“Avropa İttifaqı bir neçə ay ərzində Rusiyanın enerji asılılığından xilas oldu”. Musavat.com-un məlumatına görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrel deyib.
“Bir neçə aya biz Rusiya Federasiyasından illərdir yaratdığımız enerji asılılığı aradan qaldırdıq”, - deyə o qeyd edib.
Aİ rəsmisi bildirib ki, qurum qiymət artımının “son dərəcə stresli bir mərhələsini” adlayıb. Onun sözlərinə görə, avqustda “kəskin yuxarı qiymət” bazarlarda spekulyativ gərginliklə bağlı olub: “Artıq bir meqavat-saatının qiyməti müharibədən əvvəlki qiymətlərə qayıdır və bu, onsuz da çox yüksək idi”.
Qurum rəsmisi hesab edir ki, enerji bazarındakı gərginliyi artıq Ukrayna hadisələri ilə əlaqələndirmək olmaz: “Bu, enerji sektorunda qaz və elektrik enerjisi qiymətlərinin nisbəti ilə bağlı ”struktur problemi"dir".
O, ümid etdiyini bildirib ki, Avropa Komissiyası tezliklə vəziyyəti düzəltməyə yönəlmiş təklif alacaq. Borrel əmindir ki, Avropa İttifaqının tələbatın 15 faizi həcmində qazı birgə tədarük etmək planı bazardakı spekulyativ davranışların qarşısını almağa kömək edəcək.
"Gas Infrastructure Europe"nin (GIE) məlumatına əsasən, yanvarın 21-də Avropa yeraltı qaz anbarlarından 588 milyon kubmetr qaz götürüb. Bu, 2018-ci ildən bəri həmin tarixdə götürülən ən aşağı həcmdir. Həmin gün anbarlara cəmi 25 milyon kubmetr qaz vurulub.
Avropanın qaz anbarlarında ehtiyatların həcmi 80 faizdən aşağı olsa da, bu, son 5 illikdəki orta göstəricidən 20,1 faiz yüksəkdir.
Hazırda anbarlardan qaz götürülməsi 2022-ci il dekabrın ortalarındakı həcmlərdədir.
Ukrayna ərazisindən nəql olunan Rusiya qazına tələbat yanvarın əvvəlindən bəri 44 faiz azalıb.
Avropada istilik mövsümü 2022-ci il noyabrın 14-dən başlayıb. Ondan bəri anbarlardan 22,87 milyard kubmetr qaz sərf olunub. Anbarların maksimum dolu olduğu gündən ötən 69 gün ərzində anbarlardan sərfiyyat 5 illik orta göstəricidən 9,4 faiz azdır.
Hazırda Avropada anbarlar 78,35 faiz doludur - bu, 5 illik orta göstəricidən 20,1 faiz bəndi yüksək deməkdir. Anbarlarda 84,84 milyard kubmetr qaz var.
Yaxın günlərdə anbarladan götürülən qaz həcmlərinin daha az olacağı gözlənilir. Belə ki, Avropa hava qurumunun məlumatına əsasən, bu həftə havanın temperaturu əvvəlki həftələrdən yüksək olacaq. Qitənin enerji təchizatında külək enerjisinin payı da yüksək olaraq qalır. Ayın əvvəlindən bəri orta göstərici 24 faiz təşkil edir, yanvarın 15-də rekorda - 35,4 faizə çatıb, 20-də isə 12,8 faizə qədər azalıb.
Avropa anbarlardan maksimum az qaz götürməyə çalışır. Əlverişli qiymət şərtləri fonunda LNG idxalı artır. Hazırda qitədəki terminallar LNG-nin təbii qaza çevrilməsi gücünün 64 faizi həcmində yüklənib. Yanvar ayında qazın spot alış qiyməti min kubmetr üçün 741 dollara düşüb. Yanvarın 17-də hətta qiymətlərin 600 dollardan da aşağı düşməsi qeydə alınıb. Lakin həftəsonuna yenidən 800 dollara yaxınlaşıb. Buna baxmayaraq, Avropa növbəti mövsümə daha çox ehtiyatla çıxmaq üçün anbarlardan deyil, maye qazdan istifadəyə üstünlük verir.
