Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Bununla belə, idxal və ixracın fasiləsizliyini təmin etmək üçün hüquqi şəxslərə hesablaşmalar, vergi, rüsum və digər dövlət ödənişləri ilə bağlı əməliyyatlar elektron əsasda davam etdiriləcək.
SOCAR və Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq ediblər.
SOCAR-dan verilən məlumata görə, “Qarabağ” yatağında ilk qiymətləndirmə quyusunun qazılmasına 2019-cu il dekabrın 23-də başlanılıb.
SOCAR-ın CDC qazma şirkəti bu quyunu suyun 180 metr dərinliyində “Dədə Qorqud” üzən qazma qurğusu ilə qazıb. Yatağın məhsuldar layları 3,4 kilometr dərinlikdə yerləşir. İlkin qənaətə görə, yataqda kəşf edilmiş neft və qaz həcmi onun iqtisadi cəhətdən səmərəli işlənməsi üçün yetərlidir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Qarabağ” yatağı müstəqilliyimiz dövründə kəşf edilmiş ilk neft yatağıdır. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır.
“Qarabağ” yatağının işlənməsi Azərbaycanın neft gəlirlərinə əhəmiyyətli bir töhfə olacaq. Yatağın adında Vətənimizin ürəyi olan Qarabağın əks olunması xüsusilə qürurvericidir”.
Xatıqladaq ki, “Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir.
Caspian International Petroleum Company (CIPCO) tərəfindən idarə edilən konsorsium 1995-ci ildə imzalanmış “Qarabağ hasilatın pay bölgüsü sazişi”nə əsasən 3 kəşfiyyat quyusu qazıb.
Quyuların ikisi strukturun cənub-şərq hissəsində layların qazla doyumlu olduğunu təsdiqləyib, bir quyu isə strukturun qərb hissəsində layların neft və qazla doyumlu olduğunu aşkar edib.
Saziş 1999-cu ildə iqtisadi baxımdan səmərəli olmayan layihə kimi ləğv edilib.
2018-ci ilin may ayında “SOCAR Karabakh” və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalayıblar. Sazişə əsasən, şirkətlər bərabər paya malikdirlər.
SOCAR və “Statoil” (“Equinor”) 1994-cü ildən bir sıra mühüm layihələrdə, o cümlədən Azəri-Çıraq və Dərinsulu Günəşli (AÇG) neft yatağının işlənilməsi layihəsində əməkdaşlıq edirlər.
Dövlət Gömrük Komitəsinin statistik göstəriciləri xəbər verir ki, cari ilin ilk iki ayında Azərbaycana 11 min 547 avtomobil idxal olunub.
Qeyd edək ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə çoxdur.
Belə ki, 2019-cu ilin müvafiq dövründə Azərbaycana 5 min 169 avtomobil gətirilib.
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Bakı vaxtı ilə saat 04:45-ə olan məlumata görə, Londonun ICE birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin bir barel üçün qiyməti 30,62 ABŞ dollarına qədər artıb.
Belə ki, bu markalı neft 3,38% bahalaşıb.
Nyu-York birjasında WTI markalı neftin bir barelinin qiyməti isə 3,55% artaraq 29,96 ABŞ dolları təşkil edib.
Azərbaycan manatının ABŞ dolları qarşısında sabitliyi fonunda əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması baş verir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bunu Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qlobal şoklara rəğmən manatın məzənnəsinin sabitliyini şərh edərkən deyib.
Onun sözlərinə görə, mart ayının ilk yarısında Azərbaycan manatı qarşısında gürcü larisi 6,5%, rus rublu 9,8%, türk lirəsi 1,4%, Ukrayna qrivnası 5,9%, Çin yuanı 0,39% və qazax tengəsi 6,7% dəyər itirib. Beləliklə, manatın real effektiv məzənnəsi bahalaşıb.
