Azərbaycan xalqının görkəmli bəstəkarı Süleyman Ələsgərovun adının Bakının mərkəzi küçələrindən birinə verilməsi bütün musiqisevərlərin sevincinə səbəb olub.
Moderator.az-a açıqlamasında ölkə başçısına buna görə öz təşəkkürünü bildirən bəstəkarın nəvəsi, Əməkdar artist Tahir İmanov, digər qurumlarla bağlı iradlarını da dilə gətirib:
“Bəstəkar S.Ələsgərovun adının mərkəzi küçələrdən birinə verilməsi təbii ki, bizim ailəmizin, eləcə də bütün musiqisevərlərin sevincinə səbəb oldu və biz buna görə ölkə başçısına öz təşəkkürümüzü bildiririk. Bu hadisədən sonra başa düşdüm ki, anam haqlı idi. Anam hələ 2004-cü ildə mənə demişdi ki, S.Ələsgərovla bağlı məsələ ilə əlaqədar kimsəyə bir söz demə. Bu barədə birbaşa cənab prezidentə demək lazımdır. Biz 15 ildən sonra öz istəyimizi ölkə başçısına çatdıra bildik. Nə Bəstəkarlar İttifaqının, nə də digər qurumlar bu məsələdə bir addım da olsun atmadı. Heç kimin tükü də tərpənmədi. Halbuki, bir məktub yazmaq nə idi ki? Ancaq belə bir məktubu kimsə yazmadı. Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsi də bu istiqamətdə heç bir addım atmadı. Axı hər şeyi nazir, hər şeyi prezident etməli deyil. Biri cənab nazirə deyərdi ki, hörmətli nazir, qarşıdan S.Ələsgərovun yubileyi gəlir. O, milli musiqimizə bu kimi töhfələr verib. Çoxlu tələbələr yetişdirib. Hansı ki, o tələbələrin bir çoxu Azərbaycanın ali musiqi ocaqlarına rəhbərlik edir. Hamı gözləyir ki, onlara “yuxarıdan” kimsə nə isə desin.
Zamanı gəlincə mən bu haqda çox danışacam. Yaxşı ki, S.Ələsgərovun nəvələri var, onun xatirəsinin əbədiləşdirilməsi üçün səy göstərir. Bizim nə qədər görkəmli bəstəkarlarımız, musiqiçilərimiz var ki, onların ailə üzvlərindən, yaxın qohumlarından kimsə yoxdur. Bəs onların aqibəti necə olacaq? Bəs onların xatirəsinin əbədiləşdirilməsi üçün kim səy göstərəcək?
Bir daha fürsətdən istifadə edib cənab prezidentə, Mehriban xanıma öz təşəkkürümü bildirirəm ki, Azərbaycan mədəniyyətinə bu qədər qayğı göstərir, mədəniyyətimizi bu qədər yaşadırlar. Onlar olmasa, bu gün Azərbaycan mədəniyyəti məhv olmuşdu. Onlar bizim mədəniyyətimizi qoruyub saxlayıblar, onlar Azərbaycan mədəniyyətinə öz adlarını qızıl hərflərlə yazdıran bəstəkarları Azərbaycan xalqına unutdurmurlar. Başda televiziyalar olmaqla elə qurumlar var ki, elə təbliğat aparırlar ki, sanki Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, S.Ələsgərov və s. olmayıb. Belə yanaşmaq yolverilməzdir”.