Azərbaycanda qaz təchizatında sosial siyasətin bir mühüm məqamı əhali abonent qrupunda qazdan istifadəyə dair aşağı tarifli illik limit həddinin ayırd olunmasıdır.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, hər il əhali abunəçilərinə hər kubmetri 10 qəpikdən hesablanan 2 200 kubmetr limit verilir. Bu ilin yanvar-aprel ayları ərzində limit həddini keçən əhali abonentlərinin sayı 122 500 (5,2 %), limit daxilində qaz istehlak etmiş abonent sayı isə 2 236 410 (94,8 %) təşkil edib.
2020-ci ildə əhali abunəçilərinin 20,9 %-i güzəştli limit həddini keçib. Yerdə qalan 79,1 % əhali abonenti isə qazdan güzəştli limit daxilində istifadə edib.
Bu il mayın 1-nə olan məlumata görə “Azəriqaz”da qeydiyyata alınmış təbii qazla təmin olunan əhali abonentlərinin sayı 2 358 910 olub.