Xəzər rayonu Binə qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan ödəmə terminalından 7753 manat oğurlanıb.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən Binə qəsəbəsi sakini əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü İlham Rəhmanov saxlanılıb.
Araşdırma zamanı bu şəxsin paytaxtın Suraxanı rayonunda da 2 mağazada quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi məlum olub. Saxlanılan zaman həmin şəxsdən oğurladığı maddi vəsaitin bir qismi aşkar olunaraq götürülüb. İ.Rəhmanov oğurluq yolla əldə etdiyi pulun bir hissəsini şəxsi ehtiyaclarına xərcləyib.
Faktlarla bağlı 3-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir. İ.Rəhmanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.