![]() |
![]() |
Terrorizm sözü özündə ekoloji terror ifadəsini də ehtiva edir, lakin heç kim hansı terrorun daha dəhşətli olduğu ilə bağlı mübahisə edə bilməz. İlkin olaraq qeyd edək ki, ekoloji terror əsasən münaqişə dövründə ətraf mühitin qəsdən və ya qanunsuz şəkildə məhv edilməsi, istismarı və ya dəyişdirilməsi kimi xarakterizə olunur. Bu baxımdan təcavüzkar Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi barbar davranışlar nəticəsində Azərbaycanın fauna və florasına böyük ziyan dəyib. İndiki halda Ermənistanın siyasi rəhbərliyi eko terroru başqa istiqamətlərdə davam etdirir. Məsələn, Naxçıvan yaxınlığında Ermənistanın tikdiyi zavod bütövlükdə, regionda ekoloji tarazlığa qarşı təhdiddir.
İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı ekoloji məsələlərə xüsusi diqqət yetirib, Ermənistanın Azərbaycana qarşı illərdir davam edən ekoloji terroruna toxunub.
Prezident İlham Əliyev müşavirədə bildirib ki, Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub. Təkcə onu demək kifayətdir ki, 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar. Dövlət başçısı transsərhəd təhlükələrinin mütləq nəzərə alınmalı olduğunu deyib. Azərbaycanın burada sərgilədiyi mövqeyin beynəlxalq təcrübəyə, beynəlxalq konvensiyalara əsaslandığını söyləyib.
İlk növbədə onu vurğulamaq lazımdır ki, Ermənistan illərdir ki, Azərbaycana qarşı ekoloji terror həyata keçirir. Ərazilərimiz işğalda olduğu vaxtda Ermənistan ətraf mühütə ciddi ziyan vurub, meşələri məhv edib, zərərli tullantılarla çayları çirkləndirib. Ermənistanın addımları bu gün də bölgə üçün təhdidlər yaradır. Belə ki, bu ölkənin Azərbaycanla sərhəddə metallurgiya zavodu inşa etməsi potensial risklər yaradır. Bu günlərdə Azərbaycanın qeyri-hökumət təşkilatları Ermənistandakı dağ-mədən sənayesi müəssisələrinin ağır fəsadları barədə Baş nazir Nikol Paşinyana müraciət ediblər. Müraciətdə Naxçıvanla sərhəddə - Arazdəyəndə ekoloji normaların, beynəlxalq konvensiyaların tələblərinə zidd inşa edilən yeni metallurgiya zavodunun tikintisinin dayandırmalı olduğu vurğulanıb. Çünki bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsirləri çox böyük ola bilər. Tullantıların Araz çayına axıdılması çayda yaşayan canlılar və suvarma üçün Araz suyundan istifadə edən iri təsərrüfatlar üçün faciə deməkdir. Ümumiyyətlə, Ermənistanın dağ-mədən sənayesində aparılan işlər beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozmaqla, ciddi ekoloji böhran, təhdidlər yaradır.
Dövlət başçısı, həmçinin QHT-lərin Ermənistanın bölgədə yaratdığı ekoloji təhdidlə bağlı N.Paşinyana müraciəti, eləcə də işğalçı ölkənin dağ-mədən sənayesi müəssisələrinin ağır fəsadları barədə fikirlərini bildirmişdi.
ERMƏNİSTAN DAĞ-MƏDƏN SƏNAYESİNİN CƏNUBİ QAFQAZ REGİONUNDA EKOLOJİ SABİTLİYİ POZMASI BARƏDƏ BAŞ NAZİR NİKOL PAŞİNYANA AÇIQ MƏKTUB
Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozmaqla, Ermənistan Respublikasının dağ-mədən sənayesində aparılan işlərin ətraf mühitə regional və qlobal təsirlərinin yol açdığı ciddi ekoloji böhranla bağlı dərin narahatlığı ifadə edən bu məktubda bildirilib ki, davam edən mədən əməliyyatları nəticəsində ekosistemin korlanması təkcə Ermənistanın ətraf mühiti üçün təhdid deyil, həm də qonşu ölkələrə böyük təhlükədir. Ekoloji zərərin transsərhəd xarakteri regionda və ondan kənarda yaşayan icmaların sağlamlığını və rifahını riskə atır. Və Vətəndaş Cəmiyy1əti təşkilatları beynəlxalq ekoloji norma və standartları, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərinin dayandırılmasını tələb edərək bildirib ki, BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıb. Eyni zamanda, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusən “Yaxşı Səhiyyə və Rifah” üzrə 3-cü, “Təmiz Su və Sanitariya” ilə bağlı 6-cı, “Məsuliyyətli İstehsal və İstehlak” üzrə 12-ci, “İqlim Dəyişikliyinin Fəsadlarına qarşı Mübarizə”yə dair 13-cü, “Torpaq Ekosisteminin Mühafizəsi” üzrə 15-ci Məqsədlərinin tamamilə əleyhinə çıxış edir.
