![]() |
![]() |
Qalib Azərbaycan ordusunun Ali Baş Komandanı Cənab İlham Əliyev Azərbaycan tarixində şərəf və ləyaqətin rəmzidir
Azərbaycan xalqı ikinci Qarabağ müharibəsindən qalib xalq, qalib dövlət, qalib ordu kimi ayrıldı. Bu birmənalı və mübahisəsiz həqiqətdir. Odur ki, heç kim nə Qələbəmizə şübhə ilə yanaşsın, nədəki 10 noyabrda imzalanmış birgə bəyanatın müddəalarından narahat olmasın. Hər kəs əmin ola bilər, o bəyanatda Azərbaycanın maraqlarına zərrə qədər də zidd olan hər hansı bir neqativ məqam tapmaq mümkün deyil.
44 günlük savaş başlayana qədər Ermənistan ictimaiyyəti hələ də elə düşünürdü ki, çox qısa bir müddətə Azərbaycanı məğlub edəcək, yeni ərazilər ələ keçirəcək. Artıq ötən əsrin 90-cı illəri deyil, onların qarşısında hərb sənətinin incəliklərini bilməyən könüllülər yox, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərlik etdiyi dünyanın aparıcı orduları ilə müqayisə edilən güclü, intizamlı hərbi birləşmələr dayanıb. Ciddi nizam-intizamla formalaşan və ən müasir silahlara malik, son 27 ildə yalnız öz torpaqlarını azad etməyi düşünən bir ordu ilə müqayisədə korrupsiya və özbaşınalıqdan təngə gələn Ermənistan cəmi bir neçə günün içərisində elə ağır zərbələr aldı ki, müharibəni davam etdirə bilməyəcəyini anladı və xarici havadarlarının yardımına bel bağlamaqdan başqa çarəsi qalmadı.
Ermənistanda düşünürdülər ki, dünyadakı böyük havadarları, diaspor və lobbiləri bu dəfə də öz işini görəcək və Azərbaycanı geri çəkilməyə vadar edə biləcək. Lakin onlar bu dəfə yanılmışdı. Son illər ərzində Azərbaycan diplomatiyası qələbə üçün bütün mühüm diplomatik addımları atmışdı və geniş lobbi şəbəkəsinə malik olan Ermənistan diplomatik müstəvidə də Azərbaycana məğlub olmuşdu. Baxmayaraq ki, 44 günlük müharibə boyunca ermənilərin təsirində olan beynəlxalq kanallar heç vaxt olmadığı qədər fəallaşdırıldı və Azərbaycana qarşı ciddi təzyiq kampaniyasının keçirilməsinə cəhdlər olundu, bütün bunlar gözlənilən effekti vermədi. Azərbaycan beynəlxalq hüququ əsas götürərək, öz ərazilərində anti-terror əməliyyatına və əks-hücuma başladı və BMT-nin, ATƏT Minsk Qrupunun 27 ildə edə bilmədiyini cəmi 44 gün ərzində həyata keçirə bildi.
Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyev Vətən müharibəsi tarixinə öz adını Qarabağ fatehi kimi yazaraq Prezident, Ordu, Xalq birliyinin sarsılmaz və əbədi olduğunu bir daha sübut etdi. Şuşamızı, torpaqlarımızın hər bir qarışını yağı düşməndən azad edən, bizi məğlub xalq xəcalətindən xilas edən əsgərlərimiz Azərbaycanda yeni bir tarix yazmağı bacardılar. Ali Baş Komandanımızın dediyi kimi düşməni torpaqlarımızdan “ iti qovan kimi” qovdular.
Vətən müharibəsində bir daha əmin olduq ki, xalqla möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandanımız birdir. Bu birlik şəhid övladını ağlamayaraq “Vətən sağ olsun” deyən anaların, nəşini çiynində daşıyan şəhidin həyat yoldaşlarının, “fəxr edirəm ki, atam Vətən yolunda şəhid olub” deyən övladların varlığındadır. Xalq-Heydər birliyinin əbədi, sarsılmaz olduğunu sübut edən Azərbaycan xalqı İlhamla irəli deyərək cənab Prezidentimizin ətrafında sıx birləşib, ona inanır, etibar edir və öz xoşbəxt, firavan, işıqlı gələcəyini İlham Heydər oğlu Əliyevdə görür.
