Təbriz Qasımov: “Bəzi din təbliğatçıları cəfəngiyat dolu nağıllara üstünlük verir”


Cəmiyyətin düşüncə tərzindən, problemlərindən, təhsil səviyyəsindən xəbərdar olmayan birisi şübhəsiz, öz çıxışlarında ciddi xətalara, böyük yanlışlara yol verəcək”

Minval.info ölkə hüdudlarından kənarda xeyli müddət təhsil alan teoloq, araşdırmaçı-yazar Təbriz Qasımovdan müsahibə alıb. Ənənəvi dini baxışlardan uzaq olan müsahibimiz nə az, nə çox 14 sualımıza cavab verib. Suallar arasında bəzi ilahiyyatçıların yayındığı, hətta cavab vermək istəmədiyi mövzular yer alıb. Lakin müsahibimiz ona ünvadığımız bütün suallara cavab verib.

İlahiyyatçı Təbriz Qasımovlar söhbətimizi təqdim edirik:

– Təbriz müəllim, Azərbaycandakı dini mühitin səviyyəsini necə qiymətləndirirsiniz?

– Azərbaycandakı dini mühitin səviyyəsini müxtəlif aspektlərdən təhlil etmək mümkündür. Ümumiyyətlə, bizim ölkədə dini mühit çoxşaxəlidir. Bu çoxşaxəlilik fərqli dinlərdən, həmçinin dindaxili məzhəblərdən ibarətdir. Bu cəhətdən “dini mühit” ifadəsi bir qədər mürəkkəb və geniş anlam daşıyır. Lakin dini mühitin ümumi xarakteriskasını vermək istəsək, burada nəzərə çarpan ən bariz özəlliyin dinlərarası tolerantlığın olduğunu deyə bilərəm. Bu, olduqca önəmli faktordur. Çünki din və məzhəblərarası qarşıdurmalar tarix boyu dini kütləni ən çox narahat edən aktual məsələlərdən biridir. Tarixdə bu qarşıdurmaların necə böyük fəlakət və fəsadlara yol açdığına dair çoxlu sayda nümunələr var. Lakin xoşbəxtlikdən Azərbaycanda dini mühit bu baxımdan stabildir. Lakin bu stabilliyi axıra qədər qoruyub saxlamaq, bunun üçün ciddi şəkildə maarifləndirmə işləri aparmaq lazımdır. İnsanlar arasında ikitirəlik, təfriqə, mübahisə yaradacaq bütün fəaliyyətlərin qarşısı alınmalıdır. Din və ya məzhəblərarası müzakirələr elmi, mədəni, əxlaqi müstəvidə aparılmalıdır. Qarşı tərəfin dəyərlərini təhqir edən ifadə və hərəkətlərə yol verilməməlidir.

Azərbaycandakı dini mühitdə nəzərə çarpan digər bir özəllik ziyalı təbəqə arasında dinin nüfuzunun getdikcə artmasıdır. Bildiyiniz kimi, sovet təbliğatı nəticəsində insanlarda belə bir stereotip formalaşmışdı ki, guya, din ancaq qaragüruhçu, savadsız, dünyagörüşü olmayan təbəqəyə məxsusdur. Lakin günümüz reallığı bu düşüncənin nə qədər yanlış olduğunu, dinin əslində savadından, dünyagörüşündən asılı olmayaraq cəmiyyətin bütün təbəqələrinin ehtiyac duyaraq üz tutduğu bir fenomen olduğunu göstərməkdədir. Bu baxımdan hazırda dini mühitdə keçmişə nisbətdə müqayisə olunmayacaq qədər böyük bir inkişafın olduğunu deyə bilərik.

“Tənqid olmayan yerdə inkişaf və tərəqqi olmaz, o zaman din xadimləri də yanlış etdiyi məsələlərdə tənqid oluna bilərlər”

– Sizin fikrinizcə, din xadimlərini tənqid etmək olarmı? Bəzi ilahiyyatçılar düşünür ki, bu, qətiyyən yolverilməzdir.