Yanvarın əvvəlində Böyük Britaniya Rusiyadan maye qaz alışını tam dayandırıb. Hazırda bu məhsulu İspaniya, Fransa və qismən Almaniya alır.
Yanvarın əvvəlində Almaniya hökuməti bəyan edib ki, ölkə 2022-ci ilin əvvəlində tələbatının 40 faizini ödədiyi Rusiya neftinin alışını tam dayandırıb, 55 faiz ehtiyacını qarşıladığı Rusiya qazının alışını isə sıfırlamaq üzrədir. Ötən ilin sonlarında ölkədə işə salınan 3 üzən maye qaz terminalından ilk qaz Almaniyanın qazpaylayıcı şəbəkəsinə yanvarın 3-dən daxil olmağa başlayıb.
Hazırda Almaniyada qaz istehlakı ötən ilin eyni dövründən 14 faiz azdır - ölkə qənaətlə buna nail ola bilib. Rusiya qazının əvəzində isə Norveç və Niderlanddan alışlar artırılıb. Eyni zamanda Almaniya LNG idxalını artırmaq üçün mənbələr axtarmaqdadır.
Ölkənin enerji tələbatını ödəmək üçün Almaniya hökuməti kömürlə işləyən elektrik stansiyalarının yenidən işə salınması və 2024-cü ilin martına qədər onlardan istifadə olunması barədə qərar qəbul edib. Hazırda kömürlə işləyən elektrik stansiyaları Almaniyada 5 milyon evi enerji ilə təmin edir. Bununla yanaşı, Almaniyada bağlanması gözlənilən 3 atom elektrik stansiyasının da 2023-cü ilin sonunadək işləməsinə icazə verilib.
Fransa və Almaniya artıq birgə qaz alışına dair razılığa gəliblər. Bu razılıq Fransa Prezidenti Emmanuel Makronun Almaniya kansleri Olaf Şolsla görüşündə əldə olunub. İki ölkə uzunmüddətli dövrdə qaz alışlarını birgə reallaşdırmaq niyyətindədir. Eyni zamanda ölkə rəhbərləri İspaniyadan Fransaya çəkiləcək yaşı hidrogen kəmərinin Almaniyaya qədər uzadılmasına dair razılıq da əldə ediblər. Ötən ilin payızında Fransa və İspaniya iki ölkəni birləşdirməsi nəzərdə tutulan qaz kəməri ilə qaz deyil, maye hidrogenin nəql olunmasına dair müqavilə imzalayıblar. Midcat adlanan kəmərin çəkilişinə dair razılaşmaya Portuqaliya da qoşulub. Almaniyanın da layihədə iştirakı onu Avropa Birliyindən böyük maliyyə dəstəyi almasını təmin edəcək. Kəmərin çəkilməsinin 2,5 milyard avroya başa gələcəyi gözlənilir.
Yanvarın 21-də Ukrayna ərazisindən nəql olunan Ukrayna qazı üçün gündəlik sifariş 24,4 milyon kubmetr təşkil edib. Halbuki buna qədər gündəlik sifariş 42-43 milyon kubmetr həcmində idi. Bu marşrutla qaz alan İtaliyanın "Edison" şirkəti “Qazprom”la dekabrın 31-də başa çatan müqaviləni yeniləməyib. Digər İtaliya şirkəti Eni isə Rusiyadan alışı minimuma endirib. Şirkət bu prosesi 2024-cü ilin əvvəlində sonlandırmaq niyyətindədir.
Ümumiyyətlə, İtaliyanın qaz təminatında Rusiyanın payı 45 faizdən 7 faizə qədər azalıb. Bu ilin sonunadək bu payın sıfıra endirilməsi nəzərdə tutulur. Buna Əlcəzair və Azərbaycandan qaz idxalının artırılması hesabına nail olunub.