Bu gün Azərbaycan xalqı tam əmindir ki, düşmən tərəfindən dağıdılmış kənd, qəsəbə və şəhərlərimiz cənab Prezidentimizin yorulmaz fəaliyyəti sayəsində tezliklə bərpa olunacaq, ölkəmizin abad və cənnət bir məkanına çevriləcəkdir.
Səməd Zeynalov,
Salyan rayon Qarabağlı-1 saylı kənd tam orta məktəbin müəllimi
1995-ci ilin mart hadisələri müstəqilliyimizə
qəsd edənlər üçün ibrətamiz bir dərs oldu
1995-ci ilin 13-17 mart hadisələri əslində 1994-cü ilin oktyabrında bəzi xarici qüvvələrin diktəsi ilə dövlət çevrilişinə edilən cəhdin növbəti ssenarisi hesab olunur. 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi"ndən sonra Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr əcnəbi havadarlarının tələbi ilə hərəkətə gəldilər. Çünki bu müqavilənin əleyhinə olan və respublikamıza təzyiq göstərmək istəyən xarici qüvvələrin hərəkətləri ölkə daxilində xalqa, dövlətə, dövlətçiliyə düşmən mövqelərlə üst-üstə düşmüşdü. Ancaq xalqın gücü, iradəsi və müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin düşünülmüş məqsədyönlü siyasəti nəticəsində bu cəhdin qarşısı alındı.
1994-cü ilin oktyabrında bədnam niyyətləri və planları baş tutmayan cinayətkar ünsürlər, Azərbaycanın müstəqilliyini öz çirkin məqsədlərinə qurban verməyə hazır olanlar, respublikamızı başqa dövlətlərin himayəsində görmək, hətta onu quberniyalara belə bölmək istəyənlər bundan dərin təşviş və narahatlıq keçirirdilər. Amma onlar oktyabr hadisələrindən ibrət götürmədilər. Əksinə, məkrli niyyətlərini həyata keçirmək üçün planlar qurdular.
1995-ci ilin martında həyata keçirilməsi nəzərdə tutulan bu planlar Azərbaycanın sabit inkişaf və islahatlar yoluna qədəm qoyduğu dövrə təsadüf edirdi. Bu hadisələr Azərbaycanda dövlət quruculuğunun ilk praktik uğurlarının önünü kəsməyə yönəlmiş cəhd idi. 1994-cü ilin sentyabrında imzalanan "Əsrin müqaviləsi" 1995-ci ildə reallaşmağa başlanacaqdı. Xarici investorlarla daha bir iri neft müqaviləsi hazırlanır, ölkənin sosial-iqtisadi inkişafını müəyyənləşdirən perspektivlər nəzərdən keçirilirdi. Eyni zamanda 1995-ci ilin payızında ölkə konstitusiyası qəbul edilməli, yeni parlament seçkiləri keçirilməli, bir sözlə, Azərbaycanda hüquqi, demokratik dövlətin inkişafı dönməz xarakter almalı idi.
Lakin bu planlar da Heydər Əliyev qətiyyətinin və xalqın öz rəhbəri ətrafında sıx birləşməsinin qarşısında puç oldu, həyata keçmədi. 1995-ci ilin mart ayında xüsusi təyinatlı polis dəstəsinin törətdiyi dövlət cinayətləri xalqımıza müəyyən zərbələr vursa da, qan tökülsə də, müstəqil Azərbaycan dövlətçiliyini bir daha sınaqdan çıxardı. Onun möhkəm, qüdrətli olduğunu göstərdi, qanunsuz zor işlətməyin mənasızlığını sübut etdi. Həmin hadisələr xalqın ulu öndər Heydər Əliyevə sonsuz məhəbbətini, milli həmrəyliyini, Azərbaycan Respublikasının demokratik əsaslarının möhkəmliyini, konstitusiya və qanunlardan kənar fəaliyyətin yolverilməzliyini nümayiş etdirdi.
1995-ci ilin mart olaylarından sonra Azərbaycanda hərbi müxalifət anlayışına birdəfəlik son qoyuldu. Bu mənada 1995-ci ilin mart hadisələrini müstəqil Azərbaycan dövlətçiliyini iflasa uğratmaq istəyən bədnam qüvvələrin sonuncu uğursuz çarpışması da saymaq olar. Həmin il Azərbaycan dövləti sabit inkişaf yoluna daxil oldu, yeni Konstitusiyanın layihəsi hazırlandı, Milli Məclisə ilk seçkilər keçirildi. Bu gün Azərbaycanda yaşanan iqtisadi yüksəlişi, demokratik dünyaya inteqrasiya üfüqlərinin təməlini o günlərdə Heydər Əliyev dühasının əzəmətində, onun ən kritik anlarda nümayiş etdirdiyi qətiyyət və bacarıqda axtarmaq lazımdır.
Aradan illər ötüb və mart hadisələrinin təşkilatçıları və iştirakçısı olmuş şəxslər ədalət mühakiməsi qarşısında dayanaraq öz haqlı cəzalarını alıblar. Əksəriyyəti ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin mərhəməti sayəsində əfv olundular. 26 il öncə ölkədəki siyasi sabitliyi, vətəndaş həmrəyliyini pozmağa çalışan təxribatçılar məhz dövlət başçısının humanistliyindən bəhrələndilər. Artıq ölkəmizdə heç bir qüvvə daxili sabitliyi pozmağa, vətəndaş itaətsizliyi yaratmağa, dövlət çevrilişi etməyə cəhd göstərə bilməz. Çünki bütün bu məkrli niyyətlərin qarşısında ulu öndər Heydər Əliyevin qurduğu və Prezident İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycan dövləti, bu dövlətə və onun rəhbərinə bağlı xalq var!
Telman Ağabəyov,
Salyan rayonu Kürqaraqaşlı bələdiyyəsinin sədri
Ulu öndər Heydər Əliyevin müdriklikliyi,qətiyyətli siyasəti nəticəsində
Dövlət çevrilişi cəhdinin qarşısı alındı
1995-ci ilin mart hadisələrindən 26 il keçir. Hər il ölkəmizə Novruz bayramı qədəm qoyanda o illərin acı hadisələri bir anlıq da olsa göz önünə gəlir, hakimiyyəti silahlı yolla ələ almaq istəyənlərin xəyanətkar əməlləri yada düşür.
Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə hakimiyyətə rəhbərlik edənlərin cəsarətsizliyindən, qorxaqlığından və qeyri-prinsipiallığından yararlanan belə qüvvələr qanunlara tabe olmaq istəmir, soyğunçuluq, quldurluq əməllərini davam etdirir, öz hegemonluqlarını qoruyub saxlamağa çalışırdılar. Lakin onlar sanki unudurdular ki, hakimiyyətə ulu öndər Heydər Əliyev kimi bir şəxsiyyət rəhbərlik edir.
Ulu öndərin qətiyyəti, respublika hüquq-mühafizə orqanlarının gördüyü operativ tədbirlər nəticəsində dövlət orqanlarının normal fəaliyyəti bərpa olundu. XTPD-nin başçısının ərköyünlüyü və bu qurumun bir qrup üzvünün özbaşınalıqları, qanunlara tabe olmamaları və quldurluq əməlləri dözülməz hala çatmışdı. Respublikanın daxili işlər naziri, general-mayor Ramil Usubovun 14 mart 1995-ci il tarixli əmri ilə Xüsusi Təyinatlı Polis Dəstəsi ləğv edildi.
1995-ci ilin mart hadisələri Azərbaycan xalqının, müstəqillik yolunda ilk kövrək addımlarını atan bir dövlətin tarixində iki cəhətdən yadda qaldı. Birincisi, hər addımda qışqıra-qışqıra dövlətin, dövlətçiliyin tərəfində durduğunu, guya xalqını, Vətənini canından artıq sevdiyini bəyan edənlərin iç üzləri açıldı. Xalq öz cılız ambisiyaları üçün müstəqilliyi məhvə aparmağa hazır olan, millətinin qanına susamış xəyanətkarları tanıdı. İkincisi, dövlət özünü qorumaq iqtidarında olduğunu bir daha göstərdi.
