![]() |
![]() |
Qarabağ Dirçəliş Fondunun yaradılması və fəaliyyəti dövlətin
Qarabağ siyasətinin təzahürüdür
Azərbaycan xalqının müqəddəs ənənələri, milli-mənəvi dəyərləri var. Bu dəyərlər yaşından, tutduğu mövqeyindən asılı olmayaraq, hər kəsin vətən qarşısındakı məsuliyyətini, vətəndaşlıq mövqeyini formalaşdırıb. 44 günlük Vətən müharibəsində birlik, vətənpəvərlik, torpaq sevgisi kimi ali dəyərlərə şahid olduq. Prezident İlham Əliyevin vurğuladığı kimi “Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq”.
44 günlük müharibədən xalqımız qələbə ilə cıxdı. Tariximizə Qələbə yazildi. Bu gün artıq işgaldan azad olunan məkanlarımızda abadlıq, quruculuq işlərinə başlanılıb. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin iştirakı milli birliyimizi bir daha nümayiş etdirəcəkdir. Biz Qarabağda quruculuq işlərini elə həyata keçirməliyik ki, ermənilər bir daha doğma Qarabağımıza əl uzada bilməsin. Görülən işlərin əsas hədəflərindən biri də məhz bundan ibarətdir.
Əlbəttə ki, bu quruculuq işlərinə dəstək vermək hər bir azərbaycanlının arzusu və şərəf borcudur. Çünki bu dəstək həm də bizim hər birimizin qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfəsi olacaq. Məhz elə bütün bu vacib məqamları nəzərə alaraq Ölkə Prezidenti cənab İlham Əliyev 2021-ci il yanvar ayının 4-də “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Yeni yaradılan bu Fond Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və xaricdə zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. Fondun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.
Birmənalı olaraq qeyd edilməlidir ki, “Qarabağ Dirçəliş Fondu”nun yaradılması Azərbaycan xalqının Qarabağa möhtəşəm qayıdışı istiqamətində dövlətimiz tərəfindən atılan ən əhəmiyyətli addımlardan biridir. 30 il ərzində işğal altında olan Vətən torpaqlarında erməni qəsbkarlarının törətmədikləri vandalizm aktının qalmadığını hamımız gözəl bilirik. Şəhərlərimiz, qəsəbə və kəndlərimiz viran edilib, təbii sərvətlərimiz talan olunub, tarixi-mədəni irsimiz tamamilə yox edilmək məqsədilə olmazın dağıntılara məruz qoyulub. Düşmən bu torpaqların əsl sahiblərini dünyadan gizlətmək üçün əlindən gələni edib. Lakin bütün bunların bir nəticəsi olmadı. Vətən torpağı düşmən tapdağı altında əbədi qala bilməzdi və qalmadı. Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, biz öz torpaqlarımızı şəhidlərimizin qanı bahasına azad etdik. Bu gün isə həmin torpaqları alnımızın təri ilə yenidən dirçəltməyə başlayırıq. Qarşıda bizi irimiqyaslı quruculuq-bərpa işləri gözləyir və bu işlərdə də öz payı olduğunu görmək hər kəsin arzusudur. Lakin belə məsələlərdə pərakəndəlik də qətiyyən yolverilməz bir haldır. Bəhz elə bu baxımdan da “Qarabağ Dirçəliş Fondu”nun yaradılması müstəsna əhəmiyyət kəsb edən bir hadisədir.
Ümumilikdə, bu Fondun yaradılması və fəaliyyəti dövlətin Qarabağ siyasətinin təzahürüdür. Hazırda dövlətimizin Qarabağ siyasətinin konkret təzahürü olan bu Fondun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə həyatının bütün digər sahələrində də sürətli inkişafa nail olunacaq. Bütün bunlar insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına da töhfə verəcək.
Coşğun Eyvazov,
Salyan şəhər 2 saylı tam orta məktəbin müəllimi
Torpağın üzərində gəzərkən torpağın altında uyuyan
şəhidlərimizi unutmamalıyıq
2020-ci il 8 dekabr tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi məqsədilə “Yaşat” fondu yaradılmışdır. Fondun vəsaiti əsasən şəhid statusu alınana və əlillik müəyyən olunanadək götürülən istehlak kreditlərin və digər borc öhdəliklərinin qarşılanması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına dair xərclərin ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılmasına istifadə olunur.
“Yaşat” fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcəkdir. Xatırladaq ki, Fond tərəfindən bundan öncə 24 qazimiz müalicə üçün Türkiyəyə gönərilmişdi. Onlardan 4-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib. Bundan əlavə Fondun təşəbbüsü ilə ölkəmizə gələn israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicəsi başa çatıb. 8 gün ərzində israilli həkimlər 141 qazimizi müayinə ediblər. Onlardan 31-i əməliyyat edilib, 58-nə protez göz taxılıb.
