Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və mən dəfələrlə demişəm ki, müasir və müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub.

Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə gənclərin suallarını cavablandırarkən bildirib.

Prezident qeyd edib ki, gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur:

 

“Ona görə də bax, bu qlobalistlərin - mən onları şərti olaraq belə adlandırıram - sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər".

Dövlət başçısı qeyd edib ki, milli dəyərlər təkcə əcdadlar qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır.


Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilir.

 

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edir.


Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2570; 2020, № 4, maddə 402) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissədən “(lizinq və ya kredit yolu ilə)” sözləri çıxarılsın;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

 

1.2.1. 1.3-cü bənddə “Kreditlərin” sözü “Güzəştli maliyyələşmələrin, o cümlədən kreditlərin, lizinq vəsaitinin” sözləri ilə əvəz edilsin;

1.2.2. 2.1.3-cü yarımbənddə “güzəştli satışının və lizinqinin” sözləri “güzəştli şərtlərlə satışının, lizinqə verilməsinin və kreditləşməsinin” sözləri ilə əvəz edilsin;

1.2.3. 3.1-ci bəndin dördüncü cümləsində birinci halda “vəsait” sözü “vəsaitin” sözü ilə, “edildikdən sonra” sözləri “müddəti ərzində” sözləri ilə əvəz edilsin;

1.2.4. 3.2-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bank olmayan kredit təşkilatları üçün nizamnamə kapitalından artıq məbləğdə vəsaitin ayrılması bank qarantiyası əsasında həyata keçirilə bilər.”;

1.2.5. 3.3-cü bənddə “sonuna 1 (bir) ay qalanadək tam istifadə edilmədikdə” sözləri “sonunadək 80 faizdən az istifadə olunarsa” sözləri ilə, “dekabr ayının 1-dək” sözləri “dekabr ayının 31-dək” sözləri ilə, “istifadə edilməmiş vəsait” sözləri “limitin istifadə edilməmiş və (və ya) müvəkkil kredit təşkilatlarının məlumatlarına əsasən istifadəsi nəzərdə tutulmayan hissəsi” sözləri ilə əvəz edilsin, həmin bəndə “qərarı ilə” sözlərindən sonra “ləğv edilir və (və ya) həmin maliyyə ili üzrə” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Müvəkkil kredit təşkilatları limitin azaldılması və ya ləğv edilməsi barədə Agentliyə müraciət edə bilərlər.”;

1.2.6. aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:

“3.3-1. Bir il ərzində bir müvəkkil kredit təşkilatına ayrılan limit həmin il üzrə müvəkkil kredit təşkilatlarına veriləcək cəmi limitin 30 faizindən çox ola bilməz.”;

1.2.7. 3.4-cü bənddə “müqavilə ilə müəyyən olunmuş müddətlərdə ödəyirlər” sözləri “müqaviləyə uyğun olaraq hər ay üzrə növbəti ayın ilk 5 (beş) iş günündən gec olmayaraq Agentliyə ödəməlidirlər” sözləri ilə əvəz edilsin;

1.2.8. 3.5-ci bəndin üçüncü cümləsinə “kreditin” sözündən sonra “qalıq məbləğinin” sözləri əlavə edilsin;

1.2.9. aşağıdakı məzmunda 3.7-ci bənd əlavə edilsin:

“3.7. Kredit portfeli digər müvafiq kredit təşkilatına keçirilərkən müvəkkil kredit təşkilatının müraciəti əsasında Müsabiqə Komissiyasının müəyyən etdiyi qaydada kreditin müddəti bir ilədək uzadılmaqla bir dəfə restrukturizasiya oluna bilər.”;

1.2.10. 4-cü hissənin adında “Kreditlərin və güzəştlərin sahibkarlıq subyektlərinə” sözləri “Sahibkarlıq subyektlərinə güzəştli maliyyələşmə ilə əlaqədar vəsait” sözləri ilə əvəz edilsin;

