![]() |
![]() |
Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib
Bildiyimiz kimi, İyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək və geniştərkibli görüşləri olub, iki dövlət arasında bir sıra sənədlər imzalanıb, mərasimin sonunda Prezidentlər mətbuata bəyanatla çıxış ediblər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş düşünülmüş, uzaqgörən və müdrik strategiyaya əsaslanan xarici siyasət kursu bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasını uğurla həyata keçirməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Məhz bunun nəticəsidir ki, hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeyi xeyli möhkəmlənmiş, əlaqələri genişlənmiş, ölkəmiz dünyada söz sahibinə çevrilmişdir.
Xüsusilə də, son dövrlər Azərbaycan ilə Cənub-Şərqi Asiyanın nəhəng dövlətlərindən biri olan Pakistan arasında münasibətlərdə də canlanma müşahidə olunmaqdadır. Belə ki, ölkə liderlərinin yüksək səviyyəli səfərləri və görüşlər bu fəaliyyəti daha da möhkəmləndirir. Qeyd etmək lazımdır ki, Pakistan İslam Respublikası dünyada sülhməramlı hərbi missiyaları həyata keçirən bir ölkə kimi də tanınır. Pakistan İslam Respublikası Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir.
Ölkə başçısı İlham Əliyev görüş zamanı Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulan bu səfərinin ölkələrimiz arasında münasibətləri gücləndirəcəyini vurğulayıb. O bildirib: "Əminəm ki, səfəriniz ölkələrimiz arasında qardaşlıq münasibətlərini gücləndirəcək. Bu münasibətlər tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulub".
Bu gün Azərbaycanın etibarlı strateji tərəfdaşı, dost və qardaş Pakistan müasir dünya siyasətində davamlı yüksəlişə malik olan, iqtisadi imkanları və siyasi qüdrəti ilə fərqlənən aparıcı güc mərkəzlərindən biridir. Məmnunluqla qeyd etmək lazımdır ki, ortaq dəyərlərə əsaslanan və tarixi köklərə malik olan Azərbaycan-Pakistan münasibətləri nümunəvi xarakter daşıyır və yüksələn xətt üzrə inkişaf edir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. "Biz Pakistana minnətdarıq ki, işğal dövründə və 44 günlük Vətən müharibəsi zamanı bizə güclü dəstək verib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir. Bu məhz işğal səbəbindən baş verib. Bu isə qardaş ölkə mövqeyidir. Buna görə mən minnətdaram".
Azərbaycan və Pakistan ən çətin anlarda birgə addımlayıblar. Ən çətin zamanlarda Pakistan və Azərbaycan bir-birlərinin yanında olduqlarını bəyan ediblər. İşğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzü və qəsbkarlıq siyasəti Pakistan xalqı və ictimaiyyəti tərəfindən daim qınanıb. Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bildirib.
Görüş zamanı qeyd edilib ki, iki dost və qardaş ölkə arasında əməkdaşlıq əlaqələri genişlənməkdədir. Artıq yaxın vaxtlarda Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Nümayəndə heyətləri Azərbaycanla Pakistan arasında ticarət və sərmayə məsələləri, enerji məsələsi, həmçin müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcəkdir. Vurğulanıb ki, enerji sahəsində böyük perspektivlər vardır, həmçinin şəhərlərimiz arasında uçuşların sayı artacaqdır. Müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənməlidir. Birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac vardır. Bu gün dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır.
Ölkələrimiz arasında həm də təhsil sahəsində əməkdaşlığın böyük potensialı var. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər. Beləliklə, Azərbaycan ilə Pakistanın hər zaman birgə addımlaması, iki dost dövlət arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi ölkələrimizin inkişafına, xalqlarımızın rifahına böyük töhfələr verəcək, eləcə də regionda və dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət edəcəkdir.
Kürçaylı Məmmədov
Salyan Rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri
Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında
olan münasibətlərdir
Məlum olduğu kimi, iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin dəvəti ilə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin
Azərbaycana rəsmi səfəri baş tutmuşdur. Səfər zamanı bir sıra mühüm məsələrə
toxunulmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev öz bəyanatında bölgədəki
geosiyasi vəziyyət, Azərbaycan-Pakistan münasibətləri, bu münasibətlərin inkişaf
meyilləri və qarşılıqlı əlaqələrin perspektivləri ilə bağlı tezislər səsləndirmişdir.
