İsmayıllı rayonunda yerləşən “Green House” istirahət mərkəzindəki hovuzda elektrik cərəyanı keçirməsi ilə iki nəfərin ölümü və iki nəfərin xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Hazırda hadisənin baş verməsində təqsiri olan, eləcə də texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifələri həvalə edilmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.