1.2.11. 4.1-ci bəndin birinci cümləsinə “kreditlərin” sözündən sonra “, lizinq vəsaitinin” sözləri, üçüncü cümləsinə “kreditin” sözündən sonra “, lizinq vəsaitlərinin” sözləri əlavə edilsin;

1.2.12. 4.4-cü bəndin beşinci cümləsində “layihə çərçivəsində kredit vəsaitindən” sözləri “vəsaitdən” sözü ilə əvəz edilsin və həmin bəndin altıncı cümləsinə “güzəştli kreditlər” sözlərindən sonra “və mərhələli qaydada maliyyələşdirilən layihələr üzrə verilən kreditin tranşları” sözləri əlavə edilsin;

1.2.13. aşağıdakı məzmunda 4.4-1-ci və 4.4-2-ci bəndlər əlavə edilsin:

“4.4-1. Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını müqavilə şərtlərinə uyğun olaraq hər ay ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə ödənilir. Sahibkarlıq subyektləri vaxtından əvvəl faizləri və ya əsas borcu ödəyərsə, həmin faizlərin bu Qaydanın 5.7-ci bəndinə uyğun olan hissəsi və ya əsas borc müvəkkil kredit təşkilatı tərəfindən 5 (beş) iş günündən gec olmayaraq Agentliyin hesabına köçürülməlidir. Müvəkkil kredit təşkilatları həmin vəsaitin Agentliyin hesabına köçürülməsini gecikdirdikdə, bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq cərimə ödəməlidirlər. Vəsaitin köçürülməsi 15 (on beş) iş günündən çox gecikdirildikdə, Müsabiqə Komissiyası müvəkkil kredit təşkilatına yeni vəsait ayrılmasını dayandıra və ya onu müvəkkil kredit təşkilatları sırasından çıxara bilər.

4.4-2. Agentlik sahibkarlıq subyektlərinin əsas borcu və faizləri müvəkkil kredit təşkilatına ödəməsi tarixi ilə müvəkkil kredit təşkilatı tərəfindən Agentliyə köçürülməsi tarixinin üzləşməsini apara və ya bunun üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edə bilər. Belə müraciət daxil olduqda, Azərbaycan Respublikasının Mərkəzi Bankı yoxlama zamanı müvəkkil kredit təşkilatı tərəfindən köçürmələrdə uyğunsuzluq aşkar edərsə, bu barədə Agentliyə məlumat verir.”;

1.2.14. 5-ci hissənin adına “Kreditlərin” sözündən sonra “və lizinqlərin” sözləri əlavə edilsin;

1.2.15. 5.1-ci bəndə və 5.1.5-ci yarımbəndə “kreditlər” sözündən sonra “və lizinq vəsaiti” sözləri əlavə edilsin;

1.2.16. aşağıdakı redaksiyada 5.3-1-ci bənd əlavə edilsin:

“5.3-1. Sahibkarlıq subyektlərinə Agentliyin vəsaiti hesabına yeni bağların salınması məqsədilə bu Qaydanın 5.1.1‒5.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş güzəştli kreditlər verildikdə həmin güzəştli kreditlərin müddəti 6 ilədək, kreditlər üzrə güzəşt müddəti isə 36 ayadək müəyyən edilir.”;

1.2.17. 5.4-cü bəndin birinci cümləsinə “Kredit” sözündən sonra “və lizinq” sözləri, ikinci cümləsinə “kreditlərə” sözündən sonra “və lizinqlərə” sözləri əlavə edilsin;

1.2.18. 5.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“5.6. Sahibkarlıq subyektləri alınmış kreditlər və lizinqlər üzrə faiz borclarını və əsas borcu güzəşt müddəti bitdikdən (alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün alındığı gündən) sonra kredit və lizinq müqaviləsinə uyğun olaraq, növbəti aydan başlayaraq hər ayın ilk iş günü bərabər hissələrlə ödəyirlər.”;

1.2.19. 5.7-ci bəndin ikinci cümləsində “isə 7 faizdən” sözləri “7 faizdən, kənd təsərrüfatı kooperativlərinə veriləcək bütün növ kreditlər üçün isə 5 faizdən” sözləri ilə əvəz edilsin;

1.2.20. 5.8-ci bəndə ikinci halda “kredit” sözündən sonra “və lizinq” sözləri əlavə edilsin;

1.2.21. 5.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

“5.9. Müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş kredit və lizinq vəsaitindən istifadəyə görə Agentliyin hesabına ödənilmiş faizlərin bu Qaydanın 5.8-ci bəndində nəzərdə tutulmuş hissəsi çıxılmaqla, xüsusi hesabda saxlanılan qalıq məbləğ Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, aylıq vəzifə maaşlarının 2 mislindən artıq olmayan məbləğdə əlavələrin və mükafatların verilməsinə, ştatdankənar vəzifələrə cəlb edilmiş əməkdaşların əməyinin ödənilməsinə, Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsinə, kredit təşkilatları ilə əməkdaşlığın təşkilinə, məlumatlandırma, reklam-təbliğat və marketinq işlərinin aparılmasına, Agentliyin səmərəli fəaliyyəti üçün göstərilən konsaltinq xidmətlərinin və digər xidmətlərin haqqının ödənilməsinə, habelə kənd təsərrüfatı layihələrinin və kreditlərinin idarə edilməsi sahəsində elmi-texniki potensialın artırılmasına sərf edilir.”;

1.2.22. 6.1-ci və 6.2-ci bəndlərə “satışı” sözündən sonra “, krediti” sözü əlavə edilsin;

1.2.23. 6.1.3-cü yarımbəndin birinci cümləsinə “texnikanın” sözündən sonra “qiymətləndirmə nəticəsində müəyyən edilən satış” sözləri əlavə edilsin, “kreditləşdirirlər” sözü “kredit və ya lizinq yolu ilə maliyyələşdirirlər” sözləri ilə əvəz edilsin, həmin yarımbəndin ikinci cümləsində “Kreditləşmə” sözü “Maliyyələşmə” sözü ilə əvəz edilsin;

1.2.24. 6.2.3-cü yarımbənddə “kreditləşdirirlər” sözü “kredit və lizinq yolu ilə maliyyələşdirirlər” sözləri ilə əvəz edilsin;

1.2.25. 6.4-cü bəndə “satışının” sözündən sonra “, kreditinin” sözü əlavə edilsin;

1.2.26. aşağıdakı məzmunda 6.2-1-ci bənd əlavə edilsin:

“6.2-1. İdxal edilən damazlıq heyvanlar üzrə güzəştlər “Elektron kənd təsərrüfatı” informasiya sistemində qeydiyyatdan keçmiş damazlıq heyvandarlıq təsərrüfatlarına verilir.”;

1.2.27. 7.1-ci və 7.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“7.1. Müvəkkil kredit təşkilatları mütəmadi olaraq sahibkarlıq subyektlərinin monitorinqini aparır və Agentliyin müəyyən etdiyi formada ona rüblük hesabat verirlər. Müvəkkil kredit təşkilatının apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsinin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Belə sahibkarlıq subyektlərinə növbəti 3 (üç) il müddətində Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində məhz bu layihə ilə bağlı kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunu Agentliyin hesabına köçürməlidir.

7.2. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Agentlik maliyyələşdirdiyi sahibkarlıq subyektlərində seçmə üsulu ilə müstəqil monitorinqlər apara bilər. Agentliyin apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Agentliyin hesabına köçürülür. Agentliyin yazılı tələbindən sonra müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində vəsaitin köçürülməsini təmin etməzsə, bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq cərimə hesablanır. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) iş gününü keçdiyi təqdirdə, Agentlik gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

“ŞTUTQART” MMC-nin sahibi, sabiq deputat Nəriman Əliyev son günlər barəsində səsləndirilən iddialara cavab verib. İş adamı ağac kəsdirməsi və bir neçə əməkdaşı işdən çıxararaq maaşlarını verməməsi haqda fikirləri qərəzli və əsassız adlandırıb. 

