![]() |
![]() |
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə qərara alıram:
1. 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987-2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2022-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.
2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2022-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılsınlar.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.
1988-ci ilin fevral hadisələri ilə bağlı Ermənistan XİN də bəyanat verib.
Axar.az xəbər verir ki, 20 fevral 1988-ci il – “artsaxın dirçəliş günü” kimi “qeyd edilən” tarixin ildönümündə Ermənistan XİN-in bəyanatında növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar əks olunub.
Ermənistan XİN həmin gün Dağlıq Qarabağ Muxtar Vilayətinin xalq deputatları sovetinin guya “öz müqəddaratını təyin etmək üçün dinc yolla mübarizə” haqda, “uzun illərə dayanan etnik diskriminasiya və Qarabağ ermənilərinə qarşı etnik təmizləmə siyasətinə qarşı” tarixi bir qərar verdiyini bildirib:
“Bu hadisə 1988-ci ildə “öz ölkəsində” azadlıq, ləyaqətli və təhlükəsiz həyat və insan haqları ilə bağlı ümumerməni hərəkatının əsasını qoydu”.
Bəyanatda həmçinin vurğulanıb ki, 34 ildən sonra –Azərbaycan SSR-in “sərt qırğınları”, iki dəfə qanlı müharibə olmasına baxmayaraq, “Ermənistan və artsax milli hədəflər, dövlətçilik, suverenlik, erməni haqları və beynəlxalq tanınma” istiqamətində birgə olmağa davam edir.
Qeyd edık ki, Qərbi Zəngəzurun Ermənistana verilməsindən sonra Azərbaycanın daxilində qarayara kimi yaradılan keçmiş DQMV-da ermənilər deyil, hər zaman azərbaycanlılar diskriminasiyaya məruz qalıb və azərbaycanlıların bu torpaqlardan çıxması üçün hər vasitəyə əl atılıb. Keçmiş DQMV-də ermənilər tam şəkildə ermənidilli orta məktəblərdə təhsil alıblar, bütün reklam lövhələri, idarə adları ermənicə yazılıb, Xankəndidə ermənilərin ali məktəbi fəaliyyət göstərib. DQMV-dəki idarə və müəssisələrdə, rəsmi qurumlarda hər zaman ermənilər birinci postu tutublar və yazışmalar ermənicə aparılıb. Hər il Azərbaycan SSR-in dövlət büdcəsindən külli miqdarda dotasiya alan keçmiş DQMV Ermənistanla daim geniş əlaqələrdə olub. Hələ o zaman Laçın dəhlizi fəaliyyət göstərib və ermənilər üçün hər hansı problem qətiyyən olmayıb.
1988-ci il 20 fevrala qədər DQMV-də yaşayan əhalinin böyük əksəriyyəti ermənilər olub və onların sayı şişirdilərək 149 minə çatdırılıb. Nəinki Dağlıq Qarabağda, Azərbaycanın bütün regionlarında, əsasən də Bakıda ermənilər yüksək vəzifələrdə təmsil olunublar, ən gəlirli sahələrə rəhbərlik ediblər və yaxud orda əsas adamlardan biri olublar.
Yalnız 1988-ci il hadisələrindən sonra ermənilərin Azərbaycandan növbəti dəfə torpaq qoparmaq istəyinə qarşı Azərbaycan ictimaiyyəti etirazını bildirib və Bakıda dinc aksiyalar keçirilib. Buna cavab olaraq isə ermənilərin Dağlıq Qarabağ və ətraf ərazilərdə azərbaycanlılara qarşı hücumu və qətliamları başlayıb.
Ermənilər Xocalı və Ağdaban da daxil olmaqla, bir neçə dəhşətli soyqırım həyata keçiriblər və Ermənistanın üçüncü prezidenti, həmin qətliamlara rəhbərlik edən qatillərdən olan Serj Sərkisyan hələ 2000-ci ildə Tomas de Vaala müsahibəsində həyasızcasına “Xocalı ilə biz azərbaycanlılara sübut etdik ki, zarafat etmirik” deyərək, Ermənistanın Dağlıq Qarabağda dinc azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasəti apardığını etiraf etmişdi.