1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələrinin qarşısı qətiyyətlə alındıqdan sonra xalqa bir daha bəyan oldu ki, ümummilli lider Heydər Əliyev kimi bir şəxsiyyəti hakimiyyətə gətirməklə həm öz gələcəyini, həm də Azərbaycanı xilas edib. Bundan sonra Azərbaycanın müstəqilliyi daha da möhkəmləndirildi və əbədi oldu.
Ülviyyə Ağalarova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Zəfər sevincini yaşayır
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Novruz bayramı günlərində işğaldan azad olunmuş ərazilərə, xüsusi ilə Şuşaya səfəri böyük əhəmiyyətə malikdir. Bu gün bütün dünyanın diqqəti Azərbaycana yönəlib. Çünki Azərbaycan öz qüvvəsinə söykənərək beynəlxalq hüquq normaları çərçivəsində ərazi bütövlüyünü bərpa etməyə müvəffəq olub. Bütün dünya Ermənistanın bir vaxtlar işğal altında saxladığı ərazilərdə törətdiyi vəhşilikləri, barbarlığı öz gözləri ilə görür. Dünya ictimaiyyəti bir daha yəqin oldu ki, işğalçı Ermənistan bu ərazilərdə yaşayış üçün heç bir şərait yaratmayıb.
Doğma və tarixi torpaqlarına qovuşan ölkəmiz çox qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə start verib və burada tezliklə insanların sivil qaydada yaşayışı təmin olunacaq. Bu istiqamətdə çox mühüm işlər görülür- yollar çəkilir, infrastruktur layihələri həyata keçirilir, ayrı-ayrı şəhərlərin baş planları hazırlanır. Təbii olaraq, bunların içində mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin yenidən qurulması xüsusi yer tutur. Şuşa Azərbaycanın mədəniyyət tarixini əks etdirən bir şəhərdir. Mənfur düşmən nə qədər əlləşib-vuruşsa da Şuşanı dünyaya öz şəhəri kimi təqdim etməyə müvəffəq ola bilmədi və edə bilməzdi də. Çünki Şuşa bizim canımız, qanımız, ürəyimizdir.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız Şuşaya dəfələrlə səfər edib və dövlətimizin başçısı hər səfərində Şuşa ilə bağlı görüləcək işlər, planlar barədə ictimaiyyətə öz mesajlarını verib. Prezident cənab İlham Əliyev Şuşada Novruz tonqalını alovlandırması ilə dünya ictimaiyyətinə yeni mesajlar verdi. Dövlətimizin başçısı mesaj verdi ki, “Azərbaycan öz tarixi torpaqlarını qorumaqda və heç kəsə verməməkdə qətiyyətlidir. Bir daha bəyan edildi ki, artıq münaqişəyə son qoyulub və Dağlıq Qarabağ deyilən problem yoxdur. Ölkəmizin başçısı bildirdi ki, müxtəlif xalqların nümayəndələri bərabər hüquqlara malikdirlər. Onlar Azərbaycanda heç bir maneə olmadan sərbəst yaşayırlar və bundan sonra da belə olacaq”.
Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Zəfər sevincini yaşayır. Böyük Qələbəmiz Prezident cənab İlham Əliyevin düşünülmüş, müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Biz torpaqlarımızı dövlətimizin iqtisadi və siyasi gücü, Azərbaycan gənclərinin mərdliyi, qəhrəmanlığı sayəsində azad etdik. Dövlətimizin başçısının vurğuladığı kimi, Vətən müharibəsində torpaq üçün ölümü gözə alan gənclərimiz məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün uğurla davam etdirilən gənclər siyasətindən bəhrələniblər. Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq. Bu gün Vətən müharibəsinin iştirakçıları olan gənclərimiz bizimlə çiyin-çiyinə çalışırlar.
Prezident İlham Əliyev Şuşaya növbəti səfəri ilə bir daha Azərbaycanın öz taleyinə və müqəddəratına sahib ölkə olduğunu dünyaya göstərdi. Ölkəmiz dünya birliyində layiqli yeri olduğunu sübut etdi. Azərbaycan bundan sonra da dünyanın gözündə daim müasirliyə, yeniliyə yelkən açan, tolerant və sivil ölkə kimi tanınacaq və seviləcəkdir.
