Son xəbərlər

Mikayıl Cabbarov: “İlkin olaraq koronavirusdan zərər çəkən 12 sahə müəyyən edilib”

Koronavirus (COVID-19) pandemiyasının, həmçinin, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin müəyyən edilməsi, yaranmış vəziyyətin yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması məqsədilə müvafiq təkliflərin hazırlanması üçün yaradılmış İşçi Qrupun iclası keçirilib. İclas videokonfrans formatında aparılıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, İşçi Qrupun rəhbəri, nazir Mikayıl Cabbarov pandemiyanın qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə məlumat verib.
Nazir qeyd edib ki, yaranmış şəraitdə milli iqtisadiyyata bir sıra faktorlar təsir edir. Bu, pandemiyanın bilavasitə təsiri altında dünya iqtisadiyyatında və xarici ticarət əlaqələrində müşahidə olunan durğunluq, dünya enerji bazarlarında neftin qiymətlərində kəskin dalğalanmalar, həmçinin, pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən məhdudlaşdırıcı tədbirlərlə bağlı iqtisadi fəallığın azalmasıdır. Bütün bu amillər bir sıra iqtisadi fəaliyyət sahələrində özünü daha qabarıq göstərir.

Nazir Mikayıl Cabbarov mövcud şəraitdə pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrinin, o cümlədən, iqtisadi artımı və məşğulluğu formalaşdıran əsas sahələrin müəyyənləşdirilməsi, ölkənin iqtisadi və maliyyə dayanıqlığının gücləndirilməsi, dövlət tərəfindən atıla biləcək addımların və dəstək tədbirlərinin istiqamətlərinin dəqiqləşdirilməsi üçün qısa müddət ərzində İşçi Qrupun intensiv və böyük həcmdə iş aparmalı olduğunu diqqətə çatdırıb.

İlkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi, ümumilikdə, təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib.

İqtisadiyyat naziri vurğulayıb ki, dövlət çevik və operativ qərarlar qəbul etməyə hazırdır. Bununla belə, zərər çəkən fəaliyyət sahələrinin dəqiq müəyyən edilməsi üçün, ilk növbədə, aydın və şəffaf qiymətləndirmə meyarları hazırlanmalıdır. Bu meyarlar həm sahəvi, həm də subyektlər üzrə ümumi və spesifik xarakter daşıya bilər.

Videokonfransda ayrı-ayrı sahələrdə yaranmış vəziyyət müzakirə edilib, müxtəlif təkliflər səsləndirilib. Qeyd olunub ki, dəymiş zərərin qiymətləndirilməsi üçün sahibkarlıq subyektlərinin hesabatları və dövlət qurumlarında olan göstəricilərin dərin təhlilinə zərurət var.

Bu, həmçinin, mart ayı üzrə təqdim olunacaq maliyyə hesabatlarının təhlili ilə müəyyən ediləcək. Hazırda İqtisadiyyat Nazirliyinin bütün strukturları biznes subyektləri, orta və iri biznes, sahibkarların ictimai birlikləri və ixtisaslaşmış assosiasiyalarla görüşlər keçirir.

Müzakirələrdə bildirilib ki, Azərbaycan hökuməti dəstək tədbirlərinin müəyyən edilməsi zamanı, həmçinin, yaranmış şəraitdə dövlətin çağırışlarına adekvat cavab verən, iş yerlərinin və əməkhaqqı fondunun azalmasına yol verməyən, fəaliyyətini şəffaf quran və sosial məsuliyyət nümayiş etdirən hüquqi şəxslərə və sahibkarlara üstünlük verəcək.

Ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərilməsi kompleks tədbirlər sistemini əhatə edəcək. Bu, iqtisadiyyatda likvidliyin təmin edilməsi, sahibkarlara vergi güzəştləri və tətillərinin verilməsi, dövlət kreditləşdirmə resurslarının əlçatanlığının asanlaşdırılması, maliyyə bazarlarının sabitliyinin qorunması, ünvanlı dövlət sifarişləri sisteminin tətbiqi və s. kimi istiqamətləri əhatə edəcək.

İclasda qeyd olunub ki, dövlət ölkə vətəndaşlarının sağlamlığının qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qısa müddətdə iqtisadiyyatın daralmasına səbəb ola biləcək iqtisadi aktivliyin azaldılması kimi məcburi addımlara gedəcək.