– Din ümumiyyətlə təbəqələşmənin əleyninədir. Dini inancda təlqin olunan fundamental məsələlərdən biri də bütün insanların Allah dərgahında bərabər olmalarıdır. Allah yanından üstünlüyün yeganə meyarı təqvadır. Quranda “Hücurat” sürəsinin 13-cü ayəsində bu barədə belə deyilir: “Həqiqətən sizin Allah yanında ən hörmətliniz sizin ən təqvalı (pəhrizkar) olanınızdır”. Deməli, irqindən, millətindən, vəzifəsindən asılı olmayaraq Allah yanında hamı bərabərdir. Üstünlüyün yeganə meyarı isə ayədə qeyd olunduğu kimi təqvadır.


Teoloq Təbriz Qasımov

Din xadimlərini tənqidə gəldikdə, ümumiyyətlə, heç kim xətadan sığortalanmayıb. Din xadimləri, ilahiyyatçılar, dini elmlərdə dərin biliyə sahib olan mütəxəssislər xəta və yanlış edə bilərlər. Nəzərə alsaq ki, tənqid olmayan yerdə inkişaf və tərəqqi olmaz, o zaman din xadimləri də yanlış etdiyi məsələlərdə tənqid oluna bilərlər. Sadəcə olaraq, tənqid zamanı edilən tənqidin faydalı və tutarlı olması üçün lazım olan şərtlərə diqqət etmək lazımdır. Birincisi, tənqid zamanı təhqirə yol vermək olmaz. Bəzən olur ki, tənqid adıyla təhqirə yol verilir. Bu da təbii ki, edilən tənqidin faydalı olmaq yerinə zərərli olmasına səbəb olur. İkinci önəmli şərt isə tənqid edənin etdiyi tənqiddə məlumatlı olmasıdır. Məsələn, siz ixtisas tələb edən hansısa bir məsələdə savadınız yetmədiyi halda bu sahədə mütəxəssis olan din xadiminə etiraz etsəniz, sizin bu əməlimiz heç vaxt tutarlı tənqid hesab olunmayacaq. Bu hal din xadimləri üçün də keçərlidir. Etiraz və tənqid etdikləri məsələlərdə kifayət qədər dini və ya dünyəvi biliklərə yiyələnməlidirlər ki, etdikləri tənqidlər tam hədəfə otura bilsin.

“Unutmayaq ki, din insanlar üçündür, insanlar din üçün deyil. Ona görə də din yaşanabilir olmalıdır, dinamik olmalıdır, dini hökmlər həyata tətbiq oluna biləcək bir mahiyyətə sahib olmalıdır”

– İslamda mühafizakarlıq daha çox nəzərə çarpır. Reformist, yəni islahatçı olmaq daha məqsədəuyğundur, yoxsa ənənəvi mühafizəkarlıq?

– Baxır məsələyə hansı aspektdən baxırısız. Danılmaz faktdır ki, insanların din haqqında düşüncələri, qənaətləri, baxışları bir deyildir. Fikrimcə, mühafizəkar və reformist axınlar məhz bu anlayışların təsirilə formalaşır. İnsanların savadı, dünyagörüşü, düşüncə tərzinin burada müstəsna rol oynadığını hesab edirəm. Mənim subyektiv qənaətimə görə, hazırda reformist yanaşma daha idealdır. Təəssüf ki, reformizm bəzən yanlış başa düşülür. Bəzi insanlar elə güman edirlər ki, reformizm dini parçalamağa, aradan aparmağa köklənib. Bu təsəvvür olduqca yanlışdır. Reformizm dinin özü, substansiyası deyil, məhz insanların dindən başa düşdükləri yanlış izahları, anlaşılmaları islah etmək üçündür. Məsələn, Martin Luter reformist idi, məqsədi xristiyanlığı aradan aparmaq, məhv etmək deyildi, əksinə insanların xristiyanlıqdan anladıqları yanlışları düzəltmək idi. Martin Luter kilsələrdə pul müqabilində günah çıxarmağın yanlış olduğunu deyirdi. Bu bir islahatçı, reformist hərəkat idi. Martin Luter apardığı yorulmaz islahatlar nəticəsində müəyyən qədər istəyinə nail ola bildi. Kilsələr reformu qəbul etdi, insanlar dəstə-dəstə Protestanlığa üz tutdu. Luter bu fəaliyyətilə xristianlığı təhrif etmədi, əksinə ona yenidən həyat və canlılıq bəxş etdi, onu öz əslinə bir az yaxınlaşdıra bildi.