Aytən Hüseynova,
Salyan şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın müəllimi
Ali Baş Komandan İlham Əliyevin Şuşaya səfəri
regionun inkişafı baxımından tarixi əhəmiyyət kəsb edir
Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə tarixi ədaləti bərpa edən Ali Baş Komandanımızın Şuşaya səfəri xalqımızı bu torpaqlara qayıtmağa ruhlandırdı.
Prezidentimiz İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Zəfər yolu ilə gələrək gecəni Şuşada keçirməsi o torpaqlarda sabitliyin, hərbi təhlükəsizliyin etibarlı şəkildə təmin olunduğunu göstərir. Ali Baş Komandanımız İlham Əliyevin istər döyüş meydanında, istərsə də siyasi arenada mübarizə apararaq böyük qələbə əldə etməsi bütün dünyaya məlumdur. Vətən torpağı uğrunda canlarından keçmiş şəhidlərimizin və qazilərimizin şücaəti torpaqlarımızı geri qaytarmaqda böyük əhəmiyyət kəsb etmişdir. Xalq- iqtidar birliyi, Ali Baş Komandan İlham Əliyevin xalqa arxalanması, informasiya müharibəsində onun Azərbaycanın haqq səsi olması, cəsarətlə bütün təzyiqlərə sinə gərməsi xalqımıza qələbə sevincini yaşatdı.
Qələbəmizin əldə olunmasında mühüm amillərdən biri tarixi şəhərimiz olan Şuşanın işğaldan azad edilməsi idi. Ölkə başçısının Şuşaya hər səfəri bu torpaqlara yeni ruh, yeni nəfəs verir. Cənab prezidentin dediyi kimi ”Bu gün bir daha Şuşaya gəlmək insana böyük zövq verir. Sol tərəfdə Şuşanın qarlı, dumanlı dağlarıdır. Şuşa insanı özünə o qədər cəlb edir ki, buraya gələnlər qayıtmaq, getmək istəmirlər”.
Cənab prezidentimiz İlham Əliyev Şuşaya gəlişi ilə Vaqifin məqbərəsinin tezliklə bərpa ediləcəyi haqqında məlumat verir. Ulu Öndər Heydər Əliyevin burada olarkən həm açılışında, həm də poeziya günündə iştirak etdiyini xatırlayan İlham Əliyev tarixi bərpa etdiyini söylədi.
Şuşanın gözəlliyinə böyük önəm verən Prezident İlham Əliyev Şuşanın bütün mövsümlərdə gözəl olduğunu və bu gözəlliyi qorumaq üçün bulaqların bərpa olunmasının vacibliyini vurğulamışdır. Vaqifin muzey-məqbərə kompleksinin bərpası, məscidlərimizin bərpası ilə bağlı göstərişlərin verilməsi dövlət başçısının maddi-mədəni, dini dəyərlərimizə əhəmiyyətinin bariz nümunəsidir.
Şuşa şəhərinin tarixi mərkəzində yerləşən və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş sarayın qalıqlarına baxan Prezident: ”Bu, tarixi abidə idi. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunu” demişdir.
Ali Baş Komandanımızın göstərişi ilə artıq Şuşa yarımstansiyası fəaliyyət göstərir və Şuşanı dayanıqlı enerji ilə təmin edir.
Şuşa əzəli Azərbaycan şəhəridir və ermənilər Şuşanı erməni şəhəri kimi qələmə vermək istəsələr də, Şuşanın təməlinin Pənahəli xan tərəfindən qoyulması və burada azərbaycanlıların yaşamasını tarix özü sübut edir. Artıq hər birimiz inanırıq ki, bu il Qarabağa, Şuşaya möhtəşəm qayıdışımız olacaqdır.
Yaşasın cənab Prezidentimiz! Yaşasın Qarabağ!
Qarabağ Azərbaycandır!
