“Dollar məsələsinə görə bu camaatın yadından koronavirus çıxıb, nədir? Heç kəs spirtlənmir, maska taxmır. Başqa yerdə isə hamı bir-birindən qaçır. Burada dollara görədir, nədir, hamının koronavirus yadından çıxıb”.

Bu sözləri “Yeni Müsavat”a Bakıda banklardan birinin qarşısında dollar almaq üçün növbədə dayanmış orta yaşlı qadın deyib.

Metronun “Neftçilər” stansiyası həndəvərində əksər bankların filialları var. Həmin filiallara baş çəkib infeksiyanın önlənməsi üçün dezinfeksiya işlərinin görülüb-görülməməsinə aydınlıq gətirməyə çalışdıq.  Bank filiallarında hazırda “iynə atsan, yerə düşməz”. Sıxlıq o qədərdir ki, hətta filialların qapısı önündə də müştərilər öz növbələrinin çatmasını gözləyirlər. “Kapitalbank”ın metronun “Neftçilər” stansiyası yaxınlığındakı filialından savayı digər bankların ərazidəki filiallarında, deyəsən, heç koronavirus təhlükəsi haqda eşitməyiblər. Olduğumuz bank filiallarının heç birində rəhbərliklə danışa bilmirik. Səbəb kimi iclasda olduqları göstərilir. Maraqlı burasıdır ki, dollar satışını dayandırmayan bank filiallarının işçiləri müştəri sıxlığına baxmayaraq, tibbi maska taxmır, dezinfeksiyaedici məhlullardan istifadə etmirlər.

“Kapitalbank”ın  filialında dollar satışı dayandırılıb, amma girişdə xüsusi dezinfeksiyaedici məhlul qoyulub, işçilər də tibbi maskada xidmətlərini davam etdirirlər. Söhbətləşdiyimiz müştərilərdən hər biri koronavirus təhlükəsi haqda yaxşı bilgilidir, amma banklarda onlara dezinfeksiyaedici məhlul təklif olunmamasının səbəbi ilə də maraqlanmadıqlarını deyirlər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib. “Pandemiya” yoluxucu xəstəliyin bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çox ölkəni bürüməsinə deyilir. Azərbaycanda koronavirusla mübarizə Nazirlər Kabineti yanında operativ qərargah üzərindən həyata keçirilir. Məktəblər, universitetlər, uşaq baxçaları koronavirus təhlükəsinin önlənməsi üçün qapadılıb. Rəsmi rəqəmlərə görə Azərbaycanda hazırda 12 nəfər bu infeksiyaya yoluxmuş şəxs var.

Koronavirus infeksiyasına yoluxma təhlükəsi ümumilikdə dünyada qlobal iqtisadi çaxnaşma yaradıb. İş yerləri bağlanılıb, ölkələr infeksiyanın yayılması təhlükəsi qarşısında sərhədlərini qapadıb. Müvafiq olaraq iqtisadi əlaqələr də ölü nöqtəyə yuvarlanıb. Maşın-texnikaların hərəkətverici mexanizmləri üçün lazım olan yanacağa da tələbat rekord həddə qədər azalıb. Zəncirvari reaksiya neftin kəskin ucuzlaşmasında özünü büruzə verib. Neft satışından əldə olunan gəlirlə iqtisadi sabitliyini qoruyan ölkələrdə vəziyyət gərginləşmək üzrədir. Azərbaycanda iqtisadi təlatüm yoxdur, amma əhali banklara üz tutub dollar almağa çalışır. Koronavirus təhlükəsi isə heç kimin, nə bankların, nə də müştərilərin yadına düşür.