Reformizmdə nəzərə çarpan digər bir önəmli nüans islahatçı fəaliyyətlərin daim dini düşüncəyə və yaşam tərzinə canlılıq, dinamiklik bəxş etməsidir. Bilirsiniz, cəmiyyət elə bir fenomendir ki, o, sabitliyi, ətaləti sevmir. Unutmayaq ki, din insanlar üçündür, insanlar din üçün deyil. Ona görə də din yaşanabilir olmalıdır, dinamik olmalıdır, dini hökmlər həyata tətbiq oluna biləcək bir mahiyyətə sahib olmalıdır. Dini təlimləri formal deyil, mesajmərkəzli və hədəfmərkəzli oxumaq, qiraət etmək olduqca zəruridir.

Bir məsələni oxucuların diqqətinə çatdırmağı vacib hesab edirəm. Burada reformizm dedikdə, korkoranə hərəkət nəzərdə tutulmur. Kim nəyi necə istəyirsə o şəkildə islah edə bilməz. Burada metodologiya önəmlidir. Məsələlər rasional müstəvidə, tutarlı arqumentlər təqdim olunmaqla tənqid edilməlidir. Hər növ metodoloji və elmi xaosdan uzaq durmaq lazımdır.

“Dinin yanlış tanıtdırılması ateizmə qapı açmaqdadır, burada psixoloji tarvmalar da önəmli rol oynayır”

– Nəyə görə, İslam daha çox irrasionallıqla tanınır. Bu isə insanlarda çoxlu suallar yaradır. Dini ciddi qəbul etmirlər. Nə deyə bilərsiniz bununla bağlı?

– Bu suala qısaca belə cavab vermək istəyirəm ki, dinin irrasional tanınmasında ən böyük qüsur bəzi din təbliğatçılarının apardıqları yanlış təbliğatdan qaynaqlanır. Din təbliğatı ilə məşğul olan kəslərin təbliğat zamanı cəfəngiyyat dolu nağıllara üstünlük vermələri, yetəri qədər fəlsəfi-məntiqi bilgilərə sahib olmamaları, emprik (təcrübi – S.M.) elmlərin bu qədər inkişaf etdiyi dövürdə bu elmlərdən primitiv miqdarda olsa belə, məlumatsız qalmaları digər insanlarda dinin irrasional bir fenomen olması təsəvvürünü yaradıb.

– Sosial şəbəkələrdə belə bir mənzərə yaranıb ki, ateizm ölkədə sürətlə inkişaf edir. Bunun səbəbi nədir?

– Sosial şəbəkələr reallığı nə qədər əks etdirir bilmirəm. Lakin danılmaz faktdır ki, dinin yanlış tanıtdırılması ateizmə qapı açmaqdadır. Fikrimcə, Qərbdə son dövrlərdə ateizmin inkişaf etməsində tam olmasa da, müəyyən qədər kilsə amili də rol oynayır. Kilsənin təqdim etdiyi yanlış kainat təsviri, hər sahədə özünü avtoritet hesab etməsi, elmi sahələrə lüzumsuzca etdikləri müdaxilələr, 600 il mövcudluğunu qorumuş İnkvizisiya məhkəməsi ateizmin yaranmasında başlıca rol oynayıb. Deməli, dini insanlara düzgün, rasional formada çatdırmaq lazımdır. Әks təqdirdə yanlış din təqdimatı sonda müəyyən təbəqənin içərisində ateizmin doğmasına zəmin yaradacaqdır.