“Yaşat” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir. Daha bir şəhidimizin yeni doğulan övladının zəruri xərcləri Fond tərəfindən ödənilib və bu məqsədlə anaya 1000 AZN təqdim olunub. Əlavə olaraq dünyaya gələn körpənin adına 5000 AZN-lik hesab açılacaqdır. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcəkdir.
Fond cəmiyyət və dövlət birliyinin təcəssümüdür. Böyük humanitar missiyanı özündə ehtiva edən “Yaşat” Fonduna könüllü ödəmələr dayanmadan davam edir. Sözü gedən hal cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
“Yaşat” Fondunun işinin təşkili “Asan xidmət”də çalışan şəhid ailələrinin üzvləri və qazilərə həvalə olunub. Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələrinə baş çəkmək üçün “Asan xidmət” əməkdaşlarından və könüllülərdən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılıb və onlar müvafiq təlimlərə cəlb edilərək ünvanlara baş çəkməyə başlayıblar. Qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir. Fondun şəffaf fəaliyyəti dövlətə ictimai etibarı artırır. Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur. İndiyədək fondda 24804936 manat toplanıb. Həmin vəsaitdən 15036831,70 manat fiziki şəxslər, 9768105,16 manat isə hüquqi şəxslər tərəfindən ödənilib.
“Yaşat” Fondu şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin müraciətlərini daim diqqətdə saxlayır, onların müxtəlif ehtiyaclarının qarşılanması üzrə işləri davam etdirir.
Sadıqova Dürdanə,
Salyan Peşə Liseyi, böyük kitabxanaçı
Hərbçilərin sosial statusunun dəstəklənməsi
dövlətin önəmli vəzifələrindəndir
Tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılmışdır. Bu gün Azərbaycanda şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına qayğı göstərilməsində dövlətin institusional təşəbbüsləri müstəsna rol oynayır. Dövlətimiz tərəfindən məxsusi olaraq postmüharibə dövrü üçün işlənib hazırlanmış əhatəli sosial dəstək paketi, ilk növbədə, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə iştirakçılarının, müharibə əlillərinin, erməni terrorundan zərər çəkmiş vətəndaşların ən müxtəlif istiqamətlərdə sosial problemlərinin həllini nəzərdə tutur.
Sosial dəstək proqramlarının reallaşdırılmasında və dövlət siyasətinin sosialyönümlülüyünün qorunmasında dövlətin institusional təşəbbüsləri vacib rol oynayır. Bu gün əminliklə deyə bilərik ki, Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dövlət tərəfindən göstərilən diqqət və qayğı ən yüksək səviyyədədir. Möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin edilmişdir. Həmçinin şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunmuşdur.
O cümlədən şəhid, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinin xeyli artacağı nəzərə alınaraq AzSığorta şirkətinin daxili idarəetmə potensialı artırılmışdır. Şirkətin daxili prosesləri müraciətlərin yeni miqyasına uyğunlaşdırılmış, insan resursları artırılmış, təkrarlanan əməliyyatlar avtomatlaşdırılmışdır. Vətəndaşların fiziki qəbulu üçün müasir standardlara uyğun xidmətlər təşkil edilmiş, zənglərin qəbulu üçün telefoniya sistemi qurulmuşdur. Ödənişlərin operativ əldə edilməsi üçün geniş filial şəbəkəsinə malik olan banklarla hesablaşma əməliyyatlarının aparılması təmin edilmişdir. AzSığorta tərəfindən bu günə qədər 1 053 şəhidimizin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət almış 4 119 nəfər hərbçimizə 18 109 850 manat ödəniş edilməsi təmin edilmişdir.
Vətəndaşların müraciətlərinə baxılmasında obyektivliyin təmin edilməsi üçün dövlətin irəli sürdüyü institusional təşəbbüslər artıq öz müsbət nəticələrini verməkdədir. Azərbaycan dövləti Vətən müharibəsində iştirak etmiş hər bir hərbçinin müraciətinə həssaslıqla yanaşır. Bu məqsədlə Müdafiə Nazirliyində səfərbərlikdən tərxis olunan şəxslərin müraciətlərinə baxılması üzrə xüsusi komissiya yaradılmışdır. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən cəmi bir neçə gün ərzində 800-ə yaxın müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülmüşdür. Həmçinin komissiyanın bölgələrdə fəaliyyət göstərən səyyar qruplarının da işi təqdirəlayiqdir. Təkcə Füzuli rayonu ərazisində fəaliyyət göstərən belə bir səyyar qrup tərəfindən qısa zamanda 100-dən artıq müraciətə baxılmış, onların böyük hissəsi yerində həll olunmuş, digər müraciətlərin həll olunması üzrə müvafiq tədbirlər görülmüşdür.