Azərbaycan Mərkəzi Bankında, digər banklarda rəhbər vəzifələrdə çalışmış hüquqşünas Əkrəm Həsənov deyib ki, yaranmış durumda əhalinin banklara üz tutması başa düşülən deyil: “Adam var, əlində 500 manatı var, qaçıb banka ki, tez həmin 500 manatı 300 dollara çevirsin. Adama deyirsən ki, axı 3 gün sonra sənə pul lazım olacaq, məcbur olacaqsan həmin dolları daha ucuz qiymətə satmağa. Eşidir, təsdiqləyir ki, belə də olacaq, amma yenə də gedib dollar alır. İqtisadiyyatın qanunu budur ki, nəsə qıt olanda hamı onu almağa çalışır. Düşünürlər ki,  bahalaşacaq, qaçım alım. Mərkəzi Bank belə şəraitdə vəziyyətdən çıxmaq üçün hər gün dollar hərracı keçirməli, banklara dollar satışını artırmalıdır. Gündə 3 dəfə dollar hərracı keçirib banklara dollar satılmalıdır ki, tələbat ödənsin. Limitlə dollar satışı qanunsuzdur. Qanun tələb edir ki, banklar dolları limitsiz satsınlar. Bu gün banklarda olan ajiotaj məhz həmin o qanunsuzluğa görədir. Əhaliyə də tövsiyəm budur ki, 1 aylıq xərclərini dollara dəyişməsinlər. Neftin qiyməti qalxsa, devalvasiya olmayacaq. Son puluna dollar almaq lazım deyil”.

Əkrəm Həsənov banklarda müşahidə olunan müştəri sıxlığının koronavirus infeksiyası üçün əlverişli mühit yaratdığını da dedi: “İstənilən bankın internet saytına girin, orada bölmələr var ki… sosial məsuliyyət bölməsi, məsələn. Yəni bunlar ictimaiyyət qarşısında məsuliyyətlərini dərk edirlər və qanunvericiliyin tələb etdiyindən əlavə tədbirlər də görürlər. Sosial məsuliyyətin tərkib hissəsi həm də belə hallarda əhalinin qeydinə qalmaqdır. Əgər həqiqətən də sosial məsuliyyəti dərk edirlərsə, indiki məqamda hamı ki gəlib dollar almağa, buna uyğun da işlərini qurmalıdırlar. Ola bilər ki, banka gələn müştərilərdən biri virusa yoluxub. Dezinfeksiya olsa, müvafiq havalandırma işləri görülsə, həmin virusun yayılma təhlükəsini önləmək olar. Baş verənlər onu göstərir ki, banklarımız əhalinin dostu deyil, sosial məsuliyyətlə bağlı bəyanladıqları prinsiplərə də sadiq deyillər”.

Əkrəm Həsənov deyir ki, banklar işçilərinin sağlamlığının da qeydinə qalmalıdır: “İşçilər səhər 9-dan axşam 6-ya qədər, bəzi banklarda 7-yə qədər iş başındadırlar. Onların tibbi maska ilə təminatı, müştərilərin dezinfeksiyaedici məhlullardan istifadə edərək bank binalarına daxil olması təmin olunmalıdır. Elementar gigiyena məsələlərinə diqqət artırılmalıdır. Bank filiallarına gün ərzində yüzlərlə, minlərlə müştəri gəlir. İşəgötürənlər işçilərin sağlamlıqları haqqında düşünməli, müvafiq tədbirlər görməlidirlər”.

Bu müəssisələr vergidən azad edildi
Nazirlər Kabineti “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları”nın təsdiq edilməsi barədə qərar verib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları” təsdiqlənib.

Aidiyyəti dövlət orqanlarına (qurumlarına) bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Meyarlara cavab verən müəssisə, idarə və təşkilatların siyahısını hər il üzrə rəsmi internet səhifələrində yerləşdirmək tapşırılıb.

Bakı mağazalarında durum
Çindən dünyaya yayılan koronavirus iqtisadi sahəyə ciddi zərərlər vurmaqdadır. Ölkələrin virusa görə sərhədlərini qapatması pərakəndə ticarətlə məşğul olanlara da ciddi maneə yaradıb. Bir çox Avropa və MDB ölkələrində marketlərdə mallar qıtlaşıb, hətta vitrinlər boş qalıb.