Etnik təmizləmə və işğal nəticəsində keçmiş DQVM və ətrafındakı 7 rayonu 28 ilə yaxın nəzarətdə saxlamağı bacaran Ermənistan həmin əraziləri viran etdi, bütün tikililəri dağıdıb, cəhənnəmə çevirdi. Bu işğal siyasəti ermənilərin özlərinə də ziyan vurdu. Əgər 1988-ci ildə keçmiş DQMV-də 149 min erməni yaşayırdısa, 2020-ci ilin 27 sentyabrına – İkinci Qarabağ savaşı başlayana qədər cəmi 60 min erməni qalmışdı. Hazırda isə rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında 27 min erməni yaşayır.
Həmçinin Ermənistanda da erməni varlığı sürətlə azalır. Əgər 1988-ci ildə Ermənistanda 3,5 milyon erməni vardısa, hazırda bu rəqəm 1,8 milyondur.
Bütün dağıntılara, iqtisadi fəlakətlərə, ermənilərin özləri üçün demoqrafik problemlərə səbəb olmasına baxmayaraq, erməni siyasətçiləri və ideoloqları işğal siyasətindən əl çəkmək istəmir və belə görünür ki, Ermənistandan ermənilər son nəfərinə qədər qaçıb getməyənə və bu ölkədə erməni bitməyənədək, Ermənistanın bu iddiası da bitməyəcək.
Zəruri olaraq xatırladaq ki, 1988-ci ildə Azərbaycan əhalisi 7 milyon idisə, hazırda 10 milyon 100 mindən çoxdur.
Ukrayna Prezidenti Vladimir Zelenskinin Budapeşt Memorandumundan çıxa biləcəyi ilə bağlı bəyanatları boş sözlərdir, heç kim Kiyevə nüvə silahı yaratmağa imkan verməyəcək.
Axar.az xəbər verir ki, bu barədə Krım senatoru Sergey Çekov deyib.
“Bu, sadəcə bəyanatdır, Ukrayna memorandumdan çıxa bilməz. Kim ona nüvə silahı yaratmağa icazə verəcək? Nə Rusiya, nə də başqa ölkələr buna imkan yaradar", - Çekov bildirib.
Senator istisna etməyib ki, bununla Zelenski Rusiyanı və Qərbi qorxutmağa çalışır, lakin o, belə effektə nail olmayacaq:
"Ondan kim qorxacaq? O, bu cür bəyanatlarla Ukraynaya ancaq ziyan vurur. Belə idarəçisi olan Ukrayna xalqına "rəğbət" bəsləmək olar".
Əksinə, səhiyyə sistəminə ikili idarəetmənin tətbiqi ölkə vətəndaşlarının ciddi narazılığına səbəb oldu, sistemsizliyi bir az da pozdu. Bu vəziyyət isə bölgələrdə həkimlərin kütləvi narazılıqları ilə müşayiət olundu. Hakim dairələr “səhiyyənin inkişafından” danışdığı bir vaxtda xəstəxanalara təyin olunan baş həkimlərin 80%-i təsadüfi şəxslərdən təşkil olundu.
Məsələn, Ağstafa rayonunda az-çox səhiyyə adında nə var idisə, Ramin Bayramlının “Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs”ə İlham Sofiyevi baş həkim təyin etməsi orada səhiyyə adında olan-qalan xətir-hörməti də aradan qaldırdı. Hazırda oradakı vəziyyəti əhatəli şəkildə ictimayyətə çatdırmaq üçün böyük həcmli bir neçə məqalə yazmaq lazım gəlir. İndiki halda isə xəstələr üçün orada ən çox narahatedici sahə “Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs”in təcili tibbi yardım şöbəsidir.
Çağırışlara vaxtında gedə bilməyən, müəyyən tibbi avadanlıqları çatışmayan, xəstələrə yaxşı halda analgin-dimedrol vurmaqla kifayətlənən təcili tibbi yardım şöbəsində gənc həkimlərə, tibb bacılarına ehtiyac duyulur. Evdə qalıb nəvələri ilə oynamalı olan, yaşı 70-i ötən Adil Əmrahov kimi həkim və tibb bacıları ilə Ağstafa rayon təcili tibbi yardım şöbəsində hansısa irəliləyişə nail olmağın mümkünsüz olmasını kənardan müşayiət etmək belə yetərlidir. Bu kimi çatışmazlıqları aradan qaldırıb, narazılıqları minimuma endirmək üçün isə İlham Sofiyev kimi baş həkimlərin yenidən qiymətləndirilməsinə ehtiyac duyulur.
10:55
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Elgin Həbibullayevin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az sərəncamın mətnini təqdim edir:
“Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Coşqun Cəbrayılovun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur:
“Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Elxan İbrahimovun Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur:
"Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin".
İşğaldan azad olunmuş rayonlarımızın yenidən qurulması davam edir
Ağdam sürətlə yenidən qurulur və qısa müddətdən sonra bir zamanlar erməni işğalına görə öz tarixi torpaqlarından, dədə-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımız bu torpaqlara daimi yaşamaq üçün geri dönəcəklər. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin hər biri yeni sosial obyektlərin təməlinin qoyulması, yaxud açılış mərasimlərinin keçirilməsi ilə yadda qalır. Ölkə Prezidenti tarixi Zəfərimizin ilk günündən belə bir çağırışı etdi ki, bu ərazilərimiz qısa zamanda cənnət məkana çevriləcək, soydaşlarımız üçün zəruri olan bütün imkanlar yaradılacaq. Fevralın 13-də Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonunun Ağdam və Ağcabədi rayonlarına səfər etdi. Səfər zamanı diqqəti çəkən bir neçə vacib məqamı qeyd etmək lazımdır. İlk öncə onu vurğulamaq lazımdır ki, həm işğaldan azad olunmuş ərazilərin bərpası, həm də ölkənin digər regionlarının inkişafı dövlət başçısının diqqət mərkəzindədir. Bütün rayon, şəhər, kəndlərin tərəqqisi, yaşamaq və işləmək üçün şəraitin yaradılması bütövlükdə Azərbaycanın daha da qüdrətli və güclü olması deməkdir.
Dövlətimizin başçısı bölgələrə etdiyi bütün digər səfərləri kimi, Ağdama səfəri də bir çox önəmli açılışlar və təməlqoyma mərasimləri ilə əlamətdar idi. İlkin olaraq, səfər çərçivəsində Prezidentimiz Ağdam şəhərində sənaye parkının iki yeni müəssisəsinin təməlini qoydu. Bundan başqa işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Ağdamda infrastruktur layihələri sürətlə icra olunur, artıq azad edilmiş torpaqlarımızda yarımstansiyaların sayı 9-a çatıb. Prezident İlham Əliyevin açılışını etdiyi “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin olunacaq. Səfər çərçivəsində dövlətimizin başçısı Ağdamda “Park Forest Otel Ağdam” mehmanxanasının təməlini qoydu. Bu isə işğaldan azad edilmiş torpaqlarda bir çox digər sahələr kimi, turizmin inkişaf etdirilməsi üçün də məqsədyönlü addımlardan biridir. Əlbəttə ki, xüsusi əhəmiyyət kəsb edən daha bir əlamətdar hadisə dövlətimizin başçısı tərəfindən yaşayış kompleksinin təməl daşının qoyulmasıdır. Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binası inşa ediləcək. Mənzillərin ümumi yaşayış sahəsi 21 min 921 kvadratmetr olacaq. Kompleksin tikintisinin 2023-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub.
Prezident İlham Əliyevin səfərinin digər xüsusi əhəmiyyəti yenidən Ermənistanla sülh müqaviləsinin əsas şərtini açıqlaması idi. Dövlət başçısı İlham Əliyev yenədə qeyd etdi ki, “Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır. Heç kim bu vəhşiliyi unutmamalıdır”. Xalqımız uzun bir mübarizə yolu keçərək, vuruşaraq, şəhid verərək tarixi torpaqlarımızı erməni işğalından azad emişdir. Biz bu torpaqlarda daimi yaşayacayıq, bunun üçün bütün işlər səfərbər olunur, ordumuz daha da gücləndirilir.
Yaşar Rzayev,
Salyan şəhər 2 saylı tam orta məktəbin müəllimi
Ağdam əvvəlkindən də gözəl, yaraşıqlı olacaq
Hələ 2020-ci il noyabrın 23-də, Ermənistanın baş nazirinin kapitulyasiya aktını imzalamasından 13 gün sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə Ağdama səfər edən ölkə Prezidenti İlham Əliyev, əgər düşmən təslimçilik aktını imzalamasaydı, son döyüşün işğalçıya sarsıdıcı zərbəsinin məhz Ağdamda vurulacağını bəyan etmişdi. Ağdam şəhərinin və rayonun işğal altında olan torpaqlarının bir güllə atılmadan azad edilməsi də elə düşmənin burada tam məğlubiyyət gözlədiyini bilməsindən irəli gəlirdi.
Dağıdılmış, vəhşicəsinə viran qoyulmuş Ağdama “Ruhlar şəhəri” adını biz yox, hələ illər öncə xarici ölkələrin jurnalistləri vermişdilər. Ağdamda gördükləri barbarlığı, həm əmlaka, həm də təbiətə qarşı törətdikləri amansız terroru Xirosimanın 1945-ci ildə nüvə silahından istifadə olunaraq bombalanması, faşizmin Avropada misli görünməmiş qəddarlıqla həyata keçirdikləri hərəkətlərlə eyniləşdirən bu qələm sahiblərinin ürəkağrısı ilə çəkdikləri fotolar isə tək ağdamlıların deyil, hər bir soydaşımızın ürəyini yaralamış, gəlbini ölçüyəgəlməz ağrı-acılarla doldurmuşdu.
Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Qarabağda, Şərqi Zəngəzurda əbədi, daimi həyatın var olması üçün möhkəm bünövrələr atılır, layihələr gerçəkləşdirilir. 30 il ərzində ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərimizin siması böyük sürətlə dəyişir, namərd, xain, məkrli düşmənin tar-mar etdiyi yurd yerlərimizə, həmçinin Ağdama yeni ab-hava gəlir.
Ölkə başçımız 2022-ci il fevralın 13-də Ağdama səfəri zamanı verdiyi müsahibədə bildirmişdir ki, Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Artıq 5 rezident işə başlayır. 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır. Azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə təmin ediləcək. Ağdamda müasir mehmanxana təxminən iki ildən sonra fəaliyyətə başlayacaq. Yaşayış kompleksinin təməl daşının qoyulması da əlamətdar hadisədir. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma, iki ilə inşa olunacaq. 210 çarpayılıq Ağdam Şəhər Mərkəzi Xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. 1 nömrəli məktəb inşa olunur, məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Ağdama qaz xətlərinin çəkilişi layihəsi işlənilir. İçməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapıbdır. Ağdamın yol-nəqliyyat strukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək və Ağdama başqa şəhərlərdən gəlmək daha asan olacaq.
Hər bir kəsə yaxşı məlumdur ki, yarandığı gündən Heydər Əliyev Fondu özünün çoxşaxəli, zəngin fəaliyyəti ilə daim diqqət mərkəzində olub. Elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə genişmiqyaslı işləri, milli-mənəvi dəyərlərimizin qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində həyata keçirdiyi möhtəşəm tədbirləri ilə xalqımızın böyük sevgisini, tükənməz məhəbbətini qazanmışdır. Fond azad edilmiş torpaqlarda tarixi, dini abidələrin bərpasına layiqli töhfələrini verməkdədir.
Ölkə başçımızın verdiyi müsahibədə bu baxımdan dediklərinə diqqət yetirək: “Tarixi və dini abidələrin bərpa olunması işləri Heydər Əliyev Fondunun imkanları hesabına görülür. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlamışdır. Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə yarıdağıdılmış Ağdam məscididir ki, onun da dam örtüyü zədələnmişdir. Məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman xalqını təhqir ediblər.
Təəssüflər olsun ki, döyüş meydanında acı məğlubiyyətə uğrayan Ermənistanda, bəlkə də qaytardılar xülyası ilə yaşayan revanşistlər mövcuddur. Suda boğulanın saman çöpündən yapışdığı kimi, külünc, mənasız fikirlər, düşüncələr burulğanında çabalayan bu qüvvələr, görünür, başlarına gələnlərdən ibrət dərsi almaq niyyətində deyillər.
Sözügedən müsahibədə dövlətimizin başçısı bu məsələyə münasibətini bildirmişdir: “Ermənistanda baş qaldıran revanşıst qüvvələr hər an Azərbaycan Ordusu tərəfindən məhv oluna bilər. Bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində Azərbaycan Ordusu daha da gücləndiriləcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Azərbaycan xalqı öz torpaqlarını qaytarıb. Bu torpaqlar qan tökərək, şəhidlər verərək qaytarılıb”.
Bu gün şanlı Zəfər tariximiz azad olunmuş torpaqlarda həyata keçirilən dirçəliş layihələri ilə davam etdirilir. Görülən genişmiqyaslı quruculuq, bərpa işləri ilə ölkəmiz cəmi 44 gün ərzində əldə etdiyi möhtəşəm Qələbəmizi daha da möhkəmləndirir və bütün dünyaya ermənilər kimi dağıdıcı yox, qurucu olduğunu nümayiş etdirir. Şübhə yoxdur ki, tezliklə bu yerlər, o cümlədən Ağdam da cənnətməkana çevriləcək, əvvəlkindən qat-qat gözəl, yaraşıqlı olacaq.
Əzizağa Məmmədli,
“Qələbə” qəzetinin əməkdaşı
İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə icra olunur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 13-də Ağdam rayonuna səfəri zamanı bir sıra obyektlərin təməlinin qoyulması, bəzilərinin açılışlarının edilməsi Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsinin əyani təzahürüdür. Rayonda aparılan bərpa və quruculuq işləri Ağdamın tezliklə nəinki Azərbaycanın, həmçinin regionun ən gözəl və müasir şəhərlərindən birinə çevriləcəyini deməyə əsas verir. Əminik ki, qısa müddət ərzində görülmüş mühüm işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq.
Ağdamdakı sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşının qoyulması, artıq 5 rezidentin işə başlaması işğaldan azad edilmiş rayonlarda, ilk növbədə, iş yerlərinin yaradılmasına göstərilən diqqətdən xəbər verir. Bu onu göstərir ki, işğaldan azad edilmiş rayonlara qayıdacaq sakinlərin iş yerləri ilə təmin olunması, onların sosial rifah halının yaxşılaşdırılması dövlətimizin qarşısında duran başlıca vəzifədir.