Dövlət bu prosesi qarşılamağa hazırdır və yaranmış şəraiti, həmçinin, pandemiyanın yayılmasının qarşısının alınmasından sonra iqtisadiyyatın yeni bir inkişaf xətti olaraq görməkdədir. Daxili tələbatı ödəyən və xarici idxalı əvəzləyən istehsal və emal sahələrinin, bu istiqamətlərdə yeni istehsalın qurulması təşviq ediləcək.

İşçi Qrupun üzvlərinə zərər çəkən sahələrin müəyyən edilməsi üçün üç gün ərzində zəruri meyarlara və tətbiq ediləcək vahid yanaşma metodikasına dair təkliflərin hazırlanması tapşırılıb.

Qeyd edək ki, İşçi Qrupun üzvləri sırasına Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Mədəniyyət, Energetika, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər nazirlərinin müavinləri, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Turizm Agentliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri və sahibkarların ictimai birliklərinin nümayəndələri daxildir.

Azərbaycan banklarının fəalliyəti sabahdan DAYANDIRILIRKoronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda bank xidmətlərinin göstərilməsi zamanı canlı təmasın minimuma endirilməsi məqsədilə yerli banklar Novruz bayramı günlərində (20-28 mart qeyri-iş günləri) fəaliyyət göstərməyəcək.

Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Bununla belə, idxal və ixracın fasiləsizliyini təmin etmək üçün hüquqi şəxslərə hesablaşmalar, vergi, rüsum və digər dövlət ödənişləri ilə bağlı əməliyyatlar elektron əsasda davam etdiriləcək.


SOCAR və Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq ediblər.
SOCAR-dan verilən məlumata görə, “Qarabağ” yatağında ilk qiymətləndirmə quyusunun qazılmasına 2019-cu il dekabrın 23-də başlanılıb.

SOCAR-ın CDC qazma şirkəti bu quyunu suyun 180 metr dərinliyində “Dədə Qorqud” üzən qazma qurğusu ilə qazıb. Yatağın məhsuldar layları 3,4 kilometr dərinlikdə yerləşir. İlkin qənaətə görə, yataqda kəşf edilmiş neft və qaz həcmi onun iqtisadi cəhətdən səmərəli işlənməsi üçün yetərlidir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Qarabağ” yatağı müstəqilliyimiz dövründə kəşf edilmiş ilk neft yatağıdır. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır.

“Qarabağ” yatağının işlənməsi Azərbaycanın neft gəlirlərinə əhəmiyyətli bir töhfə olacaq. Yatağın adında Vətənimizin ürəyi olan Qarabağın əks olunması xüsusilə qürurvericidir”.

Xatıqladaq ki, “Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir.
Caspian International Petroleum Company (CIPCO) tərəfindən idarə edilən konsorsium 1995-ci ildə imzalanmış “Qarabağ hasilatın pay bölgüsü sazişi”nə əsasən 3 kəşfiyyat quyusu qazıb.

Quyuların ikisi strukturun cənub-şərq hissəsində layların qazla doyumlu olduğunu təsdiqləyib, bir quyu isə strukturun qərb hissəsində layların neft və qazla doyumlu olduğunu aşkar edib.

Saziş 1999-cu ildə iqtisadi baxımdan səmərəli olmayan layihə kimi ləğv edilib.

2018-ci ilin may ayında “SOCAR Karabakh” və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalayıblar. Sazişə əsasən, şirkətlər bərabər paya malikdirlər.

SOCAR və “Statoil” (“Equinor”) 1994-cü ildən bir sıra mühüm layihələrdə, o cümlədən Azəri-Çıraq və Dərinsulu Günəşli (AÇG) neft yatağının işlənilməsi layihəsində əməkdaşlıq edirlər.

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı
2020-ci ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı açıqlanıb.

 Dövlət Gömrük Komitəsinin statistik göstəriciləri xəbər verir ki, cari ilin ilk iki ayında Azərbaycana 11 min 547 avtomobil idxal olunub.

Qeyd edək ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə çoxdur.

Belə ki, 2019-cu ilin müvafiq dövründə Azərbaycana 5 min 169 avtomobil gətirilib.

Neftin qiyməti bahalaşdı

Dünya birjalarında neftin qiyməti bahalaşıb. 

Bakı vaxtı ilə saat 04:45-ə olan məlumata görə, Londonun ICE birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin bir barel üçün qiyməti 30,62 ABŞ dollarına qədər artıb.

Belə ki, bu markalı neft 3,38% bahalaşıb.

Nyu-York birjasında WTI markalı neftin bir barelinin qiyməti isə 3,55% artaraq 29,96 ABŞ dolları təşkil edib.

