Bizdə peşəkarlıq hər zaman səhv başa düşülüb. Əksəriyyət heç bunun nə olduğunu bilmir.
Kütlə bəzən elə bilir ki, söz oynatmaq, sözlə “sancmaq”, qışqıra-qışqıra danışmaq şərhçiliyin əsas qaydalarından biridir.
Dünən Avro-2024-ün 1/8 finalı çərçivəsində keçirilən Avstriya-Türkiyə oyununda şərhçimiz sosial şəbəkələrdə xeyli müzakirə olundu, hələ də olunmaqdadır. Bəziləri onun işini müsbət qiymətləndirir, hətta türkiyəli idman mütəxəssisləri də onun şərhinə heyran qaldıqlarını bildiriblər.
Futbol mütəxəssisi deyiləm, adicə azarkeşəm. Bu sahədə düz 30 illik təcrübəm var. Müxtəlif şərhçilərin şərh etdiyi saysız-hesabsız oyunlara baxmışam. Amma vallah, şərhçilik söz soxmaq, söz oyunu etmək, qışqıra-qışqıra danışmaq deyil. Hələ şərhçimizi intellektual adlandıranlar da var. İntellektuallığın şərhçilikdə nə əlaqəsi var, anlamıram. İntellektual şərhçi axtarırıqsa, o zaman futbol oyunlarını Şəhriyar, Teymur şərh etsin.
Ümumiyyətlə, Azərbaycanda şərhçilik ənənəsi iki yerə bölünür: Sovet (rus) və Türkiyə. İllərdir Azərbaycan futbol şərhçliyində Türkiyənin təsiri açıq-aşkar üstünlük təşkil edir. Elə qışqıra-qışqıra şərh etmək də ordan gəlib. Demirəm ha, əvvəllər də yaxşı idi. Köhnə nəslin məlum şərhçilərini futbol ictimaiyyəti yaxşı tanıyır. Ala-yarımçıq cümlələr, yastı-yastı danışmaq, qoldan bir dəqiqə sonra qol məlumatı vermək, futbolu qoyub filan ölkədə filan yarış barədə danışmaq... Adamı yuxu basırdı. Oyunun qurtarmağından da xəbərin olmurdu, elə yatıb qalırdın.
Amma qışqırmaq da şərhçilik deyil.
Rusiya və digər ölkələrdə şərh edilən futbola baxmaq xoş deyil, xüsusən də mənim üçün. Hər zaman öz futbolumuz, öz şərhmizdən zövq almaq istəmişik. İllərdir bunları bizə verməmisizsə, Allah canınızı sağ eləsin. Heç olmasa, imkan verin, başqa oyundan və başqa şərhdən zövq alaq.
Çempionat öncəsi yayım hüququ ilə bağlı mübahisələr başlamışdı. Digər xarici kanalların futbol yayımı dayandırılanda haqlı olaraq narazılığımızı bildirdik. Çünki müştəriyik və futbola hansı kanaldan baxacağımıza özümüz qərar verməliyik. O zaman da səsimizi çıxaranda nadan kütlə az qala bizi daşa bassın ki, niyə öz kanalımızdan baxmırsız.
İndi də dünənki şərhçiliklə bağlı tənqid yazanları az qalıb vətən xaini çıxarsınlar, basıb öldürsünlər.