Bəzi iri şirkətlərin də fəaliyyətlərində müəyyən dəyişiklik etmələri səbəbindən xüsusilə texnologiya sahəsində bahalaşma müşahidə edilir.

Azərbaycanda insanlar arasında belə bir narahatlıq var ki, Novruz bayramından sonra mağazalarda məhsul qıtlığı yaşanıb, qiymətlərdə artım ola bilər.

Bəs hazırda ölkəmizdə durum necədir?

“Yeni Müsavat”ın əməkdaşı bəzi iri supermarketlərdə və eyni zamanda məhəllə marketlərində olub, mövcud durumla maraqlanıb.

Mağazalarda olduğumuz zaman hər hansı bir məhsul çatışmazlığını müşahidə etmədik. İri supermarketlərdə boşalan vitrinlər doldurulur, market işçiləri anbarlarından mal daşıyırdılar. Bildirdilər ki, hazırda nə meyvə tərəvəz, nə də qida məhsulları sarıdan qıtlıq yaşamırlar: “Anbarda 1 aylıq məhsulumuz var. Eyni zamanda mal gətirməyə davam edirik. Bilirik ki, bayram öncəsi insanlar alış-veriş edəcəklər. Buna görə də vitrinləri doldurub, anbarlardan malları vaxtında daşımaları üçün əməkdaşlar cəlb etmişik. Hazırkı prosesdə hər hansı bir çətinlik yaşanmır. Əksinə, mağazada bir çox məhsullara bayram endirimləri tətbiq edilib. İşlədiyimiz bəzi şirkətlər ”bir alana ikinci hədiyyə" kampaniyasını da keçirirlər".

Eyni zamanda küçə ticarəti ilə məşğul olanlarla, məhəllə mağazaları ilə də maraqlandıq. Onlar da məhsul qıtlığından şikayət etmədilər. Bildirdilər ki, əllərində bayramda satmaları üçün kifayət qədər məhsul var. Xırda mağazaları işlədənlər söylədilər ki, xüsusi anbarları mövcud deyil. Mala ehtiyac olan zaman sifariş verirlər. Hazırda sifarişlərində hər hansı bir problemlə üzləşməyiblər. Deyilən vaxt məhsulları gətirilir.

İqtisadçılar da hesab edir ki, indiki vəziyyətdə hər hansı bir ciddi məhsul qıtlığı yaşana bilməz. Ekspertlər hesab edirlər ki, koronavirus səbəbindən daha çox texnologiya şirkətləri əziyyət çəkdikləri üçün onların istehsal etdikləri məhsullarda bahalaşma ola bilər. Eyni zamanda Çindən gətirilən məhsulların da qiymətində artım gözlənilir. Hazırda Azərbaycana Çindən gətirilən bəzi telefon aksessuarlarının, telefonların qiymətində artım var. Ekspertlər bildirirlər ki, bu artım həm təbii, həm də sünidir.
“Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli söyləyib ki, mağazalarda məhsul çatışmazlığı yeni mal gətirilməsə belə, 45 gün hiss edilməyə bilər:

“Mal qıtlığının yaranması üçün 30-45 gün arası zaman keçməlidir. Çünki çox zaman təchizatla məşğul olan şirkətlər ən azı 1 aylıq ehtiyaclarını öncədən gətirirlər. Sərhədlərin bağlanması əgər uzun zaman davam edəcəksə, bir müddət sonra daha əyani şəkildə nəticəni görə bilərik. Hələ ki ciddi ajiotaj yoxdur. Novruz bayramı öncəsi müəyyən mallarla bağlı ajiotaj yaşana bilər. İrandan gətirilən düyü və Novruz süfrəsində istifadə edilən quru meyvələrin bazarda azalması mümkündür. Cüzi də olsa hazırda qiymətlərdə müəyyən artım var. Ancaq hələ ki məsələ ilə bağlı ajiotaj yoxdur. Mağazaların piştaxtalarında da məhsul qıtlığı müşahidə edilmir. Bu, yaxşı haldır. Belə bir ajiotajın yaranması qiymətlərin müəyyən qədər yüksəlməsinə gətirib çıxara bilərdi. Sərhədlərin uzun müddət bağlı qalması ilə bağlı məsələ davam edərsə, müəyyən çətinlik görə bilərik. Hazırda biz müşahidə edirik ki, koronavirusun ocaqları dəyişir. Artıq Çində proses zəifləyir, Avropada isə artır. Eyni zamanda İranda da artım müşahidə edilir. Bu onu göstərir ki, koronavirusun mərkəzi Avropa, Asiya ölkələrinə tərəf dəyişir. Hətta Türkiyədə də bir xəstənin olduğu rəsmən təsdiqlənib. Ümumilikdə, prosesin nə zamana qədər çəkəcəyindən çox şey asılıdır. Hələ ki sərhədlərin bağlı qalmasının bazarlara böyük təsirini görmürük”.