Ateizmin meydana gəlməsində psixoloji tarvmalar da önəmli rol oynayır. Antoni Flunun qeyd etdiyinə görə, Avropada “Holokost” (Nasistlərin törətdikləri yəhudi soyqırımı) hadisəsindən sonra insanlarda tanrı anlayışına qarşı inamsızlıq yarandığı səbəbindən ateizm sürətlə inkişaf etməyə başladı. Flunun qeyd etdiyi bu təsbitin nə qədər dəqiq olduğunu deyə bilmərəm. Lakin psixoloji travmaların insanın ateizmə və nihilizmə yönəlməsində rol oynadığı danılmaz faktdır.

Ä°lgili resim
Məscid

– Din xadimləri çıxışlarında bəzən sərt danışır və çoxluq tərəfindən qəbul edilməyən mövzulardan söhbət açır. Siz necə düşünürsünüz, bu, belə olmalıdır?

– Kütlə qarşısında çıxış edən hər bir kəs, istər din xadimi olsun, istərsə də qeyrisi, ilk növbədə xitab etdiyi cəmiyyəti yaxşı tanımalı, bir növ mahir cəmiyyətşünas, sosioloq olmalıdır. Cəmiyyətin düşüncə tərzindən, problemlərindən, təhsil səviyyəsindən xəbərdar olmayan birisi şübhəsiz, öz çıxışlarında ciddi xətalara, böyük yanlışlara yol verəcək. Könül istərdi ki, bu sahədə nəzarət olsun. Lakin mövcud şəraitdə bunu tətbiq etmək imkansızdır.

“Bir insan ateist olduğu üçün alim və ixtiraçı olmur. Belə olsaydı, bütün ateistlər alim və ixtiraçı olardı. Nə də ki, bir insan inanclı olduğu üçün alim və ixtiraçı olmur. Әks təqdirdə, inanclı təbəqənin hamısı alim və ixtiraçı olardı”

– Bir çox insanlar dinə gəldikdən sonra onlar haqda deyilir ki, “kaş, əvvəlki kimi qalardı, heç namaz qılmazdı”. Bunun səbəbi nədir?

– Bunun miqdarını və əksər namaz qılanlara aid olduğunu təyin etmək olduqca müşküldür. Fikrimcə, burada bir az mübaliğə var. Lakin belə faktların olduğu da danılmazdır. Bunun bir çox səbəbi ola bilər. Məsələn, namaz qılan birisi haram olduğu üçün rüşvət almaqdan imtina edə bilər. Həyata maddi aspektdən baxan praqmatist təfəkkürlü birisinə görə, bu adam namaz qılmasaydı daha yaxşı olardı, “indi acından öləcək”. Şübhəsiz, belə birisinin namaz qılana etiraz etməsi heç bir əhəmiyyət daşımır. Lakin bəzi hallarda namaz qılan birisi düşdüyü radikal mühitin təsirilə aqressivləşir, insanlara qarşı kobud olmağa başlayır, lüzumsuz yerə dünya həyatına üz çevirir, inzivaya çəkilir, bəzən isə ətrafındakılara qarşı təhlükəli olmağa başlayır. Belə davranan birisi haqqında şikayətlərin olması da təbiidir.

– Müsəlmanlar bəzən qınanır ki, “ateistləri bəyənmirsiniz, amma onların istehsal etdiyi məhsuldan istifadə edirsiniz”. Bu, nə dərəcədə uyğun və tutarlı arqumentdir?