2022-ci ilin yekununda Əlcəzair İtaliyanın əsas qaz təchizatçısına çevrilib. 2021-ci ildə Əlcəzairdən 21 milyard kubmetr qaz alan İtaliya 2022-ci ildə bu həcmi 25 milyard kubmetrə qədər artırmağı nəzərdə tuturdu. Növbəti illərdən bu həcmin daha da artırılması planlaşdırılır. Əlcəzair hökuməti öz məhsulunu digər Avropa ölkələrinə satmaq üçün İtaliyada qaz habının yaradılması layihəsi üzərində işləyir. Hazırda Eni şirkəti bu ölkənin Sonatrach Saxara səhrasının cənub ərazilərində neft-qaz kəşfiyyatı ilə məşğuldur.
Bu həftənin sonunda İtaliyanın baş naziri Çorci Meloninin Əlcəzairə ikigünlük səfəri başlayır. Səfər zamanı qaz nəqlinin artırılması məsələsinin əsas müzakirə mövzularından biri olacağı gözlənilir. Əlcəzairdə qaz hasilatının artırılması üçün infrastruktura ciddi investisiyaların yatırılması tələb olunur. Ölkə bu investisiyaların əsas mənbəyi olaraq İtaliya şirkətlərinə ümid edir.
İtaliyanın, eləcə də bir sıra Şərqi Avropa ölkələrinin Rusiya qazını əvəz etmək üçün üz tutduğu ölkələrdən biri də Azərbaycandır. 2021-ci ildə Azərbaycandan Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TAP kəməri vasitəsilə Avropaya 8,1 milyard kubmetr qaz nəql edilib. 2022-ci ilin rəqəmlərinə görə, Azərbaycan bu xətlə 11,4 milyard kubmetr qaz ixrac edib ki, bu da 2021-ci illə müqayisədə 12,3 faiz artım olduğunu göstərir. 2023-cü ildə Azərbaycan Avropaya qaz təchizatını 12 milyard kubmetrə qədər çatdırmağa ümid edir.
Azərbaycanla Avropa İttifaqı arasında 2022-ci ilin iyulunda imzalanmış memoranduma əsasən Bakı 2027-ci ilədək Avropaya qaz təchizatını iki dəfə artırmağı hədəfləyir. Bu barədə Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında danışıb: “2021-ci ildə bizim Avropaya ixracımız 8 milyard kubmetrdən bir az artıq idi. Bu il ən azı 11,6 milyard kubmetr olacaq. Artım olduqca sürətlidir. Ümumi ixrac isə 24 milyard kubmetr olacaq. Azərbaycan ilə Avropa İttifaqı arasında yayda imzalanmış anlaşma memorandumuna əsasən, 2027-ci ilədək biz təchizatını iki dəfə artıracağıq. Yəni Avropa İttifaqına ixrac ən azı 20 milyard kubmetr olacaq. Bunun üçün isə Avropada daha çox interkonnektor olmalıdır. Onlardan biri - Yunanıstan-Bolqarıstan İnterkonnektoru ötən ilin sonunda istifadəyə verildi. Bu, bizə Bolqarıstana, ilin əvvəlindən isə Rumıniyaya qaz nəql etmək imkanı yaratdı”.
Azərbaycandan artacaq qaz həcmlərini ötürmək üçün TAP kəmərinin genişləndirilməsi layihəsinin icrası üçün addımlar atılmaqdadır. Artıq bununla bağlı bir sıra prinsipial razılaşmalar əldə olunub. Genişləndirmə planına bütün maraqlı tərəflər dəstək verəcəklər. İtaliyanın energetika naziri Cilberto Piketto Fratinin yerli mətbuata verdiyi məlumata görə, ölkəsi bu prosesdə maraqlıdır: “İtaliya enerji təhlükəsizliyinə və müstəqilliyinə nail olmalıdır və bunun üçün həm də Azərbaycandan Apuliyaya təbii qaz ötürən Trans-Adriatik Boru Kəmərinin (TAP) gücünün ikiqat artırılması lazımdır”.
Beləliklə, Rusiya Avropa üzərində çox mühüm təzyiq alətindən demək olar ki, bütünlüklə məhrum olub. Bu proses qaz ixracatçısı olan Azərbaycan üçün ciddi fürsətlər açır və atılan addımlar göstərir ki, Bakı bu fürsətləri boşa vermək fikrində deyil...
Dünya SAKİT,
“Yeni Müsavat”