“İqtisadiyyatımızın xarici şoklara qarşı güclü maliyyə immuniteti mövcuddur”
“Bu gün ölkə iqtisadiyyatına əsasən iki təsiretmə imkanına malik amil var: koronavirus epidemiyası və OPEC+ sövdələşməsinin baş tutmaması. Qeyd etmək istəyirəm ki, Azərbaycan iqtisadiyyatı 2020-ci ilin əvvəlində də öz dayanıqlılığını saxlayır”.

Bu fikirləri Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, cari ilin ötən iki ayında ümumi daxili məhsulun artım tempi 2,8 faiz olub. Həmçinin qeyri-neft sektorunda ümumi daxili məhsulun artım tempi 6,7 faiz olub. Qeyri-neft sənayesində istehsalın artımı 21,7 faizə yüksəlib, eyni zamanda, qeyri-neft sektorunda investisiya qoyuluşlarının artım tempi 21 faizə çatıb:

“Təbii ki, koronavirus epidemiyasının yayılması bəzi fəaliyyət sahələrinə mənfi təsir edib. Məsələn, turizm, hava nəqliyyatı kimi sahələri göstərmək olar. Lakin digər sahələrdə biz müəyyən yüksək artım müşahidə edirik. Həmçinin əhalinin pul gəlirlərinin nominal artım tempi 5,1 faizdən 8,9 faizə yüksəlib”.

Nazir bildirib ki, cari ilin ötən iki ayında vergi daxilolmaları üzrə proqnoz 114,2 faiz, həmçinin qeyri-neft sektorunda 115,9 faiz icra olunub. Büdcəyə proqnozdan əlavə 180 milyon manatdan çox vəsait daxil olub. Vergi daxilolmaları ötən ilin iki ayı ilə müqayisədə 24,5 faiz, həmçinin qeyri-neft sektorunda 24,8 faiz artıb.

Ölkə iqtisadiyyatının maliyyə dayanıqlılığına toxunan Mikayıl Cabbarov deyib: “İqtisadiyyatımızın istənilən xarici şoklara qarşı güclü maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. Strateji valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun 100 faizini ötür, xarici dövlət borcunun həcmini altı dəfə üstələyir. Ehtiyatların həcmi üçillik mal və xidmətlərin fasiləsiz maliyyələşdirilməsi üçün yetərlidir. Yəni, strateji valyuta ehtiyatları dövriyyədə olan bütün manat kütləsinin həcmindən 5 dəfə, nağd manat kütləsinin həcmindən isə 9 dəfə çoxdur. Bu da valyuta bazarının tarazlığının təmin olunması və makroiqtisadi sabitliyin qorunmasının fundamental şərtidir”.



Hazırda dünya birjalarında neft qiymətlərində baş verən kəskin enmələr bəzi ölkələrdə benzinin qiymətinin ucuzlaşmasına səbəb olub. Deməli, ölkəmizə idxal olunan məhsulların maya və daşınma xərcləri də azalıb.

Bəs, əsas neft istehsalçısı və ixracatçısı olan Azərbaycanda bununla bağlı hansısa dəyişiklik gözlənilir?

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İctimai əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, qurumlar arasında daim məşvərət aparılır: "Amma qeyd edilən mövzu ilə bağlı hansısa məlumat yoxdur”.

Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev də öz növbəsində bildirib ki, hazırda benzinin qiymətinin aşağı salınması müzakirə mövzusu deyil:

"Neftin qiymətinin ucuzlaşması ilə bağlı benzinin qiymətinin ucuzlaşdırılması üçün SOCAR Tarif Şurasına müraciət etməyib”.

Hələ 2015-ci il hadisələrindən sonra Tarif Şurası dünya bazarlarında duruma rəğmən ölkədə benzinin ucuzlaşması üçün əsas olmadığını, Azərbaycanda istehlak edilən benzinin 95 faizindən çoxunun tam olaraq ölkə daxilində istehsal edilən Aİ-92 markalı yanacaq olmasından irəli gəldiyini açıqlamışdı.

Qeyd olunurdu ki, dünya bazarlarında neftin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətlərinin əvvəlki səviyyədə qalması onunla Aİ-92 markalı benzinin dəyərinin formalaşmasına təsir edən xərclərin (neftin istehsalı və emalına, vergiyə çəkilən və s.) dəyişməməsi ilə əlaqədardır:

"Bu markadan olan benzin Azərbaycanda istehsal edildiyindən, dünya bazarında baş verən proseslər onun qiymətinə təsir etmir. Buna görə də, hazırda benzinin qiymətinin dəyişdirilməsi məsələsini müzakirə etmirik. Azərbaycana idxal edilən "Premium Evro-95" markalı benzinə gəlincə, onun ümumi istehlakda payı azdır (4-5 faiz) və Tarif Şurası bu markanın qiymətini tənzimləmir”.

Qeyd edək ki, dünya birjalarında bazar ertəsindəki enişdən sonra bu gün "Brent" markalı neftin 1 barreli 38,66 dollara, WTI markalı neftin 1 barreli 35,41 dollara satılır.

Məlumat üçün bildirək ki, hazırda Honqkonqda benzinin 1 litri 2,23 dollar, Monakoda 1,96 dollar, Yunanıstanda 1,78 dollar, İtaliyada 1,73 dollar, Fransada 1,62 dollar, Almaniyada 1,54 dollar, İspaniyada 1,44 dollar, Türkiyədə 1,09 dollar, Çində 0,98 dollar, Gürcüstanda 0,90 dollar, Rusiyada 0,63 dollar, Birləşmiş Ərəb Əmirliklərində 0,56 dollar, Azərbaycanda 0,47 dollardır.

Elman Rüstəmov dollarla bağlı əhaliyə müraciət etdi
Son günlər dünya bazarında neftin qiymətinin düşməsindən sonra Azərbaycanda dolların məzənnəsinin yenidən qalxacağı ilə bağlı əhali arasında yaranan ajortajla bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmov münasibət bildirib.

E.Rüstəmov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda bütün tədbirlərdən istifadə olunur ki, dolların məzənnəsi yüksəlməsin: "Martın 10-da Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə qlobal enerji bazarında vəziyyət və onun iqtisadiyyata təsirinə dair məsələlər müzakirə edilib. Bu gün də iclas davam etdiriləcək. Mən əhalini təmkinli olmağa çağırıram". 

Azərbaycanda yeni DOLLAR BÖHRANI BAŞLADI - Mərkəzi Bank bütün banklara LİMİT QOYDU

Bu səhər Mərkəzi Bankın kommersiya banklarına göndərdiyi sənədə görə, Dollar satışında limit müəyyən olunub, 500 dollardan yuxarı alışlarda isə müştəri haqqında xüsusi forma doldurulacaq.

Azərbaycan Mərkəzi Bankının kommersiya banklarına valyuta satışı ilə bağlı tapşırıqlar verdiyi bildirilir.

Tapşırığa əsasən, banklar bir müştəriyə 15 min manat ekvivalentindən (8823 dollardan) yüksək məbləğdə dollar satmamalıdırlar.

Digər bir məhdudiyyətə görə, 500 dollardan yuxarı mübadilə zamanı müştəri haqqında xüsusi forma doldurulacaq.

Xəbər verdiyimiz kimi, dünən neft qiymətləri 30%-dən çox düşüb, Brent neftinin qiyməti 31 dolları görüb. Bu vəziyyət Azərbaycanda 3-cü devalvasiya qorxularını artırıb.

Bu gün isə Brent nefti 7%-dən çox bahalaşıb və barelinin qiyməti 37.14 dollara yüksəlib (saat 09:45-ə olan məlumat).
marja

“10 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilmiş valyuta hərracında 323,2 milyon ABŞ dolları məbləğində təşkil etmiş tələb tam şəkildə təmin edilmişdir”.

Marja xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda deyilir.

“Eyni zamanda, bankların nağd valyutaya olan tələbləri də tam təmin olunmuşdur”,- məlumatda deyilir.

Qeyd edək ki, uzun müddətdir Mərkəzi Bank valyuta hərracından sonra satılmış həcmi açıqlamırdı.

Xatırladaq ki, Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin yanvar ayı ərzində 300,2 milyon ABŞ dolları məbləğində vəsait satılmlşdı. Bir hərracda 323,2 milyon ABŞ dolları məbləğində ABŞ valyutasının satılması bankların tələbinin artdığına işarədir.

Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyevanın birbaşa tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə, “Yeniləşən Azərbaycana Yeni Məktəb” layihəsi əsasında 700 şagird yerlik Goranboy şəhər 1 nömrəli tam orta məktəb binasının tikinti işlərinə start verilib.

Bu barədə Goranboy Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Goranboyun icra başçısı Məhərrəm Quliyev aparılan işlərlə yerində tanış olub. (modern.az)

Neftin qiymətinin son günlər kəskin ucuzlaşması dollara da tələbatı artırıb.

Hətta dolların kursunun dəyişəcəyi ilə bağlı fikirlər də dolaşır .

Turkustan.info-nun əməkdaşı bu gün səhər saatlarında bir neçə banka gedərək vəziyyətlə maraqlanıb. Banklardakı real mənzərə dollara tələbatın çox olduğunu təsdiqləyib.

Kapital Bankın Cəfər Cabbarlı filialına, Günay Bankın 2 saylı filialına və Muğan Bankın Zivərbəy Əhmədbəyov küçəsində yerləşən filialına baş çəkdik. Kapital Banka girən hər kəsə elə qapıdaca “Dollar istəyirsizsə, qurtarıb” deyilirdi:

“Dollar istəyirsizsə, yoxdur. Ola bilər ki, günortadan sonra gələcək. Çox güman ki, dolların kursu dəyişəcək. Hələlik 20 min dollara qədər satışa icazə verilib. Hər halda Mərkəzi Bank yeni kurs müəyyən edərsə, günortadan sonra açıqlanacaq. Səhərdən hamı dollar istəyir”.

Banklarda səhər tezdən dollar alveri: “Yoxdur, satılıb” - BİZİM MÜŞAHİDƏ

Kapital Bankın sönmüş valyuta mübadiləsi lövhəsi də (nağd xarici valyutanın manata nisbətən alış və satış məzənnəsi üzrə məlumatları göstərən xüsusi elektron lövhə) dollar kursu barəsində “məlumatsız” idi.

Günay Bankın əməkdaşı da satışda dollar olmadığını dedi: “Dolların hamısı səhər satılıb qurtarıb. Hələlik dolların kursu dəyişməyib. Dollar olsa da, günortadan sonra olacaq. Əgər Mərkəzi Bank tərəfindən yeni alış və satış kursu müəyyən olunarsa, elan ediləcək”.

Muğan Bankda da eyni sözlərlə qarşılaşdıq: “Dollar qurtarıb. Günortadan sonra gəlməsini gözləyirik. Səhər tezdən hamı gəlib dollar alırdı. Dolların kursu hələlik dəyişməyib. Əgər günortadan sonra dəyişərsə, yeni kursla satılacaq”.   /Cebhe.info/