Bitkoin hazırda dünyanın ən dəyişkən valyutası hesab edilir. Bir bitkoin bir neçə ay ərzində 20 min dollar da ola bilər, 1 dollar da. Bu reallıqlar altında bitkoin nə dolları, nə də qızılı əvəz edə bilər.
Bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Ceri Pauelin bitkoinin qızılı əvəzləyə biləcəyi haqda sözlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, bitkoin çox spekulyativ aktivdir:
“Bu kriptovalyuta xəbər axınlarına, dünyada gedən proseslərə bağlı bir aktivdir. Buna görə də dünya federal rezerv sistemi bitkoinlə bağlı həddindən artıq ehtiyatlı bəyanatlar verib. Hətta onu da deyim ki, çox zaman insanları bu kriptovaluta ilə ehtiyatlı davranmağa çağırıblar. Hazırda dünyada 15 trilyon dollara yaxın sərbəst vəsait mövcuddur. Bunun tək 7 trilyon dolları ABŞ-ın payına düşür.
Bu vəsait təbii ki, fərqli sahələrə yönələ bilir. Bunlardan biri də kriptovalyuta bazarıdır. Bunun məntiqi nəticəsi olaraq bitkoin bu gün yüksək qiymətlə satılır. Lakin bununla belə bu aktiv risklidir. Riskli olduğu üçün də etibarsız hesab edilir. O ki qaldı ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Ceri Pauelin bitkoinin qızılı əvəzləyə bilməsi haqda sözlərinə, deyə bilərəm ki, bu, sadəcə bənzətmədir. Yəni bitkoin qızılı əvəzləməyəcək, sadəcə, qızıl qədər dəyərli ola bilər. Qızıl köklü bir valyutadır və daha etibarlı, aktiv hesab olunur. Bitkoinin onu əvəzləməsi qeyri-realdır”.