Son xəbərlər

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə koronovirusla bağlı səs yayan şəxslə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bildirib ki, vatsap şəbəkəsində səsi yayılan şəxsin həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Nazirlik rəsmisi cəmiyyətdə koronavirusla bağlı həqiqətə uyğun olmayan şəxslərə qarşı tədbirlərin görüldüyünü də əlavə edib.

Qeyd edək ki, son günlərdə dünya ölkələrində, eləcə də qonşu İranda koronavirusa yoluxanların sayı xeyli artıb. (publika.az)

“Azərbaycanda koronavirus yayılıb” xəbərini yayan şəxs müəyyənləşib.  

Haqqın.az xəbər verir ki, xüsusi əməliyyat vasitəsi ilə kişi saxlanılıb.

Məlum olub ki, saxlanılan şəxs həkimdir. Dindirilmə zamanı o zarafat etdiyini deyib. Ona məsuliyyəti xatırladılaraq xəbərdarlıq edilib və sərbəst buraxılıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törətmişdir.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində ER silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınmış, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanmış, digər hərbi qulluqçusu öldürülmüşdür.

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olmuşdur.   /yeniavaz.com/

Bakıda dəhşət: Sürücü maşında diri-diri yanaraq öldüDünən axşam saatlarında Bakının Qaradağ rayonunda “Mercedes” markalı avtomobil dirəyə çırpıldıqdan sonra yanıb.

"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı Orxan adlı sürücü avtomobildə yanaraq ölüb. 

Qəza yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın söndürülüb. 

Hadisə yerindən çəkilən görüntüləri təqdim edirik:

Abşeronda güclü yanğın başlayıb
Abşeronda güclü yanğın hadisəsi olub.

Report xəbər verir ki, hadisə Qobu qəsəbəsinə yaxın ərazidə qeydə alınıb.

İlkin məlumata görə, ərazidəki obyektlərdən birində yanğın başlayıb. Yanğın uzaq məsafədən də diqqəti cəlb edir.

Hadisənin hansı obyektdə baş verdiyi dəqiqləşdirilir.

Koronavirusla bağlı sosial şəbəkələrdə yayılan səs yazısı haqqında
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıblar.

Məlumatda sosial şəbəkələrdə koronovirsa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısının həqiqəti əks etdirmədiyi bildirilir.

Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib.

Qeyd edək ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir. Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.

Bakıda həftə dumanlı və çiskinli başlayır
Bu günə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. 

Gün ərzində mülayim cənub-qərb küləyi arabir güclənəcək.  Havanın temperaturu  gecə 5-7° isti, gündüz  9-11° isti, Bakıda  gecə 5-7° isti, gündüz  9-11° isti olacaq. 

Atmosfer  təzyiqi  765 mm civə sütunundan 755 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60% olacaq.  

Fevralın 24-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

Havanın temperaturu  gecə 4-8° isti, gündüz  12-17°  isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz  5-10° isti  olacaq. 

Məhkəmə DTX əməliyyatı ilə tutulan icra başçısı və digər yüksək vəzifəlilərlə bağlı qərar verdi

Bu gün Səbail rayon Məhkəməsində Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birgə saxlanılan digər şəxslərin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
Oxu.az xəbər verir ki, məhkəmə verilən vəsatəti təmin edib və təqsirləndirilən şəxslərin hər biri barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları fevralın 20-də Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirib.
Əməliyyat nəticəsində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavinləri Vurğun Əkbərov, Gültəkin Sadıqova, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimovr rüşvət alma və rüşvət vermə əməllərini törətməkdə şübhəli bilinərək saxlanılıblar.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
DTX-nin əməliyyatı ilə saxlanılan icra başçısının biznes şəbəkəsi — VİDEO
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Neftçalanın icra başçısı (artıq sabiq icra başçısı) İsmayıl Vəliyev rayonda böyük biznes qurub.
 
Bu barədə Oxu.Az DTX-nin Neftçalada vəzifəli şəxslərin tutulması görüntülərini əks etdirən əməliyyat çəkilişlərinə istinadən xəbər verir.
 
Belə ki, Neftçalanın Qoltuq qəsəbəsindəki Eynullayev küçəsindəki təsərrüfatın İsmayıl Vəliyevə məxsus olduğu bildirilir.
 
Bundan başqa, DTX-nin əməliyyat çəkilişlərində Neftçaladakı böyük bazarın və beton zavodunun da İsmayıl Vəliyevə məxsus olduğu bildirilir.
 
Xatırladaq ki, DTX-nin keçirdiyi əməliyyatla İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, icra başçısının digər müavini Gültəkin Sadıqova, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov saxlanılıblar.
 
İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə maddələri ilə təqsirli bilinirlər.
 
 
Neftçalada 6 yüksək vəzifəli şəxs TUTULDU — RƏSMİ AÇIQLAMA

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) açıqlama yayıb.
Açıqlamada deyilir:

"Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilməkdədir.

Bu tədbirlərin davamı kimi Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılmışdır.

Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunmuşdur.

Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilmişdir.
İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülmüşdür.

Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyən edilmişdir.

İstintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilmişdir.

Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılmışlar.

Hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".