Azərbaycan manatının ABŞ dolları qarşısında sabitliyi fonunda əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması baş verir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bunu Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qlobal şoklara rəğmən manatın məzənnəsinin sabitliyini şərh edərkən deyib.

Onun sözlərinə görə, mart ayının ilk yarısında Azərbaycan manatı qarşısında gürcü larisi 6,5%, rus rublu 9,8%, türk lirəsi 1,4%, Ukrayna qrivnası 5,9%, Çin yuanı 0,39% və qazax tengəsi 6,7% dəyər itirib. Beləliklə, manatın real effektiv məzənnəsi bahalaşıb.

V. Qasımlının fikrincə, real effektiv məzənnəni hesablayarkən, manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən nominal məzənnəsi və inflyasiya nəzərə alınır. Manatın real effektiv məzənnəsinin tarazlıq səviyyəsinə nisbətini ölçmək üçün istifadə olunan bütün metodlar – alıcılıq qabiliyyəti pariteti, makroiqtisadi balans, “Big Mac” indeksi və başqa yanaşmalar göstərir ki, manatın real effektiv məzənnəsi indiyədək onun tarazlıq nöqtəsindən aşağıda olub.

“Alıcılıq qabiliyyəti paritetinə əsasən hesablanan məzənnə, ABŞ dollarının ABŞ-da alacağı miqdarda məhsulu digər ölkənin bazarında almaq üçün tələb olunan yerli valyuta dəyəridir. Başqa sözlə, ABŞ-da 1 dollara alınan məhsulu yerli bazarda almaq üçün tələb olunan ödənişdir. Azərbaycan üçün bu rəqəm Dünya Bankının 2018-ci il üçün təqdim etdiyi statistika məlumatlarına əsasən 0,25 dollardır. Yəni ABŞ-da 1 dollara alına biləcək məhsulu Azərbaycanda 0,25 dollara almaq mümkündür”, – deyə V. Qasımlı qeyd edib.

O həmçinin əlavə edib ki, ölkələr üzrə müqayisəli təhlil aparmaq üçün hər bir göstəricini alıcılıq qabiliyyəti paritetinə əsasən “beynəlxalq dollar” göstəricisi ilə ifadə etdikdən sonra real fərqləri görmək mümkündür.

“Dünya Bankının hesablamalarına görə, 2018-ci ildə Azərbaycanda 1 “beynəlxalq dollar” 0,25 dollar, Belarusda 0,25 dollar, Qırğızıstan, Gürcüstan və Ukraynada 0,29 dollar, Qazaxıstanda 0,31 dollar və Rusiyada 0,39 dollar səviyyəsində qiymətləndirilib. Bu ölkələrdə son qlobal şokların təsiri altında baş verən devalvasiyalar manatın real effektiv məzənnəsini gücləndirib.

Əgər 2000-ci ildə manatın real effektiv məzənnəsini bençmark olaraq 100 qəbul etsək, onda 2020-ci ilin əvvəlində bu göstərici 93,3 səviyyəsində olub. Başqa sözlə, manatın real effektiv məzənnəsi bu ilin əvvəlində tarazlıq nöqtəsindən aşağıda qərarlaşıb. Lakin ticarət tərəfdaşlarımızın valyutalarının son günlərdəki devalvasiyaları fonunda manatın dollar qarşısında sabitliyi, manatın real effektiv məzənnəsini tarazlıq nöqtəsinə doğru bahalaşdırır”, – deyə V. Qasımlı bildirib.

Mərkəzinin icraçı direktoru hesab edir ki, manatın real effektiv məzənnəsinin bahalaşması Azərbaycanın MDB-də məkanında minimum pensiya, orta pensiya, minimum maaş və orta maaş göstəriciləri üzrə öncül mövqelərini daha da möhkəmləndirir. Digər tərəfdən, manatın real effektiv məzənnəsinin bahalaşmasının iqtisadiyyatın rəqabət qabiliyyətinə təsirini tənzimləmək üçün institusional islahatların davam etdirilməsi, rəqabət mühitinin daha da yaxşılaşdırılması, insan kapitalının inkişafı və bazarlara çıxış istiqamətində fəaliyyətlər davam etdirilməlidir.  /konkret.az/

Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda dollar satışı dayandırılıb. Hansı banklarda hal-hazırda dolların satılıb-satılmadığını araşdırdıq və təqdim edirik.
 
