Bakı-Sumqayıt yolunda hərəkət edən toy karvanındakı avtomobillərdən birinin sürücüsü avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün həbs edilib.
Millidestek.az xəbər verir ki, Toy karvanı üzü Xırdalana tərəf hərəkət edən zaman VAZ-2106 markalı, 10 ZO 751 dövlət nömrə nişanlı avtomobilin sürücüsü “Ekologiya postu”nun ərazisində sağ-sol manevrlər edərək avtoşluq edib.
Toy karvanı geri qayıdarkən də sözügedən postun ərazisində “ruçnoy” çəkərək avtoxuliqanlıq edən sürücü yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, VAZ-2106 markalı, 10 ZO 751 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Abşeron rayonu, Hökməli qəsəbəsi sakini, 1984-cü il təvəllüdlü Coşqun Mətləb oğlu Məmmədovdur.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 511.1-ci maddəsinə (avtoxuliqanlıq) əsasən protokol tərdib edilib və iş məhkəməyə göndərilib. İşə Abşeron rayon Məhkəməsində hakim İlham Kərimlinin sədrliyi ilə baxılıb. Məhkəmənin qərarı ilə sürücü bir ay müddətinə inzibati qaydada həbs edilib. Bundan başqa, Coşqun Məmmədovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb.