Son xəbərlər

Nərimanovda mənzildə qadın meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1985-ci il təvəllüdlü Əhmədova Arzu Hidayət qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Başı telefona qarışan xanım sürücü qəzadan son anda xilas oldu
Bakıda xanım sürücünün məsuliyyətsizliyi qəzaya səbəb olacaqdı.

Oxu.az xəbər verir ki, köməkçi yoldan əsas yola daxil olan avtomobil dönmə işığından istifadə etmədən əvvəlcə ikinci zolağa daxil olub. 

Daha sonra avtomobilin xanım sürücüsü arxadan gələn maşını gözləməyib və birbaşa üçüncü zolağa daxil olub. Bu zaman arxadan gələn avtomobilin sürücüsünün vaxtında əyləcdən istifadə etməsi qəzanın baş verməsinin qarşısını alıb. 

Görüntülər həmin yolla hərəkətdə olan avtomobillərdən birində yerləşdirilən kamerada əks olunub. Şahidlərin sözlərinə görə, xanım sürücünün başı mobil telefona qarışıb və buna görə də diqqəti yayınıb. 

Həmin görüntüləri təqdim edirik:

Duman, çiskin olacaq
Bu gün Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakıda və Abşeron yarımadasında fevralda 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gün ərzində mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 , gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanda keçmiş nazir vəfat etdi
Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidov vəfat edib.

 "Yeni Sabah" xəbər verir ki, bu haqda onun yaxınları məlumat yayıblar. Keçmiş nazir müalicə aldığı xəstəxanada az öncə dünyasını dəyişib.

Qeyd edək ki, İ. Həmidov uzun müddət idi səhhətində yaranmış problemlərdən əziyyət çəkirdi.İsgəndər Həmidov vəfat etdi

Xocalı soyqırımından 28 il ötür
Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 28 ili tamam olur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

2009-cu ilin fevralından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

Daxili İşlər Nazirliyi (DİN) Bakıda polis əməkdaşının qətli ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlinərək müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Anarın ailə-məişət münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.

Əməliyyat tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən qardaşı – A.Ramazanov saxlanılıb.

Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Report-un məlumatına görə, qətlə yetirilən Anar Ramazanov Nəsimi Rayon Polisi İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşı olub.

Sovet İttifaqı marşalı Dmitri Yazov Moskvada ölüb.

D.Yazov 2019-cu ilin noyabr ayında 95 yaşı tamam olmuşdu.

Dmitri Yazov 1924-cü ildə Omsk vilayətində dünyaya gəlib. Böyük Vətən Müharibəsi illərində Leninqrad cəbhəsində atıcı bölüyün komandiri olub, 1987-ci ildən isə SSRİ Müdafiə naziri vəzifəsini tutub.

1990-cı ildə Dmitri Yazov Sovet İttifaqının Marşalı adına layiq görülüb.

20 Yanvar 1990-cı ildə Bakıya qoşun yeridlməsinə baş icraçısı məhz o hesab olunur. (teleqraf.com)

Dünyanı qorxuya salan koronavirus təhlükəsi artıq ölkəmizə də gəlib çıxıb. Amma bu dəfə virus özü yox, bundan istifadə edən işbazlar peyda olub.
 
ARB TV-nin “Günə doğru” verilişində koronavirus fırıldaqçıları ilə bağlı süjet yayımlanıb.Belə ki, naməlum şəxs və ya şəxslər şəhərin müxtəlif ünvanlarında qapı-qapı düşərək insanlardan pul tələb edir. Bu pul müqabilində onların mənzillərini virusa qarşı dezinfeksiya edəcəklərini bildirirlər.
 
Sakin: “1 nəfər oğlan idi. Qapını açmadıq, amma dedi ki, epidemiologiyadan gəlmişəm”.
 
Sakin: “Hər evdən 3 manat yığırıq, dərman almaq üçün”, – dedi. Qoruyucu geyimdə idi oğlan, əlindəki alətlə ətrafa dərman səpələyirdi. Sonra çıxdı getdi”.
 
Sakin: “Qurd yox, quş yox, ağcaqanad yox. İndi niyə edirsən? Dedi bizə göstəriş veriblər. Soruşduq göstərişi kim verib, cavab vermədi. Amma qabağında belə vizitka kimi bir şey var idi, qırmızı rəngdə paltarı var idi. Birinin də ağzında maska var idi. Dedilər hər evdən 3 manat yığırıq, ver. Aldı 3 manatı məndən, getdi”.
 
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, hazırda onlara hər hansı bir tapşırıq verilməyib. Yalnız müraciət olduğu halda dezinfeksiya işləri aparıla bilər:
 
“Kifayət qədər özəl sektora mənsub olan belə dezinfeksiyaedici şöbələr mövcuddur. Hansı ki, bunlar ayrı-ayrı fiziki şəxslərə aiddir. Bunlar ancaq bağlanmış müqavilə əsasında xidmət göstərə bilər. Müqviləsiz hansısa qapını döyüb “biz dezinfeksiya işi aparmağa gəlmişik” deyə bilməz, icazəsi yoxdur.
 
Ayrı-ayrı evlərdən rəsmi qaydada müraciət əsasında ödənişli xidmət göstərilir. Təsərrüfat hesabına işləyən idarədir. Onlar da bu müqavilə əsasında xidmət göstərə bilərlər”.
 
Vətəndaşlara tövsiyə olunur ki, gələn şəxslərdən şəxsiyyət vəsiqəsi, işlədiyi yerin vəsiqəsini tələb etsin. Eyni zamanda sakinlərə belə halla rastlaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etmələri məsləhət görülür.
 
Polis qardaşı tərəfindən qətlə yetirildi
Bakıda 31 yaşlı şəxs qardaşını qətlə yetirib.

Report xəbər verir ki,  hadisə fevralın 24-də paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Araz Ramazanov mübahisə zəminində qardaşı, Nəsimi Rayon Pollsi İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Araz Ramazanov saxlanılıb.

Bakı bulvarında həyəcanlı anlar
Bakıda bir nəfər dənizə düşüb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.