Dövlətimizin başçısı Ağdam Cümə məscidinin qarşısında çıxışı zamanı azərbaycanın iş adamlarını Ağdama və azad edilmiş digər ərazilərə sərmayə qoymağa, orada müasir layihələri reallaşdırmağa çağırdı. Bildirdi ki, bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir, onlara mənəvi-siyasi dəstək, eyni zamanda, güzəştli kreditlər verilir. Bu, ölkəmizdə biznesin inkişafına göstərilən dəstəyinin daha bir nümunəsidir, həmçinin sərmayədarları işğaldan azad edilmiş ərazilərə investisiya yatırmağa həvəsləndirəcək. Beləliklə, həyata keçiriləcək layihələr nəticəsində həmin torpaqlarda əhalinin iş yerləri ilə təminatında heç bir problem yaranmayacaq.
Işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə icra olunur. Orada istismara verilən yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Bu isə şəhərə gələnlərin sayının artmasına, rayonun turizm potensialının artmasına şərait yaradacaq.
Ağdamda yaşayış kompleksinin təməl daşının qoyulması da əlamətdar hadisədir. Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. Eyni zamanda, 1 nömrəli məktəb inşa olunur. Bu təhsil ocağında təqribən minə yaxın şagird oxuyacaq. Ağdama qaz xətlərinin çəkilişi layihəsi işlənilir. İçməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapıb. Bütün bunlar Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərə həyatın qaytarılmasına, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına köçürülməsinə və onlar üçün layiqli həyat şəraitinin yaradılmasına nə qədər böyük önəm verdiyini nümayiş etdirir.
Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlayıb. Bu yol həm Füzuli və Ağdam şəhərlərini, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək. Beləliklə, başqa ölkələrdən Ağdama gəlmək daha asan olacaq. Bütün bu işlər Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırılır. İcra olunan layihələr onu göstərir ki, Azərbaycan öz şəhərlərini yenidən qurmaq üçün bütün maliyyə və texniki imkanlara, habelə kadr potensialına malikdir. Müxtəlif xarici şirkətlərin bu işlərdə fəal iştirakı isə ölkəmizə olan marağın, inamın təzahürüdür.
Dövlətimizin başçısının Ağdama səfəri zamanı Cümə məscidində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa-restavrasiya işləri ilə tanış olması Azərbaycanda dini-mədəni və tarixi irsə göstərilən qayğının daha bir nümunəsidir. Azad olunmuş torpaqlarda bütün tarixi və dini abidələr bərpa olunacaq. Hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Tarixi və dini abidələrin bərpası işləri Heydər Əliyev Fondunun imkanları hesabına görülür. İşğaldan azad olunmuş ərazilərdə görülən işlər Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir.
Əliqulu Babayev,
Salyan rayon Qızılağac kənd tam orta məktəbin direktoru
Ağdam Qarabağın sənaye mərkəzinə çevriləcəkdir
Bir ildən artıqdır ki, əlimizin çatmadığı, yuxularımızda gördüyümüz, xoş günlərini xəyallarımızda yaşatdığımız torpaqlarımızda inamla addımladığımız üçün qürur duyuruq. Doğmalarının nəfəsinə "yadırğayan", səsli-küylü günlərin həsrətini çəkən yurd yerlərimiz yenidən canlanır, əvvəlki təmtəraqlı günlərinə qovuşur. İşğaldan azad olunmuş rayon və kəndlərdə həyat qaynayır. Qışın şaxtasına, qarlı günlərin davam etməsinə baxmayaraq bərpa işlərində həvəslə iştirak edən mütəxəssislər, müxtəlif peşə sahibləri doğma torpaqlarına qayıdacağı günlərin həsrəti ilə yaşayan insanları daha tez sevindirmək üçün yorulmadan çalışır, vurulan yaraları sağaltmaq üçün ana torpağa övlad qayğısı ilə yanaşırlar. Sürətli bərpa-yenidənqurma işlərinin aparıldığı rayonlardan biri də Ağdamdır.
Fevral ayının 13-də Ağdam rayonunda səfərdə olmuş dövlətimizin başçısı cənabİlham Əliyev və birinci xanım Mehriban Əliyeva görülmüş işlərlə tanış olmuş, yeni inşa olunmuş “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etmişlər.