Əvvəlcə onu qeyd edək ki, ölkələrimiz arasındakı münasibətlərin çox dəyərli və
maraqlı tarixi var. Müasir Azərbaycan Respublikası ilə Pakistanı keçmişdən bu günə
bağlayan tarixi-siyasi, mədəni-mənəvi və etnik köklərdir. Belə ki, Azərbaycan və
Pakistan arasında bölgə və qlobal problemlərin oxşarlığı ilə xarakterizə olunan
münasibətlər mövcuddur. Tarixdən bəlli olduğu kimi, hələ Səfəvilər və Əfşarların
hakimiyyəti zamanında Azərbaycanın bu regionla çox yaxın hərbi, siyasi-iqtisadi və
mədəni-ədəbi əlaqələri mövcud idi. Ötən əsrin əvvəllərində Pakistanın üzləşdiyi ağır
epidemiya ilə mübarizəsinə dəstək məqsədilə tanınmış azərbaycanlı xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin öz şəxsi vəsaiti hesabına 300 min ampula peyvəndi dost
ölkəyə göndərməsi bu münasibətlərə yeni mənəvi ruh verdi. Pakistan xaqlı və dövləti
bu tarixi heç vaxt unutmayıb. 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu fakt
ölkədə tədris olunan tarix dərsliklərinə daxil edilib. Yeri gəlmişkən, Azərbaycan
tərəfdən xeyriyyəçilik ənənələri indi də qorunub saxlanmaqdadır. 2016-cı ildə Heydər
Əliyev Fondunun xəttilə Pakistanda zəlzələdən zərərçəkmiş məktəblərin təmir
edilməsi və bir sıra humanitar aksiyaların həyata keçirilməsi dostluq münasibətlərinin
bu gün də yüksək səviyyədə qorunub saxlanmasına mühüm dəstəkdir. Bu əlaqələrin
inkişafına verdiyi əhəmiyyətli dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva Pakistanın “Hilal-e-Pakistan” ordeni ilə təltif edilmişdir. Pakistan İslam
Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 1991-ci ildə Türkiyə
və Rumıniyadan sonra tanıyan ilk üç ölkədən biridir. Bakı ilə İslamabad arasında
diplomatik əməkdaşlığın başlanğıcı 1992-ci ilə təsadüf edir. 1993-cü ildə Pakistanın
Azərbaycanda səfirliyi, 1997-ci ildə isə Pakistanda Azərbaycanın daimi
nümayəndəliyi təsis edilmişdir.
Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfərinin “Heydər Əliyev ili”nə,
həm də məhz 15 İyun- Milli Qurtuluş Gününə təsadüf etməsi də rəmzi məna daşıyır.
Belə ki, 1993-cü ildə ulu öndərin yenidən Azərbaycana rəhbərliyə qayıtması ilə
ölkələrimiz arasında qarşılıqlı münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. 1996-
cı ildə Heydər Əliyevin Pakistana rəsmi səfəri çərçivəsində 9 mühüm sənəd
imzalanmışdır. Azərbaycan və Pakistan dövlət rəsmiləri keçmiş Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birilərini
dəstəklədiklərini bəyan etmişlər. 2002-ci ildə isə Azərbaycan və Pakistan Hökumətləri
arasında “Müdafiə və Hərbi sahədə əməkdaşlıq haqqında saziş” imzalanmışdır.
Pakistan dövləti Müstəqil Azərbaycanı hər zaman dəstəkləmiş, Qarabağın işğal
edilməsini beynəlxalq səviyyədə pisləmiş, açıq formada Azərbaycanın geosiyasi və
strateji maraqlarını müdafiə etmişdir. Rəsmi İslamabad Azərbaycanla düşmən
mövqeyində duran Ermənistanı indiyə qədər suveren dövlət kimi tanımır. 2015-ci ildə
Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında “Strateji
tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır. 2016-cı ilin aprel döyüşləri
zamanı və daha sonra 44 günlük Vətən müharibəsi dövründə 200 milyonluq Pakistan
xalqı Azərbaycanın yanında olduğunu nümayiş etdirmişdir. Cənab İlham Əliyev bir
nümunə ilə bu münasibətlərin dəyərini belə ifadə etmişdir: “Pakistan və Azərbaycan
hər zaman çiyin-çiyinə dayanan ölkələr olublar. Daha mühüm amillərdən biri odur ki,
xalqlarımız da öz rəhbərlərinin fikrini bölüşürlər və Bakının müxtəlif yerlərində
Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış
bayraqlardır”.
Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülh sazişi
üzərində hazırda gedən danışıqlarla bağlı Pakistanın Baş nazirinə məlumat verərkən
demişdir: “Bu sazişin imzalanmasının perspektivləri var. Sadəcə olaraq, Ermənistan
siyasi iradə nümayiş etdirməlidir, artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində
həkk etməlidir ki, Qarabağ – Azərbaycandır”. Baş nazir Məhəmməd Şahbaz Şərifin
indiki geosiyasi şəraitdə Azərbaycan səfəri əlaqələrin inkişafını sürətləndirmək və
enerji məsələlərində münasibətləri gücləndirmək baxımından mühüm aspektləri
əhatə edir. Bəyanatlarda səslənən ən vacib məqamlardan biri də odur ki, Azərbaycan
və Pakistan hərbi sahədə də daha önəmli fazaya keçməyi qərarlaşdırmışlar.