Nəriman Əliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, 2021-ci il sentyabrın 7-dək olan dövr üçün “ŞTUTQART” MMC-nin maliyyə təsərrüfat fəaliyyəti barədə auditor yoxlaması aparılıb: "Yoxlama zamanı mənimsəmə, israfetmə ilə bağlı faktlar aşkar edilərək şirkətə məxsus xüsusilə külli miqdarda pul vəsaitinin mənimsənilməsi müəyyən edilib.

Sentyabrın 7-də “ŞTUTQART” MMC-nin direktoru işləmiş Əfqan Arif oğlu Abdullayev tutduğu vəzifədən azad edilib.

Həmin tarixdə Əfqan Abdullayevin birbaşa göstərişi ilə bütün mağazalar bağlanılıb və işçilər hamısı işdən kənarlaşdırılıb. Həmin gün Əfqan Abdullayev özünə məxsus telefon nömrəsi ilə işçilərin vatsap qrupuna səsli mesajla “Hamı dükanı bağlasın! İkinci söhbət də təkrarlanmasın burada. Deyirəm bağlasın! Elə eləməsinlər ki, gedim orada həmin satış müdiri ilə bir yerdə oradakı uşaqları da vura-vura çıxardım obyektdən! Obyekti bağlayın! Heç kim hörmətsizlik eləməsin, hamı da telefonlarını söndürsün, cavab verməsinlər heç kimin telefonuna, mən deyənə qədər gözləsinlər”.

Bundan sonra “ŞTUTQART” MMC-nin işçilərinin böyük bir hissəsi onun qanunsuz fəaliyyətini dəstəkləməklə işə çıxmayıb, digərləri isə özlərinin əmək fəaliyyətlərini davam etdiriblər. Əfqan Abdullayevin himayə etdiyi və onun fəaliyyətinə kömək edən bir qrup işçi əmək vəzifələrindən imtina edərək onların məsuliyyətində olan mal-materialları təhvil vermədən iş yerlərini tərk edərək gediblər. Həmin gün məlum olub ki, Əfqan Abdullayev və onunla birlikdə gedən şəxslər “AVTODETAL” adı ilə yaradılan mağazalar şəbəkəsində fəaliyyətə başlayıblar". 

Sabiq deputat iddia edib ki, şirkətində vəzifə tutan həmin şəxslər MMC-yə məxsus pulu mənimsəyiblər: "“ŞTUTQART” MMC-də işləyən Abutalıb Ağayev, Seymur Sərxanov və digərləri birləşərək 1 035 751,21 manat məbləğində ehtiyat hissələrini qanunsuz yolla çıxararaq “AVTODETAL” adı ilə fəaliyyət göstərən mağazalara daşıyıblar. Bununla əlaqədər auditor rəyi tərtib olunub və hal-hazırda hüquq-mühafizə orqanlarında təhqiqat aparılır". 

Nəriman Əliyevin sözlərinə görə, şirkətin yaxınlığındakı ağacların kəsilməsinə həmin zaman MMC-nin direktoru olan Əfqan Abdullayev göstəriş verib: "Ağac kəsilməsi ilə bağlı məsələ şirkətdə autidor yoxlaması aparılarkən aşkar edilib. Həmin ərazi yəni, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10c ünvanında yerləşən anbar mənim mülkiyyətimdə olsa da, 25 oktyabr 2016-cı il tarixdə “ŞTUTQART” MMC-yə icarəyə verilib. Ağacların kəsilməsi Əfqan Abdullayevin göstərişi ilə Abutalıb Ağayev tərəfindən icra olunub. Həmin vəzifəli şəxslər tərəfindən ağacların kəsilməsi faktı üzrə Nərimanov rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb".