İşğaldan azad edilən Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən “Xındırıstan” yarımstansiyasından 35 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilib. Ağcabədidən Xındırıstana, oradan da “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına qədər ümumilikdə 63 kilometr məsafədə 110 kilovoltluq xəttin üzərində ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi üçün 24 damarlı fiberoptik kabel çəkilib. Bununla da Ağdama təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürmə qabiliyyətli sürətli internet xətti gətirilib.
Ağdam rayon mərkəzində yaradılan böyük və müasir enerji kompleksinin bir hissəsində 110 kilovoltluq açıq və 35, 10 kilovoltluq qapalı paylayıcı qurğuların yerləşdirildiyi inzibati bina da daxil olmaqla, yeni 110/35/10 kilovoltluq “Ağdam-1” yarımstansiyası tikilib. “Ağdam-1” yarımstansiyası tam rəqəmsallaşdırılaraq avtomatlaşdırılıb. Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb.
Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə regiondakı bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin monitorinqi, önləyici analizlər, açılıb-qoşulmalar, tənzimlənmələr və başqa əməliyyatlar avtomatik şəkildə həyata keçirilir. Ölkə üzrə 2500 kilometr məsafədə çəkilən optik kabel şəbəkəsi üzərindən qurulan yeni sistem vasitəsilə nəinki Qarabağın, bütövlükdə Azərbaycanın enerji sistemi əhatə olunur.
Ağdam rayonunun Şelli kəndi istiqamətində yeni 110/35/10 kilovoltluq “Ağdam-2” yarımstansiyası da inşa edilib. Bir neçə ay ərzində minalardan təmizlənmiş ərazidə dördüncü sənaye inqilabının yaratdığı texnoloji yeniliklərə uyğun olaraq süni intellektə adaptasiya edilən enerjisistem şəbəkəsi konsepsiyası çərçivəsində müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiya tikilib. Burada 110 kilovoltluq açıq paylayıcı qurğu yaradılıb.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması xüsusi önəm kəsb edir.
Qeyri-neft sektorunun inkişafına mühüm töhfə verən sənaye parklarında sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Hazırda Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Dövlətimizin başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən 190 hektar ərazidə qurulacaq Ağdam, 4 oktyabr tarixli Fərmanı ilə Araz Vadisi İqtisadi Zonası sənaye parklarının yaradılması nəticəsində ölkəmizdə sənaye parklarının sayı 7-yə çatıb. Sənaye zonaları üzrə indiyədək 90 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i istehsal fəaliyyətinə başlayıb. Sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 35-dən çox ölkəsinə ixrac edilir. Ağdam Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.
Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. İlk olaraq Parkın ərazisinin minalardan və hərbi sursatlardan təmizlənməsi işlərinə başlanılıb və artıq 190 hektar ərazinin 74 hektardan çoxu mina və hərbi sursatlardan təmizlənib, qalan ərazilərdə isə hazırda təmizləmə işləri aparılır. Rezidentlər fəaliyyətə başlayanadək Sənaye Parkında bütün lazımi şərait yaradılacaq. İşçilərin rahatlığının təmin edilməsi məqsədilə artıq Sənaye Parkında mobil tipli şəhərcik salınıb.
Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti bu Parkın rezidenti kimi qeydiyyata alınıb. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır.
Ağdamın Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovşağında yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.
Aynur Əsgərova,
Salyan şəhər 2 saylı tam orta məktəbin direktoru
“Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən
ən böyük enerji obyektlərindən biridir
Prezident İlham Əliyev fevralın 11-də “Qobu” Enerji Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik stansiyasının açılışından sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a verdiyi müsahibədə Azərbaycanın enerji siyasətinin bütün istiqamətləri və qazanılan böyük uğurlar barədə ətraflı məlumat verərək diqqətə çatdırıb ki, son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən olan “Qobu” Enerji Qovşağının ən qısa mümkün vaxt kəsiyində inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir.
Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır. Xüsusilə son illərdə Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji amilinin siyasi hadisələrə təsiri Avropa dövlətlərini yeni enerji mənbələrini təmin etməyə sövq etdi. Bu baxımdan regionun əsas neft ölkələrindən biri kimi Azərbaycana diqqətin artması təbii idi. Avropa gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini qiymətləndirməyə bilməzdi. Məhz Avropa dövlətlərinin alternativ enerji təminatçısı kimi üzünü ölkəmizə çevirməsi anlaşılandır. Çünki Azərbaycan həm də sabit və etibarlı imici ilə diqqət çəkir. Buna görə də ekspertlərin “Azərbaycan enerji təhlükəsizliyi məsələsində Avropanın ən yaxşı tərəfdaşıdır” qənaəti hər kəs tərəfindən şəksiz qəbul edilir və Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verir.
Fevral ayının 8-də işə salınmış dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq “Yaşma” yarımstansiyasının və “Qobu” Enerji Qovşağının əhəmiyyətindən danışan dövlətimizin başçısı qeyd edib ki, həftənin əvvəlində Yaşmada böyük yarımstansiyanın istifadəyə verilməsi enerji dayanıqlılığına xidmət göstərəcək. Gücü 750 meqavat olan yarımstansiya əlbəttə ki, bizim enerji sistemimizdə önəmli yer tutacaq. Bu gün isə 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının açılması əlbəttə, generasiya güclərimizi böyük dərəcədə artıracaq. Bu stansiyanın yanında cəmi bir il ərzində 1000 meqavatlıq yarımstansiya inşa edilib. Bu genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, Azərbaycan mütəxəssisləri, fəhlələri iştirak ediblər. Yəni, bu, onu göstərir ki, bizim çox güclü texniki potensialımız, kadr potensialımız var. Dünyada iqtisadi, maliyyə böhranı hələ də başa çatmayıb. Buna baxmayaraq, Azərbaycanda öz vəsaiti hesabına inşa edilən bu nəhəng obyektlərin istifadəyə verilməsi həm maliyyə və texniki imkanlarımızı göstərir, həm də maliyyə müstəqilliyimizdən xəbər verir.
Son illərdə ölkəmizdə elektrik enerjisi sahəsində çox böyük işlər görülmüş və bu işlərin yenə də davamı vardır. Çünki ölkənin həm daxili, həm xarici tələbatı və artan ixracı bunu diktə edir. Keçən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Bu, rekord göstəricidir. Yəni, Azərbaycan artıq çox ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Bu da ölkəmizi yeni addımların atılmasına sövq edəcəkdir.
Bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələri göz qabağındadır. Xarici firmalar, böyük şirkətlər bu sahəyə investisiya qoyurlar. “ACWA Power” şirkəti ölkəmizdə 240 meqavatlıq külək elektrik stansiyasının tikintisini başlamış, BP və Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkətləri ilə günəş elektrik stansiyalarının inşasına dair danışıqlar aparılır.
Bu gün Kəlbəcər-Laçın zonasında və azad olunmuş digər torpaqlarda 9 min meqavatdan çox təsdiqlənmiş enerji potensialı var. Ölkənin ən böyük potensialı Xəzər dənizindədir və təsadüfi deyil ki, hazırda dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət yetirirlər və artıq təkliflər gəlməyə başlamışdır. Xəzər dənizinin bərpa olunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Bütövlükdə, son illərdə respublikamızda elektrik enerjisi infrastrukturuna böyük həcmdə sərmayələr yatırılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan həm də enerji keçidi ilə bağlı qlobal çağırışların uğurla reallaşdığı ölkələrdəndir və bundan sonra da uğurları daha çox olacaq.
Sitarə Təhməzova,
Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin direktoru