Bahalaşma dalğası quru və bəzi qərzəkli meyvələrə də təsirsiz ötüşməyib.
Əsasən Yeni il və Novruzda artdığını hiss etdiyimiz quru meyvələrin qiyməti bu dəfə bayramı gözləməyib. Artıq bazarlardakı qiymət artımı quru və qərzəkli meyvələrdə də özünü göstərir. Alıcılar deyirlər ki, quru meyvələrin qiyməti həmişə yüksək olub. Bu günkü qiymət artımının fonunda həmin məhsulların bir az da bahalaşması onları təəccübləndirmir.
Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, quru meyvələr olan mağazaları gəzdiyimiz zaman satıcılar xüsusilə xarici ölkələrdən gətirilən çeşidlərin qiymətinin artdığını dedilər.
Satıcılar bildirdilər ki, qiymətin artmasının əsas səbəblərindən biri xaricdən gətirilən bir çox çeşidlərin artıq ölkəyə gəlməməsidir. Türkiyədən və İrandan gələn quru meyvələrin də qiyməti artıb. Səbəb isə elə alış yerində məhsulun bahalaşmasıdır. Yerli məhsullarda isə qiymət dəyişməyib.
Satıcılar onu da qeyd ediblər ki, yerli məhsullardan ən baha olanı Ordubad qozudur. Hazırda onun 1 kiloqramı 24 manatdır.