Qohumunun evindən oğurluq edən şəxs polisə zəng edərək, oğrunu tapmalarını istəyib.
Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, törətdiyi cinayəti gizlətmək üçün polisə yalan məlumat verən Bakı şəhər sakini Bayram Mövludov tutulub.
B.Mövludov Binəqədi RPİ 5-ci PB-yə zəng edib, rayonun S.Bəhlulzadə küçəsindəki evdən oğurluq edildiyini bildirib. Əlavə edib ki, evə girən 2 nəfər naməlum şəxs əvvəlcə onu döyüb, daha sonra isə 20.000 manat dəyərində qızıl əşyanı götürərək aradan çıxıblar.
Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə qeyd edilən evin B.Mövludovun qohumuna məxsus olduğu və onun 6 ay ərzində qaldığı həmin evdən qızıl əşyalar oğurladığı müəyyən edilib. Məlum olub ki, B.Mövludov oğurladığı qızılları qızıl mağazasına 31.305 manata satıb. O, törətdiyi hadisəni gizlətmək üçün polisə yalan məlumat verib.