Martın sonları və aprelin əvvəllərində Azərbaycanda tərəvəz məhsullarının qiymətlərinin baha olması ciddi narahatlıq yaratmışdı.
Bu məsələ Çinin biznes dairələrinin 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisini başa çatdırmasından və Azərbaycanda aqro-logistik sənaye parklarının yaradılmasından sonra yekun həllini tapacaq.
Bu il aprelin 24-də Çinin paytaxtında keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb.
İmzalanan sənədlər arasında Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına dair əməkdaşlıq memorandumları da var.
Ölkənin aqrar sektorunda müasir texnologiyanın tətbiqi, Çinin biznes dairələrinin 300 hektaradək sahədə müasir istixana kompleksinin və aqro-logistik sənaye parklarının tikintisinə sərmayə qoyması barədə razılığın əldə olunması təkcə meyvə-tərəvəz istehsalının nəzərəçarpacaq dərəcədə artırılmasına deyil, həm də onların açıq sahələrdə yeni məhsul becərənədək qorunub saxlanmasına da imkan verəcək.
Yeri gəlmişkən, əgər Çin texnologiyası əsasında qurulmuş istixanalarda meyvə-tərəvəzin becərilməsindən danışırıqsa, bu o demək deyil ki, söhbət dadsız, orqanizmə zərərli və ətraf mühitə ziyan vuran məhsulun istehsalından gedir. Azərbaycanlılar öz növbələrində Çində becərilən pomidor, xiyar, soğan, həmçinin armud və qarpızın dadına da baxıblar. Onlar həmin məhsulların çox dadlı və keyfiyyətli olduğu qənaətinə gəliblər.
Eyni zamanda istixanalarda meyvə-tərəvəzin istehsalının nəzərəçarpacaq dərəcədə artması və onların saxlanma müddətinin uzadılması kənd təsərrüfatı məhsullarının qiymətlərini açıq sahədə yeni məhsul yetişənədək sabit saxlamağa imkan verəcək.
Qeyd etmək lazımdır ki, azərbaycanlı fermerlər artıq bir neçə kənd təsərrüfatı sahəsində Çin təcrübəsindən uğurla yararlanıblar. Məhz Çin mütəxəssisləri ilə uğurlu əməkdaşlıq sayəsində ipəkçilik sənayesinin inkişafını yeni səviyyəyə gətirmək mümkün olub.
Bir neçə il ərzində Çindən Azərbaycana 3,5 milyon tut ağacı gətirilərək əkilib. Bu isə ölkəmizdə ipək qurdunun etibarlı yem bazasını yaratmağa xidmət edir.
Qeyd edək ki, 23 aprel 2019-cu ildə Çindən Azərbaycana 20 min qutu sənaye əhəmiyyətli hibrid ipəkqurdu toxumu gətirilib ki, bu da Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin barama istehsalını 800 tona çatdırmaqla bağlı qarşıya qoyduğu məqsədə çatmağa xidmət edir.
Ölkədə baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illəri əhatə edən Dövlət Proqramı artıq ilkin bəhrəsini verməkdədir. Əgər 2015-ci ildə ölkədə çox böyük çətinliklə 236 kiloqram barama istehsal edilmişdisə, 2016-cı ildə 70,7 ton, 2017-ci ildə 245,2 ton, 2018-ci ildə isə 514 ton barama istehsal edilib.
Buna baxmayaraq, hələ bu sahədə görüləsi çox iş var.
Baramaçılığın və ipəkçiliyin inkişafına dair Dövlət Proqramında 2025-ci ildə Azərbaycanda barama istehsalını illik 6 min tona çatdırmaq nəzərdə tutulub.
AR Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsi 1,31 milyard dollar təşkil edib. Çinə milli məhsulların ixracı dəyəri 114 milyon manat olub. Çindən ölkəmizə məhsul idxalının həcmi isə 1,196 milyard dollara çatıb.