Yardımların pensiya məbləğinə əlavə olunmasından sonra indeksasiyanın aparılması artıq reallaşmaqdadır.
Dövlət Statistika Komitəsi bu gün 2022-ci ildə orta aylıq əmək haqqında artım faizini elan edib. Bütün növ əmək pensiyalarında 14.7 % artım olacaq. Ölkə Prezidenti tərəfindən sərəncam imzalandıqdan sonra pensiyalardakı artım reallaşacaq.
Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı, deputat Vüqar Bayramov qeyd edib. O bildirib ki, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur:
"Ötən il pensiyası 300 manat olan vətəndaşımız üçün ikinci artım faizi belə hesablanacaq: 316.7 manat X indeksasiya faizi= yeni pensiya məbləği. Yəni, 316.7 manat x 14.7 faiz = 46.55 manat. Bizim nümunədə, 300 manat pensiya alan vətəndaşımızın hər iki artımdan sonra pensiya məbləği belə olacaq: 300 manat + 16.7 manat + 46.55 manat= 363.25 manat. Bu artım hər ay ödəniləcək.
Əvəllər də qeyd etidiyimiz kimi, 2022-ci ildə orta aylıq əmək haqqıda artımla bağlı rəsmi statistika fevralda bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılır. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma ikinci artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Bu o deməkdir ki, 300 manat pensiya alan pensiyaçının fevral ayında ödənişi belə olacaq: 300 manat + 16.7 manat + 46.55 manat (yanvar üzrə indeksasiya artımı) + 46.55 manat (fevral üzrə indeksasiya artımı) = 409.8 manat. Deməli, 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləği fevral ayında 409.8 manat, mart ayından etibarən isə 363.25 manat alacaq.
Qanunvericiliyə edilən dəyişikliklərdən sonra bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiyalarında artım hesablanacaq".