"ŞTUTQART" MMC-nin sahibi olan N. Əliyev bir qrup işçinin qanunsuz olaraq işdən azad olunması haqda məlumata belə reaksiya verib: "Onların bir hissəsi 2021-ci il sentyabrın 7-dək öz ərizələri ilə işdən azad olunublar. Sentyabr ayınadək əmək fəaliyyətlərini dayandırıb və işdən xaric olunublar. Digər şəxslər isə Əfqan Abdullayevin göstərişi əsasında iş yerlərini tərk edərək onunla birlikdə ona məxsus mağazalarda işləyirlər. Bu şəxslər “ŞTUTQART” MMC-nin mağazalarında maddi məsul şəxs olmaqla öz əmək vəzifələrinin icrasını pozan və şirkətə maddi ziyan vuran işçilərdir. Aparılmış auditor yoxlama zamanı həmin maddi məsul şəxslərin öhdəsində olan xüsusilə külli miqdarda pul vəsaitlərinin mənimsənildiyinə dair faktlar aşkar edilib".

Nəriman Əliyev mediada ona məxsus olduğu deyilən əmlak siyahısı haqda da danışıb: "Mətbuatda mənə məxsus əmlaklar barəsində verilən məlumatların çoxu qeyri-dəqiqdir. Mən 1992-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğulam. 2010-cu ilə qədər Azərbaycanda özəl sektor tərəfindən açılan ilk istehsal müəssisələrinin təsisçisi və baş direktoru olmuşam. 2010-cu ildə Milli Məclisə seçilərkən müəssisələrdə direktor fəaliyyətimi dayandırmışam. 2020-ci ilin mart ayınadək hər hansı bir biznes qurumunda qanuni təmsilçi olmamışam. Eyni zamanda keçirdiyim ağır cərrahi əməliyyatlar nəticəsində 2021-ci ilin may ayına qədər səhhətimin bərpası ilə məşğul olmuşam. 

Təsisçisi olduğum müəssisələr üzrə 1992-ci ildən başlayaraq sahibkarlıq fəaliyyətini həyata keçirmişəm. Özəl sektorda Azərbaycanın ən yüksək vergi ödəyicilərindən olmuşam. Bunun müqabilində əldə etdiyim mənfəət hesabına istehsal müəssisələri və digər ticarət obyektlərini qanuni şəkildə əldə etmişəm.

Mətbuatda adı çəkilən Bakı şəhəri T.Əliyev küçəsindəki ev mənə məxsusdur və hazırda orada yaşayıram. Bakı şəhəri Nərimanov rayonu Ələsgər Qayıbov küçəsi, 10c ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Masallıda olan ticarət obyekti mənə məxsusdur. Hazırda evim, qeyri-yaşayış sahəsi və Masallıda olan ticarət obyekti biznes fəaliyyəti ilə əlaqədar götürdüyüm kreditlə bağlı banklarda girovdadır. 

Mətbuatda dərc edilən yazılarla bağlı bildirirəm ki, orada göstərilən məlumatların hamısı şirkətdə aparılan auditor yoxlaması zamanı, xüsusilə külli miqdarda mənimsəməyə yol vermiş şəxslər tərəfindən uydurulub. Çox təəssüf ki, bu məlumatlar dərc olunarkən hər hansı bir rəsmi mənbəyə istinad olunmayıb. Belə ki, ağacların kəsilməsi ilə bağlı mətbuatda verilən məlumatlar prokurorluq tərəfindən verilmiş rəsmi açıqlama ilə üst-üstə düşmür. 

Digər bir məlumatda Talıbov Şahsuvar Nazim oğluna istinad edilməklə mülklər haqda verilən xəbərlər mənim şikayətim əsasında Nizami Rayon 23-cü polis bölməsində araşdırılıb. Araşdırma nəticəsində Talıbov Şahsuvar Nazim oğlunun izahatı alınıb və o, izahatında həmin məlumatların onun tərəfindən verilmədiyi, həmçinin yalan olduğunu təsdiq edib".