Kapital bank – dollar bu gün 1.7020 satılır. 500 – 11.750 dollar valyutasının satışı həyata keçirilir.
 
Rabitəbank– dollar bu gün 1.7025 satılır. Şəxsiyyət vəsiqəsi ilə bir nəfərə 500 dollar verir. Anket doldurulduğu halda 2000 min dollar verilir.
 
ATAbank- dollar bu gün 1.7025 satılır. Hazırda bankda dollar satılmır.
 
Respublika bank – dollar bu gün 1.7025 satılır. 20.000AZN ekvivalentində USD valyutasının satışı həyata keçirilir.
 
Yapıkredi– dollar bu gün 1.7050 satılır. Bankda bir ay ərzində 11.700 dollar götürmək mümkündür. Bu prosesi bir ərzində və ya ay ərzində etmək mümkündür.
 
Yelo bank- dollar bu gün 1.7025 satılır. Bir nəfər üçün gündəlik dollar limiti 200 dollardır.
 
Amrahbank– dollar bu gün1.7025 satılır. 500 – 11.750 dollar valyutasının satışı həyata keçirilir.
 
Ekspressbank-dollar bu gün 1.7025 satılır. 500 – 10.000 dollara qədər verilir.
 
Accecbank– dollar bu gün 1.7025 satılır. 500 dollardan -10.000 dollara kimi verilir.
 
Unibank– dollar bugün 1.7025 satılır. 500 – 11.500dollara kimi dollar satışı həyata keçirilir.
 
Azərturk bank –dollar bu gün 1.7020 satılır. 500 dolllara qədər şəxsiyyət vəsiqəsi ilə verilir. Blank doldurulduğu halda 20.000AZN ekvivalentində USD valyutasının satışı həyata keçirilir.

(anews.az)

Ötən həftə ərzində (9-13 mart) dünya bazarında “Azeri Light” (CIF) markalı neft 33,8%-ə yaxın ucuzlaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 17,83 ABŞ dolları və ya 33,8% azalaraq orta hesabla 34,92 dollara bərabər olub.

Həftə ərzində ən yüksək göstərici – 36,62 dollar təşkil edib, ən minimal göstərici isə 32,35 dollara bərabər olub.  /Modern.az/

“Amerika iqtisadiyyatı asqıranda, Avropa iqtisadiyyatı sətəlcəm olur”
“Amerika iqtisadiyyatı asqıranda, Avropa iqtisadiyyatı sətəlcəm olur”.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov  REAL TV-yə müsahibəsində bildirib.

Elman Rüstəmov qeyd edib ki, bu yaxınlarda  Sinqapur iqtisadiyyatında müəyyən prosesləri tədqiq ediblər: “Çox maraqlı amil tapdıq. Gördük ki, bütövlükdə Sinqapur iqtisadiyyatı Çin iqtisadiyyatına çox böyük həcmdə, çox yüksək səviyyəli elmi-texniki xidmətlər göstərir. Artıq bu xidmətlərin həcmi kifayət qədər azalmağa başlayıb. Nəyə görə? Çünki Çin özü artıq çox ciddi elmi-innovativ infrastrukturunu yaradıb.

Vaxtilə məlum məsəl vardı - “Amerika iqtisadiyyatı asqıranda, Avropa iqtisadiyyatı sətəlcəm olur”. Bu, 70-80-ci illərdə iqtisadçılar arasında yayılmışdı. Bu gün də Çin iqtisadiyyatı həm məcazi, həm də birbaşa mənada xəstələnəndə onun bütövlükdə dünya iqtisadiyyatına – qlobal iqtisadiyyata, qlobal ticarətə və onunla əlaqədar olaraq beynəlxalq əmtəə bazarlarına, o cümlədən də enerji daşıyıcılarına, neftin qiymətinə çox ciddi təsir göstərmə potensialı var”.

Bakı-Tbilisi qatarlarının səfərlərinə müvəqqəti məhdudiyyət qoyuldu


Bakı-Tbilisi istiqamətində Azərbaycan vətəndaşları üçün, Tbilisi-Bakı istiqamətində isə əcnəbi vətəndaşların qatarla səfərlərinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, alınmış biletlər üçün ödənilən məbləğ QSC tərəfindən bilet sahiblərinə geri qaytarılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlumatına əsasən, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə 2020-ci il 14 mart saat 00:00-dan etibarən on günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib. Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxması, Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Eyni zamanda, yükdaşımalarının həyata keçirilməsi üçün tranzit dəhlizi də fəaliyyət göstərəcək.