Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 30 milyard 653,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 23 milyard 159,4 milyon dollar, idxalın dəyəri 7 milyard 493,8 milyon dollar təşkil edib, nəticədə 15 milyard 665,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Dövlət Statistika Komitəsindən Axar.az-a bildirilib ki, 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 71,7 faiz, real ifadədə isə 7,2 faiz artıb. İxrac real ifadədə 12,3 faiz artıb, idxal isə 2,3 faiz azalıb.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 90,6 faizi İtaliya, Türkiyə, Rusiya, Hindistan, Çin, İsrail, Birləşmiş Krallıq, Yunanıstan, Almaniya, Çexiya, Xorvatiya, Gürcüstan, İspaniya, Ukrayna, Portuqaliya, İsveçrə, Qazaxıstan, Tunis, ABŞ, Vyetnam, İran, Tailand və Rumıniya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,7 faizi Rusiyanın, 16,2 faizi Türkiyənin, 14,9 faizi Çinin, 4,4 faizi Almaniyanın, 4,2 faizi Qazaxıstanın, 3,5 faizi İranın, 3,2 faizi ABŞ-ın, 2,3 faizi İtaliyanın, hər biri 2,0 faiz olmaqla Ukrayna və Yaponiyanın, hər biri 1,9 faiz olmaqla Türkmənistan və Koreyanın, hər biri 1,8 faiz olmaqla Birləşmiş Krallıq və Fransanın, 1,6 faizi Hindistanın, 1,1 faizi Belarusun, hər biri 1 faiz olmaqla Özbəkistan və Braziliyanın, hər biri 0,9 faiz olmaqla Gürcüstan və İndoneziyanın, hər biri 0,8 faiz olmaqla Polşa və Vyetnamın, 13,1 faizi isə digər ölkələrin payına düşüb. İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. İdxal olunan malların 63,5 faizini avtomobil, 18,5 faizini dəmir yolu, 10,6 faizini hava, 6,8 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,6 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.
2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin eyni dövründə mühüm məhsul növlərindən buğda idxalı 5,1 faiz, təzə meyvə 10,6 faiz, kərə yağı, digər süd yağları və pastaları 32,9 faiz, unlu qənnadı məmulatları 12,2 faiz, kartof 6,1 faiz, quş əti və onun əlavə məhsulları 22,2 faiz, dərman vasitələri 29,2 faiz, polad prokatı 12,3 faiz, məişət kondisionerləri 34,4 faiz, avtobuslar 5,1 dəfə, sintetik yuyucu vasitələr 8,3 faiz, qara metallardan çubuqlar 26,1 faiz, mebellər 1,6 faiz, polietilen 67,5 faiz, qara metallardan künclüklər 0,4 faiz, polipropilen 4 faiz, sement 38,7 faiz artıb, bitki yağları idxalı isə 12,9 faiz, xam şəkər 12,7 faiz, şokolad və şokolad məhsulları 4,3 faiz, çay 3,5 faiz, təzə tərəvəz 28,3 faiz, mal əti 59,6 faiz, siqaretlər 85,2 faiz, minik avtomobilləri 13,4 faiz, qara metallardan borular 18,3 faiz, hesablama maşınları, blok və qurğuları 31,2 faiz, yük avtomobilləri 15 faiz, rezin şinlər 10,7 faiz, mineral gübrələr 57,6 faiz, paltaryuyan maşınlar 31,3 faiz, məişət soyuducuları 37,2 faiz azalıb. İxracın 48,3 faizini İtaliyaya, 9,6 faizini Türkiyəyə, 4,7 faizini Hindistana, 4,6 faizini İsrailə, 3,4 faizini Birləşmiş Krallığa, 2,9 faizini Yunanıstana, 2,2 faizini Xorvatiyaya, hər biri 2,1 faiz olmaqla Çexiya və Rusiyaya, hər biri 1,9 faiz olmaqla İspaniya və Portuqaliyaya, 1,8 faizini Gürcüstana, hər biri 1,5 faiz olmaqla İsveçrə və Ukraynaya, 1,4 faizini Tunisə, 1,2 faizini Almaniyaya, 1,1 faizini Vyetnama, hər biri 1 faiz olmaqla Tailand və Rumıniyaya, 0,9 faizini İrlandiyaya, 0,6 faizini Avstraliyaya, 4,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. 2022-ci ilin yanvar-iyul aylarında ixracın 91,7 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 4,8 faizini avtomobil, 2,7 faizini dəmir yolu, 0,7 faizini hava, 0,1 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, kimya sənayesi məhsullarının, alüminium və ondan hazırlanan məmulatların, plastik kütlə və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və onlardan hazırlanan məmulatların, bitki yağlarının, şəkərin, alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edib. 2022-ci ilin yanvar-iyul aylarında mühüm məhsul növlərindən təzə meyvə ixracı 7 faiz, tütün 2,6 dəfə, çay 98,4 faiz, mineral gübrələr 2,2 dəfə, emal olunmamış alüminium 66,4 faiz, qara metallardan çubuqlar 41,7 faiz, qara metallardan borular 33,1 faiz, sement klinkerləri 20,9 faiz, bentonit gili 8 faiz artıb, təzə tərəvəz ixracı isə 7,4 faiz, kartof 14,9 faiz, bitki yağları 21,6 faiz, şəkər 60,3 faiz, meyvə və tərəvəz şirələri 19 faiz, meyvə və tərəvəz konservləri 12,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu 15,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 47,8 faiz, pambıq lifi 32,7 faiz, polietilen 23,5 faiz, polipropilen 27 faiz, pambıq ipliyi 40,6 faiz, qara metallardan yarımfabrikatlar 38,7 faiz azalıb.