ERMƏNİSTANIN DAĞ-MƏDƏN SƏNAYESİNİN TULLANTILARI AZƏRBAYCANA GƏLƏN BÜTÜN ÇAYLARI ZƏHƏRLƏYİR
"Səma və EKO" İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənovanın sözlərinə görə, Ermənistanın dağ-mədən sənayesində aparılan işlərin ətraf mühitə regional və qlobal təsirləri çox ciddi ekoloji böhrana yol açır: "Bu ölkə BMT-yə üzv olmasına baxmayaraq, həmin təşkilatın qanun və konvensiyalarını ciddi şəkildə pozur. Ermənistanın öz vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları belə bununla bağlı etirazlarını bildirirlər. Bu, region üçün çox ciddi məsələyə çevrilib". İ.Həsənova vurğulayıb ki, Ermənistanın dağ-mədən sənayesinin tullantıları Azərbaycana gələn bütün çayları zəhərləyir: "Ətraf mühitin və onun komponentlərinin bu cür mənfi təsirə məruz qalması nəinki Azərbaycanı, eyni zamanda, Gürcüstan, Türkiyə, hətta Ermənistanın özünü ekoloji təhlükə ilə üz-üzə qoyur. Həm atmosferə buraxılan qazlar müxtəlif xəstəliklər yaradır, həm də su hövzələri çirkləndirilir. Nəinki Arazdəyəndə, Ermənistanın bir çox yerində tikilən zavodların tullantıları hamısı çaylara axıdıldığı üçün su ehtiyatlarımıza çox ciddi şəkildə zərər dəyir. Həmin çaylardan nəinki Azərbaycan, Gürcüstan, Ermənistanın özü də istifadə edir. Çayların suyundan kənd təsərrüfatında geniş istifadə edildiyi üçün iqtisadiyyatın bu önəmli sahəsi də böyük ziyana məruz qalır.
Bu yerdə Ulu öndər Heydər Əliyev haqlı olaraq hesab etdiyi fikrə əsasən dünyanın harasında baş verməsindən asılı olmayaraq, təbiətə edilən qəsd əslində bütün bəşəriyyətin gələcəyinə, dünyanın ekoloji təhlükəsizliyinə vurulan zərbədir və buna qarşı bütün dünya birlikdə mübarizə aparmalıdır. Elə bu səbəbdən də ümummilli lider Heydər Əliyev başda region dövlətləri olmaqla bütün dünyanı Ermənistanın ekoloji cinayətlərinə qarşı birgə mübarizə aparmağa səsləyirdi.Ermənistanın ekoloji cinayətlərinin ifşası prosesi bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vətən müharibəsində qazanılan Zəfər nəticəsində azad edilən əzəli yurd yerlərimizdə törədilən ekoloji cinayətlər, təbiətə qarşı həyata keçirilən soyqırımı siyasəti dünya mediasının və beynəlxalq ictimaiyyətin mütəmadi şəkildə diqqətinə çatdırılır. Və bugünkü Ermənistanın ekoloji terroruna "dur" deməyin vaxtıdır.
Qərbi Azərbaycan İcması bəyanat yayıb.
İrəvanın keçmiş meri Qraçya Sərkisyan Ermənistan müdafiə nazirinin müavini təyin edilib.
Bu, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü idi. O, bizi dəvət etdi və biz dəvəti qəbul etdik.
Hazırda azad edilən ərazilərdə 10-a yaxın məscidin tikintisi davam etdirilir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin bu gün keçirilən iclasındakı görüntüləri erməni ictimaiyyətində və Xankəndidə ciddi narazılıqla qarşılanıb.