran əsərinin prodüserləri komissiya ilə razılaşmayanda apelyasiya verə bilərlər. Bu zaman təkrar komissiya yaradılır və 14 və ya 18 nəfərin iştirakı ilə keçirilən iclasda film yenidən müzakirəyə çıxarılır. Qərardan sonra film prodüserlərin qərargahına göndərilir. Daha sonra yaradıcı heyət özü qərar çıxarır: ya həmin səhnələri kəsib atmalı olurlar, ya da komissiyanın rəyi ilə razılaşmaq məcburiyyətində qalırlar.
Minval.info xəbər verir ki, bizim ölkəmizdə də həmin təlimatla razılaşdıqda o kateqoriyanı təsdiq edirlər. Kinoteatrlar isə filmə aid olan kateqoriyaya ciddi nəzarət etməlidir. Belə ki, həmin seansa kateqoriyaya uyğun olmayan uşaq gəldikdə o, salona buraxılmamalı, ona bilet satılmamalıdır. Bu, kinoteatrın vəzifəsidir. Amma buna nəzarət edilmir, pul qazanmaq, daha çox bilet satmaq üçün kinoteatrlar qaydaları pozur.
Məsələn, sosial şəbəkə istifadəçisi Nigar Nazim adlı xanım bir müddət öncə oxşar hadisədən gileylənib. N.Nazim bildirib ki, “Metro Park” TM-də yerləşən “Park Cinema” kinoteatrında ağır psixoloji yükü olan “Joker” filminə baxıb:
“Film uşaqlıq travmalarından bəhs edir. Amma filmə “18 yaşdan yuxarı insanlar üçün” məhdudiyyəti olmağına baxmayaraq zalda balaca uşaqlar var idi. Çıxanda bilet yoxlayanlardan soruşdum ki, niyə uşaqları zala buraxırsınız? Çaşbaş qalıb dedi ki, “Tək buraxmırıq ki, yanında böyük olur”. Ayıbdır, 20-30 manata görə belə hərəkət etmək olmaz”.
Paylaşımın şərh bölməsində bir çox istifadəçi kinoteatr haqqında bənzər sözlər yazıb, yaş məhdudiyyəti olan filmlərə uşaqların buraxıldığının şahidi olduqlarını yazıblar.
“Park Cinema” şəbəkəsinin piar-meneceri Rüstəm Fətəliyev “Minval.info”ya deyib ki, burada qadağadan söhbət getmir: “Yaş məhdudiyyətini biz təyin etmirik. Nazirlik və studiyalar təyin edir. Bu da ölkədən-ölkəyə dəyişir. Hər bir ölkədə bu tövsiyyə xarakterlidir. ABŞ-da belə bu belədir, Avropada da.. Biz heç kimə filmə baxmağa qadağa qoya bilmərik. Yaş məhdudiyyəti qadağa demək deyil, tövsiyyə xarakterlidir”.