Ölkə başçısının da dediyi kimi, bu gün qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Xüsusilə qeyd etmək lazımdır ki, ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan regionda bir sıra beynəlxalq əhəmiyyət daşıyan layihələri reallaşdırıb.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışını şərh edərkən deyib.
Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycanın təşəbbüsü ilə regionda reallaşan layihələr yalnız enerji sektorunu əhatə etmir, eyni zamanda nəqliyyat və logistika sahələrini də əhatə edir. Bu mənada Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasına da töhfə verən ölkədir:
“Prezident xüsusilə ölkəmizin okeana birbaşa çıxışının olmamasına baxmayaraq, Şərq-Qərb, Cənub-Şimal nəqliyyat dəhlizlərində fəal şəkildə iştirak etdiyini də vurğuladı.
Xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizin reallaşması üçün Azərbaycan maliyyə dəstəyi nümayiş etdirən ölkələr sırasındadır. Bu da ondan xəbər verir ki, Azərbaycan həm kommunikasiya, həm logistik əlaqələrin inkişafına və regionda beynəlxaq xarakter daşıyan layihələrin realaşmasına dəstək verməklə yanaşı, kifayət qədər həssas hesab olunan Cənubi Qafqazda sülh və əməkdaşlıq imkaları yaradır. Kommunikasiya əlaqələrinin bərpa edilməsi regionda dayanıqlı sülhün formalaşması baxımından çox vacibdir. Zəngəzur dəhlizi açıldıqdan sonra region üzərindən daşınan beynəlxalq yüklərin həcmində artımın olacağı gözlənilir. Bu, həm də regionun əhəmiyyətini artırmış olacaq".