Dinarə Dadaşova
Salyan şəhər 9 saylı tam orta məktəbin müəllimi
İllərlə xalqımıza qarşı olan məkrli siyasət və torpaqlarımızın işğalı düşmənə qarşı “Dəmir
Azərbaycan ikinci Qarabağ müharibəsini qalib şəkildə başa çatdırdı. İllərdir ki, mənfur düşmən tapdağı altında qalan torpaqlarımız ölkə başçısının həyata keçirdiyi uzaqgörən siyasət və şanlı Azərbaycan ordusunun gücü sayəsində işğaldan azad edildi. Artıq növbə bu torpaqları yenidən yaşana biləcək hala gətirmək və öz doğma yerlərindən didərgin düşmüş insanları ata ocaqlarına qaytarmaqdadır.
“Erməni vandalizmi” hamımıza aşkar olan bir faktordur. Əlbəttə ki, illərdir erməni vandalizminə məruz qalmış torpaqlarımız və bu torpaqlarda olan tarixi mədəniyyət abidələrimiz bərpa ediləcəkdir. İndi Azərbaycanın bir dövlət kimi əsas missiyası bu barbarlığı bütün dünyaya tanıtmaq və işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri aparmaqdır.
Cənab prezidentin bu ərazilərə olan bütün səfərlərində qeyd etdiyi kimi bu ağılasığmazdır. Erməni vəhşilərinin mədəniyyət abidələrini dağıtması, dini ehkamlardan müxtəlif işlər üçün istifadə etməsi, tarixi yerləri viran qoyması mədəniyyətə, incəsənətə hörmətsizlikdir. Azərbaycan tərəfi daim xarici media nümayəndələrinin bu ərazilərə gəlməsinə şərait yaradır və bu vəhşiliyin dünya ictimaiyyətinə çatdırılması üçün səylərini əsirgəmir. Bəzi yerlərin Erməni vandalizminin bariz nümunəsi kimi saxlanılması məsələsi də gündəmdədir. Bütün dünya Azərbaycanın illərdir necə bir riyakar düşmənlə mübarizə apardığını bilməli və onlara tərəf duranlar bunu sonlandırmalıdırlar.
Artıq həqiqət günəşi daha bir ayrı parlayır. Azərbaycanın qələbəsi, öz haqq səsini bütün dünyaya çatdırması, haqlı mübarizəsi bütün dünyaya göstərdi ki, bizim niyyətimiz sadəcə əzəli və əbədi torpaqlarımızı azad etməkdir. Daha bu torpaqlarda düşmənin ayaq izi yoxdur. Cənab prezidentin tapşırığına əsasən uzun müddətdir ki, erməni vəhşiliyinə şahidlik etmiş bu yerlər Azərbaycanın ən gözəl və ən dilbər guşələrinə çevriləcəkdir. Bu məqsədlə işlər davam etdirilir və biz müzəffər Ali Baş Komandanın gördüyü hər bir işdə olduğu kimi, bu işdə də möhtəşəm nailiyyətlərə imza atacağına əminik.
Şirin Tağıyeva,
Salyan şəhər 4 saylı tam orta məkətbin müəllimi
Deputat İqbal Məmmədov Milli Məclisin plenar sessiyasında iştirak edib. Lakin vaxt məhdudiyyəti səbəbindən deputat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabat-məruzəsinə aid fikir və təkliflərini aidiyyəti qurumların nəzərinə yazılı şəkildə çatdırıb.
Faktinfo.az İqbal Məmmədovun məruzəsini təqdim edir:
Hörmətli xanım sədr!
Hörmətli Millət Vəkilləri!
Hörmətli hökümət üzvləri!
Hər birinizi qarşıdan gələn bayram münasibətilə ürəkdən təbrik edib, hər birinizə uğurlar arzulayıram!