Beləliklə, bu səfərin nəticələri onu deməyə əsas verir ki, bizim üçün Pakistan
demokratik dəyərlərə sahib olan və dünyada ən yaxın müttəfiq ölkələrdəndir.
Görünən odur ki, istənilən geosiyasi şəraitdə ölkələrimiz arasındakı tarixi-siyasi və
mədəni-mənəvi münasibətlər eyni vüsətlə inkişaf edən xətt üzrə irəliləməkdədir.
Sahib Həsənov,
Salyan rayonu, tarixçi-tədqiqatçı, YAP fəalı
Beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilir
Prezident İlham Əliyev cari ilin 15 iyun tarixində Pakistan İslam Respublikasının
Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata
verdiyi bəyanatında beynəlxalq hüququn tətbiqi məsələsinə toxunaraq bildirib ki, BMT
Təhlükəsizlik Şurasının bəzi qətnamələri icra edilir, digərləri yox.
Bildiyimiz kimi, 1992-ci ildə erməni silahlı birləşmələri respublikamızın
ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər
genişləndirmişdilər. Lakin heç bir beynəlxalq təşkilat hamının gözü qarşısında baş
verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu
işğalçılıq əməllərinə obyektiv qiymət vermədi. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin,
ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları meydana
çıxdı, bununla belə, həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə
qiymətləndirmədi, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq
qoymadı. Biz haqqımızı müdafiə işinə beynəlxalq hüquq müstəvisində 30 ildən çox idi
ki, başlamışdıq. Özüdə tarixi faktlar və həqiqəti əks etdirən sübutlarla. Lakin nəinki
dünya ölkələri, hətta beynəlxalq hüquq belə görməzdən gəlirdi. Təbiiki, nə xalqımız,
nədə Ali Baş Komandanımız bu məsələyə səssiz qalmadı.
Dövlət başçısı bildirib: "Mən dəfələrlə deyirdim ki, beynəlxalq hüquq normaları
işləmir. Dəfələrlə deyirdim ki, böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər,
sərf etməyən qərarları icra etmirlər. Əks təqdirdə BMT Təhlükəsizlik Şurası tərəfindən
qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını
tələb edən qətnamələr 30 il ərzində kağız üzərində qalmazdı. Biz gördük ki, beynəlxalq
hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün
yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər və heç bir icra mexanizmi yoxdur.
Əlbəttə ki, güc amili ön plana çıxmışdı. Müharibədən bir neçə il əvvəl mən bunu öz
çıxışlarımda açıq deyirdim: biz güc toplamalıyıq və bu məsələ güc hesabına öz həllini
tapacaq. Azərbaycan artıq neçə ildir ki, heç kimdən asılı deyil".
Danışıqlar prosesinin məqsədyönlü şəkildə uzadılması və qənaətbəxş olmayan
qərarlarla nəticələnməsi göz önündə idi. Məqsəd insanlara bu konflikti unutdurmaq
olub. Onlar düşünürdü ki, Azərbaycanda o torpaqlarda heç vaxt olmayan, o ağrıları
yaşamayan yeni nəsil yetişəcək və beləliklə, Azərbaycan dövləti güzəştə gedəcək.
Lakin düşmən gördü ki, 30 il keçsə də, Azərbaycan xalqı mübarizədən əl çəkmədi və
öz sözünü dedi. Heç o torpaqları görməmiş, havasını udmamış, Qarabağ sözünü
sadəcə kitablarda, yazılarda oxumuş gənclər Qarabağ uğrunda öz canlarından
keçdilər. Təkcə səngərdə yox, həmçinin öz isti ocaqlarında oturan insanlarımız belə,
bu məsələyə münasibətdə sakit qalmadılar. Onlar da evlərində sosial media üzərindən
hücumlar edir və orduya dəstək olurdular. Bu da bir daha azərbaycanlıların harada
olmalarından asılı olmayaraq bir yumruq kimi birləşib necə qalib gəldiklərinin
sübutudur. Təəssüf ki, çox zaman haqsızlıqlara, ayrı-seçkiliyə məruz qalmışıq. Bu hal
hələ də davam edir. Lakin unudulmamalıdır ki, Azərbaycan artıq güclü dövlətdir,
dünyada öz sözünü deyə bilir. Ən önəmlisi də odur ki, 30 il davam edən haqq
mübarizəmiz hüquqi müstəvidə deyil, döyüş meydanında öz həllini tapdı, ədalət yerini
tutdu. Və bir daha əmin olduq ki, beynəlxalq hüquq işləmir.
İradə Novruzova,
Salyan şəhər 6 saylı tam orta məktəbin tarix müəllimi, YAP fəalı
Azərbaycan ilə Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub.
14 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının xarici işlər nazirinin müavini Bobur Usmanov ilə görüşüb.
Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya başsağlığı verib.