V. Qasımlının fikrincə, real effektiv məzənnəni hesablayarkən, manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən nominal məzənnəsi və inflyasiya nəzərə alınır. Manatın real effektiv məzənnəsinin tarazlıq səviyyəsinə nisbətini ölçmək üçün istifadə olunan bütün metodlar – alıcılıq qabiliyyəti pariteti, makroiqtisadi balans, “Big Mac” indeksi və başqa yanaşmalar göstərir ki, manatın real effektiv məzənnəsi indiyədək onun tarazlıq nöqtəsindən aşağıda olub.
“Alıcılıq qabiliyyəti paritetinə əsasən hesablanan məzənnə, ABŞ dollarının ABŞ-da alacağı miqdarda məhsulu digər ölkənin bazarında almaq üçün tələb olunan yerli valyuta dəyəridir. Başqa sözlə, ABŞ-da 1 dollara alınan məhsulu yerli bazarda almaq üçün tələb olunan ödənişdir. Azərbaycan üçün bu rəqəm Dünya Bankının 2018-ci il üçün təqdim etdiyi statistika məlumatlarına əsasən 0,25 dollardır. Yəni ABŞ-da 1 dollara alına biləcək məhsulu Azərbaycanda 0,25 dollara almaq mümkündür”, – deyə V. Qasımlı qeyd edib.
O həmçinin əlavə edib ki, ölkələr üzrə müqayisəli təhlil aparmaq üçün hər bir göstəricini alıcılıq qabiliyyəti paritetinə əsasən “beynəlxalq dollar” göstəricisi ilə ifadə etdikdən sonra real fərqləri görmək mümkündür.
“Dünya Bankının hesablamalarına görə, 2018-ci ildə Azərbaycanda 1 “beynəlxalq dollar” 0,25 dollar, Belarusda 0,25 dollar, Qırğızıstan, Gürcüstan və Ukraynada 0,29 dollar, Qazaxıstanda 0,31 dollar və Rusiyada 0,39 dollar səviyyəsində qiymətləndirilib. Bu ölkələrdə son qlobal şokların təsiri altında baş verən devalvasiyalar manatın real effektiv məzənnəsini gücləndirib.
Əgər 2000-ci ildə manatın real effektiv məzənnəsini bençmark olaraq 100 qəbul etsək, onda 2020-ci ilin əvvəlində bu göstərici 93,3 səviyyəsində olub. Başqa sözlə, manatın real effektiv məzənnəsi bu ilin əvvəlində tarazlıq nöqtəsindən aşağıda qərarlaşıb. Lakin ticarət tərəfdaşlarımızın valyutalarının son günlərdəki devalvasiyaları fonunda manatın dollar qarşısında sabitliyi, manatın real effektiv məzənnəsini tarazlıq nöqtəsinə doğru bahalaşdırır”, – deyə V. Qasımlı bildirib.
Mərkəzinin icraçı direktoru hesab edir ki, manatın real effektiv məzənnəsinin bahalaşması Azərbaycanın MDB-də məkanında minimum pensiya, orta pensiya, minimum maaş və orta maaş göstəriciləri üzrə öncül mövqelərini daha da möhkəmləndirir. Digər tərəfdən, manatın real effektiv məzənnəsinin bahalaşmasının iqtisadiyyatın rəqabət qabiliyyətinə təsirini tənzimləmək üçün institusional islahatların davam etdirilməsi, rəqabət mühitinin daha da yaxşılaşdırılması, insan kapitalının inkişafı və bazarlara çıxış istiqamətində fəaliyyətlər davam etdirilməlidir. /konkret.az/
(anews.az)
Ötən həftə ərzində (9-13 mart) dünya bazarında “Azeri Light” (CIF) markalı neft 33,8%-ə yaxın ucuzlaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 17,83 ABŞ dolları və ya 33,8% azalaraq orta hesabla 34,92 dollara bərabər olub.
Həftə ərzində ən yüksək göstərici – 36,62 dollar təşkil edib, ən minimal göstərici isə 32,35 dollara bərabər olub. /Modern.az/
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov REAL TV-yə müsahibəsində bildirib.