Ümumiyyətlə, Azərbaycanda hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar.
Arzu Daşpoladova,
Salyan şəhər 7 saylı məktəb-liseyin direktoru
DOĞUM GÜNÜN MÜBARƏK
Hüquqşünas dostum Faiq Həbibovun ad gününə.
Hamımızın əzizisən, dostusan,
Faiq, sənin doğum günün mübarək.
Candan əziz tutdun hər an dostu sən,
Faiq, sənin doğum günün mübarək.
Qoy talehin ömrün boyu gün saçsın,
Kədər səndən uzaq qaçsın, gen qaçsın,
Arzuların çiçək açsın, gül açsın-
Faiq, sənin doğum günün mübarək.
Bu dünyanın yaşı çoxdu, köhnədi,
Hər addımı bir maraqlı səhnədi.
Bilməyəsən qüssə nədi, qəm nədi-
Faiq, sənin doğum günün mübarək.
Fateh nəvən gözlərinin nurudu,
Fərhad nəvən su tək safdı, durudu,
Hər ikisi qəlbinin qürurudu-
Faiq, sənin doğum günün mübarək!
Balalara bir sevimli atasan
O gün olsun nəvəyə baş qatasan
Sağlam canla yüz yaşına çatasan
Faiq, sənin doğum günün mübarək.
Şərafəddin İlkin.
Ana Vətən Partiyası erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımın 103-cü ildönümü ilə əlaqədar bəyanat yayıb.
Vətən müharibəsində qazanılan “Qələbə” tariximizin parlaq səhifəsidir
2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi düşdü. Cəmi 44 gün davam edən Vətən müharibəsi nəinki ərazilərimizin azad edilməsinə, eyni zamanda, işğalçılığa son qoyulmasına, eləcə də 30 ilə yaxın davam edən münaqişənin həllinə gətirib çıxartdı. Bu baxımdan Azərbaycan xalqının bu qələbəsi fövqəladə tarixi əhəmiyyətə malikdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi, yeritdiyi güclü daxili və xarici siyasət, Prezident kimi 17 illik fəaliyyəti dövründə qəbul etdiyi qərarlar, atdığı addımlar, sərgilədiyi diplomatik gedişlər qazandığımız qələbənin baş tutmasında ən önəmli amil olub.
Bu möhtəşəm zəfər Ali Baş Komandanın sərkərdəlik qüdrətinin, Azərbaycan Ordusunun gücünün, əsgər və zabitlərin döyüş əziminin, azərbaycançılığın qələbəsi oldu. Zəfər Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi. Dünya ictimaiyyəti gördü ki, Ali Baş Komandanı cənab İlham Əliyev olan Azərbaycan Ordusu BMT-nin Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun 28 ildə bacarmadığı işin öhdəsindən uğurla gəldi.
Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi.
Biz Azərbaycanlılar yalnız dədə-baba torpaqlarımız uğrunda cəsarətlə mübarizə apardıq və doğma torpaqlarımızı erməni işğalçılarından azad etdik. İşğaldan azad edilmiş torpaqlara biz bu torpaqların sahibləri kimi qayıtdıq. Hazırda azad edilmiş torpaqlarda Azərbaycanın Dövlət Bayrağı dalğalanır və əbədi olaraq da dalğalanacaqdır.
Azad edilmiş torpaqlarımızda bu gün artıq quruculuq işləri aparılır. Bütün dağıdılmış şəhərlər - kəndlər yenidən qurulur. Füzuli-Hadrut avtomobil yolunun təməli atıldı. Hadrut qəsəbəsində Dövlət Bayrağımız qaldırıldı. Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyuldu.
Dövlət başçısının işğaldan azad edilmiş rayonlara hər səfəri həm ölkə başçısının ərazilərlə ətraflı tanış olması, həm də bu rayonların 30 il əvvəlki sakinlərinə dövlət zəmanəti kimi yanaşılır. Bu səfərlərin hər biri ayrılıqda da, vəhdətdə də xalqın inamının davamıdır: işğaldan azad edilmiş şəhərlər, kəndlər yenidən qurulacaq, Böyük Qayıdış arzuladığımız səmtə yönələcək!.