Cənab Prezidentin müəyyənləşdirdiyi istiqamət üzrə hökümətin həyata keçirdiyi siyasətin uğurlu nəticələri, təbii ki bizi çox sevindirir. Hesabatda əksini tapan rəqəmlər, proqnozlar Azərbaycanın real vəziyətini və gələcək prespektivlərini aydın göstərir. Cənab Prezident başda olmaqla hökümətin düzgün iqtisadi konsepsiyasını həyata keçirməsi iqtisadi inkişafın bu mərhələyə gəlib çatmasına səbəb olmuşdur. Pandemiyanın yaratdığı problemlərə baxmayaraq, ötən dövrlərdən başlanılmış bir sıra təşəbbüslər, xüsusilə strateji lahiyələrin icrası, iqtisadi və sosial islahatların həyata keçirilməsi, ordu quruculuğu və hərbi potensialın gücləndirilməsi sahəsində məqsədyönlü işlər hesabat ilində də davam etdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət və dərin islahatlar nəticəsində uzun illər ərzində yaradılmış iqtisadi və hərbi potensial 2020-ci ildə Vətən müharibəsində Müzəffər Ordumuzun düşmən qüvvələri üzərində parlaq qələbəsinə və COVİD-19 pandemiyasının neqativ təsirlərini minimumlaşdırmağa imkan verdi. Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda da bu nailiyyətlər ruh yüksəkliyi, gələcəyə inam aydın şəkildə öz əksini tapıb. Başda ölkə Prezidenti olmaqla nailiyyətlərimizi təmin edən hər bir hökümət üzvünə və əməyi keçən hər bir şəxsə öz minnətdarlığımı bildirirəm.
Ölkəmizdə görülən işləri təqdir edib, hesabatı yüksək qiymətləndirirəm və onun təsdiq olunmasına səs verəcəm. Mən təmsil etdiyim Lerik rayonu ilə bağlı bir neçə narazılığı hökümət üzvlərinə çatdırmaq istəyərdim. Lerik rayonunda 90-cı illərin axırında aparılan torpaq islahatları nəticəsində pay torpaqların sonradan yaradılan katastr xəritələrində düzgün tərtib edilməməsi bu gün əhalinin çox hissəsinin haqlı narazılığına səbəb olmuşdur. Belə ki, kəndli pay torpağında əkib-becərdiyi məhsullar üçün nəzərdə tutulan subsidiyanı almaq istədikdə katastr xəritəsində həmin torpaq sahəsinin başqasının adına olduğuna görə,bu güzəştlərdən bəhrələnə bilmir. Torpaq islahatına görə bir kəndin əhalisinin pay torpağı katastr xəritəsinə görə başqa kəndin yaxınlığındakı pay torpaqlarının üzərinə düşür. Buna görə faktiki olaraq əksər vətəndaş sənədlə başqasına məxsus torpaqlardan istifadə edir. Dəfələrlə seçicilərim mənə ünvanladıqları narazılıqlarında bildirirlər ki, Bələdiyələrdən aldıqları Bələdiyə xəritələrinə uyğun ərazidə özlərinə ev və ya xüsusi mülkiyyət tikir, mülkiyyət sənədi almaq istədikdə isə yeni çəkilmiş katastr xəritəsində həmin mülkiyyətin tikildiyi torpaq sahəsinin Dövlət Meşə Fonduna və ya başqasına məxsus torpaq sahəsinə aid olduğu bildirilir. Bu səbəbdən mülkiyyət sənədi ala bilmirlər.
Səsləndirdiyim problemin həllindən ötrü müvafiq orqanlardan xahiş edirəm ki, Lerik rayonunda yenidən düzgün fakta əsasən xəritələr çəkilib, katastr qeydiyyatına alınmasına kömək etsinlər. Seçicilərimin bir xahişinin də nəzərə alınmasını istərdim. Bildiyiniz kimi Lerik rayonunda bir şəhər, 161 kənd var. Bu kənd əhalisi əmək haqqı, pensiya və müavinətlərin alınmasında bankomatların az olmasına görə çətinlik çəkir. Belə ki, Lerikdə cəmi 4 bankomat var, 2-i rayonun mərkəzində, digər 2-i isə kəndlərdə yerləşir.
Hökümətdən xahiş edirik ki, rayonumuza əlavə bankomatların verilməsinə köməklik göstərsin. Hörmətli hökümət üzvləri, mən ümid edirəm ki, 2021-ci ildə Lerik rayonunun kəndlərində hələ də həllini tapmayan yol, qaz, işıq, su, rabitə-poçt və digər problemlərlə bağlı sizə ünvanladığım müraciətlər öz həllini tapacaqdır.
Diqqətinizə görə təşəkkür edirəm.