Elman Rüstəmov qeyd edib ki, bu yaxınlarda Sinqapur iqtisadiyyatında müəyyən prosesləri tədqiq ediblər: “Çox maraqlı amil tapdıq. Gördük ki, bütövlükdə Sinqapur iqtisadiyyatı Çin iqtisadiyyatına çox böyük həcmdə, çox yüksək səviyyəli elmi-texniki xidmətlər göstərir. Artıq bu xidmətlərin həcmi kifayət qədər azalmağa başlayıb. Nəyə görə? Çünki Çin özü artıq çox ciddi elmi-innovativ infrastrukturunu yaradıb.
Vaxtilə məlum məsəl vardı - “Amerika iqtisadiyyatı asqıranda, Avropa iqtisadiyyatı sətəlcəm olur”. Bu, 70-80-ci illərdə iqtisadçılar arasında yayılmışdı. Bu gün də Çin iqtisadiyyatı həm məcazi, həm də birbaşa mənada xəstələnəndə onun bütövlükdə dünya iqtisadiyyatına – qlobal iqtisadiyyata, qlobal ticarətə və onunla əlaqədar olaraq beynəlxalq əmtəə bazarlarına, o cümlədən də enerji daşıyıcılarına, neftin qiymətinə çox ciddi təsir göstərmə potensialı var”.
“Dollar məsələsinə görə bu camaatın yadından koronavirus çıxıb, nədir? Heç kəs spirtlənmir, maska taxmır. Başqa yerdə isə hamı bir-birindən qaçır. Burada dollara görədir, nədir, hamının koronavirus yadından çıxıb”.
Bu sözləri “Yeni Müsavat”a Bakıda banklardan birinin qarşısında dollar almaq üçün növbədə dayanmış orta yaşlı qadın deyib.
Metronun “Neftçilər” stansiyası həndəvərində əksər bankların filialları var. Həmin filiallara baş çəkib infeksiyanın önlənməsi üçün dezinfeksiya işlərinin görülüb-görülməməsinə aydınlıq gətirməyə çalışdıq. Bank filiallarında hazırda “iynə atsan, yerə düşməz”. Sıxlıq o qədərdir ki, hətta filialların qapısı önündə də müştərilər öz növbələrinin çatmasını gözləyirlər. “Kapitalbank”ın metronun “Neftçilər” stansiyası yaxınlığındakı filialından savayı digər bankların ərazidəki filiallarında, deyəsən, heç koronavirus təhlükəsi haqda eşitməyiblər. Olduğumuz bank filiallarının heç birində rəhbərliklə danışa bilmirik. Səbəb kimi iclasda olduqları göstərilir. Maraqlı burasıdır ki, dollar satışını dayandırmayan bank filiallarının işçiləri müştəri sıxlığına baxmayaraq, tibbi maska taxmır, dezinfeksiyaedici məhlullardan istifadə etmirlər.
“Kapitalbank”ın filialında dollar satışı dayandırılıb, amma girişdə xüsusi dezinfeksiyaedici məhlul qoyulub, işçilər də tibbi maskada xidmətlərini davam etdirirlər. Söhbətləşdiyimiz müştərilərdən hər biri koronavirus təhlükəsi haqda yaxşı bilgilidir, amma banklarda onlara dezinfeksiyaedici məhlul təklif olunmamasının səbəbi ilə də maraqlanmadıqlarını deyirlər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib. “Pandemiya” yoluxucu xəstəliyin bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çox ölkəni bürüməsinə deyilir. Azərbaycanda koronavirusla mübarizə Nazirlər Kabineti yanında operativ qərargah üzərindən həyata keçirilir. Məktəblər, universitetlər, uşaq baxçaları koronavirus təhlükəsinin önlənməsi üçün qapadılıb. Rəsmi rəqəmlərə görə Azərbaycanda hazırda 12 nəfər bu infeksiyaya yoluxmuş şəxs var.