Eyni zamanda, əminliklə qeyd etmək istəyirəm ki, bu “Qələbə” ölkəmizin gələcək inkişafına, daha da qüdrətlənməsinə, çiçəklənməsinə, vətəndaşlarımızın rifah halının daha da yüksəlməsinə də əvəzsiz töhfələr verəcəkdir.
İlhamə Xudazarova,
Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimi
Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr
Vəhdətimizin uğurlu nəticəsi
2020-ci il tariximizdə yeni bir səhifə açıldı. 27 sentyabr 2020-ci ildə xalqımız öz torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda ayağa qalxdı və 44 gün davam edən bu döyüş dünya tarixinə bir nümunə oldu. Azərbaycan tarixində isə qızıl hərflərlə yeni və şərəfli bir səhifə kimi yazıldı.
Cənab Ali Baş Komandanımızın uğurlu siyasəti, xalqımızın orduya verdiyi yüksək mənəvi dəstək və əsgərlərimizin şücaət və igidliyi bir vəhdət təşkil etdi. Məhz bu vəhdət möhtəşəm uğuru qazanmağımıza səbəb oldu. Şübhəsiz ki, xalqımızın cənab Ali Baş Komandanımıza olan inam və sevgisi bu cür birliyin olmasında çox önəmli rolu oldu.
Hamımıza məlumdur ki, müharibədən çox öncə Azərbaycan siyasi müstəvidə artıq qələbə qazanmışdı. İqtisadi sahədə əldə olunan nailiyyətlərimiz dünyanı heyran etdiyi kimi, mənfur düşmənlərimizi də məyus etmişdi. Bütün bu uğurlar məhz cənab Prezidentimiz İlham Əliyevin gərgin və əvəzolunmaz, misilsiz xidmətinin nəticəsi idi.
Bu müharibə onun əsl sərkərdəlik bacarığının bariz nümunəsi oldu. Həm qorxmaz, həm də olduqca humanist addımlar atması artıq düşmən tərəfi də heyrətə gətirmişdi. Çünki düşmənlərimizdən fərqli olaraq Azərbaycan Ordusu yalnız erməni ordusu ilə döyüşürdü. Heç bir mülki əhaliyə qarşı ordumuz müharibə aparmırdı. Zülmkarlıq qorxaqlığın əlamətidir. Azərbaycan Ordusu isə bu döyüşdə olduqca fədakarlıq göstərdi, yalnız haqq-ədalət uğrunda döyüşdü. Bu səbəbdən bizim amalımız müqəddəs bir amal idi. Cənab Ali Baş Komandannımız müharibə zamanı dəfələrlə vurğuladı ki, bizim heç bir ölkənin torpağında gözümüz yoxdur, biz sadəcə öz törpaqlarımızı düşmən işğalından azad edirik.
Torpaqlarımızın azad olunması prosesi uğurla həyata keçdi. Çünki gücümüz bizim birliyimizdə idi. Bu gücümüz günü-gündən artır. Ona görə ki, biz artıq bu birliyin, bu vəhdətin nəticəsinin şahidi olduq. Şahid olduq ki, Azərbaycan əsgəri yenilməz və hər şeyə qadirdir. Əsgərlərimizin bu müharibədə mübariz və cəsurluğu, eləcə də peşəkarlığı artıq bir sıra ölkələrin böyük marağına səbəb olub.
Azərbaycan xalqı bu müharibə zamanı dünyaya göstərdi ki, əli silah tuta bilən hər bir vətəndaşımız lazım olan anda müsəlləh Azərbaycan əsgəri olmağa hər an hazırdır. “Torpaq uğrunda ölən varsa vətəndir”. Artıq şahidik ki, bu torpağın uğrunda şəhid olmaq, “şəhidlik” zirvəsinə ucalmaq əsgərlərimizin tutduğu müqəddəs bir yol oldu.
Bu qələbə üçün şəhidlərimizin qarşısında baş əyirik, hər zaman onlar hər bir azərbaycanlının xatirəsində yaşayacaqdır. Ancaq onların ruhunun daim şad olması üçün biz öz birliyimizi qoruyub saxlamalı, gücümüzü isə artırmalıyıq.
Bütün dünya bilməlidir ki, “Azərbaycan əsgəri” torpağımız, müstəqilliyimiz uğrunda ölümün gözünə dik baxmağa bacaran vətən fədailəridir.
Şübhəsiz ki, xalqımızın cənab Ali Baş Komandanımıza olan inam və sevgisi bu cür birliyin olmasında çox önəmli rolu oldu.
Ceyhun Məmmədov,
Salyan rayon Yuxarı Noxudlu kənd tam orta məktəbin müəllimi,
“Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə”
medalları ilə təltif edilmiş Vətən müharibəsi iştirakçısı,