– Olduqca absurd və heç bir rasional məzmunu olmayan bir iddiadır. Çünki tarixdə etdiyi icadlarla məşhur olan kifayət qədər inanclı insan olub. Statiskada Nobel mükafatı alan inanclı alimlərin sayı ateistlərə nisbətdə müqayisə olunmayacaq qədər çoxdur. Ümumiyyətlə, elm adamlarının inanclımı, yoxsa inancsızmı olduqları heç bir əhəmiyyət daşımır. Çünki texnika və texnologiyada edilən kəşflər, ixtiralar, istehsal olunan məhsullar sadəcə olaraq, emprik savad tələb edir. Bunun birbaşa inancla əlaqəsi yoxdur. Bir insan ateist olduğu üçün alim və ixtiraçı olmur. Belə olsaydı, bütün ateistlər alim və ixtiraçı olardı. Nə də ki, bir insan inanclı olduğu üçün alim və ixtiraçı olmur. Әks təqdirdə, inanclı təbəqənin hamısı alim və ixtiraçı olardı. Teizm və Ateizm hər ikisi fəlsəfi məsələdir. Bunun emprik elmlərlə, elmi kəşflərlə, bir sözlə “sciense”lə heç bir əlaqəsi yoxdur.

“”Kurtlar Vadisi” serialında bir fraqment var, hər zaman diqqətimi çəkib. Aron Feller Davud Tataroğluna bir müddət səhnədən geri çəkilməyi, əlindəki sahələri digər mafiya başçılarına verməyi tapşırır. Amma medianı istisna edir”

– Nəyə görə belə bir düşüncə formlaşıb ki, İslam terror dinidir və dindar görəndə uzaq durmağa çalışırlar? Hətta dindarların bəziləri dindar olan məclisə getmək istəmirlər?

– Burada iki amil əsas rol oynayır: Savadsız, dünyagörüşsüz, radikallığa meyilli olan kəslərin xüsusi şəkildə istismar edilməsi və medianın gücü. Birinci qrup hər zaman potensial təhlükədir. Bu qrupa aid olanlar bəzən din adıyla, bəzən isə başqa ad və ünvanlarla hər zaman cəmiyyət üçün təhlükə mənbəyi olublar. Digər bir amil isə medianın apardığı qərəzli və planlı təbliğatlardır. Məsələn, siz heç vaxt mediada “NATO və Terror”, “Demokratiya və Terror” başlıqlı xabərlərin tirajlandığını görə bilməzsiz. Halbuki NATO qüvvələrinin demokratiyanı bəhanə edərkən neçə-neçə ölkəni xaraba qoyduqlarını hamımız yaxşı bilirik. “Kurtlar Vadisi” serialında bir fraqment var, hər zaman diqqətimi çəkib. Aron Feller Davud Tataroğluna bir müddət səhnədən geri çəkilməyi, əlindəki sahələri digər mafiya başçılarına verməyi tapşırır. Amma medianı istisna edir. Deyir, “nə qədər ki, media sənin əlindədir, deməli, ən güclüsü hər zaman sənsən”.



– Əksər dindarlar cəmiyyətdə geyimi və görünüşü ilə fərqlənir. Bu, bir çox hallarda ikrah hissinə səbəb olur. Əslində, dindar necə olmalıdır?

– Geyim dedikdə, baxır cəmiyyətdə hansı geyim tərzi hakimdir. Bəzən olur ki, əksər insanların istifadə etdikləri geyim tərzi özü ikrah doğurur. Burada cəmiyyətin geyim tərzinə uymaq vacib deyil. Məsələn, gənclər dizi cırıq və dar-dütdək şalvar geyinirsə, bu növ geyim tərzinə uymaq lazım deyil. Amma cəmiyyətin əksər hissəsi normal geyinirsə, bu zaman cəmiyyətə uyğun olacaq şəkildə geyinmək, insanlarda ikrah hissini oyadacaq geyimlərdən uzaq durmaq lazımdır. Məlum mələsədir ki, kimsə bizim cəmiyyətdə hindistanlılar kimi geyinsə, bu digər insanlarda ikrah hissi oyadacaq.