Koronavirus infeksiyasına yoluxma təhlükəsi ümumilikdə dünyada qlobal iqtisadi çaxnaşma yaradıb. İş yerləri bağlanılıb, ölkələr infeksiyanın yayılması təhlükəsi qarşısında sərhədlərini qapadıb. Müvafiq olaraq iqtisadi əlaqələr də ölü nöqtəyə yuvarlanıb. Maşın-texnikaların hərəkətverici mexanizmləri üçün lazım olan yanacağa da tələbat rekord həddə qədər azalıb. Zəncirvari reaksiya neftin kəskin ucuzlaşmasında özünü büruzə verib. Neft satışından əldə olunan gəlirlə iqtisadi sabitliyini qoruyan ölkələrdə vəziyyət gərginləşmək üzrədir. Azərbaycanda iqtisadi təlatüm yoxdur, amma əhali banklara üz tutub dollar almağa çalışır. Koronavirus təhlükəsi isə heç kimin, nə bankların, nə də müştərilərin yadına düşür.
Azərbaycan Mərkəzi Bankında, digər banklarda rəhbər vəzifələrdə çalışmış hüquqşünas Əkrəm Həsənov deyib ki, yaranmış durumda əhalinin banklara üz tutması başa düşülən deyil: “Adam var, əlində 500 manatı var, qaçıb banka ki, tez həmin 500 manatı 300 dollara çevirsin. Adama deyirsən ki, axı 3 gün sonra sənə pul lazım olacaq, məcbur olacaqsan həmin dolları daha ucuz qiymətə satmağa. Eşidir, təsdiqləyir ki, belə də olacaq, amma yenə də gedib dollar alır. İqtisadiyyatın qanunu budur ki, nəsə qıt olanda hamı onu almağa çalışır. Düşünürlər ki, bahalaşacaq, qaçım alım. Mərkəzi Bank belə şəraitdə vəziyyətdən çıxmaq üçün hər gün dollar hərracı keçirməli, banklara dollar satışını artırmalıdır. Gündə 3 dəfə dollar hərracı keçirib banklara dollar satılmalıdır ki, tələbat ödənsin. Limitlə dollar satışı qanunsuzdur. Qanun tələb edir ki, banklar dolları limitsiz satsınlar. Bu gün banklarda olan ajiotaj məhz həmin o qanunsuzluğa görədir. Əhaliyə də tövsiyəm budur ki, 1 aylıq xərclərini dollara dəyişməsinlər. Neftin qiyməti qalxsa, devalvasiya olmayacaq. Son puluna dollar almaq lazım deyil”.
Əkrəm Həsənov banklarda müşahidə olunan müştəri sıxlığının koronavirus infeksiyası üçün əlverişli mühit yaratdığını da dedi: “İstənilən bankın internet saytına girin, orada bölmələr var ki… sosial məsuliyyət bölməsi, məsələn. Yəni bunlar ictimaiyyət qarşısında məsuliyyətlərini dərk edirlər və qanunvericiliyin tələb etdiyindən əlavə tədbirlər də görürlər. Sosial məsuliyyətin tərkib hissəsi həm də belə hallarda əhalinin qeydinə qalmaqdır. Əgər həqiqətən də sosial məsuliyyəti dərk edirlərsə, indiki məqamda hamı ki gəlib dollar almağa, buna uyğun da işlərini qurmalıdırlar. Ola bilər ki, banka gələn müştərilərdən biri virusa yoluxub. Dezinfeksiya olsa, müvafiq havalandırma işləri görülsə, həmin virusun yayılma təhlükəsini önləmək olar. Baş verənlər onu göstərir ki, banklarımız əhalinin dostu deyil, sosial məsuliyyətlə bağlı bəyanladıqları prinsiplərə də sadiq deyillər”.
Əkrəm Həsənov deyir ki, banklar işçilərinin sağlamlığının da qeydinə qalmalıdır: “İşçilər səhər 9-dan axşam 6-ya qədər, bəzi banklarda 7-yə qədər iş başındadırlar. Onların tibbi maska ilə təminatı, müştərilərin dezinfeksiyaedici məhlullardan istifadə edərək bank binalarına daxil olması təmin olunmalıdır. Elementar gigiyena məsələlərinə diqqət artırılmalıdır. Bank filiallarına gün ərzində yüzlərlə, minlərlə müştəri gəlir. İşəgötürənlər işçilərin sağlamlıqları haqqında düşünməli, müvafiq tədbirlər görməlidirlər”.