“Bir şeyi yaxşıca dərk etməliyik ki, məsxərə və təhqir heç vaxt əlac deyil. Unutmamalıyıq ki, təsir əks təsirə bərabərdir”

– Qeyri-dindarlar din xadimlərinin bəzi çıxışlarını məsxərəyə qoyurlar. Bunun səbəbi nədədir?

– Ümumiyyətlə, məsxərəyə qoymaq, təhqir etmək, dözümsüzlük göstərmək son dövürlərdə gənclər arasında yaman yayılıb. Bu, yolverilməzdir. Maksimum şəkildə təhqir və məsxərələrdən uzaq durmaq lazımdır. Әgər məqsəd qarşı tərəfin etdiyi yanlışı düzəltməkdirsə, o zaman bunu rasional şəkildə, ədəb-ərkanla həyata keçirmək lazımdır. Bir şeyi yaxşıca dərk etməliyik ki, məsxərə və təhqir heç vaxt əlac deyil. Unutmamalıyıq ki, təsir əks təsirə bərabərdir.

– İslam dini barədə siravi dindarlar və ya teoloqlar bəzən ənənəvi düşüncələrdən fərqli fikir bildirərkən sorğulanmadan əqidədaşları tərəfindən sərt reaksiyalar verilir. Hətta bir çox hallarda təhqirə yol verənlər də olur. Bu barədə nə deyə bilərsiniz?

– Modern dünyada emprik elmləri cazibədar qılan önəmli bir faktor var – test etmə və nəticə alma faktoru. Humanitar elmlərin bəzi sahələrində də bu metod müəyyən qədər tətbiq olunur. Bu metodun başlıca özəlliyi nəticəmərkəzli olmasıdır. Məsələn, götürək hüququ. Hansı hüququ qaydalar daha idealdır? Şübhəsiz, cəmiyyətə istiqrar bəxş edən. Deməli, burada önəmli olan cəmiyyətin istiqrarıdır, yəni nəticədir. Kimsə durub ənənəviçilik göstərsə və Hammurapi qanunlarını müdafiə etməyə çalışsa, şübhəsiz, belə bir şəxsin ümumiyyətlə, hüquq fəlsəfəsindən xəbərsiz olduğu aydın olacaq. Və ya qədimdə filosoflar planetlərin də ruhlarının olduğuna inanırdılar. Çünki planetlərin Günəş ətrafında nizamlı şəkildə fırlanmalarını ancaq ruhun varlığıyla izah edirdilər. Halbuki müasir elm bunu cazibə qanunu ilə izah edir.

Deməli, ənənəviliyin də bir həddi-hüdudu, çərçivəsi olmalıdır. “Keçmişdəkilər nə deyiblərsə, düz deyiblər, bizim alternativ yeni bir şeylər ortaya qoymaq haqqımız yoxdur” məzmunlu düşüncələr gerilikdən savayı bir şey deyil. Sanki həqiqətlər bütün çılpaqlığı ilə keçmişdəkilərə əyan olub və bizim düşünməyimizə artıq ehtiyac qalmayıb. Bu təfəkkür tərzi fikrimcə, çox təhlükəlidir və inkişafın qarşısını alan ən böyük maneələrdən biridir.

“”Dindaramsa deməli, ancaq dini elmlərə köklənməliyəm”, deyə bir qayda yoxdur”

– Bəzən mütaliə dedikdə, dindarlar belə düşünür ki, yalnız dini ədəbiyyatlara üstünlük verilməlidir. Sizin buna münasibətiniz necədir?

– Dini sahələrlə yanaşı digər sahələr də mütaliə edilməlidir. Fikrimcə, bu sahələr arasında qırılmaz bağlar var. Məsələn, hüquq fəlsəfəsindən anlayışı olmayan birinin fiqhə baxışı şübhəsiz fərqli olacaq. Ümumiyyətlə, Quranın məntiqində inanclı kəslər hər bir halda daim yer və göylərin yaradılışı barədə təfəkkür edən kəslərdir (Ali-İmran 191). Fikrimcə, bu ayəyə iman edən birisi əlindən gələn qədər emprik elmlərlə məşğul olar, ona maraq göstərər. Çünki yerin və göylərin sirrinə vaqif olmaq üçün ən ideal vasitə hazırda emprik elmlərdir. Bundan əlavə humanitar sahələr, sənət, incəsənət və digər sahələrlə də məşğul olmaq lazımdır. Әlbəttə, bir insan təkbaşına bütün bu sahələrlə məşğul ola bilməz. Maraq duyduğu, potensialı olan sahələrə daha çox üstünlük verməlidir. Sadəcə olaraq demək istədiyim odur ki, “dindaramsa deməli, ancaq dini elmlərə köklənməliyəm”, deyə bir qayda yoxdur.

– Müsəlmanlara hazırki dövrdə tövsiyəniz nədir və onları necə görmək istərdiniz?

– Özüm də qarışıq müsəlmanları savadlı, ziyalı, əxlaqlı, tolerant, anlayışlı, ictimai və siyasi məsələlərdə fəal görmək istəyərdim. Deyəsən, çox şey istədim.

Müəllif: Samir Mirzə
20 Noyabr 2024 Türkiyənin məşhur aktyoru Bakıda - Foto
11 Noyabr 2024 Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi
05 Noyabr 2024 Meksika səfirliyində Ölülər Günü qeyd edilib
05 Noyabr 2024 "Yanında qız olan oğlan olmaq istəyirəm” - FOTO
05 Noyabr 2024 Məşhur türk serialında Azərbaycan mahnısı - Video
26 Oktyabr 2024 Şahlar Quliyev dəfn olundu
26 Oktyabr 2024 Bir qrup beynəlxalq səyyah Şuşaya gəldi
24 Oktyabr 2024 Tarzan öldü
22 Oktyabr 2024 “Mehmed: Fəthlərin Sultanı” serialı Kann Film Festivalında
18 Oktyabr 2024 Xalq artisti oğlu və qızı ilə Hindistanda - Video/Foto
09 Oktyabr 2024 "Kuruluş Osman"ın aktyoru yeni serialda - FOTO
07 Oktyabr 2024 Qarabağ savaşından film çəkiləcək - Ərhan Ufak
05 Oktyabr 2024 Tatlısəs növbəti dəfə məhkəməyə verildi
20 Sentyabr 2024 Qərbi Azərbaycanda Manna məbədi dağıdılır
18 Sentyabr 2024 Rus alim darmadağın etdi: Bütün dahilərimiz türkdür!
17 Sentyabr 2024 "Bir qalanın sirri" filminin çəkiliş prosesindən nadir görüntülər
13 Sentyabr 2024 Rusiyanın Elçibəyi öldürmək istəyən məşhur dəstəsi…
31 Avqust 2024 Tanınmış şairin səhhəti yenidən pisləşdi
29 Avqust 2024 Ermənilər onları atıb, Qarabağ geyimlərini geyinirdilər…
27 Avqust 2024 Türkiyəli məşhur aktrisa öldü
22 Avqust 2024 "Atabəylər" serialının çəkilişləri bitdi
17 Avqust 2024 Məşhur türkiyəli aktyor vəfat etdi
17 Avqust 2024 Şərqi Zəngəzurun unudulan zinət əşyaları...
13 Avqust 2024 Azərbaycandan Avropaya uzanan ənənə... - Foto
12 Avqust 2024 Tom Kruzdan bağlanış mərasimində şok hərəkət - Video
09 Avqust 2024 Rasim Balayevin ad günündən görüntülər - VİDEO
09 Avqust 2024 "Tağıyev" filminin çəkilişləri başa çatdı
06 Avqust 2024 Türkiyənin məşhur serialında Nəsimi ilə bağlı ŞOK səhnələr – VİDEO
06 Avqust 2024 Milli geyimlərimiz filmlərdə... - Video
21 İyul 2024 Türkiyəli məşhur aktyor vəfat etdi